1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Milli dəyərlərdən bəşəri dəyərlərə
29.09.2017 / No37

Cədvəl 1

Cədvəl 2

 

 

 


Şagirdlər bu ruhda tərbiyə olunmalıdırlar

Adilə NƏZƏROVA,
Azərbaycan Respublikası Təhsil İnstitutunun aparıcı elmi işçisi,filologiya üzrə fəlsəfə doktoru

Milli-mənəvi dəyərlərin formalaşması, təşəkkülü insanlar, xalqlar və dövlətlər arasında münasibətlərə təsir göstərən başlıca amillərdən biridir. Milli dəyərlər cəmiyyətdə insanın davranış qaydalarını formalaşdırır. Mədəniyyətin, elmin inkişafı milli dəyərlərdən bəşəri dəyərlərə aparan yoldur. İnsan dünyanı dərketmədə şüurlu olaraq təkmilləşdikcə öz milli-mənəvi dəyərlərini də zənginləşdirir və gələcək nəsillərə ötürür. Təcrübələr göstərir ki, mənəviyyatı, əxlaq, etik normalarını və s. formalaşdıran milli-mənəvi dəyərlərdir, milli-mənəvi dəyərləri yaradan və qoruyub saxlayan isə xalqdır.

Dünya azərbaycanlılarının birinci qurultayındakı çıxışında ümummilli lider Heydər Əliyev dünya azərbaycanlıları qarşısında duran məqsədlər, vəzifələr, missiyalar barədə danışarkən qeyd edirdi ki, “Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik… Azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir, şeirlərimiz, mahnılarımız, incəsənətimiz, xalqımıza mənsub olan adət-ənənələrimizdir”.

Azərbaycanda milli-mənəvi dəyərlər ilk növbədə ailə birliyinə önəm vermək, dovlətçilik ənənələrinə sadiq qalmaq, qayda-qanunlara hörmət etmək, vətənpərvərlik, əməksevərlik, azadfikirlilik və bunların sonucunda da tolerantlıq kimi dəyərləndirilir. Bu dəyərlərin aşılanması orta məktəbdən başlayır. Uşaq və gənclərin mənəvi inkişafı bilavasitə təhsil müəssisələrində aparılan işin sistemindən asılıdır. Professor A.Abbasovun qeyd etdiyi kimi, “Təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərə, təfəkkür üsullarına yiyələnmənin məqsədyönlü prosesi və nəticəsi, böyüyən nəslin həyata, əməyə və ictimai fəaliyyətə hazırlanmasının mühüm şərtidir”. İctimai fəaliyyət eyni zamanda, milli-mənəvi dəyərlərə, qayda-qanunlara, adət-ənənələrə hörmətlə yanaşmaq və onlara riayət etməkdir. Bunun üçün orta məktəblərdə təhsilin çoxistiqamətli olmasını təmin etmək lazım gəlir. Belə ki, şagirdlərə elmi biliklərin verilməsi ilə yanaşı keçirilən digər ədəbi-bədii məşğələlər də bu problemin həllinə kömək edir. Mənəvi dəyərlərdən biri olan əməksevərliliyi uşaqlara aşılamaq təkcə valideynin üzərinə düşmür. Hesab edirik ki, təhsil müəssisəsi dediyimiz məkan əslində uşaqlar üçün təhsil kompleksi olmalıdır. Məktəblərdə tədris olunan riyaziyyat, fizika, biologiya, kimya, tarix fənləri ilə yanaşı, fiziki tərbiyə dərsləri eynilik təşkil etməlidir.

Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin metodları və yolları gündən-günə yenilənir. Azərbaycan Respublikasının ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması xüsusilə aktuallıq kəsb edib.

Qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunması çox əhəmiyyətlidir. Dövlətə bağlılıq, vətən sevgisi kimi üstün cəhətlər insanın mənəviyyatının güclənməsi, əxlaqının inkişafı ilə möhkəmlənən xüsusiyyətdir. Bu xüsusiyyətlərə malik olan fərdlərin yetişməsində məktəb xüsusi rol oynayır.

Xalqımızın çoxəsrlik milli-mənəvi və dini dəyərləri mütərəqqi fikirli insanların, şair-yazıçı və alimlərin, bir sözlə xalqını, onun dilini, dinini, vətənini sevən şəxslərin daimi diqqət mərkəzində olmuşdur. Bu səbəbdən, şagirdlərə dərsliklərdə olduğu kimi, əlavə ədəbi-bədii materiallar da öyrədilir. Onlara orta məktəbin 1-ci sinfindən başlayaraq ana, vətən, bayraq haqqında biliklər verir.

Milli bayram günləri ilə bağlı yazılan inşalar, söylənən şeirlər şagirdlərin həmin bayram haqqında anlayışının göstəricisidir.

Təhsilin məqsədi şagirdə yüksək bilik verməklə yanaşı doğru, mədəni davranışlar - özgüvən, sistemli düşünmə bacarığı, təşəbbüskarlıq, planlı iş vərdişinə və mənəvi dünyagörüşünə yiyələnmək, məhsuldar çalışmaq, həssaslıq, hörmət, məsuliyyət, sevgi, oxuma vərdişi, ana dilinə sevgi qazandırmaqdır. Bu dəyərləri öyrətmək müəllimin ən ümdə vəzifəsidir.

Müəllimlər məktəbdə rəhbərlik, müəllim və valideynlər arasında hörmətə söykənən bir ünsiyyət olduğunu nümayiş etdirməklə bu dəyərləri əyani olaraq şagirdlərə aşılayırlar. Burada məktəb kollektivi canlı model rolunu oynayır.

“Milli-mənəvi dəyərlərin aşılanmasında müvafiq elmi-pedaqoji-psixoloji əsaslara da istinad edilir. Həmin əsaslar, adətən, tərbiyənin məzmunu, məqsədi və vəzifələri ilə sıx bağlı olur. Bunlar aşağıdakılardır:

1. Milli-mənəvi dəyərlərin tərbiyəsində uşaqların yaş xüsusiyyətlərinin nəzərə alınması.
2. Milli-mənəvi dəyərlərin aşılanması zamanı uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınması.
3. Milli-mənəvi dəyərlərlə tanışlıqda tərbiyəçinin, valideynin şəxsi nümunələri və birgə fəaliyyətinin nəzərə alınması”.

Milli-mənəvi dəyərlərin öyrədilməsi və aşılanması zamanı fərqli üsullardan istifadə olunur. Problemin həllinin bir neçə üsulla yerinə yetirilməsi işin kəmiyyət və keyfiyyət baxımından səmərəliliyini artırır. Bu yollardan biri də məktəb mühitində müəllimlərin şagirdlərdə qeyd olunan dəyərləri təyin etmək məqsədilə, işin bir-birini tamamlayacaq şəkildə təkşil edilməsidir. Belə ki, müəllimlər iki anket forması tərtib edə bilər. Bu mövzular il (və ya rüb) ərzində müəllim tərəfindən şagirdlərə anladılır və sonda suallar anket şəklində şagirdlərə paylanaraq, sorğunun nəticəsi dəyərləndirilir. Sorğuların V-IX siniflər arasında keçirilməsi nəzərdə tutulur. Həmin anket sorğularını cədvəl şəklində təqdim edirik.

Birinci cədvəl (V-VI siniflər) milli-mənəvi dəyər anlayışını təyin etmək üçün nəzərdə tutulur. (Cədvəl 1.)

Təhsil müəssisələrində uşaq və gənclərə milli-mənəvi dəyərləri aşılamadan onları bəşəri dəyərlər ruhunda tərbiyə etmək mümkün deyil. Bəşəri hissləri tərbiyə edən dəyərləri milli-mənəvi, mədəni dəyərlər yaradır. Ölkəmizdə yaşayan etnik xalqların nümayəndələrinə hörmətlə yanaşmaq, onların inanclarına, adət-ənənələrinə ehtiram göstərmək uşaq yaşlarından tərbiyə olunmalıdır. Ölkə daxilində bu tolerantlığı yaşayaraq böyüyən uşaq və gənclərin tərbiyəsi onların vətəndaşlıq qazandıqdan sonra bütün dünya xalqlarına hörmətlə yanaşmasını təmin edir.

İkinci sorğu anketi şagirdlər haqqında
müəllimlərdə artıq formalaşmış fikirlərə əsasən onların fərdi xüsusiyyətlərinə görə, dəyərlərimiz haqqında doğru bilgilərə sahib olmaq və bəşəri dəyərlərə yiyələnməsini təmin etmək məqsədi daşıyır (VII-IX siniflər). (Cədvəl 2.)
Qonaqpərvərlik türk xalqlarına xas olan milli-mənəvi dəyərdir. Türk xalqlarının ortaq ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında deyilir: “Xanlar xanı Bayandır xan ildə bir dəfə qonaqlıq düzəldib Oğuz bəylərini qonaq edərdi”. Qonaqpərvərlik doğmalar, qohumlar, qonşu tayfalar, xalqlar arasında ortaq adət-ənənələri formalaşdırır, ortaq milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.

Qonaqpərvərlik hissi bəzən ağır xətaların, hətta cinayətin bağışlanmasına gətirib çıxarır. Azərbaycanda bir çox adət-ənənələr müqəddəs sayılır. Bu adətlər bizim bədii nümunələrdə də özünü göstərir.

Ata-anaya, ailənin digər üzvlərinə, müəllimə sevgi mənəvi dəyərdir, dini inanclara hörmət və onlara əməl etmək ədalətli olmaqdır, ədalətli olmaq insanlığa olan sevgidir. İnsanlıq insani keyfiyyətlərin əsasını təşkil edən məsuliyyətdir, -məsuliyyət bəşəri dəyərdir. Bu baxımdan Hüseyn Cavidin “Qız məktəbində” şeiri şagirdləri ümumbəşəri dəyərlərə səsləyən gözəl bir nümunədir:
“... - Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
- Ən çox sevdiyim ilkin
O allah ki, yeri-göyü, insanları xəlq eylər.
- Sonra kimlər?
- Sonra onun göndərdiyi elçilər.
- Başqa sevdiklərin nasıl, yoxmu?
- Var...
- Kimdir onlar?
- Anam, babam, müəlliməm, bir də bütün insanlar”.

Milli-mənəvi dəyərlərin əsasında yaxınlarına, doğmalarına məhəbbət dayanırsa, bəşəri dəyərlərin əsasında insanlığa olan məhəbbət dayanır. Müəllim ictimai fəaliyyətdə, dostluqda və s. kifayət qədər mənəvi dəyərlərə sahib olan şagirdi bəşəri dəyərlərə aparan yolda özünütəsdiqə hazırlayır.

Hər bir fərd bütün şəxsi keyfiyyətləri və qabiliyyətləri ilə unikal varlıqdır. Ona görə də yeniyetmə yaşlarından insana sahib olduğu müsbət keyfiyyətlər anladılmalıdır. Müəllim şagirdə fərdi keyfiyyətlərinə görə digərlərindən fərqli yanaşmasının səbəbini izah etməlidir. Belə ki, onun sosial şəxsiyyət kimi formalaşacağına inandığını vurğuladıqda, şagird cəmiyyət arasında başqaları ilə ünsiyyətdə artıq özünütəsdiqə çalışır və əksər hallarda buna nail olur.

Bəşəryyət qarşısında dayanan problemlərin həllində ən doğru yol ortaq dəyərlərə istinad edərək bərabərlik və sülh yolunu seçməkdir. Bildiyimiz kimi, sülh dövlətlərarası münasibətlərdə milli maraqların qorunması və bunun müqavilə ilə təsdiqlənməsi nəticəsində mümkün olur. Sülhün pozulması müharibədir və müharibədə mülki və ictimai qorunmalar öz hüququnu itirir. Müharibələr əksər zamanlarda ayrı-ayrı fərdlərin öz eqosuna yenildiyi səbəbilə baş verir. İnsanın eqosu artdıqca ətrafdakılar gözünə nöqsanlı görünür.

Qeyd edək ki, eqo tərbiyə səviyyəsindən yaranır. Hələ uşaq vaxtlarından ailədə böyüklər tərəfindən qardaş-bacı arasında qoyulan ayrı-seçkilikdən irəli gəlir. Uşaq öz “mən”inin çərçivələrini möhkəmləndirir. Mənəmlik duyğusu onu çuğlayır və bu, onu məktəbdə də sinif yoldaşlarından üstün olduğu yalanına inandırır. Bəzən də, əksinə, erkən yaşlarında sevilməyən, digərlərinin sahib olduqlarına sahib ola bilməyən uşaqlarda fürsət düşdüyündə ətrafındakılardan intiqam alma hissləri yaranır və getdikcə böyüyür. Bu, insanda ruhi bir prosesdir. Gələcəkdə belə fərdlər sahib olduqları imkandan müdrikliklə yox, təkəbbürlə istifadə edirlər. Milli və ictimai maraqlar ikinci plana keçir, pozulan kiçik əhatəli əmin-amanlıqlar tədricən ölkə miqyasında, sonra dövlətlərarası sülhün pozulmasına, müharibələrin başlanmasına səbəb olur.

Bu problemlərin yaranmasının qarşısını almaq üçün uşaq və gənclərə onların özlərini tanıtdırmalıyıq. Belə ki, onlara hansı istedada malik olduqlarını, özünəməxsus müsbət keyfiyyətlərini bildirmək lazımdır. Bu onların özünüdərk prosesində müsbət inkişafına kömək edir.

Cəmiyyətdə riayət etməli olduğumuz qayda-qanunlar var. Hələ uşaq yaşlarından ailə içində ailənin digər üzvlərinə salam verməyi öyrənirik. Bu adət bütün yaşlarda və bütün zamanlarda insanın mədəni səviyyəsinin göstəricisinə çevrilir. Müəllim sinfə daxil olanda, aktyor səhnəyə, teleaparıcı efirə çıxanda, məruzəçi iclasda və hətta dünyanı idarə edənlər sözə salam verməklə başlayır. Dövlət başçıları müxtəlif tədbir və görüşlərdə əl verib hörmət və ehtiram göstərirlər. Bu davranış qaydaları bəşəri münasibətlərin göstəricisidir. Bəşərə verilən bəşəri dəyərlər, bəşəri münasibətlər haqqında açıq dərsdir.

Bütün bunlardan belə bir nəticəyə gəlirik ki, milli-mənəvi dəyərləri yaşaya bilməyən bəşəri dəyərlərə sahib ola bilməz.

Sülh bütün millətlər üçün mənəvi dəyər sayıldığına görə bəşəri dəyərlərin ən başlıcası sülh və əmin-amanlıqdır. Ölkəmizdə Qarabağın işğalı, dünyada gedən siyasi proseslərin fonunda dövlətlərarası qarşıdurmaların səbəbi ayrı-ayrı fərdlərin eqosunun nəticəsidir. Bu proseslərin ədalətli həlli yolu ali dəyərlərə sahib şəxsiyyət yetişdirməkdir.

Sevgi və gözəllik aşiqi kimi tanınan, yaradıcılığı bütünlüklə bəşəri dəyər olan şair-dramaturq Hüseyn Cavid millətin din, dil birliyini, döyüş ruhunu qoruyub saxlamasını tövsiyə edərkən, eyni zamanda müharibəni bəşəri problem hesab edir və əsərlərinin tamamında humanistlik nümayiş etdirir. Dramaturqun “Peyğəmbər” əsərinin sonunda Baş rəisin dilindən türk qövmü haqqında söylədiyi fikirlər ümumbəşəri dəyərdir:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur, yer üzünü.
Günümüzdə hələ də bu misralar bir şüar kimi səslənir, çünki bu mövzu hələ də aktualdır.

yuxarı ⤴