1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Səmərəli məktəb idarəetmə modeli
29.09.2017 / No37

 

 

 


TAIEX proqramı çərçivəsində “Məktəb idarəetməsi” mövzusunda beynəlxalq seminar keçirilib

Oruc MUSTAFAYEV

Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi təhsildə uğurlu idarəetmə inkişafın rəhnidir. Buna görə də bütün dünyada təhsil müəssisələrində keyfiyyətli idarəetmə modelinin yaradılmasına xüsusi diqqət ayrılır. Təsadüfi deyil ki, beynəlxalq ekspertlərin dünyanın ən uğurlu təhsil sistemlərinə dair hesabatlarında da məktəb sistemində idarəetmə faktorları xüsusi qabardılır.

Buna görə də sentyabrın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramı çərçivəsində keçirilən “Məktəb idarəetməsi” mövzusunda ikigünlük beynəlxalq seminar da öz aktuallığı ilə bu günün hədəf və çağırışlarına cavab verir.

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva qeyd edib ki, təhsil sahəsində son 2 il ərzində islahatların aparılması ilə yanaşı, beynəlxalq təcrübənin tətbiqinə də geniş yer verilib: “Bu gün təhsil sahəsində vacib islahatlar aparılır. Bunların hamısının təməlini ümumtəhsil təşkil edir. Bu sahədə çalışan hər bir kəs üzərinə düşən məsuliyyəti dərk edir. Ümumtəhsil sahəsi təhsil sisteminin təməl sütunudur və şəxsiyyətin formalaşması buradan başlayır”.
M.Vəliyeva beynəlxalq əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafına dair görüşlərin, seminarların təşkilinin əhəmiyyətindən bəhs edərək təhsilin inkişafı üçün təcrübə mübadiləsinin aparılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, səmərəli məktəb idarəetmə modelinin yaradılması istiqamətində tədrisin keyfiyyətinə təsir göstərən işlərin həyata keçirilməsi mühüm amillərdəndir. M.Vəliyeva qeyd edib ki, “Ümumi təhsildə keyfiyyət ili”nin elan olunması təhsildə idarəetmənin təşkili sahəsində də bir sıra vəzifələr qoyur. O, Avropa Komissiyası ilə həyata keçirilən layihənin də bu vəzifələrin reallaşdırılmasına həsr olunduğunu bildirib. Layihənin məktəbin uğurlu işinin təşkili məsələlərinə həsr olunduğunu deyən M.Vəliyeva oktyabrda məktəb direktorları və müəllimlər üçün pedaqoji seminarların keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Məktəblər özünü maliyyələşdirmə sisteminə keçməlidir

BŞTİ-nin müdiri çıxışında təhsil müəssisələrinin özünü maliyyələşdirmə sisteminə keçməsi ilə bağlı fikirlər səsləndirib. Qeyd edib ki, bu məsələ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da öz əksini tapıb. “Məktəbin idarə olunmasında maliyyənin böyük rolu var. Burada söhbət çoxsaylı uşaqların təhsilə cəlb olunması və təhsil ehtiyaclarının ödənilməsindən gedir. Maliyyənin rolunu qeyd etməmək olmaz. Biz hazırda məktəblərdə özünü maliyyələşməyə keçməmişik. Lakin bu iş 2020-ci ilə qədər bitməlidir”.

O, ümid etdiyini bildirib ki, “Məktəb idarəetməsi”nə həsr olunan seminar da maliyyələşmə ilə bağlı beynəlxalq təcrübənin təhsil ictimaiyyətimizə çatdırılmasında çox faydalı olacaq. “Şəffaf, hesabatlılığa əsaslanan təhsil sistemi dünyanın hər yerində eynidir. Bu, bütün təhsil sistemi üçün xasdır”.

İstedadlı uşaqlarla işin təşkili

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov ümumi təhsildə İKT-nin tətbiqinin təşkili məsələlərindən danışaraq bu sahədə ölkəmizin təhsil sistemində həyata keçirilən uğurlu işlər barədə məlumat verib. O, məktəblərimizin İKT təminatının yüksəldilməsi sahəsində qəbul olunmuş dövlət proqramlarının əhəmiyyətini qeyd edərək Azərbaycanın, ümumiyyətlə, informasiya-kommunikasiya texnologiyaları ilə təminatı üzrə regionda öncül yerdə olduğunu diqqətə çatdırıb.

H.Əsgərovun çıxışında diqqət yetirdiyi ikinci mühüm məsələ uşaqlarla işin təşkili mövzusu olub. İstedadlı uşaqlarla işin təşkilinə xüsusi yanaşmanın zəruriliyindən danışan BŞTİ rəsmisi xüsusu istedadlar siniflərinin yaradılmasının əhəmiyyətindən danışıb.
Tədbirdə Rumıniya, Sloveniya, Çexiya təhsil nazirliklərinin nümayəndələri Serban Losifescu, Barbara Kresal Sternisa, İvo Jupa, Böyük Britaniyanın Durham Universitetinin əməkdaşı Mark Frazer, Rumıniyanın Babes Bolyai Universitetinin əməkdaşı Kristina Dobrota, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları və onların müavinləri iştirak ediblər.

Qeyd edək ki, ikigünlük seminarın keçirilməsinin əsas məqsədi təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək, əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirməkdir. Seminar iştirakçıları liderlik, layihələrin təşkili, şagirdlərin idarə olunması, insan resursları, qiymətləndirmə, valideynlərlə işin təşkili, effektiv kommunikasiya, media və məktəb, istedadlı uşaqlarla işin təşkili kimi mövzular barədə beynəlxalq təcrübə ilə tanış olublar.

Seminar gedişində nüfuzlu ekspertlər məktəb idarəetməsinə dair təqdimatla çıxış ediblər. Onlar idarəetmə sahəsində bir sıra uğurlu layihələrini Azərbaycan təhsil sistemində də tətbiq etməyə hazır olduqlarını bildiriblər.

yuxarı ⤴