1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






NDU-da kitab təqdimatı keçirilib
29.09.2017 / No37

 
 

 

 


Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovanın “Tofiq Bakıxanov: Naxçıvan sevincləri” və “Bəstəkar Nəriman Məmmədov” adlı kitablarının təqdimat mərasimi olub.

NDU-nun Elmi kitabxanasında təşkil olunan tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov incəsənət fakültəsində nəzəri biliklərin tədrisi baxımından qiymətli dərslik nümunəsi olan hər iki kitabın elmi əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, musiqi mədəniyyətimizin tədqiqinə və inkişafına layiqli töhfə olan kitablar gələcəkdə bu istiqamətdə daha geniş formada aparılacaq elmi işlərin başlanğıcı ola bilər. Rektor müəllifi təbrik edib və ona yaradıcılıq uğurları arzulayıb.
Musiqişünaslıq və metodika kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnara Məmmədova “Bəstəkar Nəriman Məmmədov”, musiqi təlimi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İsmayıl Mürsəlov isə “Tofiq Bakıxanov: Naxçıvan sevincləri” adlı kitabın hər iki dəyərli sənətkarımızın həyat və yaradıcılığının öyrənilməsinə, ali və orta ixtisas təhsili müəssisələrində Azərbaycan musiqi tarixi və bəstəkarlıq məktəbi fənlərinin tədrisinə verə biləcəyi töhfələrdən danışıblar.
Kitablarla bağlı fikirlərini dilə gətirən müəllif qeyd edib ki, “Tofiq Bakıxanov: Naxçıvan sevincləri” kitabında Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, professor, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovun Naxçıvan görüşləri, onun Naxçıvanda keçirilən yubileyləri haqqında olan yazılar, bəstəkarın özünün naxçıvanlı bəstəkarlar Nəriman Məmmədov və Məmməd Nəsirbəyov haqqında yazdığı məqalələr, Naxçıvana həsr etdiyi mahnıların notları, eyni zamanda Tofiq Bakıxanovun Naxçıvanda keçirilən tədbirlərindən fotoları öz əksini tapıb. Müəllif Tofiq Bakıxanovun Naxçıvanla bağlı təəssüratlarını dilə gətirərək bəstəkarın bu qədim və zəngin mədəniyyət mərkəzinə könüldən bağlı olduğunu bildirib.

Müəllifin sözlərinə görə, “Bəstəkar Nəriman Məmmədov” adlı kitabda isə xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, tanınmış bəstəkar, musiqişünas, alim-folklorçu, professor Nəriman Məmmədovun həyat və yaradıcılığı, eyni zamanda bəstəkarın yaradıcılığının əsas hissəsini təşkil edən mahnıları haqqında məlumat verilir. Kitabda həmçinin görkəmli sənət adamlarının Nəriman Məmmədov haqqında xatirələri, bəstəkarın ömür səhifələrindən fotolar da dərc edilib.

Fortepiano kafedrasının müdiri, professor Səidə Məmmədova, musiqişünaslıq və metodika kafedrasının müəllimi Samirə Hüseynova kitablar haqda dəyərli fikirlər səsləndirib, müəllifə yaradıcılıq uğurları arzulayıblar.
 

yuxarı ⤴