Yunan-Roma güləşi üzrə Azərbaycan yığması dünya ikincisi olub
24.09.2016/№37
|
Tbilisidə yeniyetmə güləşçilər arasında dünya çempionatı
keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri
arasında qaliblər müəyyənləşib. Böyük məşqçi Bəhram Mürvətov, məşqçilər
İslam Abbasov və Fuad Alıyevin rəhbərliyi altında mübarizə aparan Azərbaycan
yığma komandası çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Qızıl medalı yığmamıza 46 kiloqram çəkidə mübarizə aparan Fail İsgəndərov
qazandırıb. Ülvi Qənizadə (69 kq) və Nəsir Həsənov (76 kq) yalnız finalda
uduzaraq gümüş medalla kifayətləniblər. Bürünc medalları isə yığmamıza Zaur
Əliyev (42 kq) və Zaur Nuriyev (50 kq) qazandırıblar.
Komanda hesabında 63 xal toplayan Azərbaycan yığması dünya çempionatını
ikinci sırada tamamlayıb. İran (68 xal) birinci, Türkiyə (63 xal) yığması
isə üçüncü pilləni tutub.
|