1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“İdrak” liseyi Cocuq Mərcanlı məktəbinə metodiki kömək göstərəcək
06.10.2017 / No37

 

 

 


Oktyabrın 3-də “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışovun rəhbərliyi ilə liseyin bir qrup müəllim və şagird heyəti Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinə səfər edib. Səfərin məqsədi Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıq nəticəsində işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi ilə tanışlıq, oradakı həmvətənlərimizə dəstək, şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin rəhbərliyi, müəllim-şagird heyəti ilə görüşmək və elmi-pedaqoji əməkdaşlığa başlamaq idi. Səfər iştirakçıları əvvəlcə aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsini anaraq “Lələtəpə” abidəsini ziyarət ediblər, daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirilib. Görüşdə professor Mönsüm Alışov qeyd edib ki, aprel döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratmış və ordumuzun qüdrətini bir daha nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamış və məhz dövlət başçısının diqqəti sayəsində qısa bir müddət ərzində kənddə böyük quruculuq işləri həyata keçirilmişdir. M.Alışov həmçinin vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız Lələtəpə və Talış yüksəkliklərində olduğu kimi, doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.

“İdrak” liseyinin pedaqoji heyətinin nümayəndələri səfər zamanı öz həmkarları ilə fikir mübadiləsi aparıblar. Liseyin şagirdləri öz yaşıdları ilə həmsöhbət olub, məktəbi gəzərək dərslərdə iştirak ediblər. Professor Mönsüm Alışov məktəbin rəhbərliyini və pedaqoji kollektivini 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara nailiyyətlər arzulayıb. O, “İdrak” liseyi adından gətirilmiş çoxsaylı dərs vəsaitləri, bədii ədəbiyyat, kompüter və proyektorları məktəbə hədiyyə edib. Elə həmin texniki vasitələrin köməkliyi ilə “İdrak” liseyinin müəllimləri bir neçə elektron dərs nümunəsi də təqdim ediblər. Professor Mönsüm Alışov bu əməkdaşlığın davamlı olacağını, “İdrak” liseyinin bu məktəbə daim metodiki köməklik göstərəcəyini, vaxtaşırı görüşlər, təlimlər, birgə layihələr həyata keçiriləcəyini, bu məktəbin də “İdrak” liseyinə məxsus mediadərslər bazasından faydalanacağını bildirib. Məktəb və müəllimlər üçün Facebook səhifələri yaradılıb və idarə olunması qaydaları izah edilib. Sonda Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru Zamin Həziyev tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
 

yuxarı ⤴