1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Elm xəbərləri
29.09.2017 / No37

 
 

 

 


37-2
Xərçəng hüceyrələrini aşkarlayan qələm


Yusif ƏLİYEV

ABŞ-ın Texas Universitetinin mütəxəssisləri 10 saniyə ərzində pasiyentin orqanizmində xərçəng hüceyrələrini aşkarlayan aləti təqdim ediblər. Hazırda əməliyyat zamanı yoluxmuş və sağlam hüceyrələrin fərqləndirilməsi üçün dondurulmuş kəsik tədqiqatı tətbiq edilir. Bu zaman şiş toxumasının bir hissəsi dondurulur və analizə göndərilir. Lakin hər bir nümunənin tədqiq olunması 30 dəqiqədən çox davam edə bilər ki, bu da anesteziyanın mənfi təsir riskini artırır.

www.mir24.tv  saytının məlumatına görə, yeni alət molekulları yoluxmuş toxuma olmadan tədqiq edir. Qələm tədqiq olunan orqanın molekullarının keçdiyi su damcısını ayırır, sonra onu kütlə spektrometrinin köməyilə araşdırır.

“MasSpec Pen” xərçəngə yoluxmuş siçanlar üzərində sınaqdan keçirilib. Qələm əməliyyat zamanı heyvanı narahat etmədən və toxumaya zərər vermədən xərçəng hüceyrələrini aşkarlayıb. Mütəxəssislər qələmdən istifadə etməklə xəstəliyi 96 faiz dəqiqliklə aşkar etməyin mümkün olacağını bildiriblər.


Smartfonun köməyilə ürəyin fəaliyyəti qiymətləndiriləcək



ABŞ-ın Caltech İnstitutunun alimləri adi smartfonun köməyilə ürəyin fəaliyyətini qiymətləndirən proqram hazırlayıblar.

www.futurist.ru  saytının məlumatına görə, xüsusi proqram smartfonun kamerasını diaqnostika üçün qadcetə çevirir. Onu 2 dəqiqə boyuna qoyub saxlamaq lazımdır. Bundan sonra kamera yuxu arteriyasından keçən qanın miqdarını və ürəyin fəaliyyətini qiymətləndirir.

Smartfondan istifadə zamanı yanlışlıq 19 faiz təşkil edib. Bu göstərici standart ultrasəs müayinə zamanı 20 faizə bərabərdir. Prosedur üçün smartfona 2 dəqiqə kifayət edir, exokardioqrafiya isə 30-60 dəqiqə davam edir. Sınaq zamanı “iPhone 5”dən istifadə edilsə də, həkimlər istənilən müasir smartfonun uyğun gələcəyini bildiriblər.


“Facebook”un sağlamlıq üçün təhlükəli olduğu bildirilir



ABŞ-ın Recis Universitetinin alimləri sosial şəbəkələrdəki dostların insanlara mənfi təsir göstərdiyi qənaətinə gəliblər. Onlar “Facebook” istifadəçilərinin risk zonasında olduğunu iddia edirlər.

www.mir24.tv  saytının məlumatına görə, tədqiqatçılar sosial şəbəkənin daimi istifadəçisi olan 89 tələbəni 10 həftə ərzində müşahidə ediblər. Sonra tələbələr arasında onların sağlamlıq vəziyyəti ilə bağlı sorğu aparıblar. Məlum olub ki, “Facebook”a baxış zamanı həyəcan keçirən istifadəçilər tənəffüs yolları infeksiyalarına tez-tez yoluxurlar. Sosial şəbəkədə daha çox dostu olan istifadəçilər isə güclü stress və digər xəstəliklərdən şikayət edirlər. Onları dostluq sorğularından imtina və istifadəçilər arasında populyarlığın azalması narahat edir. Bununla yanaşı, “Facebook”da keçirilən vaxtın müddəti istifadəçilərin sağlamlıq vəziyyətinə heç bir təsir etməyib. Tədqiqat müəllifləri reallıqla yaşamağı və smartfonlara daha az baxmağı məsləhət görüblər.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın Şeffild Universitetinin alimləri 4 min uşaq arasında apardıqları sorğunun nəticələrinə əsasən, sosial şəbəkələrin onları bədbəxt etdiyi qənaətinə gəlmişdilər.


Daxili orqanları “görən” kamera hazırlanıb

Şotlandiyanın Edinburq Universitetinin tədqiqatçıları rentgen şüalarını tətbiq etmədən daxili orqanları “görən” kameranın prototipini hazırlayıblar. Qurğu endoskopik müayinələrə nəzarət üçün istifadə ediləcək. Endoskoplar pasiyentin orqanizminə daxil edilən optik cihazlardır. Məsələn, mədə, onikibarmaq bağırsaq və qida borusunun divarlarının müayinəsi zamanı elastik endoskop ağız və ya burun vasitəsilə daxil edilir.

Belə müayinə pasiyentin bədənində əlavə kəsiklər tələb etmədiyindən onun vəziyyətinin ağırlaşması ehtimalını azaldır. Endoskopun köməyi ilə edilən bir çox müayinələr rentgen nəzarəti altında həyata keçirilir. O, qurğunun orqanizmdə vəziyyətini dəqiq müəyyən etməyə imkan verir. Lakin rentgenoqrafiyanın bir sıra mənfi cəhətləri var: ionlaşdırıcı şüanın təsiri, müayinə zamanı cihazın işinin qiyməti və s.

www.nanonewsnet.ru  saytının məlumatına görə, yeni kamera rentgen nəzarətindən imtina etməyə imkan verəcək. Müasir endoskoplar qeyri-invaziv əməliyyatlar zamanı əlavə işıqlandırma üçün işıq mənbəyi ilə təchiz edilib. Bu mənbənin fotonları kamera tərəfindən tutulur. Onun foton detektorlarının iş prinsipi “ballistik” fotonların qeydə alınmasına əsaslanır. Bu hissəciklər düzxətli trayektoriyalara yaxın trayektoriyalar üzrə hərəkət edir və işıq mənbəyindən gedən fotonların əksəriyyəti ilə müqayisədə praktik olaraq dağılmırlar. “Ballistik” hissəciklər dağılmış hissəciklərdən daha az olur. “Ballistik” və dağılmış fotonların qeydə alınma vaxtını müqayisə etməklə endoskopun harada olduğu haqda nəticə çıxarmaq olar.

İstehsalçılar toyuğun cəmdəyi və qoyunun ağciyərinin daxilində işıq mənbələrini yerləşdirərək prototipi sınaqdan keçiriblər. Toxumaların, təxminən, 20 sm qalınlığında siqnalı qeydə almaq mümkün olub. Bu kameranın gələcəkdə həkimlər üçün mühüm avadanlığa çevriləcəyi bildirilib.

İKT.az saytının materialları əsasında

yuxarı ⤴