1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 19.05.2017


 

 
“Öyrənməyi öyrətmək” prinsipi ilə
01.10.2016/№38

 

 


İnkişaf etmiş və modern bir ölkə olmağı hədəf seçmiş vətənimizdə gənc nəslin yetişməsində müəllimin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyət hər bir müəllimi öz işinə yaradıcı yanaşmağa, peşəkarlığını daim artırmağa, dövrün təhsil fəlsəfəsini dərk etməyə, hədəfə çatmaq üçün durmadan çalışmağa sövq edir.
Mənim pedaqoji prosesdə ən böyük amalım öyrənməyi öyrənən, öyrəndiklərini həyatda tətbiq edə bilən, müasir təfəkkürə malik şəxsiyyət yetişdirməkdir. Bunun üçün də dərslərimi müasir tələblər səviyyəsində qurmağa, yeni təlim metodları və texnologiyalarından istifadə etməklə şagirdlərlərin maraq, meyil və istedadlarını nəzərə alaraq onların düşünmə qabiliyyətlərini inkişaf etdirməyə çalışıram. Çünki düşünə bilən insan yeni fikir irəli sürür, yeni layihələr təklif edə bilir.
Şagirdlərdə müstəqil düşünmək, işləmək və mühakimə yürütmək vərdişləri aşılamaq, onların yaradıcılıq bacarığını inkişaf etdirmək üçün müxtəlif iş üsulları mövcuddur. Və müəllim dərsini planlaşdırarkən, ona hazırlaşarkən bunları gözdən keçirə, müvafiq bildiklərini seçə bilər. Belə iş üsullarından biri də şagirdlərin dərsdə müstəqil işləmələrini, axtarış aparmalarını təşkil etməkdir. Mən müstəqil işlərin şagirdlərin yaradıcı təfəkkürünün inkişafındakı müsbət rolunu nəzərə alıb onlardan daha çox, demək olar ki, hər dərsdə istifadə edirəm.
Rus dilində dərsləri “öyrənməyi öyrətmək” prinsipi əsasında qururam. Metodoloq Vestin fikrinə görə, dil öyrədilməməlidir, o öyrənilməlidir. Şagirdə dili məcburi öyrətmək olmaz. O yalnız dili sevdiyi, maraq göstərdiyi halda yaxşı öyrənər. Mən bunu nəzərə alaraq onlarda rus dilinə maraq yaratmağa xüsusi diqqət yetirir, bu dilin üstünlükləri, zənginliyi haqqında söhbətlər aparıram. Sonra dili öyrənməyin ən yaxşı metod, üsul və vasitələrindən istifadə edirəm.
Müəllimlə şagirdin mənəvi yaxınlığı olmadan təlim-tərbiyədə yaxşı nəticə əldə etmək olmaz.
Şagirdlərimə daim qayğıkeşliklə yanaşıram. Dərslərimdə kommunikativ yanaşma metodundan istifadə edirəm. Çünki şagird ətrafındakılarla ünsiyyət və münasibətdə olmasa, o, insan kimi formalaşa bilməz. İnsan özü ictimai münasibətlərin məhsuludur və onun bütün keyfiyyətləri də ictimai münasibətlərdə formalaşır. Bu mənada kommunikativ yanaşma cəmiyyətin müasir inkişafının tələblərinə cavab verən bir metoddur.
Kommunikativ yanaşma metodunda şagirdlərin bir hissəsinin düzgün danışıq qabiliyyətlərini, başqa bir hissəsinin nitq axıcılığını, digərlərinin şüurlu surətdə öz fikirlərini ifadə etmək qabiliyyətlərini inkişaf etdirməyə səy edirəm.
Dərs zamanı şagirdlərlə bir neçə istiqamətdə iş aparıram:
1. Yeni materiallar təqdim edirəm.
2. Kommunikativ fəaliyyəti inkişaf etdirirəm.
3. Fəaliyyətə nəzarət edir və məsləhət verirəm.
Xalqımızın görkəmli oğlu N.Nərimanov demişdir ki, “Hər millətin tərəqqi yolu müəllimin əlindədir”. Mən də çalışıram ki, bu müqəddəs yolda əzmkarlıqla addımlayım.

Aygün AĞAYEVA,
Bakı şəhər 175 nömrəli tam orta məktəbin rus dili müəllimi

 

yuxarı ⤴