1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“İnsan kapitalı sərvətimizdir”
06.10.2017 / No37

 

 

 


11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi interaktivliyi ilə seçiləcək

Samirə KƏRİMOVA

Son illər ölkə təhsilində tətbiq olunan yeniliklər, həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılanmaqdadır. Belə tədbirlərdən biri də Beynəlxalq Təhsil Sərgisidir ki, bu da ildən-ilə özünün əhatə dairəsinin genişliyinə, aktuallığına görə təhsil həyatımızda önəmli hadisələrdən birinə çevrilib. Artıq 11-ci ildir ki, təşkil olunan Azərbaycan Beynəlxalq Təhsil Sərgisi respublikamızın, eləcə də dünyanın bir çox ölkəsinin təhsillə bağlı olan insanlarını bir araya toplamaqla, qazanılan təcrübənin paylaşılması, yerli və əcnəbi təhsil işçiləri arasında əməkdaşlığın qurulması baxımından önəmli yerlərdən birini tutur.

Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 6-8 oktyabr 2017-ci il tarixlərində Bakı Ekspo Mərkəzində “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil ediləcək 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) Sərgisində bu dəfə hansı yeniliklər gözlənilir? Sərgiyə neçə ölkədən iştirakçı qatılacaq? Sərgi özündə hansı məsələləri ehtiva edəcək? Bu və digər suallara tədbirə hazırlıqla bağlı keçirilən mətbuat konfransında təşkilatçılar aydınlıq gətiriblər.

“Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, bu tədbirin baş sponsoru “Kapital Bank”, təşkilatçısı isə “Caspian Event Organisers” (“CEO”) şirkətidir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də dəstəklənir. Builki sərginin özünün fərqliliyi, interaktivliyi ilə seçiləcəyini, mövzu baxımından daha geniş, rəngarəng olacağını bildirən icraçı direktor ilk gündən tədbirin keçirilməsinə dəstək göstərən Təhsil Nazirliyinə və bu tədbirin təşkilində əməyi olan hər bir quruma təşəkkür edib. B.Hidayətzadə sərginin gələcəyimizə ciddi investisiyalar yatırmaq istiqamətində inamlı addım atmağa şərait yaratdığını deyərək, onun ziyarətçilər, eyni zamanda iştirakçılar üçün maraqlı olduğu qədər də əhəmiyyət kəsb edəcəyinə ümidvar olduğunu söyləyib.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov isə sərgidə dünyanın 24 ölkəsindən 144 iştirakçının bir araya gələcəyini deyib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin ötən illərdən fərqli olaraq bu il stendlərinin daha geniş sahəni əhatə edəcəyini diqqətə çatdırıb.

Belə ki, sərgi iştirakçılarına “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Sağlam təhsil-sağlam millət”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim ediləcək. Burada fəaliyyət göstərəcək lektoriyada mühazirələr oxunacaq, startapçılar çıxış edəcək və təqdimatlar nümayiş olunacaq. Səhnədə isə respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatları öz bacarıqlarını təqdim edəcək və milli rəqslər ifa olunacaq.

Sərgidə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransız-Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dillər Universiteti və ümumilikdə 14 ali təhsil müəssisəsinin stendləri yer alacaq. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edəcəklər.

Bu il Beynəlxalq Təhsil Sərgisi geniş işgüzar proqramı ilə fərqlənəcək, həmçinin sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar təşkil olunacaq.

Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim ediləcək. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər. Ş.Bayramov bu sərginin təhsil sahəsində əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyətli olduğunu söyləyib.

“Kapital Bank”ın Marketinq Departamentinin direktoru Günel Fərzəliyeva sərginin baş sponsoru olmaqdan məmnunluq duyduqlarını bildirib. Son illər təmsil etdiyi qurumla Təhsil Nazirliyi arasında mövcud işgüzar əməkdaşlıq əlaqələrinin qurulmasından geniş söz açan bank təmsilçisi respublika fənn olimpiadalarının təşkilinə, “Azərbaycan üçün öyrət” və reallaşdırılan digər proqram və layihələrə dəstəkləri barədə məlumat verib: “Kapital Bank” olaraq biz inanırıq ki, uğurlu gələcəyimizin sirri məhz elə insan resursu, insan kapitalıdır. Biz çox şadıq ki, Təhsil Nazirliyinin innovativ layihələrinə dəstək oluruq”.

Qeyd edək ki, sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək mümkündür.

Beləliklə, verilən məlumatlardan, açıqlamalardan aydın olub ki, builki sərgi təhsil müəssisələrinin təmsilçiləri ilə canlı ünsiyyət, stendlərdə müxtəlif peşələrin təqdimatı və məzunların uğur tarixçələri məktəblilər, abituriyentlər və onların valideynlərinə peşəkar seçim baxımından dəyərli köməklik göstərməklə yanaşı, digər məsələlərin həllində də əhəmiyyətli rol oynayacaq.

3 gün keçiriləcək sərginin iştirakçıları və ziyarətçiləri ölkə təhsilinin tarixində yaddaqalan növbəti bir hadisənin şahidi olacaqlar.

yuxarı ⤴