1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Gələcəyin qurucularını hazırlayanlar
06.10.2017 / No37

 
 

 

 


AzMİU-nun memarlıq fakültəsi xarici memarlıq məktəbləri ilə əlaqələrini genişləndirir

Zahidə MƏMMƏDOVA,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin dekanı, əməkdar memar

Memarlar Günü 1949-cu ildə İsveçrənin Lozanna şəhərində təsis olunub və həmin vaxtdan başlayaraq hər il oktyabr ayının 2-də bayram kimi qeyd edilir. Bu əlamətdar günü dünyanın 116 ölkəsində 1 milyon 300 mindən çox memar peşə bayramı kimi keçirir.
Ölkəmizdə də oktyabrın 2-də memarlar öz peşə bayramlarını böyük qürur və iftixar hissi ilə qeyd edirlər. Əməklərinə, çətin və məsuliyyətli işlərinə dəyər verilən bir gündə 6 minə yaxın memar bu bayramın sevincini yaşayır. Bu, bəşər tarixində ən şərəfli və tələbatlı peşə, qurub-yaratmaq kimi müqəddəs işlə məşğul olan memarlarımızın əməyinə göstərilən diqqət və qayğıdır.

Ta qədimdən ev tikmək, el-oba salmaq, körpü inşa etmək, qurmaq-yaratmaq dədə-babalarımızın müqəddəs işi-peşəsi olub. Əcdadlarımız əsrlərin yaşıdı olan qalalar, saraylar, məbədlər, türbələr tikib, istehkamlar qurub, bu günümüzə qədər gəlib çatan körpülər salıblar. Tarixə şahidlik edən Qız qalası, Şirvanşahlar sarayı, Xudafərin körpüsü, Kiş məbədi, Möminə Xatun türbəsi və saymadığımız yüzlərlə tikili memar babalarımızın əl əməyinin məhsuludur.

Bu gün də əcdadlarının ənənəsini yaşadan, bu estafeti layiqli şəkildə davam etdirən, bitib-tükənməyən enerjiləri, estetik zövqləri ilə ölkəsinin simasını gözəlləşdirən memarlar ordusu var, yetişib. Paytaxtımız, şəhər və kəndlərimiz, qəsəbələrimiz məhz onların sayəsində, fədakar və məsuliyyətli əməklərinin bəhrəsiylə gündən-günə gözəlləşir, Azərbaycanın yeni siması formalaşır. Dövlət başçısı İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq davamlı və dinamik inkişaf yoluna qədəm qoyan məmləkətimizdə paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə müşahidə etdiyimiz dəyişikliklərin estetik konturlarının müəllifləridirlər memarlar. Qeyri-adi dizaynı ilə seçilən binalar, qurğular, salınan möhtəşəm körpü və tunellər, maraqlı kompozisiyaları ilə göz oxşayan bağlar və parklar, ötən əsrin yadigarları olan və memar əli ilə sığal-tumar çəkilərək yenilənən qədim tikililər və tükənməyən yüzlərlə obyektlər... Onların hər birində memar əməyi, memar ürəyi və istedadı var. Bəli, bu gün biz evimizin, mənzillərimizin rahatlığı, küçə, meydan, bağ və parklarımızın abadlığı, gözümüzü oxşayan, ruhumuzu dincəldən, estetik zövqümüzü formalaşdıran tikililərə görə memarlara minnətdarıq, onlara borcluyuq.

2 oktyabr Memarlar Günündə peşə bayramını qeyd edən memarlar sırasına Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) memarlıq fakültəsinin tələbələri də qoşulur. Gələcəyin memar və dizaynerlərini yetişdirən memarlıq fakültəsinin bu gündə öz yeri və payı var. Ölkəmizin adlı-sanlı, öz dəst-xətti, imzası ilə seçilən tanınmış memarları bir zamanlar məhz AzMİU-nun memarlıq fakültəsində təhsil alıb, seçdikləri peşənin sirlərinə burada yiyələniblər.

97 yaşlı memarlıq fakültəsinin yüzlərlə məzununun fədakar əməyinin bəhrəsi olan möhtəşəm tikililər, binalar, obyektlər bu gün təkcə paytaxtımızı deyil, rayon və qəsəbələrimizi də bəzəyir, gözümüzü, könlümüzü oxşayır. Məzunlarımızdan bu gün AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, professorlar Elbay Qasımzadə, Nəriman Əliyev, Rasim Əliyev, Nərgiz Abdullayeva, Nizami Nağıyev, Ramiz Əbdülrəhimov, Albert Mustafayev, Rayihə Əmənzadə və başqalarının müəllifi olduğu binalar müasir Azərbaycan memarlığının ən gözəl nümunələridir. Bir əsrə yaxın tarixi olan memarlıq fakültəsi öz ənənələrinə görə həm AzMİU-nun digər fakültələri, həm də memarlıq ixtisası tədris olunan ali məktəblər arasında həmişə seçilib. Fakültənin professor-müəllim heyətinin əsasını memarlıq layihələndirməsi, şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləri təşkil edir. Onların arasında memarlıq doktorları, əməkdar memarlar, “Şöhrət” ordeni və respublika Dövlət mükafatı laureatı ilə təltif olunanlar çoxluq təşkil edir. Memarlığın nəzəri və təcrübi meyarlarının tələbələrə aşılanması üçün istehsalatdan mütəxəssislər, böyük təcrübəyə malik memarlar da tədrisə cəlb edilib. Onlardan əməkdar memar, professor Rasim Əliyev, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, əməkdar memar, professor Elbay Qasımzadə, AMEA-nın müxbir üzvü, Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtekin Salamzadə və digər memarların adını çəkə bilərik. Fakültədə buraxılış işlərinin müdafiəsi üzrə Dövlət Attestasiya Komissiyasına uzun illərdir ki, Baki şəhərinin baş memarı, respublikanın əməkdar memarı Akif Abdullayev rəhbərlik edir.

Fakültənin nüfuzu ildən-ilə artır, memarlıq təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə fakültə xarici memarlıq məktəbləri ilə professional əlaqələri genişləndirir. Tələbələrimiz beynəlxalq müsabiqələrdə iştirak edir, dünyanın nüfuzlu universitetləri ilə birgə layihələr həyata keçirir, onların buraxılış işləri beynəlxalq sərgilərdə nümayiş olunur, bir sözlə, həmişə yüksək uğurlara imza atır.

Bayram günündə xoş sözlər deyilir, təbriklər səslənir. Biz də bu əziz gündə söz deməyə haqqı olan memarlıq ali təhsilinin davamçıları, memar yetişdirən ali təhsil müəssisəsi kimi, peşə bayramı münasibəti ilə qurub-yaratmağı özünə peşə seçən həmkarlarımızı - memarlarımızı, fakültəmizin professor-müəllim heyətini, gələcək memarları-tələbələrimizi təbrik edirik. Çətin, məsuliyyətli, gərgin fəaliyyətlərində tükənməyən enerji, səbr və təmkin, yaradıcılıq axtarışları və uğurları arzulayırıq. Qurun, yaradın, dünyamızı, Vətənimizi gözəlləşdirin, əziz memarlar! Peşə bayramınız mübarək!
 

yuxarı ⤴