1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Xoşbəxt məktəb, xoşbəxt dövlət
29.09.2017 / No37

 

 

 


Danimarkalılar təhsil sistemlərini dünyanın ən qabaqcılı hesab edirlər

Rüstəm QARAXANLI

Finlandiya dünyanın ən liberal təhsil sistemi olan ölkəsi sayılır. Prinsipcə, bununla heç kim mübahisə etmir, təkcə qonşu danimarkalılardan savayı. Danimarkada bu qənaətdədirlər ki, təhsilləri nəinki ən “yumşaq” və proqressivdir, həm də dünyanın ən yaxşısıdır. Həqiqətən də yaxından tanış olduqca bu ölkədə təhsilin nəinki həddindən ziyadə liberal olduğunu düşünürsən, hətta belə bir qənaətə də gəlirsən: danimarkalılar oxumurlar. İnanmırsınız?

Çətini xoşbəxt olana qədərdir

Xarici görünüşləri soyuq olsa da, danimarkalılar kifayət qədər istiqanlı və xoşniyyətlidirlər. İstənilən danimarkalı qonağı ilə söhbət zamanı mütləq gülümsəməlidir. Bu azmış kimi, hər kəs ona kömək üçün müraciət etmiş şəxsə bütün imkanlarından istifadə şərtilə yardım göstərməlidir. Bunu da elə etməlidir ki, sanki kifayət qədər boş vaxtı var.

Danimarkada insanlar dövlətlərini “Rifah cəmiyyəti” adlandırırlar (welfare state). Sıravi danimarkalı ətraf aləmə inamla və ümidlə baxmalıdır. O əmindir ki, dünyada ən mükəmməl dövlətin vətəndaşı olmasa da, bu mükəmməlliyə doğru digər xalqlar və millətlərdən daha yaxındır. “Daily mail” qəzetinin yazdığına görə, Kembric Universitetinin araşdırmalarının nəticələrinə əsasən, danimarkalılar hər il dünyanın ən xoşbəxt xalqları arasında ilk sıralarda, əksər hallarda isə ilk sırada yer alırlar.

Danimarkalılar xoşbəxt olmaqla yanaşı, həm də qanunpərəstdirlər. Polisin sıravi danimarkalının həyatına müdaxilə etməsi, demək olar ki, nadir baş verə biləcək haldır. İstisna da demək olar. Bu ölkədə polis əməkdaşlarına hədsiz hörmət var. Orta statistik danimarkalı olduqca ləngdir. İstənilən işdə. Baxmayaraq ki, özlərini döyüşkən vikinqlərin övladları hesab edirlər. Babaları vikinqlər olsa da, sakit və gərginlikdən uzaq həyat yaşamağı sevirlər.

Uşağa ən kiçik yaşlarından öyrədilir ki, “sən də digərləri kimisən, nə onlardan yaxşısan, nə də pissən”. Bütün danimarkalılara əməkdaşlıq etmək xas xüsusiyyətdir. Onlar hətta rəqibləri ilə də əməkdaşlıq edə bilərlər. Hesab olunur ki, istənilən halda birgə əməyin sonu xeyirlə nəticələnəcək.

Ailə

Danimarkanın əhalisi 5,3 milyon nəfər təşkil edir. Təqribən 400 min nəfər ailəlidir. Ailədə yaşayan əhalinin sayı isə 2,9 milyondur. Ailə qurmaq danimarkalı üçün o qədər də vacib deyil. “Tənha ana”, yaxud “tənha ata” variantlarını bu xalqın nümayəndələri üçün sınaqdan keçirmək müşkül deyil və geniş yayılmış haldır. “Uşaq-tək valideyn” formulu ilə mövcud olan ailələrdə 650 min nəfər yaşayır. Di gəl ki, uşaqlara münasibət həddindən artıq yüksək diqqət tələb edir. İstənilən danimarkalıya görə uşaq şəxsiyyətdir. Onun dediklərini dinləmək, məsləhətləşmək lazımdır. Onlar uşaqlarla ünsiyyət qurmağı, söhbətləşməyi çox sevirlər. Uşağa demək olar hər şeyi etməyə icazə verilir.

Ancaq bütün bunlara rəğmən adi danimarkalı uşağın tərbiyəsilə məşğul olmaq üçün çox vaxt sərf edə bilmir. Gənc valideynlər səhərdən axşamadək işləyirlər, yük isə düşür uşaq bağçalarının üzərinə. Bu səbəbdən uşağın tərbiyəsində əsas önəm dövlətə verilir. Məktəbin ilk siniflərindən uşağa alkoqolun, narkotiklərin insana hansı ziyanlar verə biləcəyi barədə məlumatlar çatdırılır. Çətin tərbiyə olunan uşaqlarla işləmək üçün polis, sosial orqanlar və məktəb səylərini birləşdirirlər.

Uşaqda şəxsi məsuliyyətin tərbiyəsi prosesi lap kiçik vaxtlarından başlayır. Danimarkalı uşaqlar ayı balası, cücə və kiçik ördəyin necə şəxsi və ictimai problemləri dəf etməklərinə dair əhvalatlarını dinləməklə böyüyürlər. Televiziya kanallarında bu üç heyvan balalarına dair cizgi filmləri nümayiş olunur, uşağa çətin vəziyyətlərdən birgə çıxmaq fəlsəfəsi aşılanır. Yeri gəlmişkən, bu məzmunlu verilişlərə uşaqlarla bərabər böyüklər də baxırlar.

Təhsil sisteminin özəllikləri

Danimarkada uşaq məktəbə 6 yaşından gedir. Bu yaşadək o, nə oxumaq bilir, nə də yazmaq. Burada hesab edirlər ki, nə qədər yaş və vaxt imkan verir, qoy uşaq oynasın və əylənsin. Bunula belə, bu ölkədə əmindirlər ki, onların təhsil sistemi kimi mükəmməli dünyanın heç bir yerində yoxdur. Yuxarıda qeyd etdik ki, danimarkalılar təbiətcə ləngdirlər. Təhsil sistemləri də bu xüsusiyyətdən irəli gələrək proseslərə çevik münasibət göstərə bilən təsiri bağışlamır. Ancaq onlar bunu ləng təbiətləri, tədris prosesinin az sürətli olması ilə deyil, məktəbdə keçilən fənlərin “dərinliyi” ilə izah edirlər.

Qeyd etmək lazımdır ki, Danimarkada 2 yaşa qədər körpələrin yalnız 15%-i körpələr evinə, 3-6 yaşlarında uşaqların isə təqribən yarısı uşaq bağçasına gedirlər. 6 yaşlı uşaqların əksəriyyəti hazırlıq siniflərinə gedirlər ki, bu da məcburi xarakter daşımır. Bu siniflərin əsas məqsədi uşaqları sistemli təhsilə deyil, məktəbə uyğunlaşmağa öyrətməkdir. Orta məktəb dövlət təhsil ocağıdır və 9-10 ili əhatə edir. 9-cu sinifdə uşaq seçim qarşısında qalır: gimnaziyaya getsin, yoxsa professional təhsilə baş vursun, hazırlıq kurslarına üz tutsun, yaxud təhsilini 10-cu sinifdə davam etsin.

1975-ci ildə qəbul edilmiş qanuna görə, məktəbdə 15 məcburi və bir neçə fakültativ fənn keçilməlidir. Məktəb nəzarət etməlidir ki, Təhsil Nazirliyi tərəfindən hər bir fənn üçün müəyyən edilmiş məqsədlər sonadək yerinə yetirilsin. Fənn barədə daha ətraflı məlumatı bələdiyyələr tərəfindən məxsusi olaraq hər məktəb üçün hazırlanmış tədris planından əldə etmək olar. Yerli özünüidarəetmə orqanları hər fənnə dair saatların müəyyən edilməsi kimi məsələlərdə azad qərar qəbul etmək imkanlarına malikdirlər.

Ali məktəbə qəbul tək testlə həyata keçirilmir. Prosesdə attestat, abituriyentin tərcümeyi-halı, hətta tibbi komissiyanın rəyi də rol oynayır. Danimarkada gələcək tələbələrin sağlamlığı önəmli məsələlərdən biridir.
Müəllim və tələbə heyəti arasında ünsiyyət olduqca demokratikdir. Tələbə müəllimə “sən” deyə də müraciət edə bilər. Əgər elmi rəhbəri varsa, tələbənin istədiyi kursdan etibarən elmi iş üzərində işləməsi mümkündür. Diplom işini yazmaq isə maddi dəstək olmadan mümkünsüzdür. Ona görə də tələbələrə xüsusi qrantlar ayrılır.

Ev tapşırığı verilməyən məktəb

Valideynlərin təhsil ocaqlarının gündəlik həyatındakı rolu çox böyükdür. Onlar hətta uşağın məktəbdə fənn seçiminə, yaxud təkrar təhsil alıb-almamasına dair qərara da təsir edə bilirlər. Aşağı siniflərin şagirdlərinin valideynləri ildə bir neçə dəfə məktəbə dəvət olunurlar, uşaqların davranışı, təhsil problemləri, məktəbin ümumi qayğılarına dair görüş və diskussiyalarda iştirak edirlər. 1990-cı ildən etibarən valideynlər Məktəb Şurasının işinə də müdaxilə etmək hüququ qazanıblar.

Məktəblərdə gün ərzində maksimum 5 dərs olur, özü də ikisi mütləq bədən tərbiyəsi-idman xarakterli. İdman və bədən tərbiyəsi sıravi danimarkalının gündəlik həyat tərzinin ayrılmaz tərkib hissəsidir. 4-5-ci siniflərdə bədən tərbiyəsinə dair 3 fənn keçilir, onlardan biri də üzgüçülükdür.

Danimarka məktəblərində demək olar ki, ev tapşırığı verilmir. Dərslər məktəbdə mənimsənilir. Belə bir rəy var ki, konkret olaraq riyaziyyat fənnində danimarkalı uşaqlar çox zəifdirlər. Şagird vurma-bölməni yalnız 11-ci sinifdə bilir, bir çox halda hesablama maşınından istifadə edir, iks və iqrek haqqında ümumi təsəvvürə malikdir. Məsələn, “inteqral” sözü şagirdlərə tanış deyil, bu termini ali məktəblərin riyaziyyat fakültələrinin yuxarı kurs tələbələri bilirlər. Belə faktlar da var ki, Danimarka məktəbliləri digər xalqların tarixi, mədəniyyətləri, ədəbiyyatları ilə maraqlanmırlar. Məsələn, danimarkalıların bir qismi “Kiçik şahzadə”, “Üç muşketyor” barədə tam xəbərsizdirlər. Xarici dillərin tədrisi isə əksinə, yüksək səviyyədə təşkil olunub.

Məktəblərdə əsas ağırlıq uşağın yaradıcılıq bacarığına, düşüncə tərzinə, əməkdaşlığa yönəlib. Uşaqlara azad şəkildə fikirlərini bildirməyi, qərarların qəbul edilməsində, qarşıya qoyulmuş məqsədlərə çatmaqda müstəqil olmağı öyrədirlər. Əsas prinsip budur: prosesin özü də son nəticə kimi vacibdir. Heç vaxt sistemin tələblərinə görə fərdin maraqlarını tapdamaq olmaz. Səhvlərə önəm verilməməlidir, çünki səhvsiz fəaliyyət mümkün deyil. Şagirdlərə səs yüksəltmək olmaz. Ən ciddi cəza uşağı dərsdən sonra məktəbdə saxlamaqdır.

Xatırlayırsınızsa, dünyanın müxtəlif ölkələrinin məktəblərində keçilən qeyri-adi dərslərə dair məqalədə Almaniyada bir təhsil ocağında xoşbəxtlik dərsinin keçildiyini qeyd etmişdik. Belə görünür ki, Danimarkada xoşbəxtlik barədə fənnə xüsusi ehtiyac yoxdur.

Əsas sual isə başqadır: Danimarka bu təhsil sistemi ilə hər il dünyanın ən inkişaf etmiş dövlətlərinin ilk “beşliyi”nə necə daxil ola bilir?

yuxarı ⤴