1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





AzMİU kafedrasının “Azərsu”da filialı açılıb
29.09.2017 / No37

 

 

 


Tələbələr nəzəri biliklərini təcrübədə daha da möhkəmləndirəcək

Nurməmməd MƏMMƏDOV,
AzMİU-nun mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, texnika elmləri namizədi, dosent

Yeni dövrün tələblərinə uyğun savadlı, təcrübəli mütəxəssis hazırlamaq üçün tədris prosesinin effektli təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından yeni forma və metodların işlənib hazırlanması, informasiya texnologiyalarının geniş tətbiqi, ən əsası, laboratoriya bazasının gücləndirilməsi və istehsalatla əlaqələrin genişləndirilməsi çox vacibdir. Son illər ölkəmizdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks yenidənqurma işləri, həyata keçirilən genişmiqyaslı layihələr elmlə istehsalat arasında sıx əməkdaşlığa zərurət yaradır. Artıq ali məktəblərimiz mütəxəssis hazırlığında olan çatışmazlıqları aradan qaldırmaq, məzunlarının əmək bazarında rəqabət qabiliyyətliliyini artırmaq, onların potensial iş yerləri ilə əməkdaşlıq etmək istiqamətində ciddi addımlar atırlar. Əsasən, inşaat sektoru üçün mütəxəssis hazırlığını həyata keçirən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbərliyi tələbələrin istehsalatla əlaqələrinin gücləndirilməsi, onların nəzəri biliklərinin təcrübədə möhkəmləndirilməsi, gələcək məzunların məşğulluq imkanları və qabiliyyətlərinin artırılması məqsədi ilə təhsilin məzmununda müvafiq dəyişikliklər aparır, müxtəlif tədbirlər həyata keçirir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə AzMİU arasında 19 dekabr 2012-ci ildə bağlanan əməkdaşlıq müqaviləsi qeyd olunan sahədə görülən fundamental işlərdən biridir. Həmin müqavilə çərçivəsində 2015-ci ildə “Azərsu” ASC-nin maliyyə dəstəyi ilə ekologiya kafedrasında müasir avadanlıqlarla təchiz olunmuş su təchizatı problemləri üzrə Elmi-Tədqiqat və Tədris Laboratoriyası yaradılıb. Universitetin tələbələri bu laboratoriyada məşğələ və laboratoriya dərsləri keçirlər. Burada quraşdırılmış cihazların köməyi ilə içməli və çirkab suların tərkibindəki 40-dək göstəriciləri təyin etmək mümkündur. Tələbələrin tədris prosesində əldə etdikləri nəzəri biliklərini iş prosesində, təcrübədə tətbiq etmələri üçün belə laboratoriyaların böyük əhəmiyyəti var.

Sentyabrın 26-da həmin memorandumun davamı olaraq “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda (ETLİ) AzMİU-nun mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının filialının açılış mərasimi olub. Adıçəkilən kafedranın filialı üçün nəzərdə tutulmuş auditoriya kompüter, sürətli internet, proyektor və digər əyani vasitələrlə təchiz olunub, universitetin magistr pilləsində təhsil alan tələbələr üçün hər cür şərait yaradılıb. Eyni zamanda magistrlərimiz “Sukanal” ETLİ-nin müvafiq laboratoriyalarında iş prosesini real izləmək imkanı əldə edəcək, universitetdə qazandıqları nəzəri bilikləri təcrübədə daha da möhkəmləndirəcəklər. Tədris prosesində tələbələr institutun laboratoriyaları ilə yanaşı, kitabxanası ilə də tanış olmaq imkanı qazanırlar. Təbii ki, seçdikləri peşəylə bağlı ədəbiyyatlarla, kitablarla, jurnallarla tanışlıq, yeni texnika və texnologiyalar barədə əldə etdikləri məlumatlar onların bu sahədə olan biliklərinin artırılmasına da öz töhfəsini verəcək.
Tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov da qeyd edib ki, istehsalat təcrübəsi ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindəndir. O, gələcək məzunların istehsalat təcrübəsi keçdikləri müəssisənin işinin dərindən öyrənilməsi, onların lazımi peşə qabiliyyətinin mənimsənilməsi baxımından bu filialın tələbələr üçün çox faydalı olacağına əminliyini bildirib.

AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov ölkə Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq istehsalatla əlaqələrin gücləndirilməsini müasir dövrün tələblərindən biri kimi dəyərləndirərək kafedranın filialının açılışını mühüm hadisə adlandırıb. A.Qasımov birgə əməkdaşlığın yaxın gələcəkdə müsbət nəticələr verəcəyini, tələbələrin kadr kimi yetişmələrində, karyera qurmalarında faydalı olacağını vurğulayıb.
 

yuxarı ⤴