1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Hamlet və Kefli İskəndər oxşar və fərqli cəhətləri ilə ingilis dili dərsində
01.10.2016/№38

 

 


Ötən tədris ilində Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası və Vilyam Şekspirin “Hamlet” faciəsini araşdırmaq, oxşar və fərqli cəhətlərı tapmaq təklifi ilə humanitar təmayüllü 9-cu sinif şagirdlərinə müraciət etdim. Şagirdlərim çox böyük həvəslə bu təklifi qəbul etdilər.
Onlar görkəmli Azərbaycan yazıçısı, publisist, dramaturq Cəlil Məmmədquluzadənin və dahi ingilis şairi, dramaturq Vilyam Şekspirin həyat və yaradıcılığı, əsərləri haqqında məlumatlı olsalar da mən şagirdlərə bildiklərini təkrarlamağı, xüsusən “Ölülər” və “Hamlet” əsərlərinə bir daha müraciət etməyi tapşırdım. Fərqli xalqlara və fərqli dövrlərə mənsub, fərqli dünyagörüşünə malik olan bu iki dahi insanın həyat və yaradıcılığına, əsərlərinə bir daha müraciət etmək, araşdırmalar aparmaq və sonra ingilis dili dərsində öz təqdimatları ilə çıxış etmək qərara alındı. Məqsədli oxu üçün tapşırıqlar verdim: yazıçıların yaşadıqları dövrlərdə, yaradıcılıqlarında, onları dövrlərinin dahisi edən bu əsərlərin yazılmasının səbəb və məqsədlərdə, iki əsas qəhrəmanın xarakterində, onların məşhur monoloqlarının məqsəd və niyyətlərində oxşar və fərqli cəhətləri araşdırmaq. Oxu və araşdırmalara üç həftə vaxt ayrıldı.
Dərs - təqdimatda sagirdlər fərdi, kiçik və böyük qruplarda və kollektiv işlədilər, əqli hücum, BİBÖ cədvəli, rollu oyunlardan, Venn diaqramı, şaxələndirmə, kiçik qruplarda müzakirədən istifadə etdim. Dərsdə ədəbiyyat, tarix və coğrafiya fənlərinə inteqrasiya edildi. Texniki vasitələrdən- kompüter və proyektordan, internet resurslarından, işçi vərəqlərdən, plakat və şəkillərdən, bədii ədəbiyyat nümunələrindən istifadə olundu. Fəal dərsin bütün mərhələləri dərsdə öz əksini tapdı.
Hamlet və Kefli İskəndərin şəkilləri ilə dərsi başladım, bunun ətrafında problem situasiya yaradıldı, sual-cavabdan sonra belə bir tədqiqat sualı qoyuldu: İnsanlar ətrafda baş verən neqativ hallara qarşı çıxmalıdırlarmı? Niyə? Necə? və Kim? Şagirdlər BİBÖ cədvəlində bildiklərini qeyd etdikdən sonra Cəlil Məmmədquluzadə və Vilyam Şekspir, onların əsərləri və qəhrəmanlarının yaşadıqları dövr, ölkə və insanlarının problemləri haqqında qısa məlumat verərək onlardan nəyi bilmək istədiklərini BİBÖ cədvəlində göstərməyi xahiş etdim. Şagirdləri üç qrupa (“Faciə”,“Kiçik hekayə”, “Tragikomediya”) bölərək tapşırıqlar verdim: Mirzə Cəlilin həyat və yaradıcılığı; V. Şekspirin həyat və yaradıcılığı; iki dramaturqun yaşadıqları dövr və yaradıcılıqlarında oxşar və fərqli cəhətlər. Qruplarla ikinci iş ““Ölülər” əsəri və əsas qəhrəman, Kefli İskəndər; “Hamlet” əsəri və əsas qəhrəman, Hamlet; İki qəhrəmanın oxşar və fərqli cəhətləri” oldu. Şagirdlər hər iki tapşırıqdan sonra təqdimatlarla çıxış etdilər, Venn diaqramları ilə oxşar və fərqli cəhətləri nümayiş etdirdilər. Dərsdə öyrəndiklərini BİBÖ cədvəlində göstərdilər.
Yaradıcı iş zamanı şagirdlər məşhur monoloqları ifa etdilər: Hamletin monoloqunu ingilis və Azərbaycan, İskəndərin monoloqunu isə Azərbaycan və ingilis dillərində.
Qiymətləndirməni qrup işlərinin hər birindən və yaradıcı tətbiqetmədən sonra mərhələlərlə apardım. Nəticə isə bundan ibarət oldu ki, bu dünyada heç nə mükəmməl deyil və çox az insan ətrafındakı çatışmazlığa qarşı çıxmaq üçün özündə cəsarət tapa bilir.
Yaşadıqları dövrün qanunları ilə ayaqlaşmaq məcburiyyətində olan Hamlet və İskəndər özlərinəməxsus formada etiraz etməyə özlərində cəsarət tapırlar; qəti addım ata bilməsələr də, acizanə geri çəkilməyə məcbur olsalar da, sonda onlar yenə də qalibiyyət qazanmış olurlar. Hər iki qəhrəman yaşadıqları cəmiyyətdə baş verən haqsızlıqları dərindən dərk edir, olanları həmvətənlərinə çatdırmağa, onların gözlərini açmağa çalışırlar. Lakin fanatizmin dərin girdabına düşmüş insanlar İskəndəri başa düşmək istəmir, onun söylədiklərini kefli olması ilə bağlayırlar. Yaşadığı cəmiyyətdəki haqsızlıqları, qanunların ikiüzlülüyünü, zəhmətkeşlərin xidmətlərinə görə təhqir olunduqlarını görən Hamletin sözlərini isə “dəli” sayıqlaması adlandırırlar.
Məqsəd təkcə iki əsər və bu əsərlərdəki əsas qəhrəmanların xarakterində olan oxşar və fərqli cəhətləri tapmaq deyil, həm də şagirdlərin ətraflarında baş verən neqativ hallara necə münasibət bəslədiklərini öyrənmək idi.
Bütün bu araşdırmalar şagirdlərə ətrafda baş verənlərə tənqidi yanaşmağı, laqeyd qalmamağı öyrətmək, onlarda tənqidi təfəkkürü formalaşdırmaq üçündür.
Ev tapşırığı olaraq şagirdlərimə ətrafda baş verən xoşagəlməz hallara, problemlərə münasibətlərini və bu halları dəyişmək və ya aradan qaldırmaq üçün ideayalarını yazmağı tapşırdım.
Əslində bu cür araşdırma və təqdimatları şagirdlər öz ana dillərində ədəbiyyat dərsində də edə bilərlər və edirlər də. Onlar həm milli, həm də xarici ədəbiyyatdan nümunələr oxuyur, müqayisələr edir, fikir bildirirlər. Amma mən bütün bunları onlardan ingilis dilində almaq istədim. Sagirdlərimiz ingilis dramaturqu, onun əsərləri haqqında ingilis dilində danışa bilir, məşhur monoloqları ifa edə, bununla yanaşı onlar öz ədəbiyyatımız, əsərlərimiz haqqında danışa, əsər qəhrəmanları haqqında mülahizələrini ingilis dilində söyləyə bilməli, rollardan nümunələr də ifa etməyi bacarmalıdırlar. Mən düşünürəm ki, ingilis dilini öyrənməyimizin və öyrətməyimizin əsas məqsədi ingilislərə onlar haqqında danışmaq yox, onlara və ingilis dilini bilən bütün xalqlara özümüz, öz mədəniyyətimiz, ədəbiyyatımız haqqında danışmağı bacarmaqdır. Əgər bu işi müəyyən qədər edə biliriksə, demək məqsədimizə də çatmış oluruq.

Sədaqət QASIMOVA,
Bakı şəhər 287 nömrəli “Zəkalar” liseyinin ingilis dili müəllimi
 

yuxarı ⤴