1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Müəllimlər hər bir cəmiyyətin elitasıdır
06.10.2017 / No37

 

 

 


Oktyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri açaraq universitetin kollektivini 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib və uğurlar arzulayıb. Qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) ali mədəniyyət qurumu olan UNESCO tərəfindən 1966-cı il oktyabrın 5-də verilən qərar əsasında hər il oktyabrın 5-də dünyada Beynəlxalq Müəllimlər Günü keçirilir. Beynəlxalq Müəllimlər Günü dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur.
Müəllim peşəsi cəmiyyətdə müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Çünki məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar cəmiyyəti inkişaf etdirir, ölkəni, dövləti gücləndirir. Bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli vətəndaş mövqeyi ilə seçilən insanlar məhz müəllim əməyinin yetirmələridir.

Yeni, müstəqil Azərbaycanın qurucusu, həmişə öz idarəçilik və dövlətçilik fəaliyyətində müəllim adına, müəllim əməyinə yüksək qiymət verən ümummilli lider Heydər Əliyev demişdir: “Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müəllim peşəsini yüksək qiymətləndirmişdir: “Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər hər bir cəmiyyətin elitasıdır”.

Qeyd olunub ki, son illər Azərbaycanda müəllim peşəsinin ictimai nüfuzunun artırılması üçün böyük işlər görülür. Ölkəmizdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib və onların əməkhaqları artırılıb. Eyni zamanda təhsil sahəsinin inkişafinda xüsusi xidmətləri ilə seçilən müəllimlərin əməyi rəğbətləndirilir, onlar dövlət tərəfindən təltif edilir, onlara fəxri adlar, mükafatlar verilir. Dövlət başçısının oktyabrın 3-də Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 58 nəfərin “Tərəqqi” medalı ilə təltif edilməsi, 57 nəfərə “Əməkdar müəllim”, 1 nəfərə “Əməkdar mədəniyyət işçisi”, 1 nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarının verilməsi, 1 nəfərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi, 1 nəfərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında imzaladığı sərəncamlar təhsil sahəsinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür.

Tədbirdə ulu öndər Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə və müəllimə münasibətini əks etdirən slayd nümayiş olunub, həmçinin yüksək balla universitetə qəbul olunan tələbələrə hədiyyələr təqdim edilib.

Tədbir musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin müəllim və tələbələrinin hazırladıqları maraqlı və rəngarəng konsert proqramı ilə başa çatıb.
 

yuxarı ⤴