1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Çətinliklər işimdən aldığım zövqlə müqayisədə heç nədir”
29.09.2017 / No37

 

 

 


Aygün Camalova: “Müəllim şagirdlərin bir şəxsiyyət kimi formalaşmasını diqqətdə saxlamalıdır”

Qısa tanıtım: Aygün Camalova 1991-ci ildə Qax rayonunun İlusu kəndində anadan olub. Orta təhsilini İlusu kənd tam orta məktəbində alıb. 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin mühəndis-pedaqoji və bədii qrafika fakültəsini texnologiya müəllimliyi ixtisası üzrə bitirən Aygün Camalova Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə 49,2106 bal toplayaraq Qax rayonunun Ləkit-Kötüklü kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. İlk dəfə sinfə daxil olan gənc müəllimlə görüşüb təəssüratlarını bizimlə paylaşmağı xahiş etdik.

- Artıq bir neçə gündür ki, yeni tədris ili başlayıb. Builki tədris ili sizin üçün müəllim kimi ilk dəfə sinfə daxil olmağınızla yadda qaldı. Həmin gün nə kimi hisslər keçirirdiniz?
- İlk dərs günü çox həyəcanlı, eyni zamanda sevincli idim. Lakin məktəbimizin direktorunun, sonra isə pedaqoji kollektivin məni isti münasibətlə qarşılaması həyəcanımı bir az azaltdı. Sinfə girəndə şagirdlərin gözündəki sevgini görəndən sonra isə həyəcanım tamamilə keçdi.

- Niyə məhz müəllimlik peşəsini seçmisiniz?
- Müəllimlik qədər şərəfli, gözəl bir peşə tanımıram. Öyrətməkdən gözəl nə ola bilər ki? Hələ məktəbdə oxuduğum dövrlərdə öz müəllimlərimə olan sevgim məni bu seçimi etməyə ruhlandırdı.V- IX siniflərdə texnologiya fənnini tədris edirəm. Dərs dediyim siniflərdə şagirdlərin texnologiya fənninə marağı böyükdür. Mənim də biliklərimi şagirdlərimlə paylaşmaq həvəsim sonsuzdur.

- İşlədiyiniz kənd haqqında fikirləriniz necədir?
- İşlədiyim Ləkit-Kötüklü kəndi rayon mərkəzindən 22 km məsafədə yerləşir. Çox gözəl təbiəti olan dağ kəndidir. İnsanları da qonaqpərvər, mehribandırlar. Kirayədə qaldığım evin sahibəsinin də mənə münasibəti gözəldir. Bir sözlə, təbiəti kimi insanları da gözəl xarakterlidir.

- Belə uzaq bir kənddə yaşamaq və işləmək sizin üçün hansısa çətinliklər yaradırmı? Nəyə görə işləmək üçün məhz ucqar kəndi seçdiniz?
- Bilirsiniz, hər bir işdə çətinlik var. Amma çətinliklər işimdən aldığım zövqlə müqayisədə heç nədir. Şagirdlərimin gözlərində gördüyüm sevgi, səmimiyyət, hörmətə görə məhz bu peşəyə borcluyam. Ucqar kənddə işləmək mənim öz istəyim idi. Eyni zamanda ucqar kəndlərdə işləyən müəllimlərə həvəsləndirmə tədbirlərinin tətbiqi mənim məhz ucqar kənddə dərs deməyimə bir təkan oldu. Düşünürəm ki, biz gənc müəllimlərin fəaliyyəti üçün hər cür şərait və imkan yaradılırsa, onların müəyyən məişət problemləri həll edilirsə, niyə də ucqar kəndlərdə işləməyək. Müəllim istənilən yerdə çalışa bilər. İstər paytaxt, istərsə də ucqar kənd məktəbləri olsun. Yetər ki, bilik və bacarığı, səriştəsi ilə işlədiyi məktəbə fayda gətirsin, dərs dediyi şagirdlərin sevimlisinə çevrilməyi bacarsın.
Onu da qeyd edim ki, kirayədə qaldığım evin sahibi, işlədiyim məktəbin pedaqoji kollektivi o qədər mənə qarşı mehriban, doğmadırlar ki, bəzən başqa yerdə yaşadığımı belə unuduram.

- Asudə vaxtınızı necə keçirirsiniz?
- Mütaliə etməyi xoşlayıram. İxtisasımla əlaqədar yeniliklər məni çox maraqlandırır, boş vaxtlarımda tullantı materiallarından müxtəlif əşyalar hazırlayıram.

- Sizcə, müəllim-şagird münasibətlərində hansı nüanslara diqqət yetirilməlidir?
- Müəllim şagirdlərinə təkcə bilik verməklə kifayətlənməməli, eyni zamanda onların bir şəxsiyyət kimi formalaşmasını da diqqətdə saxlamalıdır. Bunun üçün hər şagirdə fərdi yanaşmağı, onlarda özünə inam yaratmağı, uşaqlarla doğma, əziz bir insan kimi rəftar etməyi qarşıma məqsəd qoymuşam.

- Bir müəllim olaraq həmkarlarınıza nə arzulayırsınız?
- Bütün həmkarlarımı, xüsusilə də yeni tədris ilində ilk dəfə sinfə girən gənc müəllimləri təbrik edirəm, onlara bu şərəfli yolda uğurlar arzulayıram.
Müəllim peşəsini seçən tələbələrə isə arzum budur ki, seçim edərkən çətinlikdən qorxmasınlar, ucqar kəndlərdə gənc müəllimlərə daha çox ehtiyac var. Kənd məktəblərində dərs deməyə gəlsinlər. Peşəkar müəllim kimi yetişərək şagirdlərinin yaddaşında gözəl izlər qoysunlar.

Günay MAHMUDOVA,
Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴