1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Anım - bu rubrikadı
Müəllim işıq deməkdir
29.09.2017 / No37

 

 

 


Ağalar İDRİSOĞLU,
əməkdar incəsənət xadimi

Bu il avqust ayının 15-də Cənub bölgəsinin tanınmış maarif xadimlərindən biri, minlərlə şagirdə ziya bəxş eləmiş Qayıtmaz Abasovun anadan olmasının 95 ili tamam oldu. Onunla bağlı Yardımlı rayon rəhbərliyi səviyyəsində keçiriləcək tədbir oktyabrın 5-nə - Beynəlxalq Müəllimlər Gününə planlaşdırılıb. Onların Azərbaycan təhsilinə verdiyi töhfələri, iş üslublarını, təhsildə əldə etdikləri böyük uğurlar cavan müəllimlər üçün bir örnək ola bilər.

Çox zaman biz bir-birimizə belə bir sual veririk: müəllim kimdir? Bu suala verilən cavablar qruplaşdırılarkən tarix boyu bir neçə məntiqi cavaba daha çox üstünlük veriblər. Mən həmin cavabları məqsədyönlü hesab edərək, xırdalamaq istəyirəm.
Müəllim - hamıya hər şeyi öyrədən adam. Bizə qələm tutmağı öyrədən əvəzsiz insan. Bizi elmlərin əsaslarına yiyələndirən şəxsiyyət, müqəddəslik mücəssəməsi. Və nəhayət, insanları kamal dünyasına aparan fəzilət, ağıl sahibi, qaranlığı yaran işıq deməkdir. Müəllimin kimliyini səciyyələndirən bu maraqlı cavablarla yəqin hamı razılaşar. Niyə də razılaşmasınlar? Axı dahilərin ümumiləşdirilmiş belə bir maraqlı fikri var: “Bizi göydən yerə endirən, işıqlı dünyaya gətirən Allahdırsa, bizi yerdən göyə qaldıran, kainatın, gerçəkliyin sirlərinə yiyələndirən, onların sahibi eləyən müəllimdir”. Mən də belə bir müəllim haqqında söhbət açmaq istəyirəm.

Qarşımda bir kitab var. Belə adlanır: “Maarif fədaisi Qayıtmaz Abasov-95”. Bu kitabda Qayıtmaz müəllimi yaxşı tanıyan və bu gün respublikada tanınan şagirdlərinin, onunla bir yerdə işləmiş insanların və yaxınlarının onun haqqında fikirləri, xatirələri toplanıb. Onun şagirdlərə necə dərs öyrətməsi metodikası ətraflı yazılıb. İlk öncə bu kitabı ərsəyə gətirən insanlara öz təşəkkürümü bildirirəm. İnanıram ki, bu kitabı oxuyanlar ondan layiqincə bəhrələnəcəklər.

Elə mən də onun həyatı və təhsil sahəsindəki fəaliyyəti haqqında yazmaq istəyirəm. Amma yazıma bir qədər uzaqlardan, Abasovlar soyunun kökündən başlamaq istəyirəm. Bu nəsil Yardımlıda əsl savadlılar, elm, təhsil, səhiyyə sahəsində böyük uğurlar əldə etmiş nəsillərdəndir. Bu da vaxtı ilə Cənub bölgəsində yaşayan insanların el atası adlandırdığı Qayıtmaz müəllimin atası Əmikişi Abasovdan gəlir. O, 1884-cü ildə Lənkəran qəzasının Vərgədüz nahiyəsində (indiki Yardımlı rayonu) Bozayran kəndində anadan olub. Lap gənc yaşlarından özünün çalışqanlığı ilə hamıdan seçilib. Təsərrüfat və mal-qara üçün Bozayran kəndi əlverişli olmadığından Əmikişi Abasov Horavar kəndində məskunlaşıb. 1930-cu illərdə kollektivləşmə gedəndə Əmikişi Abasov da məcbur olub ki, mal-qarasını kolxoza versin və özü də kolxozun üzvü olsun.

1941-ci ildə onun böyük əməksevərliyini görüb, Firdovsi adına kolxozun sədri seçiblər. Böyük Vətən müharibəsi dövründə Əmikişi Abasov həm dövlətin onun qarşısında qoyduğu tapşırıqları yüksək səviyyədə yerinə yetirib, həm də kolxozda çalışanlara yüksək səviyyədə köməklik edib. Hətta qonşu kəndlərdən, Masallı və Lerik rayonlarından gələn çarəsiz adamlara da taxıl və ərzaqla yardım edib. Çünki Əmikişi Abasovun rəhbərlik elədiyi Firdovsi adına kolxoz həmin vaxtı çox varlı idi. Həm də kolxozda işləyənlərə əməkhaqqı kimi yun və mal-qara da verilirdi ki, onlar öz təsərrüfatlarını genişləndirsinlər. Cəmi 69 il ömür sürən Əmikişi Abasov dünyasını dəyişəndə onu son mənzilə yola salmağa təkcə Yardımlıdan yox, qonşu Masallı və Lerik rayonlarından da çoxlu insan gəlmişdi. Onlar Əmikişi Abasovun təmənnasız yaxşılığını unutmamışdılar. Bax, belə bir el ağsaqqalın ailəsində, 15 avqust 1922-ci ildə dünyaya gəlmişdi Qayıtmaz. Ailənin ilk övladı olan Qayıtmazın təhsil alması üçün atası əlindən gələni etmişdi. 1941-ci ildə orta məktəbi bitirən Qayıtmaz Abasov rayon partiya komitəsinin göndərişi ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna təhsil almağa göndərilmişdi. O hələ birinci kurs tələbəsi olanda Böyük Vətən müharibəsi başladığından Qayıtmaz yenidən rayona qayıtmışdı. Cavan müəllimlər müharibəyə getdiyinə görə onu Osnağaran kəndindəki ibtidai məktəbə müdir və müəllim təyin etmişdilər.

1942-ci il sentyabrın 22-də Sovet ordusu sıralarına çağırılıb və 20 avqust 1945-ci ilə kimi ordu sıralarında xidmət edib Qayıtmaz Abasov. Müharibənin odlarından, alovlarından keçərək, sinəsi orden-medallarla yenidən Yardımlıya qayıdıb. Həmin vaxtı təhsilini davam etdirmək istəsə də rayon rəhbərliyi onu Horavar ibtidai məktəbinə müdir və müəllim təyin etdiyindən arzusunu həyata keçirə bilməyib. Yaxşı təşkilatçı olduğuna görə uzun illər Horavar və Vərgədüz məktəblərinin müdiri vəzifələrində işləməli olub. Sonra rayon uşaq evində müəllim və internatda tərbiyəçi-müəllim kimi çalışıb. Daha sonra doğma kəndi Bozayrana qayıdıb və burada 32 il ibtidai sinif müəllimi işləyib. Uzun illər qüsursuz və səmərəli pedaqoji fəaliyyətinə görə Qayıtmaz Əmikişi oğlu Abasov dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. O, 10 iyul 1998-ci ildə, 76 yaşında vəfat edib və doğulduğu Bozayran kəndində dəfn olunub.

Qayıtmaz müəllim olduqca çətin, lakin şərəfli bir həyat yolu keçib. Zəhmətsevərlik, düzlük, saflıq, namusla yaşamaq həmişə Qayıtmaz Abasovun həyat prinsipləri olub. O, övladlarına da belə yaşamağı tövsiyə edib. Qayıtmaz müəllimin 1947-ci ildə ailə həyatı qurduğu Mahbacı xanımın da nəsli Cənub bölgəsində və Ərdəbil mahalında ən savadlı nəsillərdən biri olub. 1937-38-ci illərdəki repressiya bu nəsilə də böyük zərbə vurub. Mahbacının 6 yaşı olanda atasını həbs eləyiblər və o, bir daha geri dönməyib. Yeganə qardaşı Davud bəy də Böyük Vətən müharibəsində həlak olub. 12 övlad anası olan Mahbacı xanım sədaqətli ömür-gün yoldaşını belə xarakterizə edir:

“Onun qohum - qardaş, iş yoldaşları, kənd camaatı arasında xüsusi hörməti var idi. Çünki o özünün ailəsinin və ən nəhayət, bütün insanların hörmətini saxlayırdı. O, həm də xeyirxah insan kimi tanınırdı. Qohum-əqrəbanı yad etməkdən zövq alırdı. Mən onun xeyirxah olduğunu bildiyimdən hərdən qohumlara, ailə quran oğullarımıza, köçən qızlara evdən nə isə verirdim. Bir dəfə ona dedim ki, qonşulardan kimsə lazım olan ərzaq istəyəndə əlini boş qaytarmıram, səndən icazəsiz evdə olandan verirəm. Mənə halallıq ver, dedim. Mənə dedi ki, “evin sahibəsi sənsən, sənə bütün ixtiyarı vermişəm”. Qonşuluqda belə şeylər olur. Bunun savabından sənə də çatacaq. Həmin gündən o, heç vaxt ailə işlərinə qarışmaz, əksinə yadımdan çıxanları xatırladardı.

O, təkcə uşaqları ilə deyil, əhatəsində olan bütün insanlarla mehriban olmağa çalışırdı. Bozayranda hamının ona qarşı hörməti var idi. Dərs dediyi uşaqlardan instituta qəbul olanda onu öz balası kimi bağrına basardı. Onlarla rastlaşanda vəziyyətləri ilə maraqlanaraq, təhsilləri barədə söhbət edərdi”.

Bax, atalar belə yerdə gözəl deyib: “Su axar çuxurunu tapar”. Qayıtmaz müəllimlə, Mahbacı ana bir-birini tamamlayırdılar. Onlar çox mehriban yaşayıblar. Hamı bu ailənin mehribanlığına yaxşı mənada həsəd aparıb. Mahbacı ana hələ sağdır və nəvələrinə, nəticələrinə Qayıtmaz müəllimlə bağlı xoş xatirələrini böyük istəklə danışır və istəyir ki, onlar öz babalarına layiq böyüsünlər.

Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı isə Qayıtmaz müəllim haqqında xatirələrini belə qələmə alıb: “Balaca dağ rayonlarımızdan olan Yardımlıda yetişmiş və Azərbaycanda, onun sərhədlərindən çox-çox uzaqlarda fəaliyyət göstərən mütəxəssislər ordusu bugünkü talelərini həmin müəllimlərə borcludurlar, ilk növbədə çətin şəraitdə çalışan ibtidai məktəb müəllimlərinə. Çətin şərait ona görə deyirəm ki, əvvəla, məktəb hər kəndin qismətinə düşən xoşbəxtlik deyildi, ikincisi, çox vaxt o məktəblər cəmi bir-iki otaqda yerləşərdi və elə bir o qədər də müəllimi olardı. Onlar qurucuydu, arı kimi, qarışqa kimi çalışırdılar, alınlarını qırışdırmadam kəndləri dolaşırdılar. Bəzən ac-susuz qalır, ailədən kənar bir əsgər həyatı yaşayırdılar. İndi düşünəndə görürəm ki, onlar elə əsl əsgər olublar və sərhəd boyu kəndlərdə uşaqların ruhunu qoruyublar, onların əsl vətəndaş kimi böyüməsində əməklərini və biliklərini əsirgəməyiblər.

Yardımlı təhsilində böyük xidməti olan belə ibtidai məktəb müəllimlərindən biri də Bozayranlı Qayıtmaz müəllimdi. Qayıtmaz Abasov!

Mənə dərs deməmişdi, ancaq lap yeniyetməlikdən, orta məktəbin 8-ci sinfindən onu tanıyıram. Hamarkənddə yeddiillik məktəbi bitirəndən sonra Yardımlı qəsəbə onbirillik məktəbində oxuyurdum.Yolum Bozayrandan, Qayıtmaz müəllimin kəndindən keçirdi. Balaca bir uşağın qarda-qışda dağ yoluyla tək-tənha məktəbə getdiyi hamıdan çox müəllimi duyğulandırır, məni görəndə üzü gülür, hal-əhval soruşur, evə dəvət edirdi. Bozayran uşaqları cığallıqla yolumu kəsəndə onlara acıqlanır, mənə ürək-dirək verir: -onlara fikir vermə, kimsə sənə toxuna bilməz, -deyirdi. Yaşımızın o çağıydı ki, adam bəzən bir şirin sözə, bir xoş təbəssümə, xırda bir qayğıkeşliyə ehtiyac duyurdu”.

Qayıtmaz müəllim məhz belə qayğıkeş, içərisi işıqla, xeyirxahlıqla dolu olan gözəl insan, gözəl pedaqoq idi. Allah rəhmət eləsin!

yuxarı ⤴