1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Uğur qazanmağın yolu - fəal dərs
29.09.2017 / No37

 

 

 


Günay ƏSGƏROVA,
Kürdəmir şəhər 2 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi

Müstəqil Azərbaycanın gələcəyə doğru sürətlə addımladığı bir zamanda digər sahələrlə bərabər təhsil sistemi də uğurla inkişaf edir. Qeyd edək ki, kurikulum təhsil sisteminə keçid mərhələsində bu proses müəllimlərin bir çoxuna çətin görünsə də, zaman göstərdi ki, Azərbaycan təhsili düzgün yoldadır. Kurikulum vasitəsilə şagirdlərin layiqli şəxsiyyət kimi yetişdirilməsinə müvəffəq olmaq mümkündür. Bu gün Azərbaycan təhsilinin məqsədi cəmiyyət üçün faydalı vətəndaşlar yetişdirməkdir. Bunun üçünsə, ilk növbədə, şagirdlərin qəlbində vətənə sevgi aşılayıb onu möhkəmləndirmək lazımdır. Buna görə də ədəbiyyat dərsliklərində vətənpərvərlik, torpaqlarımızın işğalı, xalqımızın başına gətirilən faciələr haqqında bir çox əsərlərə yer verilmişdir. Belə əsərlərdən biri də 6-cı sinif üçün “Ədəbiyyat “ dərsliyində verilmiş Əli Səmədlinin “Qanlı bənövşə” əsəridir. Bu əsəri tədris proqramında uzun müddət necə keçmək haqqında düşündüm. Həm əsər təhlil olunmalı, həm də nəqli-təsviri mətn anlayışı öyrədilməli idi. Qərara aldım ki, hətta digər müəllim yoldaşlarımı da (fikirlərini öyrənmək üçün) dərsi dinləməyə dəvət edim. Dərs uğurlu alındığı üçün onu həmkarlarıma təqdim edirəm.

1-ci dərsdə əsərin məzmunu ilə tanış olmuşduq. 2-ci dərs əsərin təhlili idi. Motivasiya mərhələsində şagirdlərə bəzi şəkillər göstərdim. Şəkillərdə neft buruqları, qaz yataqları, qızıl mədənləri, taxıl zəmiləri, pambıq tarlaları və s. əks olunurdu. Bu şəkillər vasitəsilə sinifdən Azərbaycanın zəngin bir ölkə olduğu, buna görə də düşmənlərin vətənimizə göz dikdikləri fikirlərini aldım. Şagirdlər bu mövzuda yazılmış əsərlərin, eləcə də “Qanlı bənövşə” əsərinin adını çəkdilər. Onlara bildirdim ki, bugünkü dərsimiz əsərin təhlilidir.

Tədqiqat sualını belə qoydum:
1. Əsərin əsas ideyası nədir?
2. Nəqli və təsviri mətnə aid biliklərinizə əsaslanaraq mətnin növünü müəyyənləşdirin.

Şagirdlərin bir çoxu Əli Səmədli haqqında araşdırma aparmışdı. Yazıçının həyatı və fəaliyyəti barədə bir qədər məlumat verdikdən sonra əsərin qısa məzmununu hissələrə bölüb danışdılar. Daha sonra qruplarla iş başlandı. Qrupların adı belə idi: “Şuşa”, “Laçın”, “Xankəndi”, “Xocalı”. Hər bir qrup lideri özünü təqdim edərkən həmin ərazilər barədə məlumat verir, bir şeir parçası söyləyirdi. Qeyd edim ki,dərsimiz digər müəllimlər tərəfindən dinlənildiyinə görə sinif daha çox fəallıq göstərirdi. Qruplara iş vərəqlərini təqdim etdim.
“Şuşa”qrupu:
Əsərdə nəqli mətnə dair elementləri müəyyənləşdirin.
“Laçın” qrupu:
Əsərdən təsviri mətnə dair faktları seçin.
“Xankəndi “qrupu:
Əsərin əsas ideyasını müəyyənləşdirin, obrazları səciyyələndirin.
“Xocalı” qrupu:
Əsərin süjet xəttinin mərhələlərini ayırd edin. Bədii təsvir və ifadə vasitələrini göstərin.
Şagirdlərə 10 dəqiqə vaxt verdim. Təqdimat zamanı “Şuşa “ qrupu artıq əvvəlki dərslərdən tanış olduğu nəqli mətnin elementləri cədvəli üzərində işlədiyini göstərdi. Onlar əsərin janrı, obrazlar, hadisələrin məkanı və zamanı haqqında danışaraq bu əsərdə nəqli mətnin ünsürlərini aşkara çıxardılar.
“Laçın” qrupu əsərdə Zərifin yuxusunun, ermənilərin qəddarlığının təsviri yolla verilməsini, təbiət təsvirlərinin olduğunu göstərdilər. Hətta şagirdlər öz yurd-yuvasından ayrılan ailənin ürəkağrıdıcı təsvirini də qeyd etdilər. Onlara daha çox təsir edən isə balaca Zərifin ölümünün təsviri idi.
“Xankəndi” qrupu erməni qızların hiyləgərliyi ilə Zərifin saflığını müqayisə edərək, ermənilərin xəyanətkar və qəddar olduqlarını göstərdilər.
“Xocalı “qrupu əsərdəki bir sıra təsvir və ifadə vasitələrini göstərdi, əsərin süjet xəttini mərhələlərə böldü.

Bundan sonra müzakirəyə başladıq. Şagirdlər minlərlə Zərif kimi uşaqların arzularının nakam qalmasini ürək ağrısı ilə qeyd etdilər. Bütün dünyada baş verən terrorizmə qarşı öz etirazlarını bildirdilər. Sagirdlərdən 1-2-si mövzuya aid şeir də söylədi. Sonda nəticə əldə edildi. Yazıçının məqsədi və əsərin ideyası tam aydınlaşdırıldı, həm nəqli, həm də təsviri mətnin ünsürləri olduğuna görə belə əsərlərin nəqli təsviri mətn adlandırıldığını şagirdlərə çatdırdım.
Onu da bildirim ki, dərsin gedişi zamanı mən 31 Mart - azərbaycanlıların soyqırımına aid videomaterialdan, Xocalı soyqırımına aid müxtəlif slaydlardan, işğal olunmuş rayonlarımızın görüntülərindən, Azərbaycanın xəritəsindən yeri gəldikcə istifadə edirdim. Hətta şagirdlərin 2-si Zərifin ölümünü əks etdirən rəsm də çəkib gətirmişdi. Bütün bunlar isə dərsimizi daha da zənginləşdirdi və müvəffəqiyyət qazanmasına səbəb oldu. Bütün həmkarlarıma da müvəffəqiyyətlər arzulayıram.
 

yuxarı ⤴