1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Zadə açarı
29.09.2017 / No37

 

 

 


Cəsarət VALEHOV

Bu yazını 3 il əvvəl yazmışdım. Əslində, Lütfizadə ilə həmsöhbət olduqdan sonra onun cazibə dairəsini hesablamaq üçün bəlkə də bir cəhddir bu. Ancaq bir o yadımda qalıb ki, 2011-ci ildə İTV-də çalışarkən onunla həmsöhbət olduğum 30-40 dəqiqəlik zaman müddətinin çalarını indiyədək ayırd edə bilməmişəm. Zadənin nüfuzedici baxışlarını dərk etmək isə başqa məsələdir...

Bu gün dünyanı dəyişən insanlardan danışmaq, bəhs etmək zamanın ruhuna uyğun olaraq çalarına və sözün vurğusuna, hətta bədii ifadə vasitələrinə görə dəyişib. Əgər dünya, məsələn, ötən yüz ilin ilk əlli ilində öz sərhədlərini hərbi və ya hərbi-siyasi dühaların ekspansiyası ilə dəyişdirirdisə, təxminən 50 il bundan əvvəl bura həm də yer planetini elm gücü ilə qlobal çevrədən lokal kəndə çevirən insanlar da aid olunmağa başladı. Özü də bu insanların düha gücü təkcə Aristotelin elmi mühakimələrinin “hə və yox” təsdiqini müəyyən edən binar (ikili) fəlsəfə ilə deyil, ikili say sisteminin arasında çoxsaylı çalar axtarmaq missiyasında idi. Bu missiya texnologiyanı elmin yeni düşüncə fəzasına daşıdı. Bu fəzanın üçölçülü bucağından dünya qeyri-səlis görünməyə başladı. Və texnologiyanın qeyri-səlis tətbiq dili insanlara rahat (bəlkə də daha həssas) yaşamağı nəsib etdi.

1965-ci il. Dünya hələ də ikili məntiqlə düşünür. “Hə” və “yox”larla. Zadənin qeyri-səlis məntiqi bu hə və yoxların, 0 və 1-in arasında çoxlu nüanslar, cizgilər görür və elmin yeni inkişaf qanunlarından danışırdı.

Zadə elmin yeni həqiqət axtarışına qeyri-səlis məntiqlə başladı. İlk vaxtlarda hətta bu sözün ifadə formasına çoxları şübhə ilə yanaşsa da, o, mühəndis kimi bilirdi ki, klassik riyaziyyat qanunları ilə hər hansı bir problemi həll etmək imkanları binar (ikili) məntiqə söykənir. Ancaq binar yanaşma ilə “hə” və “yox”ların cavab variantları nə qədər dəqiq görünsə də, qeyri-səlis üzü də var. Zadə bu məntiqin həyat və insan mahiyyətini axtarırdı. Və deyirdi ki, biz insanlara Allah qeyri-müəyyən və natamam bir mühitdə qərar qəbul etmək üçün fövqəladə qabiliyyəti verib. Qeyri-səlis məntiqin əsas məqsədi də bu qabiliyyətin formalaşdırılmasına xidmət edir.

Məsələn, Zadə məntiqi ilə klassik məntiq arasında sadə müqayisə aparaq. Basketbol oyunlarında belə bir qayda var: oyunçunun boyu 185 sm olmalı və yaxşı basket atmaq bacarığına yiyələnməlidir. Burada klassik məntiqlə, “hə və yox”la yaxşı basketbolçu olmağın sərhədləri dəqiqdir- boy göstəricisindən (185 sm) aşağı bütün oyunçulardan imtina edilir. Lakin qeyri-səlis məntiq, məsələn, 184 sm boyu olan və əla basket atan oyunçunu kənarda qoymazdı. Deməli, qeyri-səlis məntiq dünyada ən ağır iş hesab olunan qərar qəbul etməni şaxələndirir, optimal edir və çox incə detallara qədər hesablayır.

Əgər belə olmasaydı, son əlli ildə Yaponiya və Birləşmiş Ştatlarda bu metodologiyaya əsaslanan 50000 patent istehsala tətbiq olunmazdı. Zadə məntiqi dünyanın mühəndis zehniyyətini dəyişərək minlərlə kompleks və intellektual sistemlərdə istehsal xərclərinin aşağı salınmasında daha faydalı və elastik mühiti təmin edir, çoxsaylı sənaye proseslərini qeyri-səlis həllərə tabe edir.

Beləliklə, 1965-ci ildən başlayan Zadə əsri. Zadənin nəzəriyyəsinə 35000-dən çox elmi istinad olunub. Bunu XX əsrin rekord göstəricisi də saymaq olar. Və oradan qeyri-səlis məntiq, bilik sərhədlərinə uzanan parlaq sistem açılır-çoxsaylı tətbiq sahəsi tapan Zadə məntiqi. Məsələn, onun nəzəriyyəsinin ilkin tətbiq sahələrindən biri Yaponiyanın avtomatlaşdırılmış metro sistemi - Sendai idi.

Böyük Zadə haqqında keçmiş zamanda danışmaq mümkün deyil. Çünki Zadə zamanın da qeyri-səlis ölçüsünü öz məntiqi ilə hesablaya bilirdi. Bu hələ onun nəzəriyyələri əsasında mümkün olacaq çoxsaylı tətbiqlərin zaman vəsiləsi olacaq. Bu zaman Zadə yenə də insanlarla bərabər olacaq.

Zadə böyük azərbaycanlı olduğunu doğulduğu və “əbədi məkan” tapdığı torpaq, Vətən hissiyyatı ilə təsdiq etdi: Böyük insan, böyük alim və böyük azərbaycanlı.

yuxarı ⤴