1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Pedaqogikanın müasir hədəfləri
29.09.2017 / No37

 

 

 


İnsan şəxsiyyətinin formalaşmasına xidmət edən elm

Vidadi BƏŞİROV,
Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

Pedaqogika bir elm olaraq bəşər tarixində önəmli rol oynayan ictimai-humanitar məzmuna malik bilik mənbəyi olub, insan şəxsiyyətinin formalaşmasına xidmət edir. Pedaqogikanın tədqiqat sahəsi ailə, məktəb və ictimaiyyət vəhdətindən yoğrulan cəmiyyət üçün yaxşı insan formalaşdırmaqdır. Milli tarixi və inkişafı varislik prinsipindən, pedaqoji proses təkamülündən əxz edən bu elm sahəsi çox güclü potensial imkanlara malik olan fundamental bilikləri özündə ehtiva etməklə, cəmiyyət və vətəndaş irəliləyişində müstəsna rol oynayır. Yəni, pedaqogika sirayətedici elmdir. Onun təsir parametrləri insan şəxsiyyətinin formalaşmasına xidmət etdiyi üçün ənənə və müasirlik paradiqmaları üzərində qurulur, peşəkar fəaliyyətdə çalışan hər bir fərdiyyətin şəxsi inkişafina və ünsiyyətinə aydın çıraq tutur. Uşaqdan böyüyədək bu elmdən hamı bəhrələnir.

Bu bir həqiqətdir. Əgər uşaq ciddi pedaqoji təsir imkanları ilə formalaşırsa, şübhəsiz, onun anlaq və yaş səviyyəsinə uyğun bilik, bacarıq, vərdiş və mənəvi keyfiyyətləri olur. Yaşlı nəsil həyatın müsbət və mənfi təsirlərinə sinə gərib, özünü daim maarifləndirmə yolu ilə təkmilləşdirsə, bu zaman peşə və sənət yolundan asılı olmayaraq, onlara pedaqoji biliklər, pedaqoji mərifət, özünüqiymətləndirmə, özünənəzarət kimi davranış təcrübəsinə xidmət edən ruhlandırıcı amillər kömək edir.

Eyni zamanda, valideyn-övlad tərbiyəsində çox vaxt uğurlu nəticələr qazanılsa da, bəzi hallarda, uğursuzluqlar da müşahidə olunur. Yaxud, istehsalat birliklərində, dövlət və hökumət strukturlarında, zavod və fabriklərdə, ictimai birliklərdə, sosial-mədəni qurumlarda, mədəni-maarif şəbəkələrində və digər ictimai təsisatlarda çalışan hər bir fərd özünütəhsil yolu ilə iradi səy göstərir, pedaqoji maariflənmə yolu tutur.

Nəhayət, hər bir insan həyatda uğur, nailiyyət qazanmaq, yüksək nüfuz sahibi olmaq meylində olursa, mütləq o, pedaqoji unsiyyətə, tərbiyələndirici, təhsilləndirici, inkişafetdirici məlumatlara əl atmalı olur, özünü bu effektiv halətlərlə püxtələşdirmək qərarına gəlir.
Deməli, həyatın bütün sahələrində pedaqogika öz sözünü demək, insan şəxsiyyətini (xarakterini) formalaşdırmaq imkanına malik qüdrətli bir elmi istinad mənbəyidir.

Nəsillər dəyişdikcə müasir iqtisadi-siyasi həyatda pedaqogikanın təsiri getdikcə dərinləşir, daha geniş inkişaf yoluna düşür, həyat və cəmiyyət tərəqqisi üçün güclü bir vəsiləyə çevrilir.

Müəllim hazırlığı sistemində pedaqogikanın xüsusi yeri

Hazırda elm və texnikanın sürətli inkişafı ilə səciyyələnən müasir dövr gənc nəslin həyata hazırlığına, xüsusən, intellektual-mənəvi inkişafına ciddi tələblər verir. Bu isə zaman-zaman, öz növbəsində, müəllim hazırlığının keyfiyyətini yüksəltmək zərurətini irəli sürür. Cəmiyyətin tərəqqisi, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir, onun nəzəri və peşə hazırlığından asılıdır. Məhz bu yönümdən müəllim hazırlığı sistemində pedaqogika xüsusi yer tutur. Pedaqogika kursu gələcək mütəxəssisləri pedaqoji fəaliyyətin elmi əsasları ilə silahlandırır. Onlarda zəruri peşə keyfiyyətləri, bacarıq və vərdişləri formalaşdırmağa kömək edir.

İqtisadi-siyasi həyatda pedaqogikanın rolu çox böyükdür. Bu, onun ilkin hədəfidir. Eyni zamanda, bu elm cəmiyyətin elmi əsaslarla demokratikləşməsində, humanistləşdirilməsində güclü təsirə malik fundamental bazadır. Onun əsas ideya, hədəf məfkurəsi insan şəxsiyyətini formalaşdırmaq olduğundan, demək olar ki, hüquqi-demokratik səciyyə daşıyan məziyyətləri də göz qabağındadır.

Pedaqogika elminin müasir hədəflərindən bəhs edərkən, ilk növbədə, aşağıdakı suallara cavab tapmaq tələb olunur: bu hədəflər nə zaman meydana gəlib, necə inkişaf edib və onun tədqiqat mövzusunu nə təşkil edib və edir? Biz həmin ritorik suallara problemin gələcək gedişində daha geniş və əhatəli təhlil veriləcəyini nəzərə alıb, hazırkı kontekstdə yalnız onun daha çox bir elm olaraq hamı üçün müyəssər və əlçatan olan pedaqoji hədəflərini diqqətə çatdırmaq istəyirik
.
Hədəflərdən biri odur ki, bu ideya ötən əsrin 70-80-ci illərində təşəkkül tapmış, yeniləşən cəmiyyətin demokratik tələblərinə uyğun 80-90-cı illərdə isə milli şüurun, ideya-mənəvi kamilliyin, şəxsiyyət azadlığının qorunması məqamında iqtisadi-siyasi fəaliyyətin təsirinə mənəvi dəstək olmuşdur.

Pedaqogikanın regional və qlobal tələblərə cavab verdiyini nəzərə alıb, problemin elmi metodologiyasını, qanunauyğunluqlarını, milli və ümumbəşəri nüfuzunu, iqtisadi-siyasi qaynaqlara dəstək olan hədəflərini də onun son illərdəki nailiyyətləri ilə bağlamaq olar.

Milli və ümumbəşəri dəyərlərə, pedaqoji fikir və təcrübələrə yeni yanaşma

Odur ki, nəzərdə tutulan məsələnin ilkin mahiyyətini yeni yanaşmalar əsasında ümumiləşdirmək, güman edirik ki, məqsədyönlü olar.

Pedaqogikanın müasir hədəfləri dedikdə - “milli və ümumbəşəri dəyərlərə, o cümlədən, respublikanın reallığına və keçmiş pedaqoji irsimizə əsaslanaraq müvafiq qanunauyğunluqlar üzə çıxaran və digər ölkələrin faydalı pedaqoji fikir və təcrübələrinə laqeyd qalmayan” elmi yanaşmalar nəzərdə tutulur.

Göründüyü kimi, mövzunun aktuallığını, elmi yeniliyini, praktik dəyərliliyini aydın ideya istiqamətində oxucu mühakiməsinə təqdim etməklə bir daha ifadə etmiş oluruq ki, respublikamızda yaranan və azərbaycanlı alimlərə məxsus ümumi pedaqogikanın elmi yenilikləri hər hansı digər ölkənin deyil, məhz Azərbaycanın məhsuludur. Bu elm Azərbaycan xalqının milli-mənəvi sərvətidir və yeganə məqsədi respublikamızda təhsil islahatlarının uğurla həyata keçirilməsinə, nəticə olaraq dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət etməkdən ibarətdir.

Problemin tədqiqi ilə əlaqədar aparılan axtarışlar zamanı bir daha aydın oldu ki, müasir dövrdə pedaqogikanın iqtisadi-siyasi proseslərə yön verməsini sübut edən hədəflər konkret fəaliyyət sahələri üçün Azərbaycan müstəqilliyi şəraitində daha təsiredici imkanlara malik olmuşdur.

Xüsusən son illərin pedaqogika dərslikləri ilə tanışlıq belə bir qənaətə gəlməyə əsas verir ki, onun üçün milli müəlliflərin yetkin yaradıcı hazırlığı, qarşıya qoyulan problemlərin həllinə ürəklə yanaşmaları belə sanballı vasitələrin yazılmasına əsl vətəndaş alim qüdsiyyəti ilə yaradıcı ömür sərf etmələri, hədəflərinə doğru irəliləmək həvəsləri aparıcı istiqamət təşkil edir. Digər hədəf isə yaradıcı fikirlərlə tamamlanan fenomen tədqiqatların aparılması istiqamətində görülən işlərə böyük inam və məslək eşqi ilə bağlı milli təəssübkeşliyin olmasıdır.

Azərbaycan pedaqogikasının yaranışında böyük iz buraxmış alim-pedaqoqlarımızdan professor Nurəddin Kazımovun, Əjdər Ağayevin, Vidadi Xəlilovun, Fərahim Sadıqovun, Ləzifə Qasımovanın, dosent Allahverdi Eminovun, Məcid İsmixanovun, Oqtay Abbasovun, Əsmər Bədəlovanın uğurlu işi məktəb və pedaqoji fikir tariximizin müasir reytinqini mütəmadi olaraq zənginləşdirir.

Bu gün tam yəqinliklə demək olar ki, həm lokal, həm də qlobal düşüncəyə xidmət edən müasir pedaqoji ideyalar səltənəti ənənə və novatorluq vəhdətini təmin etməklə respublikamızda sürətlə yayılır.

Xeyli vaxtdır ki, onun məktəbi yaradılıb; həmin adda müasir pedaqoji tələbləri özündə ehtiva edib, geniş oxucu kütləsinə çatdıran, hüquqi statuslu “Pedaqogika” jurnalı çap edilir. Müasir ruhda pedaqogika məsələləri müzakirə olunur, onun faydalı, inandırıcı məqsəd və vəzifələri gənc nəslin ideya-siyasi hazırlığına təkan verir.

Faktoloji tədris-tərbiyə materialları hədəf kimi

İqtisadi-siyasi həyatda pedaqogikanın rolunu dərk etməyin metodoloji aspektlərini təbliğ edən mənbələrdə xeyli sayda faktoloji tədris-tərbiyə materialları da bir hədəf olaraq, bu elmin milli və bəşəri siqlətini geniş mündəricədə əks etdirir.

Amma bununla yanaşı, tam qətiyyətlə demək olar ki, bu yönümdəki məqsədlərin daha geniş və dünyəvi məzmununu əks etdirən axtarışlar hələ ki azdır. Yalnız bu sahədə vətən pedaqogikasına qəlbən bağlanan, ölkənin dövri-pedaqoji mətbuatında onun bu qəbildən olan ideyalarını geniş mənalandıran, təbliği ilə məşğul olan az sayda pedaqoqları, alimləri, tədqiqatçıları çıxmaq şərtilə.

Bu gün pedaqogikanın hamı üçün elm olduğunu israrlasaq da, əfsuslar olsun ki, bəzi təhsil məmurlarının bu sahənin təşviqinə qarşı laqeydliyi ucbatından onun tədrisi məzmununa gətirilən müasir ideyalarından pedaqoji proses təcrübəsində az istifadə olunur. Xüsusən ali məktəblərdə pedaqogika fənni üzrə tədris-təcrübə saatlarının azaldılması, buraxılış işlərinin və magistrlik dissertasiyalarının müvafiq kafedralardan götürülməsi birmənalı olaraq pedaqoji elmlər sisteminin tətbiqindəki uğurlarımıza xələl gətirir, pedaqogikanın hədəfləri olan ictimai birlik və təşkilatlardakı nüfuzunu aşağı salır. Ali məktəblərin bir çoxunda pedaqogika, psixologiya və metodika istiqamətli kafedralardan pedaqoji təcrübə prosesinin səmərəliliyini maksimum səviyyədə yüksəldilməsində istifadə olunmalıdır.

Pedaqogikadan milli dərslik və dərs vəsaitlərinin tanınması problemi

Deyilənlərdən çıxan məntiqi nəticə odur ki, pedaqoji elmin yeniləşən amillərindən, onun daha böyük uğurlara stimul yaradan elmi həqiqətlərindən pedaqoji proses təcrübəsində lazımi səviyyədə istifadə olunmur.

Pedaqogikanın müasir hədəfləri sırasında ciddi məsələlərdən biri pedaqogika fənni üzrə milli dərslik və dərs vəsaitlərinin tanınması problematikasıdır. Açığını deyək ki, bu sahədə həmin külliyyatlara verilən rəylər, elmi münasibətlər akademik səciyyə daşımır. Çap olunmuş monoqrafik nəşrlər belə geniş müzakirə, ətraflı diskussiya, təfərrüatlı fikir mübadiləsi olmadan ictimaiyyətə “təqdim” olunur.

Bütün bunlar onu göstərir ki, hazırkı şəraitdə pedaqogikanın müasir hədəflərini dəstəkləyən xüsusi, böyük, məhsuldar və perspektiv nəticələr qazanmaq strategiyasını özündə birləşdirən AMEA sistemində pedaqoji və psixoloji elmlərin tədqiqat bazasını möhkəmləndirən müvafiq elmi-tədqiqat müəssisəsinin yaradılmasına da ciddi ehtiyac vardır.

İnanırıq ki, aparıcı qüvvəyə malik pedaqogikanın həyat və cəmiyyət inkişafında yeri öz təsdiqini tapmışdır. Xalqımızın həyatındakı rolunu yüksək səviyyədə qabardan bu elm ümumxalq və ümumdövlət səviyyəli məsələlərin həllində həmişə öndə olmuşdur. Odur ki, bütün strateji qüvvələr bu elmin inkişafı və tərəqqisi üçün hər bir səy və qayğıya humanist münasibət sərgiləməklə öz milli adət və ənənələrimizin qorunmasında əzmkarlıq və tarixi qüdrətə əsaslanaraq həmrəylik göstərməlidirlər.

Demokratiyanın genişləndiyi indiki şəraitdə, müxtəlif ictimai-siyasi təşkilatların fəaliyyətində yeniləşən pedaqogikanın rolu xeyli artmışdır. İnzibati amirlik üslubu öz yerini inandırmağa, humanist prinsiplərin təsbitinə “yaxşı tərbiyə ən yaxşı mirasdır” (Məhəmməd Peyğəmbər) paradiqmasına (nümunəsinə) vermişdir.

Bu gün odu-ocağı sönməz vətən torpağının hər bir igid əsgərinin xalqımıza sədaqət andını genişləndirən hərbi hissələrdə belə, tərbiyənin spesifik xüsusiyyətlərini tədqiq edən, pedaqoji elmlər sisteminin ayrılmaz sahəsinə çevrilən hərbi pedaqogika da öz hədəfləri ilə cəmiyyətə az fayda vermir.

Müasir yeniliklərlə silahlanmış, yüksək təlim-tərbiyə görmüş multikultural dəyərlər, tolerant düşüncə zəminindən formalaşan hər bir kəsin mənəviyyatını zənginləşdirməyə, mədəniyyətini artırmağa xidmət edən pedaqogika bu gün həyat və yaşam tərzimizdə, yaradıcı fəaliyyətimizdə ağıl və idrak işığı yandıran sönməz məşəldir. Onun güc və qüdrətindən mənəvi zənginlik tapmaq hər birimizin vətəndaşlıq borcu, şərəf işidir.

Böyük fizik Albert Eynşteyn haqlı olaraq göstərirdi ki, “Bəşəriyyətin gələcəyi elmi tərəqqinin sabahından bir o qədər asılı deyil, insani əxlaqın və mənəviyyatın sabahkı mənzərəsindən asılıdır”.
 

yuxarı ⤴