|
5 oktyabr-Beynəlxalq Müəllimlər Günü
münasibətilə “Səndən öyrəndim” müsabiqəsinə start verilib.
“Məktəblinin dostu” layihəsinə daxil olan məktəblər arasında keçirilən
müsabiqənin əsas məqsədi məktəblərdəki istedadlı şagirdləri üzə çıxarmaq,
müəllim peşəsinin dəyərini şagirdlərin dilindən ifadə olunmasını təcəssüm
etdirmək və məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsinə şərait
yaratmaqdan ibarətdir.
Layihəyə daxil olan 31 ümumi təhsil məktəbinin şagirdləri müəllim haqqında
düşüncələrini əks etdirən videoçarx hazırlayaraq sentyabrın 29-dək təhsil
aldıqları məktəbdəki məktəblinin dostlarına təqdim edirlər. Hər bir məktəb
üzrə seçilən videoçarx müsabiqəyə daxil olur və “Məktəblinin dostu”nun rəsmi
“Facebook” səhifəsində yerləşdirilir.
Qeyd edək ki, ilk mərhələdə ən çox baxılan 10 videoçarx seçiləcək və
münsiflər heyətinə təqdim olunacaq (baxış sayları bərabər olduğu təqdirdə
“like”-lərin sayı nəzərə alınacaq).
İkinci mərhələdə münsiflər heyəti tərəfindən dəyərləndirmə əsasında ilk 3
yerin qalibi müəyyənləşdiriləcək. Qaliblər məzmuna, səsləndirməyə,
videoçarxın keyfiyyətinə və çəkiliş zamanı yaradıcılığın səviyyəsinə görə
dəyərləndiriləcək.
Qeyd edək ki, videoların müddəti 2 dəqiqədən çox olmamalı, şagirdin öz
müəlliminə olan sevgisini və xoş münasibətini ifadə etməli, verilən fikirlər
real nümunələrə əsaslanmalı, məktəblinin özünə aid olmalı və onun tərəfindən
səsləndirilməli, məzmunu səsləndirən şagird məktəbli geyimində və məktəb
ərazisində olmalıdır.
|