1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Müasir dərs, onun əsas meyarları və tələbləri
01.10.2016/№38

 

 


Müasir cəmiyyətdə baş verən dəyişikliklər təhsil sahəsinin sürətlə təkmilləşməsini, dövlət, sosial - iqtisadi və şəxsi maraqları nəzərə alan yeni təhsil hədəflərinin müəyyənləşdirilməsini tələb edir. Bununla əlaqədar olaraq, prioritet istiqamət yeni təhsil standartlarının inkişafetdirici potensial ilə təmin edilməsidir. Yeni təhsil standartlarının işlənilməsinin əsasını təşkil edən sistem - fəaliyyətli yanaşma, təhsil və tərbiyənin əsas nəticələrini təyin etməyə və şagirdlərin tədris fəaliyyətinin inkişafı proqramının işlənib hazırlanmasına, informasiya və kommunikasiya texnologiyaları, tədris - tədqiqat və layihə fəaliyyəti sahəsində biliklərinin formalaşmasına imkan verir. Şagirdlərin həyata, əməyə və yaradıcılığa hazır olmalarının əsası, təməli ümumtəhsil məktəblərində qoyulur. Buna görə də müəllimin əməyi bu gün bir qədər şəklini dəyişir və öz metodikasına görə ənənəvi təhsil və tərbiyə formalarından fərqlənir. Bunun üçün dərs metodikası elə qurulmalıdır ki, yeni biliklərin mənimsənilməsi və onları praktikada uğurlu tətbiq etmək üçün şagirdləri sərbəst yaradıcılıq fəaliyyətinə cəlb etmək mümkün olsun.
Zaman dəyişir. Lakin onun dəyişməsi dərsə aid olan ən yaxşı xüsusiyyətləri dəyişə bilmir. Zənnimcə, əsrlərlə yığılan təcrübə həmişə qiymətli olur. Müasir dövrdə möhkəm, sistematik, dərin biliklər olmadan keçinmək mümkün deyil. Məsələn, ənənəvi dərsin tərbiyə etdiyi və ötürdüyü nizam-intizam, qaydalara riayət etmək vərdişi olmadan keçinmək çətindir. Digər tərəfdən, ənənəvi təlim-təhsil zamanı məktəbi müvəffəqiyyətlə bitirmiş şagirdlər, üç alan şagirdlərlə müqayisədə özlərini həyatda tapmaq çətinlikləri ilə daha çox rastlaşırlar. Onların arasında özlərini reallaşdıra bilməmiş şəxsiyyətlər daha çoxdur. Üç alan isə sanki həyata daha tez uyğunlaşmaq bacarığına malikdir. Məhz ona görə də müəllimin göstərişlərini aydın və düzgün şəkildə həmişə yerinə yetirən əlaçılar ilə müqayisədə üç alanların arasında özünü reallaşdıra bilməmiş insanlar daha azdır.
Ənənəvi dərsin bir çox çatışmazlıqları var ki, bunlara, əsasən, vaxt və məkanın sərt tənzimlənməsini; ümumi metodların individual metodlardan üstün olmasını; öyrədilən nəzəri bilik və praktika arasındakı əlaqənin zəif olmasını; reproduktiv metodların yaradıcılıq metodlarından üstün olması; fərdi - diferensial istiqamətli tədrisin reallaşdırılması ilə bağlı çətinliklər və s. aid etmək olar.
Dərsi müəllim keçir. Dərsin keyfiyyəti, onun nəticələri müəllimin bacarığından asılıdır. Lakin, müəllimlər bir-birindən nə qədər fərqli olsalar da hər dövrün müəlliminin və ya əksər müəllimlərin öz ümumi dəst-xətti olduğu üçün dərsin ümumi görünüşü var. Bu ümumilik cəmiyyətin inkişafının obyektiv qanunauyğunluqlarından və onun əhəmiyyətli funksiyası olan - yetişən nəslin tərbiyəsi və təhsilindən asılıdır. Bugünkü mərhələdə bütöv təhsil sistemi dəyişilir və aşağıdakı ümumi tələblər irəli sürülür:
- şagirdlərin həyata hazırlıqlarına kömək edən şüurlu, dərin və möhkəm biliklərin, bacarıqların formalaşdırılması;
- dərsdə təlim-təhsil effektinin yüksəldilməsi, şagirdlərdə şəxsiyyət keyfiyyətlərinin formalaşdırılması;
- şagirdlərin hərtərəfli inkişafının reallaşdırılması;
- möhkəm şəxsi keyfiyyətlər kimi şagirddə sərbəstliyin, yaradıcılıq fəallığının, təşəbbüsün, həyati məsələləri həll edə bilmək bacarığının formalaşdırılması;
- sərbəst öyrənmək, bilikləri əldə etmək və yiyələnmək, kitab və digər informasiya mənbələri ilə işləmək və onları təcrübədə yaradıcı şəkildə tətbiq etmək bacarıqlarını aşılamaq;
- şagirdlərdə tədris fəaliyyətinin müsbət motivlərini, biliklərin genişləndirməsinə və yiyələnməsinə idraki maraq və ehtiyacların formalaşdırılması.
Müasir müəllimə olan əsas tələblərdən biri yeni pedaqoji texnologiyalarla işləməyi bacarmasıdır. Sözsüz, hər bir dərsdə müəllim, yalnız təhsil, inkişaf və tərbiyəyə deyil, həmçinin də uşaqların sağlamlığının qorunmasına istiqamətlənmiş bir neçə texnologiya ilə kompleks şəkildə işləməlidir. Uşaq ilə pedaqoqun qarşılıqlı ünsiyyəti müasir mədəniyyət səviyyəsində və tərbiyə məqsədlərinə uyğun olaraq qurulmalıdır.
Müasir təhsilin tərkibi dərsə olan bir sıra tələbləri müəyyənləşdirir:
1. Dərs, praktikada öyrənilmiş vəziyyət ilə müqayisədə dəyişilmiş yeni biliklərin tətbiqini tələb edən tapşırıqları nəzərdə tutmalıdır.
2. Biliklərin bir hissəsi axtarılan məsələlərin həlli zamanı sərbəst axtarış prosesində əldə edilməlidir.
3. Dərsdə materialın izahı öz strukturuna görə müxtəlif olmalıdır. Bəzi hallarda hazır informasiyanın izah edilməsi hekayə, söhbət, diskə, filmə baxış formasında ola bilər. Digər hallarda, tədqiqat axtarış metodu ilə olmalıdır ki, burada qoyulmuş məsələni həll etmək üçün şagirdlər sərbəst fəaliyyət yolu ilə materialın məzmununu öyrənirlər. Müxtəlif izahetmə formaları və strukturları dərsin məqsədlərindən asılı olaraq eyni dərsdə də tətbiq edilə bilər.
4. Müəyyənləşdirmək lazımdır ki, şagirdləri konkret mövzu ilə bağlı hansı problem və perspektivlərlə tanış etmək məqsədəuyğundur.
5. Dərsə əsas tələblərdən biri elmilikdir, yəni, onun məzmununun müasir elm səviyyəsinə və tədris prosesinə uyğun olmasıdır. Dərs məzmununun elmiliyinin vacib şərtlərindən biri həm bilik sahəsini dərindən anlamaq üçün, həm də elmi düşüncənin formalaşması üçün vacib olan asan elmi metodlar ilə şagirdləri tanış etməkdir.
6. Təlimin fərdiləşdirilməsi dərsin əhəmiyyətli tərəfidir. O, hər bir şagird üçün bir inkişaf mərhələsindən digərinə keçməkdə rahat olacaq tempdə işləməyi təmin edən şərait yaradır.
7. Dərsin strukturu məntiqə, dərsin didaktik məqsədinə və tədris prosesinin qanunauyğunluqlarına müvafiq olaraq dəqiq olmalıdır.
8. Müasir dərsin effektivliyi müasir texniki vasitələrin tətbiqini də nəzərdə tutur. Bunlar nəinki mənimsəmə prosesini təkmilləşdirdiyi üçün, tədris əməyinin məhsuldarlığını yüksəltdiyi üçün, bu və ya digər metodun tətbiqetmə müxtəlifliyini zənginləşdirdiyi üçün, həmçinin də, müasir texniki mədəniyyət ab-havasını dərsə gətirdiyi üçün lazımdır. Bununla belə, tamamilə şübhəsizdir ki, texniki vasitələr müəllimi və onunla ünsiyyəti əvəz etmir, lakin onların rolunun mümkünlüyü müəllimin yüksək ümumi və pedaqoji mədəniyyətinin mövcudluğu zamanı realdır.
9. Dərs yalnız təlimə deyil, həm də şagirdlərin tərbiyəsinə də xidmət etməlidir. Hər bir dərs özünün bütün komponentləri ilə tərbiyələndirməlidir: məzmunu, tədrisin metodları və vasitələri ilə, sinif kollektivinin təşkili, səviyyəsi və xarakteri ilə, müəllimin siması ilə, məktəbin ümumi ab-havası və üslubu ilə.
10. Müəllimin mədəniyyəti, onun intellekti, əxlaqı müasir dərsə olan bütün göstərilmiş tələblərin reallaşdırılması üçün ilkin şərtdir.
11. Müasir dərs - yalnız pedaqogikanın vacib problemlərindən deyil, həm də məktəb gigiyenasına aid məsələdir. Söhbət məşğələlərin rasional təşkil edilməsindən, əmək və istirahətin düzgün növbələşməsindən və dərsdə müxtəlif pedaqoji metodların tətbiqindən gedir.
Müasir dərs ənənəvidən məqsədləri, məzmunu, təşkilati - metodiki tərəfi ilə, şagirdlərin fəaliyyətinin fəallıq səviyyəsi, strukturu və tempi ilə fərqlənir. Belə məsələlərin reallaşdırılması üçün müasir müəllim praktikaya qeyri-ənənəvi dərs növlərini daxil etməlidir. Bunlar: dərs-layihə, tədqiqat tipli dərs, dərs- ekskursiya, dərs-seminar, biliklərin təkmilləşdirilməsi dərsi, birləşdirilmiş və binar dərslər, dərs-oyun, dərs-səyahət, nitq inkişaf dərsi və s.ola bilər. Çox vaxt, özünü pedaqoji təcrübədə doğrultmuş oyun tərkibli dərslər keçilir. Şagirdlərlə uzunmüddətli iş prosesində müşahidələr sübut edir ki, kiçik və orta yaşlı məktəblilər əqli oyunlara, məsələlərə və bilməcələrə daha həvəslə və maraqla müraciət edirlər. Onlar oyunlu dərslərdə sevinərək iştirak edirlər. Əvvəlcə şagird yalnız oyuna, daha sonra oyunu mümkün edən tədris materialına həvəs göstərir. Bu da əksər hallarda motivasiyaya uyğun olaraq şagirdləri düşünməyə yönəldir.
Şagirdlərin diferensial sərbəst işləməsinin təşkili də müəllimin işinin vacib hissəsidir. Hər şagirdin xüsusiyyətindən və onun işə hazırlığından asılı olaraq, müəllim dərsdə mövzu üzrə sərbəst işin bir və ya bir neçə variantını seçə bilər. İşin nəticələri müəllim tərəfindən mütləq qiymətləndirilməlidir.
Layihəli tədris fəaliyyəti şagirdlərin yaradıcılıq fəallığının inkişafı üçün daha böyük imkanlar yaradır. Şagirdlərin layihəli fəaliyyəti tədris prosesinin ən əhəmiyyətli tərkib hissələrindən biri olmaqla məsələnin strukturu haqqında bilik və bacarıqlar formalaşdırır. Layihəli fəaliyyət metodu, müasir tədris prosesinin elementi kimi çox səmərəlidir. Belə ki, müxtəlif məsələlərin reallaşdırılmasında şagirdlərə maksimum azadlıq verir, bu da onlarda şəxsiyyətin yaradıcı inkişafını təmin edir.
Layihələr metodu pedaqogikada prinsipial olaraq yeni deyil, lakin müasir mərhələdə, onu, sürətlə dəyişən dünyada uyğunlaşmağa kömək edən metod kimi, XXI əsrin pedaqoji texnologiyalarına aid edirlər. Bu metod XIX əsrin ikinci yarısında ABŞ-da, öz nəzəriyyəsinin konseptual əsasnamələrini yaratmış, filosof və pedaqoq D. Düyi tərəfindən elmi cəhətdən əsaslandırılmışdır.
Layihələr metodu elə bir texnologiyadır ki, burada şagird sərbəst olaraq yeni ideyanı fikirləşir, işləyib hazırlayır, redaktə edir, tətbiqetmə ilə bağlı işləri həyata keçirir.
Layihələr metodu yaradıcı, aktiv fəaliyyət göstərən şəxsiyyətin inkişafına kömək etməklə şagirdlərdə intellektual bacarıqların formalaşmasına imkan verir. Bu metod müəyyən nəticələrə əsaslanan layihənin təqdim olunması və müdafiəsi yolu ilə şagirdlərin yaradıcı, məntiqi təfəkkürünün inkişafına, müstəqil düşüncə, təhliletmə və əqli nəticə çıxarma qabiliyyətlərinin təşəkkülünə zəmin yaradır.

Sənubər MƏMMƏDOVA,
Bakı şəhər 267 nömrəli məktəb-liseyin riyaziyyat-informatika müəllimi
 

yuxarı ⤴