1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Koreyalılara Azərbaycan dilini tədris edirəm”
01.10.2016/№38

 

 


Seulda yaşayan azərbaycanlı müəllimlə söhbət

Xəlilzadə Nihat Lazım oğlu 1992-ci ildə Masallı rayonu Təzə Alvadı kəndində anadan olub. İbtidai təhsilini Təzə Alvadı bağça-məktəbində aldıqdan sonra orta təhsilini “Ankara məktəbi” məktəb-liseyində davam etdirib. 2008-ci ildə həmin məktəbi bitirdikdən sonra Qafqaz Universitetinə daxil olub. Hazırda Koreyanın paytaxtı Seulda Hanyanq Universitetində təhsilini davam etdirir. Artıq 6 ildir Koreyada yaşayır və indiyə kimi UNESCO-nun Seul şəhər İcra Hakimiyyəti nəzdindəki məktəbdə koreyalı şagird və tələbələrə Azərbaycan dili dərsləri keçir. Bundan əlavə, Azərbaycanın Koreyada və Koreyanın Azərbaycanda daha yaxşı tanınması üçün OKC VİSİON adlı şirkətin nümayəndəsi kimi çalışır. Onunla söhbətimiz yeni tədris ilinə təsadüf etdiyindən ilk olaraq ona ünvanladığımız suallar Cənubi Koreyada məktəb təhsili ilə bağlı oldu.

“Uşaqlar 7-8 yaşlarında I sinfə gedirlər”

- Cənubi Koreyada dərs ili 2 hissəyə ayrılır. Birinci hissə mayın 2-dən iyulun 26-na, ikinci hissə isə sentyabrın 2-dən fevralın 28-nə kimi davam edir. Ümumi təhsildə bağça məktəbi və ibtidai sinfə hazırlıq fərqli formada başa düşülür. Koreyada valideynlərin hər ikisi işlədiyi üçün bağçaya uşaqlar 3-4 yaşlarından başlayırlar və bir il ibtidai sinfə hazırlıq keçdikdən sonra 7-8 yaşlarında I sinfə gedirlər. Cənubi Koreyada ali məktəbəqədərki tam orta təhsil 12 ildir. On iki illik təhsil pilləsi 3 hissəyə bölünür - I hissə 6 pillədən, II hissə 3 pillədən və III hissə 3 pillədən ibarətdir. İbtidai sinifdə şərt yalnız ondan ibarətdir ki, şagirdin yaşı 7-dən yuxarı olmalıdır. Koreyada yalnız orta məktəbdə yox, bütün pillələrdə təhsil (ev tapşırıqları və sinifdə tapşırıqlar və s.) çox çətindir.
Koreyada orta məktəblərin maliyyələşdirilməsi təhsil ocaqlarının dövlət və ya özəl olmasına görə dəyişir. Dövlət məktəblərinə büdcədən maliyyə ayrılır. Özəl təhsil müəssisələrinə isə fərdi insanlar və ya şirkətlər pul ayırır. Bir sıra böyük şirkətlər də vardır ki, onlar həm dövlət, həm də özəl məktəblərə maliyyə ayırırlar.

“Koreyada dərslər saat 9-dan 3-ə kimi davam edir”

- Səmimi olaraq desəm, Koreyada təhsil sistemi çox sərt standartlara əsaslanır. Yəni, siz etmək istədiyiniz və ya öyrənmək istədiyinizi yox, məcburən məktəbdə keçirilən bütün tədris məlumatlarını yaxşı qavramalı və bir pillə yuxarı keçməlisiniz. Yuxarıda qeyd etdiyim 3 pillə arasında keçid zamanı şagirdlərin sayının çox olmasını, valideynlərin isə öz uşaqlarını 1-ci görmək istəyini müşahidə edə bilərik. Bu səbəbdən də valideynlər övladlarını məktəbdən əlavə, müxtəlif fənlər üzrə “haqvon” adlanan hazırlıq kurslarına göndərirlər ki, bu da şagirdlər arasında hazırda çox geniş yayılmışdır. Təhsil pillələri artdıqca tədris saatları artmaqda davam edir. Koreyada dərslərin səhər saat 9-dan 1-ə kimi davam etməsi kimi bir qrafik yoxdur və normal dərs saatları saat 9-dan saat 3-5-ə kimi olsa belə davam edir. Yuxarı siniflərdə (X-XII) isə universitet imtahanına hazırlıq dövründə dərslər səhər saat 7-dən axşam saat 10-a kimi davam edir. Məktəb çox zaman təhsilalanların evlərinə yaxın ərazilərdə seçilir, dərsliklər dövlət tərəfindən təmin olunsa da digər ləvazimatlar valideynlər tərəfindən təşkil olunmalıdır. Valideyn və müəllimlərin daim təmasda olması bu prosesi daha da rahatlaşdırır. Həmçinin qeyd edim ki, yuxarıda qeyd etdiyim təhsilin hər bir 3 pilləsi üzrə şagirdlərə ayrıca diplom verilir, onların xatirə şəkilləri olur.

“ Koreyalılar təhsilə çox böyük önəm verirlər”

- Hər bir valideyn məktəbə gələ və uşaqlarının dərsində iştirak edə bilər, bunun üçün hər bir məktəbdə qısa ərizə formaları mövcuddur. Valideyn ərizə formalarını doldurduqdan sonra imzalayaraq direktorluğa təqdim edə bilər. Koreyalılar təhsilə çox böyük önəm verirlər və bu, hər bir sahədə özünü göstərir. Koreyada orta məktəb şagirdlərinin ali məktəbə hazırlığı çox erkən yaşlardan başlayır və hətta universitetə daxil olduqdan sonra belə davam edir.
Məktəblər dövlət hesabına və özəl olaraq fəaliyyət göstərir. Bu səbəbdən də təhsil müəssisələrndə tədris dili də fərqlidir. Ölkənin ümumtəhsil məktəblərinin əksəriyyətində tədris Koreya dilində olsa da ingiliscə dərs keçən məktəblərin sayı da artmaqdadır. Orta məktəblərin I və II siniflərində aşağıdakı dərslər keçilir: “Biz I sinifik”, Koreya dili, Riyaziyyat, Mədəniyyət, Hisslər və musiqi, Əyləncə, İdman. III-VI siniflərdə keçilən dərslər: Koreya dili, İngilis dili, Mənəviyyat, Sosial fənlər, Riyazyyat, Təbiətşünaslıq, Rəsm, Musiqi, İncəsənət, İdman. Və beləcə yuxarı siniflərə keçdikcə tədris olunan fənlərin sayı da artmaqda davam edir.
Tədris prosesində yeni təlim texnologiyalarının geniş istifadə olunduğu Koreyada normal məktəblərdən əlavə xüsusi istedadlar məktəbi və həmçinin robothazırlama, proqramlaşdırma və s. məktəbləri vardır. Koreya kiçik ölkə olsa da dünyaca məşhur şirkətləri çoxdur və bu şirkətlərdə həmçinin gələcəkdə özləri üçün çalışa biləcək tələbələri kiçik yaşlarından həmin ixtisaslara yiyələndirmək üçün təhsil verirlər. Bundan əlavə, il ərzində paytaxt Seul və digər şəhərlərdə 100-dən çox məktəbdə dərs keçən bir müəllim kimi deyə bilərəm ki, bütün məktəblərdə ən son texnologiyalardan istifadə olunur. Bunun səbəbi isə dövlət və ya özəl məktəb olmasından asılı olmayaraq müxtəlif böyük şirkətlərin həmin məktəblərə yardım etməsidir. Çox vaxt həmin yardımları araşdırdıqda həmin şirkətin sahibinin də eyni məktəbin məzunu olduğu məlum olur.

“Müəllimlər məcburi kurslara cəlb olunur”

- Məktəblərdə müəllim işləmək üçün seçdiyin ixtisas üzrə universitet bitirməli və ya dövlət tərəfindən təsdiq olunmuş müxtəlif kurslardan keçmək tələb olunur. Koreyada müəllimlik ən hörmətli ixtisaslardan biridir və Koreyanın inkişafında təbii ki, bunun çox böyük rolu vardır. Hər il çoxlu sayda Koreya universitetlərindən müəllim məzunlar olur və işsizliyin qarşısını almaq üçün müəllimlərin dərs saatları fərqli vaxtlara bölünür. Yaşlı müəllimlərə daha az, gənclərə isə daha çox dərs saatı verilir. Bundan əlavə, müəllimlərə məcburi kurslarda dərslər keçilir ki, bu da nəticədə təhsil sistemində inkişafa gətirib çıxarır. Səmimi olaraq deyim ki, koreyalılar öz təhsil sistemlərini bəyənmirlər. Bunun səbəbi kimi təhsil saatlarının çox olması, şagirdlərin düşünməkdən çox əzbərçiliyə aludəçiliyi və s. göstərmək olar. Lakin düşünürəm ki , Koreyanın inkişafında təhsil sistemi kimi ağır sahənin çox böyük payı var. Alimlər tərəfindən də təsdiq olunmuşdur ki, insan beyni istifadə olunduqca daha yaxşı işləyir. Bunun üçün gənc yaşlarda daha uzunmüddətli təhsil almaq məqsədəuyğundur.
Qeyd edək ki, müsahibimiz uzaq Koreyada təkcə dilimizin tədrisi ilə məşğul olmur. O, eyni zamanda ölkəmizin zəngin mədəniyyətini, tariximizi, adət-ənənələrimizi, ölkəmizin əldə etdiyi uğurları təbliğ edir.

“Koreyalıların internetdə ən çox axtardığı söz Azərbaycan olmuşdu”

Koreyalılara Azərbaycan dilini tədris edirəm. İlk dəfə ünsiyyətdə olduğum koreyalı şagirdlərə ölkəmiz barədə danışanda hiss edirdim ki, belə bir ölkənin varlığından az məlumatlı idilər, həm də Azərbaycan sözünü öz dillərində tələffüz etmək onlar üçün uzun və çətin idi. Lakin indi uzun illərdən sonra şagirdlərim gəzməyə getdikləri Azərbaycanda çəkdirdikləri şəkilləri mənə göndərir. Tələbələrimdən bəzisi isə Azərbaycanda işlədiyini yazır. Koreyalılara dilimizi öyrətmək asan olsa da tələffüz etmək çox çətindir. Ona görə də mən dərslərimdə dildən çox onlarda Azərbaycana maraq oyatmağa çalışıram. Ölkəmizi tanıdıqdan sonra həqiqətən də vətənimiz onlar üçün çox maraqlı olur, Azərbaycan haqqında daha çox məlunat əldə etməyə çalışırlar. Misal olaraq deyə bilərəm ki, 2 ay əvvəl Koreyada məşhur bir verilişdə oldum. Veriliş ərzində koreyalıların internetdə ən çox axtardığı söz Azərbaycan olmuşdu. Mən həmin verilişdə sadəcə azərbaycanlılardan, mədəniyyətimizdən və tariximizdən danışmışdım.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴