1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Beynəlxalq Müəllimlər Günü Cocuq Mərcanlıda
06.10.2017 / No37

 

 


Bilik Fondu işğaldan azad olunmuş kənddə bayram tədbiri keçirib

Oktyabrın 5-də ölkəmizdə Beynəlxalq Müəllimlər Günü ilə bağlı keçirilən tədbirlərin bəlkə də ən yaddaqalanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istifadəyə verilən Novruz Aslanov adına tam orta məktəbin müəllimləri ilə görüş oldu. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşdə Fondun əməkdaşları, alimlər, jurnalistlər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Cocuq Mərcanlı məktəbinin müəllimlərini peşə bayramları münasibətilə təbrik etdilər.

Səfər iştirakçıları Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi əraziyə belə bir gündə getməyin böyük qüruru və xoşbəxtliyi içərisində məktəbin kollektivi tərəfindən yüksək qonaqpərvərliklə qarşılandılar.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu görüşü açaraq bildirdi ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz işğal altında olan Cocuq Mərcanlını onun öz tarixi sakinlərinə qaytardı: “Bu gün biz Azərbaycanda ən qürurverici Müəllimlər Gününü qeyd edirik. Bu gün bütün Azərbaycanın qəlbi Cocuq Mərcanlı ilə döyünür”.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva kənd məktəbinin müəlimlərini, kollektivini təbrik edərək bildirdilər ki, bu gün Cocuq Mərcanlı məktəbinin müəllimləri böyük tarixi prosesin iştirakçılarıdırlar. Qeyd olundu ki, burada çalışan müəllimlər işğaldan azad olunan ilk kəndin müəllimləri kimi yüksək qiymətə layiqdirlər.

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli Sərəncamını xatırladan alimlər qısa müddət ərzində kənddə aparılan tikinti-quruculuq işlərinin əhalinin həyat səviyyəsinin yüksəlməsinə təkan verdiyini və digər ərazilərimizin də tezliklə işğaldan azad ediləcəyinə inamlarını artırdığını dedilər.

Görüşdə müəllimlərə Bilik Fondunun bayram təbriki çatdırıldı və hədiyyələr təqdim edildi. Mədəniyyət və İncəsənət Universitetinin tələbələri məktəb kitabxanasına kitablar bağışladılar. Bununla yanaşı, Bilik günü ərəfəsində ilk tədris ilinə qədəm qoymuş Cocuq Mərcanlı kənd məktəbinə kitablar hədiyyə etmiş Suraxanı rayonu şəhid D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim kollektivinin həmkarlarına ünvanladıqları təbrik lövhəsi kənd məktəbinin direktoru Zamin Həziyevə təqdim olundu.

Z.Həziyev göstərilən diqqət və qayğıya görə qonaqlara minnətdarlığını bildirib, müəllimlərin peşə bayramında Fond əməkdaşları, alimlər və gənclərin Cocuq Mərcanlıya gəlişinin, yerli müəllimlərə diqqət və qayğının məktəbin pedaqoji kollektivində ruh yüksəkliyi yaratdığını, şagirdləri elmi biliklərə daha dərindən yiyələnməyə sövq etdiyini vurğuladı.

Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova qonaqlara təşəkkür edərək bildirdi ki, Cocuq Mərcanlı kənd məktəbində çalışan müəllimlər öz məsuliyyətlərini və tarixi, şərəfli missiyalarını dərk edirlər. V.Həsənovanın sözlərinə görə, müəllimlərin böyük əksəriyyəti paytaxt Bakıdan kənd məktəbinə öz xahişləri ilə gəlib.

Tədbirin bədii hissəsində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri xalq mahnıları ifa etdilər.

Nümayəndə heyəti Cocuq Mərcanlı məscidində kənd sakinləri ilə də görüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla 2016-cı ildə elan olunmuş “Multikulturalizm ili” çərçivəsində ilk dəfə Heydər məscidində qılınan Vəhdət namazının mahiyyəti barədə fikir mübadiləsi aparılan görüşdə bildirildi ki, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı müasir dünyada Vəhdət namazının tolerantlıq məkanı Azərbaycanda qılınması dünyaya sülh və həmrəylik mesajıdır.

Məktəbin direktoru bizimlə söhbətində bildirdi ki, hazırda bu tədris ocağında 60 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 21 nəfər müəllim məşğul olur. “Sentyabrın 15-dən dərslərə başlamışıq. Cəbhə bölgəsində yaşamağımıza baxmayaraq şagirdlərin davamiyyəti yüksəkdir. Təmas xəttinin yaxınlığı da təhsilin keyfiyyətinə təsir etmir. Əksinə, bu şəraitdə işləməyimiz bizi daha da ruhlandırır. Biz bu torpağa qayıtmağa həmişə can atmışıq. Bu gün öz övladının əlindən tutub cəbhə xəttinin bir neçə metrliyində yerləşən məktəbə gətirən valideyn bir daha sübut edir ki, xalqımız elinə, obasına, vətəninə nə qədər bağlıdır. Fürsətdən istifadə edib Azərbaycan müəllimlərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm”.

Cocuq Mərcanlı məktəbinin riyaziyyat müəllimi Leyla Maqsudova Beynəlxalq Müəllimlər Gününü doğma məktəbdə keçirdiyi üçün ikiqat sevincli olduğunu dedi. “Bu il pedaqoji fəaliyyətə başlamışam. Hələ ali məktəbdə təhsil alarkən düşünürdüm ki, görəsən nə vaxtsa öz doğma kəndimdə, məktəbimizdə bir müəllim kimi dərs demək mənə nəsib olacaqmı? Tale elə gətirdi ki, xəyallarım gerçək oldu və mən elə ilk pedaqoji fəaliyyətə öz doğma kəndimdəki məktəbdə başladım. Bu mənə işləmək üçün əlavə stimul verir. Təkcə mən yox, burada dərs deyən bütün müəllimlər dərsə həvəslə gəlirlər. Arzu edirəm ki, işğal altında olan torpaqlarımızın hamısı azad olsun və həmin ərazilərdəki məktəblərdən uşaq səsləri gəlsin”.

Məktəbin fizika müəllimi Sitarə Həsənova bizə verdiyi müsahibədə işğaldan öncə də bu məktəbdə çalışdığını və yenidən doğma yurddakı məktəbə qayıtdığı üçün sevincinin hədd-hüdudunun olmadığını deyir: “Kənd sakinləri öz yurdlarına qayıtdıqdan sonra onlarda çox böyük ruh yüksəkliyi var. Şagirdlərimiz də dərslərə çox həvəslə gəlirlər. Bütün bunlar kənddə böyük canlanmaya səbəb olub. Sakinlər uzun illərin vətən həsrətini indi-indi çıxarırlar”.

Məktəbin şagirdi Mədinə Orucova burada normal təhsil almaları üçün hər cür şəraitin olduğunu bildirdi. O, düşmənin yaxında olmasına baxmayaraq heç nədən qorxmadıqlarını, həvəslə məktəbə gəldiklərini deyir: “Valideynlərim kəndimiz haqqında danışanda, xəyalən bura gələrdim. Axı mən kəndimizi görməmişdim. Artıq bu xəyallarım gerçək olub və mən ata-baba yurdumda yaşayıram. Dərslərimi yaxşı oxumağa çalışıram. Düşünürəm ki, biz şagirdlər şəhidlərin qanı, canı hesabına bu torpaqlara qayıtmışıq və onlara borcumuzu yaxşı təhsil almaqla, əsl vətəndaş olmaqla ödəyə bilərik”.

yuxarı ⤴