1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Dərs yükü ağırdırmı?
29.09.2017 / No37

 

 

 


Valideyn və mütəxəssislərin rəyləri birmənalı deyil

Ruhiyyə DAŞSALAHLI

“İki oğlum orta məktəbdə oxuyur. Biri birinci sinfə gedir, o biri altıncı. Böyük oğlum Murad üçün dərs yükü həmişə ağır olub. Birinci sinifdən indiyədək dərslərinin öhdəsindən gəlməkdə çətinlik çəkib. Amma bu il birinci sinfə başlayan Nicat üçün eyni sözləri deyə bilmərəm. Ötən il məktəbəhazırlıq qrupunda təhsil aldı. Bu il də eyni templə məktəbə davam edir. Birincidə hiss etdiyim ağırlığı ikinci uşaqda görmürəm. Amma onu da nəzərə alıram ki, Nicat hələ balacadır və dərslər də təzə başlayıb. Yuxarı siniflərə getdikcə materiallar daha çox ağırlaşır. Valideyn olaraq da dərs yükünün ağır olduğunu hiss edirəm. Özü də sadəcə uşaq beyni üçün yox, elə qolları üçün də. Yay tətilindən sonra bunu daha çox hiss etdim. Uzun fasilədən sonra uşaqları məktəbə aparıb-gətirdim. Bir həftə qollarım ağrıdı”.

İki məktəbli anası Vüsalə Rəfiyeva bu fikirdə olan nə birinci, nə də axırıncı valideyndir. Neçə ildir ki, eyni iradlar sadəcə valideynlər deyil, həm də müəllimlər tərəfindən səsləndirilir. Hətta 2016-2017-ci dərs ilinin sonunda təhsil naziri Mikayıl Cabbarovla görüşdə məzunların toxunduğu məsələlərdən biri də bu oldu. Özündən kiçik bacı və qardaşlarının dərsinə kömək edərkən çətinlik çəkdiyini vurğalayan məzunlar da tədris materialının ağırlığından şikayətləndilər.
Bəs, tədris materialları doğrudanmı çətindir?

Bunu Məzmun və Dərslik Şurası araşdırmalıdır

XX əsr Təhsil Mərkəzinin rəhbəri, ekspert Etibar Əliyev hesab edir ki, tədris materialının ağırlığını müəllimlər təlqin edir: “Nə qədər ki müəllimlər dərslik və əlavə dərs vəsaitlərini kənara qoyub testlərə üstünlük verir, bu cür iddialar davam edəcək. Yüksək nəticə göstərənlərin uğuru hazırlıq kursları ilə əlaqələndirilir. Məktəb deyil, kurslar təbliğ olunur. Ancaq iddiaların haqlı tərəfləri də var. Fizikanın bir bölməsinə 4 səhifə ayrılıb. Bu, əlbəttə, ağırdır. Hesab edirəm ki, vəziyyətdən çıxış yolu tapmaq üçün artıq müvafiq struktur fəaliyyətə başlayıb. Artıq Təhsil Nazirliyi yanında “Təhsilin Məzmunu və Dərsliklər” üzrə Daimi Şura yaradılıb. Mütəxəssislərdən, ekspertlərdən, QHT nümayəndələrindən təşkil edilən həmin Şura mütəmadi olaraq təhlillər aparmalıdır. Dərsliyin çətinlik dərəcəsi, fənlər üzrə mövzuların şagirdin yaşına uyğunluğu, kurikulumun tələblərinə cavab verməsi araşdırılmalıdır”.

Dərslik deyil, telefon kitabçasıdır

Təhsil üzrə ekspert, “Təhsil xidmətləri” Mərkəzinin rəhbəri Kamran Əsədov iradlarla birmənalı razıdır. Onun fikrincə, informasiya yükü olmayan dərslik hazırlanmalıdır: “Hazırkı dərsliklər çox yüklüdür. X sinif “Tarix” dərsliyində 900 xronologiya, 700-dən çox şəxs adı var. Bu, dərslik deyil, telefon kitabçasıdır. Builki XI siniflərin tarix kitabında 800-dən çox ad, 1400 xronologiya var. Biz bu dərsliklərlə şəxsiyyət yetişdirmirik. Halbuki kurikulumun tətbiqində əsas məqsəd şəxsiyyətyönümlü təhsilə nail olmaqdır”.

“Tarix” dərsliyi müəlliflərindən biri kimi Azərbaycanda yeni təhsil proqramına uyğun ideal dərslik hazırlamağın mümkün olduğunu vurğulayan K.Əsədovun fikrincə, şagird qəhrəmanını dərslikdə tapmalıdır, televizorda yox: “Məktəbli özünü dərsliyindəki hansı qəhrəmana oxşatmaq istəyə bilər? Əlbəttə ki, heç kimə. Çünki heç bir hökmdarın, dövlət adamının şəxsiyyəti ilə bağlı məlumat verməmişik. Bəs, dərslikdə nə var? Dövlət var, hökmdarlarının adı var, vəssalam. Yarandı, döyüşdü və öldü. Sadəcə faktlar. Məncə, Səfəvilər dövləti haqqında geniş yazmaqdansa, Xətainin qəhrəmanlığı və şəxsiyyəti ilə bağlı geniş məlumat verməliyik. Şagirdlər müsbət obrazı kənarda axtarıb tapırlar. Biz həmin obrazı dərsliklərlə məktəbə gətirməliyik. I sinif şagirdinə elə bir nağıl qəhrəmanı yaradıb verməliyik ki, o, həmin qəhrəmanda özünü görsün. Dərsliklərin yanında müəllimlər üçün onların heç vaxt istifadə etmədiyi metodik vəsait buraxılır. Onun əvəzində müntəxəbat buraxılsın. Bir nümunə çəkim. İngiltərədə tarix dərsliyində tutaq ki, XVI əsrə aid bir hökmdarın həyatı və fəaliyyətinin əsas istiqamətlərini götürüb, onun müsbət obrazı yaradılır. Şagirdə onun haqqında daha geniş məlumat lazım olarsa, müntəxəbatdan istifadə edir. Bizdə də belə bir dərslik yaratmaq olar. Azərbaycanda informasiya yükü çox olan yaxşı dərslik sayılır. Ancaq bu, belə deyil. Yaxşı dərslik şagirdin şəxsiyyət kimi formalaşmasına kömək edən dərslikdir”.

Ekspertin fikrincə, fənlər üzrə bütün məlumat orta məktəb dərsliklərində əksini tapıb. Ona görə də ali təhsil alanlar orta məktəbdə öyrəndiklərini yenidən oxuyurlar. Nəticədə də semestr imtahanlarını orta məktəb kitabları ilə verən tələbələr var: “Çünki hər iki pillədə eyni məlumatlar verilir. Nəticədə orta məktəb hədəfinə nail ola bilmir. Məzunlar ilk tibbi yardım göstərməyi, iynə vurmağı bacarmır. Fizika dərsi keçilir, naqil bağlamağı bacarmırlar. Halbuki orta məktəb bunları öyrətməlidir. Bir sözlə, uşaqların həyata hazırlığını bu dərsliklərlə həyata keçirə bilmərik. Həm çox fakt bilənə üstünlük verir, həm də şəxsiyyətyönümlü təhsildən danışırıq”.

Təmayülləşmə dərs yükünün yüngülləşdirilməsinə xidmət edir

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov isə bildirib ki, tədris yükünün yüngülləşdirilməsi ilə bağlı müəyyən işlər aparılıb: “Tam orta təhsil səviyyəsində tətbiq olunan və bu ildən əhatə dairəsi genişləndirilərək bütün ölkə ərazisində tətbiqinə başlanılan təmayülləşmə məhz bu məqsədə xidmət edir. Təmayüllü siniflər üçün nəzərdə tutulan xüsusi tədris planında 10-a yaxın fəndə yüksək dərs saatı saxlanılıb. Son dərəcə çevik tədris planı və ona uyğun proqramlar hazırlanıb. Hesab edirik ki, bu, orta təhsil səviyyəsində tədris yükünün optimallaşdırılmasına, şagirdlərin məhz meyil-maraq göstərdikləri sahələr üzrə daha çox bacarıqlar əldə etməsinə, eyni zamanda həmin istiqamət üzrə ali təhsil almasına çox əlverişli imkan yaradacaq”.
Dərslik siyasətində də müəyyən dəyişiklik edildiyini söyləyən F.Qədirov tədris vəsaitlərində də materialların optimallaşdırılmasının aparıldığını qeyd edib.

yuxarı ⤴