1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
“700 bal topladığımı görəndə...”
01.10.2016/№38

 

 


Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi, Prezident təqaüdçüsü Elvin İsayevlə söhbət

Elvin İsayev 1998-ci ildə Bakıda anadan olub. Paytaxtdakı 220 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib və bu il ən yüksək balla BDU-nun hüquq fakültəsinə qəbul olub. Onunla söhbətim olduqca maraqlı keçdi. Verdiyim sualları da elə imtahan sualları kimi dolğun cavablandırdı.

- Qəbul imtahanına psixoloji cəhətdən tam hazır idinmi?
- Bəli, imtahana psixoloji baxımdan tam hazır idim. İki gün qalmış bir kitab üzü açmadım, beynimə rahatlıq verdim. Həyəcanım çox az idi. Testlər paylananda başımı aşağı salmışdım, sanki pusquda durub öz ovumu gözləyirdim.
- Elə sual oldu ki, tərəddüd edəsən, cavablandırmağa çəkinəsən?
- Cəmi bir sualda tərəddüd etdim və həmin sualı ilk olaraq səhv yazdım. Həmin cavabı yazdıqdan sonra imtahan zalını tərk etmək istədim. Düşündüm ki, mənimki alınmadı. Ancaq hansı qüvvəsə məni yerimdən qalxmağa qoymadı. Yenidən düşündüm və düz cavabı tapıb dəyişdim. Qalan suallarda isə zərrəcə çətinlik çəkmədim.
- 700 bal toplayacağına əmindinmi?
- Biliyimə əmin idim, DİM-in keçirdiyi sınaq imtahanlarından 652, 667, 700 bal toplayırdım, ancaq imtahan zamanı texniki səhv etməkdən qorxurdum.
Nəticəni öncə telefonla öyrənmək istədim. Mesaj göndərdim, cavab gec gəldi. İnterneti açdım və orada 700 bal topladığımı görəndə sevincimdən bilmirdim nə edim. Valideynlərim də çox sevindilər. Həmin gün evimizdə toy-bayram idi.
- Bacın üç il öncə ödənişli əsaslarla Azərbaycan Tibb Universitetinə qəbul olub? Bir ailədən iki tələbə olması çətinlik yaratmır ki?
- Bəli, bacım ödənişli əsaslarla Tibbi Universitetinə daxil oldu. Fikirləşirdik ki, ödənişi necə ödəyəcəyik. Mən atamı əmin etdim ki, narahat olmasın, mən yüksək balla ali məktəbə qəbul olacağam və ödənişsiz oxuyacağam. Özümə güvəndim, savadımı nümayiş etdirdim, yüksək nəticə əldə etdim. Ən başlıcası bu idi ki, atama verdiyim sözü doğrultdum.
- Qəbul imtahanlarına hazırlıq müddətində sosial şəbəkələrdən istifadə edirdinmi?
- Xeyr. IX sinfə qədər bütün fənləri eyni cür oxuyurdum. IX, X və XI siniflərdə isə qəbul imtahanlarına ciddi hazırlaşmağa başladım. Valideynlərim sağ olsunlar, o şəraiti mənə yaratmışdılar. Sosial şəbəkə istifadəçisi olmamışam. Abituriyentlərə də məsləhətim budur ki, daha çox dərsləri ilə məşğul olsunlar, nəinki sosial şəbəkə və s. Gündəlik dərslərini yaxşı öyrənsinlər, sonra oxuyaram, deyib, kitabı kənara qoymasınlar.
- Adətən yeniyetməlik dövründə oğlanlar polis, prokuror olmaq arzusu ilə yaşayırlar. Elvin İsayev necə?
- Çox məsuliyyətli seçimdir, elə sənət, peşə seçməlisən ki, o sənətə və peşəyə məhəbbətin olsun, cəmiyyətə xeyir verə biləsən. Bir də ki, uşaqlıq arzumdur dövlət orqanlarında çalışmaq.
- İlk dərs günündə hansı hissləri yaşadın? Orta məktəb müəllimlərini xatırladınmı?
- Məzunlarının gələcəyi üçün narahat olan, bizə düzgün addım atmağı öyrədən, Azərbaycanın gələcəyi üçün layiqli vətəndaş yetişdirən müəllimləri unutmaqmı olar? Müəllim təkcə özünün deyil, hər bi şagirdinin taleyini yaşayır, həyatımıza nur saçır.
- BDU-nun tələbəsi özünü xoşbəxt sayırmı?
- BDU-nun I kurs tələbəsiyəm, özümü dünyanın ən xoşbəxt gənci sayıram. Tələbəlik həyatım da çox maraqlı keçir. Çoxlu dostlarım var. Ali məktəb proqramı çox mürəkkəbdir. Professorların mühazirələrini maraqla dinləyirəm. Seminarlarda fəallıq nümayiş etdirirəm. Çalışıram ki, burada da birincilər sırasında olum.
- Hüquq elminə aid kitablar oxumusan?
- Çoxlu ədəbiyyatlar oxumuşam, çoxlu filmlərə baxmışan. Ümumiyyətlə, dedektiv janrda olan filmləri, ədəbiyyatları çox sevirəm.
- İdmana münasibətin necədir? Konkret bir idman növü ilə məşğul olmusanmı?
- Mən karate-do üzrə qara kəmər sahibiyəm. Çoxlu nailiyyətlərim olub. Dəfələrlə diplom və medallarla təltif olunmuşam. Ancaq hələlik idmanla məşğul olmağa fasilə vermişəm.
- Prezident təqaüdçüsü kimi özünü necə hiss edirsən?
- Möhtərəm cənab Prezident İlham Əliyevə biz tələbələrə göstərdiyi diqqət və qayğıya görə bütün tələbələr adından öz təşəkkürümü bildirirəm. Hansı hisslər yaşadığımsa göz önündədir. Bundan böyük sevincmi olar? Göstərilən bu etimadı sonacan doğruldacağıma söz vermişəm. Prinsipial olmaq gözəl keyfiyyətdir. Bunu sonacan qoruya bilsəm gələcəkdə gözəl hüquqşünas olacağam.

Müsahibəni apardı:
Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴