1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Kənd məktəbinin müəllimi ABŞ-da keçirilən beynəlxalq seminarda iştirak edib
29.09.2017 / No37

 
 

 

 


Göygöl rayon Xəqani kənd tam orta məktəbinin məşqçi-müəllimi Ruslan Məhərrəmov “İdman mübadiləsi” proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən beynəlxalq seminarda iştirak edib.

Gənc müəllim Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin seçimi ilə məşqçi-müəllim olaraq bu proqrama qatılıb. Bu günlərdə Ruslan Məhərrəmov bizimlə görüşərək səfəri barədə məlumat verib.

- Çalışdığım Xəqani kənd tam orta məktəbində artıq uzun illərdir ki, qızlardan ibarət həndbol komandası formalaşdırmışam. Bu komanda ilə mütəmadi olaraq məşqlər keçirib, onların təkmilləşməsinə çalışırıq. Əziyyətimin qarşılığını isə tam olaraq almışam. Belə ki, şagirdlərimiz dəfələrlə respublika yarışlarında iştirak edərək birincilik əldə ediblər. Bu uğurlarımızı əsas tutaraq mənim Təhsil Nazirliyinin xətti ilə belə bir mötəbər seminarda iştirakım məqsədəuyğun sayılıb.

Basketbol Federasiyası və Amerika səfirliyinin xətti ilə ABŞ-da keçirilən seminarda məşqçi -müəllimlərə idmançıların psixoloji məsələləri, əlillərin idmana cəlbi, basketbol idman növünün inkişaf etdirilməsi və digər məsələlər barədə dərslərdə iştirak etdik. Bu müddət ərzində şagirdlərlə davranış, onların idmana olan həvəsinin artırılması haqqında da müzakirələr apararaq təlimlərdə olduq. Ümumilikdə təlim və seminarlarda öyrəndiklərimin şagirdlərimizin idmana olan marağının artırılmasında və inkişafında əhəmiyyətli olduğunu düşünürəm. Seminar müddətində Vaşinqton şəhərində və Texas ştatında da olduq.

Sonda onu da qeyd edim ki, ilk öncə məktəbdə idmana həvəs və marağı olan şagirdləri seçmək lazımdır. Məncə, belələri istənilən məktəbdə kifayət qədərdir. Şagirdləri ardıcıl olaraq, sistemli şəkildə məşqlərə cəlb etməli və özlərini inkişaf etdirmələri üçün motivasiya yaradılmalıdır. Müəllim istənilən şagirdə öz fənnini sevdirə bilər. Sadəcə olaraq şagirdlərdə düzgün baxış formalaşdırmaq, onlara fənnin ən maraqlı və pozitiv hissələrini göstərmək lazımdır.

Raminə MƏMMƏDOVA,
Göygöl Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴