1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Reytinqlərin hesablanması prosesi qapalı qalır”
29.09.2017 / No37

 

 

 


Beynəlxalq təhsil eksperti Denis Uşakov: “Reytinqin elan olunması məhkəmənin hökmünə bənzəyir, nə apelyasiya var, nə də tənqid”

Oruc MUSTAFAYEV

Son illərdə ali məktəblərin reytinqləri qlobal təhsil xidmətləri bazarının əhəmiyyətli atributuna çevrilib. Dünya reytinqlərində təmsil olunmaq ali məktəbin milli və beynəlxalq təhsil bazarında rəqabət qabiliyyətini artırır ki, bu da tələbələr, onların valideynləri, investorlar üçün çox cəlbedicidir. Məhz bu amilləri nəzərə alıb reytinqlərin ali məktəbin həyatında rolunu dəyərləndirmək məqsədilə beynəlxalq təhsil ekspertinə müraciət etdik. Müsahibimiz Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı Akademiyasının beynəlxalq iqtisadi münasibətlər kafedrasının və Tailand Krallığı Suan Sunandxa Racabat Universitetinin professoru, iqtisad elmləri doktoru, impakt faktorlu “the EUrASEANs” jurnalının redaktoru Denis Uşakovdur. Onunla söhbətimizə “ali məktəblərin reytinqi niyə yaranıb, onların populyarlığına səbəb nədir və indiki dövrdə bu reytinqlər kimlər üçün formalaşır” sualı ilə başladıq.

Reytinqlərin yaranması qanunauyğun prosesdir

- Hələ ötən əsrin 80-ci illərinin əvvəllərindən gündəmə gələn universitetlərin reytinqi konkret ali məktəbin təhsil xidmətlərinin fərdiləşdirilməsinin özünəməxsus aləti olaraq onun bazar mövqeyini, ali məktəblərin qlobal iyerarxiyada yerini nümayiş etdirir. Razılaşın ki, məsələn, Asiyada və ya sadə istehlakçı üçün neft hasilatı üzrə mütəxəssislər hazırlayan ali məktəblər arasında olan universitetin reytinqini yadda saxlamaq onun tam adını və mülkiyyət formasını yadda saxlamaqdan daha asandır. Hər kəs dünyanın ən yaxşı beş ali məktəbinin adını çəkə bilər, lakin hətta amerikalı belə, həmişə Stenford Universitetinin harada yerləşməsini və ya Harvardın ixtisas istiqamətlərini dəqiq söyləyə bilməz. Yüksək reytinqlər alan ali məktəblər universitetin tarixini, tədrisi metodikasını, nailiyyətlərini, məşhur məzunlarını, innovativliyini deyil, məhz onları öz piarının ön cəbhəsinə qoyur, gələcək inkişaf və tələb baxımından onların girovuna çevrilirlər. Gələcək tələbəyə və ya onun valideynlərinə universiteti seçmək çox sadədir, sadəcə reytinqlərə dair rəqəmləri, təhsil haqlarını müqayisə etmək lazımdır. Onlara, məsələn, konkret ali məktəbin məzunlarına əmək bazarında nə dərəcədə tələbat olmasına dair tədqiqatlar aparmaq, ali məktəbin kafedralarının elmi işlərini qiymətləndirmək, universitetin infrastrukturunu və s. dəyərləndirmək gərək deyil. Mən deyərdim ki, ali məktəblərin reytinqlərinin tərtib olunması və bizim günlərdə onların populyarlaşması bütün bugünkü “qlamur” iqtisadiyyatlara xas olan trenddir. Bu şəraitdə istehlakçı çox vaxt malın istehlak xüsusiyyətlərinə və ya rəqiblərin uzunmüddətli və mürəkkəb tədqiqatlar nəticəsində verdikləri təkliflərə əsaslanmadan bazarın etibar etdiyi ekspert qiymətləndirmələrindən istifadə etməklə qərar qəbul edir. Nəticədə biz praktik olaraq hər yerdə hər şeyi saymaq, yerbəyer etmək və müqayisə etmək arzusunu görürük. Beləliklə də “Dünyanın ən yaxşı şəhərləri”, “XX əsrin ən gözəl aktrisaları”, “Dünyada ən ağıllı millətlər” kimi reytinqlər hazırlanırsa, bəs onda dünya universitetləri niyə təsnif olunmasın? Ona görə də universitetlərin reytinqlərinin yaranması qanunauyğun prosesdir, təhsil xidmətləri bazarına olan reaksiya və ya sadəcə qiymətləndirməni, təsnif etməyi və ardıcıl olaraq hər şeyi təhlil etməyə, həmçinin təhsil müəssisələrini qiymətləndirməyə imkan verən biznesdir.

- Məntiqi olaraq belə bir sual yaranır, bəs müasir universitetlərin reytinqini necə qiymətləndirmək olar? Axı bu, çox mürəkkəb, kompleks və çoxfaktorlu göstəricidir?
- Ali məktəblərin reytinqləri və deməli, onların müəyyən olunma metodikaları, əslində, yüzlərlədir, çünki onlar yalnız qlobal səviyyədə deyil, həm də hazırlıq (məsələn, humanitar fənlər üzrə mütəxəssis hazırlayan ali məktəblərin reytinqləri), regional (praktik olaraq bütün ölkələrdə ali məktəblərin milli reytinqi var) və həm də korporativ (məsələn, neft korporasiyalarına aid olan ali məktəblərin reytinqləri) istiqamətlərdə tətbiq olunur. Dünyada ən populyar reytinqlər 2003-cü ildən hər il Çinin Szyao Tun Universiteti tərəfindən tərtib edilən “Şanxay reytinqi” (Academic Ranking of World Universities), 2004-cü ildən “Quacquarelli Symonds” şirkəti tərəfindən tərtib olunan dünya universitetlərinin QS (“QS World University Rankings”), 2010-cu ildən isə tərtib edilən “Times Higher Education” nəşrinin reytinqləridir.

Bu reytinqlərin bir-birindən prinsipial fərqləri, mənim fikrimcə, ali məktəblərin reytinq qiymətləndirməsi (qiymətləndirilən universitetlərin sayı və qiymətləndirmə üçün minimal tələblərin dəsti), qiymətləndirmə metodologiyası (göstəricilərin hesablanmasının alqoritmləşməsi, yekun reytinqdə göstəricilərin çəkisi) və istifadə edilən informasiya mənbələri (elmi işlərin verilənlər bazaları, işəgötürənlərin sorğuları) üzrə təhlilə cəlb olunmasından ibarətdir. Halbuki ali məktəblərin nüfuzunu və reytinqini qiymətləndirən meyarlar, faktiki olaraq, oxşardır. Məsələn, Şanxay reytinqində təhsilin, müəllimlərin keyfiyyəti, tədqiqatların məhsuldarlığı (bir nəfərə görə uğurlu olması); QS metodologiyasında isə akademik və işəgötürənlər arasında nüfuzu, müəllim-tələbə nisbəti, müəllimlərin elmi işlərindən sitatgətirilmə, xarici müəllimlərin və xarici tələbələrin sayı qiymətləndirilir.

Reytinq üçün informasiyalar necə toplanır?

- Reytinqlərin tərtib edilməsi vaxtı ali məktəbin obyektiv qiymətləndirilməsi üçün lazım olan informasiya haradan və necə əldə olunur?
- Gəlin, QS nümunəsində reytinqin qiymətləndirilməsi üçün lazım olan informasiya dəstinin necə toplanmasına baxaq. Artıq qeyd etdik ki, QS universitetlərin fəaliyyətini aşağıdakı istiqamətlər üzrə qiymətləndirir: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, müəllimlərin və tələbələrin nisbəti, bir müəllimdən gətirilən sitatlar, xarici müəllimlərin və xarici tələbələrin payı . Ali məktəbin akademik nüfuz göstəricisi yekun reytinqdə ən çəkili (50%-dən çox) olur və akademik cəmiyyətin nümayəndələri, beş sahədə - incəsənət və humanitar fənlər, həyat elmləri və biotibb, sosial, təbiət və texnologiyalar elmləri üzrə işəgötürənlər arasında aparılan sorğular əsasında müəyyən olunur. Bununla belə, respondentlər seçmə yolla iki verilənlər bazasından - “The World Scientific” və “Mardev” üzrə seçilirlər, onlara anket göndərilir və öz ali məktəbləri çıxmaq şərtilə dünyanın 30 ən yaxşı (onların fikrincə öz bilik sahələrində) universitetin adını çəkmələri xahiş olunur.

İşəgötürənlərə gəlincə, QS şirkətlərin, ölkələr və müəssisələrin növü üzrə məhdudiyyətsiz olaraq əməkdaşlıq etdiyi tərəfdaşlar şəbəkəsinə dair öz şəxsi məlumat bazasından istifadə edir. Ali məktəbin bir əməkdaşına düşən sitatlar 2012-ci ildən “Scopus” bazasının məlumatına görə ölçülür. Fakültə əməkdaşlarının sayının tələbələrin sayına olan nisbətini müəyyən etmək üçün lazım olan rəqəmlər dövlət təhsili idarəetmə təşkilatlarının, statistik büroların və s. saytlarından götürülür. İlk baxışda, hər şey son dərəcə obyektivdir və hətta şəffafdır, lakin bir əmmadan başqa. Ali məktəbin yekun reytinqinin hesablanması prosesi həmişə qapalı qalır, nə Quacquarelli Symonds, nə Şanxay Universiteti, nə də istənilən başqa reytinq agentliyi kommersiya məlumatlarının məxfiliyinə istinad edərək yekun reytinqin dinamikasına dair heç bir izahat və əsaslandırma verməyəcək. Buna görə də illik reytinqin elan olunması məhkəmənin hökmünə bənzəyir, nə apelyasiya var, nə də tənqid.

Şanxay reytinqi elmtutumlu, QS “pedaqoji” və “praktik yönümlü” dür

- Ekspertlər daha çox iki reytinqin - Şanxay və Quacquarelli Symonds-un (QS) məlumatlarına əsaslanır. Bu reytinqlərin hansı oxşar və fərqli xüsusiyyətlərini qeyd edə bilərdiniz?
- Mənim fikrimcə, Şanxay reytinqi daha çox elmtutumludur, məsələn, Nobel mükafatı laureatlarının, “Nature” və “Sciensce” və s. kimi jurnallarda dərc olunan, konkret universitetlərlə bağlı olan Filds mükafatı almış alimlərin sayını nəzərə alır. Lakin QS daha çox “pedaqoji” və “praktik yönümlü”dür. Bu reytinq daha çox əmək bazarında məzunların tələbolunma səviyyəsindən, ali məktəbin beynəlxalq təhsil məkanına inteqrasiya olunma dərəcəsindən, tətbiq olunan pedaqoji texnologiyaların innovativliyindən asılıdır.

- Müasir şəraitdə adıçəkilən beynəlxalq reytinqlərin nəticələrini nə dərəcədə etibarlı hesab etmək olar?
- Bizim günlərdə bu reytinqlərin etibarlılığı, yenə də mənim fikrimcə, heç də onların təhsil xidmətləri bazarının inkişafına real təsir göstərmək qabiliyyətinə deyil, məhz müstəsnalığına əsaslanır. Necə deyərlər, ali məktəblərin administrasiyalarına və müasir dövlətlərin sahə üzrə nazirliklərinin rəhbərliklərinə alternativlər olmadığı üçün Şanxay və Quacquarelli Symonds kimi reytinqlərə etibar etmək lazım gəlir.

Reytinqdə subyektivlik faktorlarının rolu yüksək olaraq qalmaqdadır

- Sizin fikrinizcə, ali məktəbin fəaliyyətində reytinqlərin rolu hər zaman pozitiv deyil?
- İstənilən hər hansı hadisə kimi, ali məktəblərin reytinq qiymətləndirməsinin nəticələrinin iki tərəfi var. Reytinqlərin şərtsiz müsbət üstünlüyü kimi, mən qlobal əmək bazarında liderlik edən universitetlərin təhsil xidmətlərinin fərdiləşdirilməsini, qlobal elitanın formalaşmasını, eləcə də daxili rotasiyaya meyilli, təhsil sahəsində trendləri müəyyən edən yeni universitetlər üçün qapılarının açıq olmasını (son illərin reytinqlərinin nəticələri bunu aydın üzə çıxarıb) göstərmək olar. Amma, eyni zamanda, reytinqlərə qeyd-şərtsiz etimad göstərilməsi və onların ideallaşdırılması dünya təhsil bazarında yeniliklərin tətbiqi perspektivlərini və innovasiya sahələrini məhdudlaşdırmaqla ədalətsiz şərait yaratmış olacaq. Reytinqlər həm ali məktəbin, həm də dünya ölkələrində ali təhsil almaq prosesinin öz xüsusiyyətlərini nəzərə almır. Reytinqlərə daxil olan bir çox qiymətləndirmə meyarlarının, məsələn, “ali məktəbin nüfuzu” , “personalın keyfiyyəti” kimi faktorların ali məktəbin obyektiv qiymətləndirmə qabiliyyətini təsəvvür etmək çox çətindir, buna uyğun olaraq da qiymətləndirmə və reytinq prosesinin qapalı olması nəzərə alınarsa, reytinq cədvəlində yerlərin bölüşdürülməsində subyektivlik faktorlarının rolu hələ də son dərəcə yüksək olaraq qalmaqdadır.

Beynəlxalq reytinqlər təhsil təcrübəsində olmalıdır

- Beynəlxalq reytinqlər təhsil xidmətləri bazarında rəqabəti dəyişdirə bilərmi? Məsələn, ədalətsiz rəqabətin aləti kimi istifadə oluna bilərmi?
- Əminəm ki, bəli. Reytinqdə ali məktəbin mövqeyinin bilavasitə maddi xeyirlərlə (məsələn, büdcə maliyyələşdirməsinin səviyyəsi) korrelyasiyası, təhsil müəssisələrinin qiymətləndirilməsi ideyasının özünün kommersiyalaşmasının sonsuz imkanlarını açır, saxtalaşdırılmış məlumatların (rəylər, sitatlar, nəşrlər) və sənədlərin təqdim olunmasına yönəldilmiş bütöv sferanın inkişafını stimullaşdırır. Gəlin öz-özümüzə belə bir vəziyyəti təsəvvür edək ki, reytinqdə ali məktəbin mövqeyinin 10-12 xana yüksəlməsi (bu reytinq qiymətləndirilməsinin yüzdə bir payı ola bilər) ali məktəbə on milyon dollar və ya manat həcmində əlavə maliyyə gətirə bilər. Doğrudanmı ali məktəb administrasiyası universitetin reytinqdə arzuolunan mövqeyə və qiymət əldə olunmasına nail olmaq üçün saxtalaşdırmalara (professor-müəllim tərkibinin stimullaşdırılmasına və ya tələbə infrastrukturunun saxlanılmasına yox) milyon vəsait xərcləməyəcək? Mən əminəm ki, beynəlxalq reytinqlər təhsil təcrübəsində olmalıdırlar, istehlakçı seçiminin marketinq funksiyasını yerinə yetirməlidir, amma heç bir halda nə ali məktəblərin maliyyələşdirilməsinin səviyyəsinə, nə də onların xidmətlərə görə qiymət qoyma siyasətinə təsir göstərməməlidirlər. Axı bu aksiomadır ki, sirf kommersiya funksiyası yox, sosial funksiya ali məktəbin özünün mövcud olduğu əsasdır.

Universitetlərin regional və sahə reytinqlərinin populyar dalğası başlayacaq

- Siz ali məktəblərin beynəlxalq reytinqlərinin gələcəyini necə təsəvvür edirsiniz: reytinqlərin əhəmiyyəti artacaq və ya əksinə azalacaq?
- Mən artıq bizim söhbətimizdə qeyd etdiyim kimi, reytinqlər, toplar, təsnifatlar - bunlar faktiki olaraq kütləvi qalaraq fərdiləşdirmə və fərqləndirmə nişanlarına ehtiyacı olan müasir istehlakçıya xidmət edir. Kiməsə öz uşağını, deyək ki, reytinqdə 257-ci yeri tutan və İstanbulda yerləşən ali məktəbə göndərmək, sıralamada 357-ci yeri tutan və Bakıda yerləşən universitetə göndərməkdən daha xoşdur. Başqa birisi üçün isə uşağının yaşadığı evə yaxın olan, diplomu potensial işəgötürənlər tərəfindən yaxşı tanınan universitetdə təhsil alması daha ağıllı qərardır.

Mənim şəxsi fikrimə görə, ali məktəbin reytinqi onun verdiyi yüksək keyfiyyətli təhsilin nəticəsidir. Deyərdim ki, əksinə, yüksək qiymətləndirmə dərəcəsinə malik universitetlərdə belə uğursuz təhsil proqramları, pis təşkil edilmiş tədris prosesi, zəif müəllimlər ola bilər. Reytinqlər tələbələrin universitet seçiminin heç də yeganə faktoru deyil, onlardan biri olmalıdır. Eyni zamanda, mənim düşüncəmə görə, yaxın perspektivdə universitetlərin müfəssəl regional və sahə reytinqlərinin populyar dalğası başlayacaq. Çünki öz populyarlıqlarına baxmayaraq qlobal reytinqlər dünya ölkələrində nə təhsil proqramlarının profilini, nə də ali təhsilin özünün xüsusiyyətlərini nəzərə almırlar. Həmçinin bir faktı da nəzərə almaq lazımdır ki, bu gün dünyanın aparıcı reytinqlərinə çox məhdud sayda ali məktəblər daxil olur, onların əksəriyyəti Avropa ölkələrini və ABŞ-ı təmsil edirlər. Halbuki Asiya, Afrika, Latın Amerikasının reytinqlərə daxil olmayan ən yaxşı universitetləri də dünya bazarında fərdiləşmək istərdilər. Deməli, o reytinqlər daha çox populyar olacaq ki, onlar daha çox sayda təhsil müəssisəsini əhatə etsin, universitetlərin qiymətləndirmə tələblərini sıfıra endirsin.

Qərbdən fərqli olaraq Asiyada reytinqlərə dövlət ali məktəbləri başçılıq edirlər

- Biz son vaxtlar dünya reytinqlərində Asiya universitetlərinin fəallaşmasını görürük. Bunu nə ilə izah etmək olardı?
- Həqiqətən də Asiya ali məktəblərinin qlobal reytinqlərdə görünməmiş sıçrayışından sonra hətta “Asiya təhsil əsri”nin başlaması barədə fikirlər səslənməyə başladı. Bir tərəfdən, Asiyada ali təhsilin keyfiyyətinin artması qanunauyğun prosesdir, mən əminəm ki, bu tendensiya uzun müddət qlobal reytinqlərin trendlərinə daxil olacaq. Müasir real istehsalat, kənd təsərrüfatı, beynəlxalq biznes daha çox Asiya ölkələrində toplaşır. İstedadlı gənclərin böyük kütləsi ali məktəblərə “hücum” edirlər, onlar gələcəkdə müasir, innovativ korporasiyalarda işlə təmin olunacaqlarına əmindir. Ali məktəblərdə tələbələr arasında rəqabət səviyyəsi olduqca böyükdür, abituriyentlərə olan tələblər ildən ilə artır, bu isə məzunların daha yüksək səviyyədə hazırlanmasına birbaşa təsir göstərir.

Digər tərəfdən, Asiya dövlətləri universitet elminə güclü dəstək göstərmək üçün büdcə imkanları qazanıb. Qərbdən fərqli olaraq Asiyada reytinqlərə məhz dövlət ali məktəbləri başçılıq edirlər ki, bu da dövlət maliyyələşdirilməsinin gücləndirilməsi sayəsində mümkün olub. Belə ki, tədqiqatçılıq fəaliyyətinin maliyyə təminatı səviyyəsi üzrə şərait, məsələn, Tailandda mənim işlədiyim dövlət universitetində daha cəlbedicidir, nəinki Şərqi və Cənubi Avropanın dövlət ali məktəblərində, eləcə də Yaponiya, Çin, Sinqapurun lider universitetlərində. Asiyanın dövlət universitetlərində professor heyətinə tələblər də müəllimlərin (elmi fəaliyyət, xarici jurnallarda dərc olunma, beynəlxalq fəaliyyətin inkişafı və s.) motivasiya sisteminin artımına sinxron olaraq artır. Bu gün heç də təəccüb doğurmayan məqam odur ki, artıq Asiyadan Avropaya deyil, məhz Avropa, Rusiya, Yaxın Şərqdən Asiyaya gənc və istedadlı alimlərin axını başlayıb, Qərbin ən yaxşı universitetlərində təhsil almış etnik çinlilər, hindlilər, indoneziyalılar, vyetnamlılar evə qayıdırlar.

Nəhayət, “Asiya təhsil möcüzəsi”nin üçüncü nəhəng qolu özəl biznesin roludur. Ənənəvi olaraq Asiya biznesi (Avropa texnologiyalarını mənimsəyən və ya istehsalı özündə yaradan) ixtisaslı və ucuz (özününkü) işçi qüvvəsinə ehtiyac hiss etdiyindən artıq bir neçə on ildir ki, fasiləsiz olaraq universitet fakültələri ilə fəal əməkdaşlıq aparır, nəinki öz kadr problemlərini yoluna qoyur , həm də elmi tədqiqatlar və işləmələr sifariş edir. Asiya ölkələrində bilikli abituriyent və keyfiyyətli məzun hazırlığının artması, onların işlə təmin olunma perspektivi, akademik müəllimlik (eləcə də miqrasiya şərtlərinin zəiflədilməsi) və tədqiqatçılıq (beynəlxalq araşdırmaların dövlət maliyyələşdirilməsi) fəaliyyəti, biznes və ali məktəb arasında əməkdaşlığın ən yüksək səviyyədə saxlanması - bütün bunlar dünya reytinqlərində top yerlərin Asiya universitetləri tərəfindən zəbt olunmasına gətirib çıxarıb.

Azərbaycanın öz ali məktəb sistemi yaranıb

- Siz bu il Bakıda oldunuz və respublikanın bir neçə aparıcı universitetinə baş çəkdiniz. Azərbaycan ali məktəblərinin potensialını, onların qlobal reytinqlərə daxil olması perspektivlərini necə qiymətləndirirsiniz?
- Tamamilə səmimi deyəcəyəm, mənim üçün Bakıya səfər 2017-ci ildə ən yaddaqalan hadisələrdən idi. Həm insanlar, həm şəhər və mənim ziyarət etdiyim universitetlər, ali məktəb nümayəndələri ilə görüşlər məndə ən müsbət emosiyalar və xatirələr qoydu. Qeyd etmək istəyirəm ki, Azərbaycanın öz ali məktəb sistemi yaranıb, ali məktəblər arasında, eləcə də ali məktəb və dövlət, ali məktəb və biznes, ali məktəb və orta məktəb arasında qarşılıqlı münasibətlər sistemi qurulub. Ona görə də ölkə üçün əsas məsələ sonrakı inkişafın düzgün oriyentirlərini tapmaq, təhsil qurumlarının fəaliyyətini aktivləşdirmək lazımdır. Bu cür oriyentirlər hər şeydən əvvəl, ali məktəbin fəaliyyətinin istər Azərbaycanın, istərsə də tərəfdaş ölkələrin (məsələn, Rusiya, Türkiyə, İran, Yaxın Şərq və Mərkəzi Asiya) əmək bazarının tələbatına uyğunluğu olmalıdır. Məzunlara məhz bu ölkələrin əmək bazarında tələbat ola bilər. Əmək bazarında tələbatlılıq ali məktəbin nüfuzunu və beləliklə də onun maliyyə imkanlarını (həmçinin professor-müəllim heyətinin elmi fəaliyyətinin dəstəklənməsinə yönəlik) avtomatik olaraq qaldıracaq. Elmi fəaliyyət ali məktəbin reytinq qiymətləndirməsinin əhəmiyyətli meyarlarından biridir. Azərbaycan neft hasilatı və neft-kimya, kənd təsərrüfatı və aqrar maşınqayırma, alternativ energetika sahəsində aktiv tədqiqatların həyata keçirilməsi üçün çox gözəl yerdir, bu sferalarda nəinki elmi kəşflər, həm də beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi mümkündür. Nəhayət, müasir Azərbaycan təhlükəsiz, tolerant, qonaqpərvər, demokratik ölkə kimi yerli universitetlərdə və ya laboratoriyalarda işləmək arzusunda olan əcnəbi alimlərin, ekspertlərin və müəllimlərin cəlb edilməsi üzrə proqramların reallaşdırılması imkanlarına malikdir. Bu, respublikada müəllimlər arasında daxili rəqabəti stimullaşdırar, onların təhsil sahəsində dünya proseslərinə cəlb olunmasını aktivləşdirər və məntiqi olaraq da ölkə universitetlərinin bütün qlobal reytinqlərə daxil olma ehtimalını yüksəldər ki, bunu mən Azərbaycana ürəkdən arzulayıram.

yuxarı ⤴