1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Yaradıcılıq
29.09.2017 / No37

 
 

 

 


Tanınmışı tanıtmaq ehtiyacı



Əməkdar müəllim, şair-publisist Əyyub Şırlanlının 70 yaşı tamam olur

Adətən, tanıtım-təqdimatı ilk yazısı, fərqi yoxdur, o elmi, publisistik, pedaqoji -metodik məqalə olsun, ya da şeir, hekayə, mətbuatda dərc olunan müəllif haqqında yazırlar. Yazırlar ki, oxucular elmə, publisistikaya, poeziyaya, nəsrə kimin gəldiyini bilsin və yazısı xoşlarına gələrsə yaradıcılığını izləsinlər. Qəzetimizin bu sayındakı “Yaradıcılıq” səhifəmizdə şeirlərini dərc etdiyimiz Əyyub müəllimin isə, fikrimizcə, belə təqdimata ehtiyacı yoxdur. Çünki ömrünün əlli ilini pedaqoji fəaliyyətə həsr edən Əyyub Əbdüləzimov (Şırlanlı) çoxdan ustad müəllim kimi tanınır. Yarım əsr ərzində anadan olduğu Şuşa rayonunun məktəblərində müəllimlik edib, müxtəlif vaxtlarda rayon təhsil şöbəsinin müdiri, RTŞ-nin inspektoru, məsləhətçisi vəzifələrində çalışıb. İki il olar təqaüdə çıxıb.

Bacarıqlı, yaradıcı müəllim olub Əyyub Əbdüləzimov. Təcrübəsini mətbuatda, eləcə də qəzetimizdə vaxtaşırı dərc etdirdiyi məqalələr, böyük ustalıqla apardığı “açıq dərs”lər, ustad dərsləri vasitəsilə həmkarları ilə bölüşüb, rayonun müəllimlərinə bacardığı qədər elmi-metodik köməklik göstərib. 400-dək elmi-metodik, publisistik məqalənin, pedaqoji mündəricəli çoxlu kitabın, o cümlədən “Ömrə nur saçan insanlar”(Bakı, 2000), “Qarabağın harayları”(Bakı, 2009), “Ömrün yaddaqalan illəri”(Bakı, 2009), “Şuşa Zaqafqaziyada müstəsna əhəmiyyət kəsb edən təhsil mərkəzi və ziyalılar şəhəridir” (Bakı, 2010) kitablarının, Təhsil Nazirliyinin 19.02. 2014-cü il tarixli, 206 nömrəli əmri ilə təsdiq olunmuş 8-ci siniflər üçün “Qarabağ tarixi” proqramının və eyniadlı dərsliyin müəllifidir. Təhsilimizdəki 50 illik səmərəli xidməti “Tərəqqi” medalı (2012), “Əməkdar müəllim” fəxri adı ilə qiymətləndirilib.

50 il öncə ilk şeiri mətbuatda dərc olunan Əyyub Şırlanlı yarım əsrlik yaradıcılığı dövründə həm də incə rübablı şair kimi tanınıb və sevilib. Şuşa nisgili yaradıcılığından qırmızı xətlə keçən şair-pedaqoqun vətənpərvərlik ruhlu şeirləri böyüməkdə olan nəslin milli-mənəvi tərbiyəsində böyük rol oynayır. Əyyub müəllim qələmə aldığı poeziya nümunələrini də kitablara çevirib. İndiyədək “Vətən kişiliyə çağırır bizi”(Bakı, 2000), “Vətən yaraları, Vətən harayı” (Bakı, 2003), “Dərdinin üsyanı” (Bakı, 2006), “Necə baxım gözlərinə dağların” (Bakı, 2009) və s. kitabları işıq üzü görüb.

Bu yığcam qeydlərimizdən də göründüyü kimi, kifayət qədər tanınan Əyyub müəllimi tanıtmağa əslində ehtiyac yoxdur və bizim məqsədimiz də bu deyil. Sadəcə istədik veteran pedaqoq və şairin yaxın günlərdə 70 yaşının tamam olacağını xatırladaq və bu münasibətlə, eləcə də elmi-pedaqoji fəaliyyətinin və yaradıcılığının 50 illiyi ilə əlaqədar onu təbrik edək.


Qərib durna

Qərib durna, söylə hardan gəlirsən,
Şuşanın üstündən uçub keçdinmi?!
Diz üstə əyilib ovuclarımla,
İçdiyim bulaqdan sən də içdinmi?!

De görüm bu bahar bizim bağçada,
Nəğməkar bülbüllər yuva qururmu?!
Tarixlər şahidi qoca çinarlar,
Palıdlar, cökələr hələ dururmu?!

Qumru bulaqların, şəlalələrin,
Yayda dodağından buz sallanırmı.
Qoyunlu-quzulu göy yaylaqların,
Qoynunda köhlənlər tumarlanırmı?!

De görüm dururmu qədim kurqanlar,
Qoşa minarələr, məscidlər, pirlər?!
Sökülüb, dağılıb, yoxsa yaşayır,
Məzarlar, türbələr, daş kitabələr?!

Durna, Xocalının, Kərgicahanın,
Yanından keçəndə nələri gördün?!
Şəhidlik zirvəsin qanıyla yazan,
Balaca Pənahın halını sordun?!

Sənə qurban olum, ay qərib durna,
Mənim ünvanımı hardan almısan?!
Canımı istəsən, verərəm sənə,
Amma söyləmə ki, köçkün olmusan!

Bəlkə gəlmisən ki, qayıdaq yurda?
İnan, qayıtmağa hər an hazıram.
Allahdan ömür yox, möhlət istədim,
Şuşanı görməyə hələ dözürəm.

Durna, nə gizlədim ötən illərdə,
Xəyaldan, ümiddən təsəlli aldıq.
Coşqun çaylar təki coşub-daşmadıq,
Elə ona görə Şuşasız qaldıq!..

İçimi göynədən suallarıma,
Ay durna, nə üçün cavab vermirsən?!
Dahilər yurdundan didərgin düşmüş,
Əyyubun alovun, odun görmürsən?!


Dağlar

Yollarım bağlıdır, gələ bilmirəm,
Sürülər yaylağa çıxırmı, dağlar?!
Uzundərədəki o “Qiblə” bulaq,
Yenə də qibləyə axırmı, dağlar?!

Bilmirəm necədir “Qaçaqlar”, “Tala”,
Həsrətlə boylanıb baxıram yola...
Nə vaxt qayıdarıq, bilmirəm, hələ...
Buludlar göz yaşın sıxırmı, dağlar?!

Çöllərdə qovduğum kəpənəkləri,
Çiyələk yığdığım biçənəkləri,
Mənim vəsf etdiyim gül-çiçəkləri,
Gözəllər sırğa tək taxırmı, dağlar?!

Çapardıq atları eniş-yoxuşda,
Quzular qalardı çöldə-örüşdə.
Gəzib islanardıq leysan yağışda,
Yenə də ildırım çaxırmı, dağlar?!

Başqa bir aləmdir pəmbəli göylər,
Yazda məcrasına sığmayan çaylar.
Yaman tez ötüşdü fəsillər, aylar...
Sellər qayaları yıxırmı, dağlar?!

Əyyubam, bir sual verirəm sənə,
Cavabın xəlvətcə pıçılda mənə...
Mən ölüm, de görüm o gözəl yenə,
Dalımca eyvandan baxırmı, dağlar?!


Öyrət

Ay qadın, doğduğun oğula, qıza,
Məğrur palıd təki yaşamaq öyrət!
Düşmən qabağında gözün qırpmayan,
Cəsur Mübarizə oxşamaq öyrət!

Hay-həşir, sızıltı, göz yaşı tökmək,
Kişiyə yaraşan əlamət deyil.
Döyüş meydanına girməzdən əvvəl,
Müqəddəs Vətənin önündə əyil!

Aldanma düşmənin yağlı dilinə,
Qalibin heç yerdə yoxdu hakimi.
Götür silahını, oğul, əlinə,
Atıl döyüşlərə Koroğlu kimi!

Vermə bir kimsəyə qara daşın da,
Sənə layla çalan Ana Vətənin!
Doğra məftilləri, doğra sədləri,
Bütöv Azərbaycan sənindir, sənin!


Əllərin əlimə sığındı, gülüm



Elmira RZAYEVA,
Şərur rayonu Yengicə kənd tam orta məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi

Əllərin əlimə sığındı, gülüm,
Elə bir yaralı quş idi onlar,
Əllərin əlimə sığındı, gülüm,
Bir ovçu oxuna tuş idi onlar.

Çırpındı bir anlıq soyuq əllərin,
Sanki can bağımdan can istəyirdi.
İsinib canlanıb yaşamaq üçün,
Mənim əllərimdən an istəyirdi.

Əllərin əlimə sığınan zaman,
Mən tuta bilmədim onu ürəklə.
Çünki hiss elədim soyuqluğunu
Əlimə gəlmişdi başqa ürəklə.

Axı sevgi olsa, məhəbbət olsa,
Əllərin bu qədər soyuq olmazdı.
Qəlbində hərarət, sədaqət olsa,
Üzün göz gülü tək belə olmazdı.

Əllərin əlimə sığındı, gülüm,
Elə bir yaralı quş idi onlar,
Əllərin əlimə sığındı, gülüm,
Bir ovçu oxuna tuş idi onlar.


Necə unudum mən səni?

Unut məni, unut dedin,
Göz yaşını qurut dedin,
Ürəyini ovut dedin,
Necə unudum mən səni?

Sinəmdə bir qəm çağlayır,
Kirpiklərim nəm bağlayır,
Ürəyim sənsiz ağlayır,
Necə unudum mən səni?

Yollarımı bağlamısan,
Qəlbinə daş bağlamısan,
Olub mənsiz ağlamısan
Necə unudum mən səni?

Qucaqlayıb dizlərini,
Göyə dikib gözlərini,
Eşit ürək sözlərimi
Necə unudum mən səni?


Sənəmi qalıb...

Nə tez ağartmısan qara saçları?
Dünyanın gərdişi sənəmi qalıb?
Dilin söz tutmayır, əlin yazmayır.
Başı qarlı dağlar sənəmi qalıb?

Çılğın baxışların alovu sönüb,
Sevgi çələnginin çırağı sönüb,
Deyirsən, həyatın növrağı çönüb,
Dünyanın dərdləri sənəmi qalıb?

“Dərdlərin belimi əydi” - söylədin,
Qəmli taleyindən giley eylədin.
O boyda sevgini söylə, neylədin?
Şair zildən yenib, bəməmi qalıb.


Arzum



Atamoğlan FƏRRUX,
Ağdam rayonu Zəngişalı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi

Qərib yolçuların yolları üstə,
Gecələr nur yayan ay olaydım kaş.
Şirin avaz olub bircə körpənin,
Həzin laylasına pay olaydım kaş.

Dünyada arzusun söyləyir hərə,
Ömrüm axmayaydı xeyirsiz yerə.
Susuz səhralara, təşnə çöllərə
Dirilik aparan çay olaydım kaş.

Səhrada bir bulaq olaydım sərin,
Bir hikmət olaydım, göylərdən dərin.
Titrəyən qəlblərin, donan bəxtlərin,
Qırovun əridən yay olaydım kaş.

Ölərəm yurdumdan, obamdan gendə,
Xalqımı sevməyə ürək var məndə.
Fərruxam, vətənin, elin qəlbində
Qalan şairlərə tay olaydım kaş.


Yəhərləyin Bozatları

Ellərimiz bir daşlanır,
Gözlərimiz bir yaşlanır,
Qarabağ sizdən başlanır,
Qubadlının elatları,
Yəhərləyin Bozatları!

Ey Tunc Vəli, Telli Qara,
Bir qıy vurun tərlanlara.
Yurd qalmasın quzğunlara,
Qubadlının elatları,
Yəhərləyin Bozatları!

Nə Zilanlı, nə Çaytumas
Bu həsrətə tutmasın yas.
Qurd yurdunda çaqqal olmaz.
Qubadlının elatları,
Yəhərləyin Bozatları!

Ey şir yurdu, qədim Mollu,
Nəbilərin dəmir qollu.
Alaylanın sağı-sollu,
Qubadlının elatları,
Yəhərləyin Bozatları!

Xan Bərgüşad düşüb dara,
Həkəri qan axan yara.
Ölmək üçün vətən ara,
Qubadlının elatları,
Yəhərləyin Bozatları!


Fani dünya

Zirvələrdən yelləndirir,
Min dərd verir, dilləndirir.
Daşqın edir, selləndirir,
Ömrümüzü fani dünya.

Bəla verir, qada verir,
Borana, gah oda verir.
Kam almamış bada verir,
Ömrümüzü fani dünya.

Fərrux, yolu duman kəsir,
Ümidləri zaman kəsir.
Rəhm eləmir, yaman kəsir
Ömrümüzü fani dünya.


Payız



Mərziyyə EYYUBOVA,
Laçın rayonu Etibar Əliyev adına Fərəcan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi


Tez -tez əsir soyuq külək,
Əldə solur, açan çiçək,
Həm utancaq, həm də ürkək,
Sarı donlu qızdı Payız.

Kimi üçün arzu-dilək,
Kimi üçün gözəl mələk,
Kimi üçün solmuş çiçək,
Xəzan vurmuş, düzdü Payız.

Zaval yoxdu doğru sözə,
Yaşa,ömrün çatsın yüzə.
Gözlərini süzə-süzə,
Ocaq altda közdü Payız.

Tanrı vermiş, hər nemətin,
Qiyməti yox bu hikmətin,
Gözəlliyi, təbiəti,
Görmək üçün gözdü Payız.

Bir rəsmdi sanki əsil,
Çox görəcək, neçə nəsil,
Duyan üçün gözəl fəsil,
Yazan üçün sözdü Payız!


Vur, komandir



Rüfət SABİRLİ,
ADPU-nun Cəlilabad filialının tarix və coğrafiya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi


Burda yoxdu zərrə qorxu, bura döyüş cəbhəsidir.
Qisas günü gəlib artıq, düşmənin son nəfəsidir.
Erməninin səsi yalan, sənin səsin haqq səsidir.
Düşmənlərin səsini kəs: Vur, komandir, vur!

Bakıdan İrəvana yol aç, qoyub izlərini,
Düşmənin canını al, yerə vurub dizlərini,
Sıx tətiyi acımadan, qırpmadan gözlərini,
Hər canlını, hər cansızı: Vur, komandir, vur!

Ölkəmizin ordusu var, düşmənlərə göz dağı,
Bircə əmr yetər bizə, geri alaq Qarabağı!
Ucaldaq biz İrəvanda bu Üçrəngli bayrağı.
Əl-qoluna sağlıq olsun: Vur komandir, vur!

Mübariz tək oğulların, hələ də var ana Vətən!
Sən igidlər məskənisən ta qədimdən, əzəldən.
Tanrı sənlə bərabərdir, qorxun yoxdu heç nədən.
Ölümün dik gözünə bax: Vur komandir, vur!


Xocalım

Bir ananın övladın yandırdılar önündə,
Bədəni külə döndü ömrün bahar günündə.

Uşaq, qadın demədən zülmlər elədilər,
Öz yürdunda hər kəsi qanına bələdilər.

Hətta meyitləri də təhqir edirdi onlar,
Axıdıldı o gecə neçə günahsız qanlar.

Uşaqların dərisi diri-diri soyuldu,
Həmin gün soyqırımın təməlləri qoyuldu.

Hamilə qadınları süngü ilə yardılar,
Yarıb ana bətnini körpəsin çıxardılar.

İnsanların üstünə tufan kimi əsdilər.
Salıb havasız yerə nəfəsini kəsdilər.

Yandırdılar alovda neçə günahsız canı,
Kürəyindən vurdular onlar Azərbaycanı.

Üşənmədən günahsız körpələrə qıydılar,
Mismarlayıb divara dərisini soydular.

Tarix vəhşiliklərə şahid oldu o gecə,
Axı necə unudaq o günləri, biz necə?

Yadımızdan heç zaman silinməz həmin anlar,
Öldürülən qocalar, uşaq, qadın, cavanlar.

Ah, bu fələyin çərxi dönsün daha tərsinə,
Bizə cəllad olanın biz dayanaq qəsdinə.

Qisas günü yetişsin düşmənimdən öc alım,
Gözü yollarda qalan, mənim qərib Xocalım.


Hazırladı: Samirə KƏRİMOVA

yuxarı ⤴