1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Astara məktəblərinin nailiyyətləri
29.09.2017 / No37

 
 

 

 


Diqqət və qayğı nəticəsində bu uğurlar daha da artır

R.AĞAZADƏ

Azərbaycanda təhsil sahəsində aparılan islahatların əsasını “Təhsil millətin gələcəyidir” - deyən ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndərin bu sahədə başladığı siyasəti dövlət başçısı İlham Əliyev uğurla davam etdirərək, təhsil sferasını yeni inkişaf mərhələsinə çıxarıb. Son illər ölkəmizdə təhsillə bağlı mühüm tədbirlər həyata keçirilib, Azərbaycan Prezidenti tərəfindən yeni dövlət proqramlarının qəbul edilməsi haqqında sərəncamlar imzalanıb. Yeni məktəb binalarının inşası və mövcudlarının müasir səviyyədə yenidən qurulması Azərbaycanda təhsil sahəsinə göstərilən dövlət qayğısının bir hissəsidir. Belə layihələrin icrası şagirdlərə müasir sinif otaqlarında təhsil almaq, müəllimlərə isə yüksək iş şəraitində tədrislə məşğul olmaq imkanı yaradır.
Qeyd edək ki, yenidənqurma zamanı Bünyadov adına Astara şəhər 2 nömrəli tam orta məktəbin həyətində də geniş abadlıq işləri görülüb. Təhsil ocağında informatika otağı, fizika, kimya, biologiya laboratoriyaları, idman və akt zalları və kitabxana var. Sinif otaqlarının hamısı zəruri tədris vəsaitləri ilə təchiz edilib. Təhsil müəssisəsində şagirdlərin idmanla məşğul olmaları üçün hərtərəfli şərait yaradılıb. Məktəbə uzun illər Maya Həsənova rəhbərlik edir.

Bu məktəbdə 2016/2017-ci tədris ilinin əvvəlində 837, ilin sonunda 833 (Azərbaycan bölməsi 485, rus 348) şagird olub. Təlim rus və Azərbaycan dilində aparılır. Komplekt siniflərin sayı 41-dir (rus bölməsi 18, Azərbaycan 23). Tam orta məktəbi 36 şagird bitirib. 18 nəfəri ali məktəblərə qəbul olunub. Onlardan 1 nəfəri 618, 2 nəfəri 500-dən yuxarı bal toplayıb. Bir nəfər təhsilini hərbi məktəbdə davam etdirəcək. Şagirdlərin təlim-tərbiyəsi ilə 61 müəllim məşğul olub (36 ali təhsilli, 25-i pedaqoji orta). Müəllimlər hamısı diaqnostik qiymətləndirmədə iştirak ediblər. Aşağı bal toplayan olmayıb. Bütün müəllimlər kurikulum kurslarından keçib və sertifikatlar alıblar. Məktəbdə metodbirləşmələr fəaliyyət göstərir. Onların rəhbərlərinin iştirakı ilə monitorinqlər, “açıq dərs”lər keçirilir. Tədris ili ərzində şagirdlərin hərtərəfli inkişafı üçün sinifdənxaric tədbirlər keçirilib.

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində bir qrup müəllim və şagirdlərin iştirakı ilə “Qobustan Milli Qoruğuna”, “Hirkan Milli Parkına”, “Şəki Xan Sarayına” ekskursiyalar təşkil olunub.

İl ərzində Vətən mövzusunda “18 oktyabr Milli Müstəqillik Günü”, “9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”, “12 noyabr Konstitusiya Günü”, “17 noyabr Milli Dirçəliş Günü”, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”, “Qan yaddaşımız olan - “20 Yanvar, Xocalı soyqırımı günü, 31 mart Azərbaycanlıların soyqırımı günü” mövzularında sinif saatları, “dəyirmi masa”lar, bədii ədəbiyyat gecələri keçirilib.

Kecən tədris ili ərzində ümummilli lider Heydər Əliyevin irsini öyrənmək məqsədi ilə müntəzəm tədbirlər keçirilib. Görkəmli şəxslərin yubileyləri, habelə məktəbin adını daşıdığı Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun həyat yolunu öyrənməkdən ötrü silsilə tədbirlər təşkil olunub.

Astara rayonunda fəaliyyət göstərdiyi illərdə bir sıra uğurlara imza atan belə təhsil ocaqlarının sayı az deyil. Bunlardan biri də P.Həsənov adına Çayoba tam orta məktəbidir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2013-cü ildə kənddə yeni, bütün müasir standartlara cavab verən gözəl məktəb binası tikildi və kənd ictimaiyyətinə təhvil verildi. Yeni məktəbin tikilməsi ilə kənddə təhsilə maraq daha da artdı, valideyn-məktəb münasibətlərində irəliləyişlər müşahidə olundu. Hazırda Çayoba tam orta məktəbində 225 şagird təhsil alır. Onların təhsil və təlim-tərbiyəsi ilə 25 sinif və fənn müəllimi məşğul olur.

2016-2017-ci tədris ilində məktəbin 11-ci sinfini 9 şagird bitirib və onlardan 3-ü ali məktəbə, 1-i isə peşə liseyinə qəbul olub. Məktəbdə çalışan bütün müəllimlər kurikulum kurslarından keçib və sertifikat alıblar. Bütün müəllimlər diaqnostik qiymətləndirmədə iştirak edib və məqbul ballar yığıb.

Tədris ili ərzində məktəbdə bir sıra silsilə tədbirlər keçirilib. İl ərzində ümummilli lider Heydər Əliyevin irsini öyrənmək məqsədi ilə məktəbin yuxarı sinif şagirdləri Heydər Əliyev mərkəzinə gedib və tarix müəllimləri tərəfindən tədbirlər keçirilib. Aprel döyüşləri şəhidlərinin xatirəsini yad etməkdən ötrü həmyerlimiz Pəncəli Teymurova həsr olunmuş xatirə gecəsi keçirilib.

2002-ci ildən P.Həsənov adına Çayoba tam orta məktəbinə rəhbərliyi Sərraf Zöhrab oğlu Əhmədov edir. O, 1975-ci ildə Pensər kənd tam orta məktəbini bitirib, 1977-78-ci illərdə ordu sıralarında xidmət edib, 1985-ci ildə Kalininqrad Vilayətində İmanuel Kant adına Dövlət Universitetini bitirib.

Bu günlərdə Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova məktəbin müəllimləri ilə keçirilən görüşdə qeyd edib ki, məktəbdə normal tədrisin təşkili üçün hər cür şərait var, müasir avadanlıqlarla təchiz edilib. Bütün bunlar müəllimlərə, şagirdə göstərilən diqqət və qayğının nəticəsidir ki, məktəbin nailiyyətləri günü-gündən artır.

RTŞ-nın müdiri Q.Məmmədova söhbət zamanı qeyd edib: “Təhsili inkişaf etdirməyin müxtəlif yolları var. Bunların içərisində orta təhsil mühüm yer tutur. Çünki təhsilin əsası orta məktəblərdə qoyulur. Biz çalışacağıq ki, yeni tədris ilində bütün məktəblərin fəaliyyəti bugünkü tələblərə cavab verən səviyyədə olsun”.
 

yuxarı ⤴