1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Nobel mükafatçıları
06.10.2017 / No37

 

 


2017-ci il laureatlarının adları açıqlandı

Oruc MUSTAFAYEV

İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi ənənəyə uyğun olaraq Nobel həftəliyi (2-9 oktyabr) çərçivəsində ayrı-ayrı elm sahələrində 2017-ci il Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Oktyabrın 2-də ilk olaraq fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları məlum olub. www.nobelprize.org saytının məlumatına əsasən, İsveçin Karolinsk İnstitutu tərəfindən elan edildiyi kimi fiziologiya və tibb üzrə Nobel mükafatına amerikalı alimlər Cefri Holl, Maykl Rozbaş və Maykl Yanq layiq görülüblər. “Cefri Holl, Maykl Rozbaş və Maykl Yanq bizim bioloji saatımızın daxilinə baş çəkə və onların daxili proseslərinə işıq sala biliblər”, - deyə Nobel komitəsinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, alimlər “hüceyrə saatı” adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə yüksək elmi mükafat ilə təltif edilirlər. Tədqiqatçılar orqanizmin normal gündüz bioloji ritminə nəzarət edən genləri aşkar edə biliblər. Bu gen gecə vaxtı hüceyrədə toplanan zülalı kodlaşdırır, gündüzlər isə xərclənir. Həmçinin alimlər zülali elementlərin əlavə qrupunu təyin edərək “hüceyrə daxilində özünüdəstəkləyən saatın fəaliyyətinə cavab verən mexanizm”in iş prinsipini izah ediblər. Onların tədqiqatları bioloji saatların insan da daxil olmaqla bütün canlı orqanizmlərin hüceyrələrində eyni prinsip üzrə işlədiyini aydınlaşdırmağa imkan verib. Bu saatlar canlı orqanizmin davranışını, hormonların səviyyəsini, yuxunu, bədənin temperaturunu, maddələr mübadiləsini nizama salır. Həmçinin alimlər insanın həyat tərzinin onun bioloji ritmi ilə uyğunsuzluğunun xəstəliklərin yüksək riskinə gətirib çıxara biləcəyi əlamətləri də tapıblar.

***

Oktyabrın 3-də İsveç Kral Akademiyası 2017-ci il fizika üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Akademiyanın qərarı ilə bu yüksək ada amerikalı alimlər - Rainer Vays, Barri Beriş və Kip Torn “qravitasiya dalğalarının müşahidəsi və LIGO detektorunun fəaliyyəti üzrə xidmətlərinə görə” layiq görülüblər. Hər üç alim qravitasıya dalğalarının müşahidə olunduğu LIGO/VIRGO Collaboration layihəsinin iştirakçıları və əsas müəllifləridir. R.Vays adıçəkilən fövqəladə dərəcədə aşağı səsə malik nəhəng detektorun (interferometr) hazırlanmasında aparıcı rol oynayıb. Alim bu sistemin çox kiçik oxşarını Massaçusets Texnologiya İnstitutunda yaratmaqla bu sahədə elmi işlərini hələ ötən əsrin 70-ci illərində dərc etdirməyə başlayıb. Sonrakı illərdə interferometrlərin prototipləri Kip Tornun rəhbərliyi ilə Kaltexdə də yaradılıb. Bir neçə ildən sonra alimlər öz səylərini birləşdiriblər. Barri Beriş Massaçusets Texnologiya İnstitutu və Kaltex arasındakı kiçik kollaborasiyanı nəhəng beynəlxalq layihəyə - LIGO-ya çevirib. Alim layihənin inkişafı və detektorun yaradılması ilə məşğul olub. İki dost, Rainer Vays və Kip Torn artıq uzun illərdir qravitasiya dalğalarının öyrənliməsi sahəsində işləyirlər. Onlar bu sahənin pionerləri hesab olunurlar. LIGO bir-birindən 3 min kilometr məsafadə yerləşən 2 qravitasiya rəsədxanasını birləşdirir.

Qeyd edək ki, qravitasiya dalğalarının kəşfini Albert Eynşteyn hələ 1916-cı ildə qabaqcadan xəbər vermişdi. “Onlar birlikdə bir çox alimin 50 illik xəyalını reallaşdırdı. Albert Eynşteyn tərəfindən yüz il əvvəl qabaqcadan xəbər verilmiş dalğalar iki qara deşiyin toqquşmasından sonra yaranıb. 1,3 milyard il lazım olub ki, dalğalar ABŞ-da LIGO detektoruna çatsın”, - deyə Nobel komitəsinin məlumatında bildirilir. Ötən il LIGO bütün dünyaya bəyan etdi ki, onların rəsədxanasının interferometrləri 14 sentyabr 2015-ci il tarixdə qravitasiya dalğalarını aşkar edib. Bu layihədə dünyanın 20 ölkəsindən minə yaxın alim iştirak edir. O vaxtdan alimlər daha 3 dəfə 2 qara deşiyin birləşməsi nəticəsində yaranmış qravitasiya dalğalarını qeyd ediblər.

***

Oktyabrın 4-də İsveç Kral Akademiyası 2017-ci il üzrə kimya sahəsində Nobel mükafatının Kolumbiya Universitetindən (ABŞ) Yoaxim Franka, Lozanna Universitetindən (İsveçrə) Jak Dübeyşə və Kembric Universitetindən (Böyük Britaniya) Riçard Handersona verildiyini elan edib. Akademiyanın məlumatında bildirilir ki, builki laureatlar “məhlulda biomolekulların strukturunun müəyyənləşdirilməsi üçün krioelektron mikroskopiya metodlarının inkişaf etdirilməsinə görə” mükafata layiq görülüblər.

***

Oktyabrın 5-də 2017-ci ilin ədəbiyyat sahəsində Nobel mükafatına milliyyətcə yapon olan Böyük Britaniya yazıçısı Kazuo İsiquro layiq görülüb. İsveç Kral Akademiyasının açıqlamasında qeyd olunur ki, K. İsiquro ədəbiyyat üzrə ali mükafata “romanlarında böyük emosional güc ifadə etdiyinə görə, bizim illüzor düşüncələrimizdəki dərinlikləri gerçəkliklə əlaqələndirdiyinə görə” layiq görülüb.

***

Ənənəyə əsasən, mükafatın təqdimat mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir. Belə ki, fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat, iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı, sülhün qorunması istiqamətində mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.
Qeyd edək ki, 2001-ci ildən ilk dəfə olaraq Nobel fondunun direktorlar şurası mükafatın həcmini 1 milyon İsveç kronu həcmində artırmağa qərar verib. Beləliklə, mükafatın ümumi məbləği 12,5 faiz (8 milyon krondan 9 milyon krona) artaraq təxminən 1,12 milyon ABŞ dolları təşkil edir.
 

Fiziologiya və tibb üzrə




Cefri K.Holl (Jeffrey C.Hall) 1945-ci il mayın 3-də ABŞ-ın Nyu-York şəhərində anadan olub. 1971-ci ildə Vaşinqtondakı Sietl Universitetində doktorluq elmi dərəcəsi alıb. 1971-1973-cü illərdə Kaliforniya Texnologiya İnstitutunun postdoktorantı olub. 1974-cü ildə Uoltxem şəhərindəki Brandeys Universitetində fəaliyyətini davam etdirib. Professor C.Holl 2002-ci ildən Men Ştat Universitetində çalışıb. Xronobiologiya sahəsində inqilabi işlərinə görə Amerika Milli Akademiyasına üzv seçilən alim hazırda Men şəhərində yaşayır.
 




Maykl Rozbaş (Michael Rosbash) 1944-cü il martın 7-də ABŞ-ın Kanzas-Siti şəhərində anadan olub. Doktorluq elmi dərəcəsini 1974-cü ildə Massaçusets Texnologiya İnstitutunda alıb. Sonrakı 3 il ərzində o, Şotlandiyanın Edinburq Universitetinin postdoktorantı olub. Professor M.Rozbaş 1974-cü ildən ABŞ-ın Uoltxeym şəhərindəki Brandeys Universitetində çalışır. Eyni zamanda Hovard Hyuz Tibb İnstitutunda elmi tədqiqatlarla məşğuldur. Beynəlxalq Luiza Qross-Harviş (2011), Hardnyer (2012) elm mükafatlarını alıb. 2003-cü ildə ABŞ Milli Elmlər Akademiyasına üzv seçilib. Əsasən genetika və biologiya elmləri üzrə tədqiqatlar aparır.
 




Maykl Yanq (Michael W.Young) 1949-cu il martın 28-də ABŞ-ın Mayami ştatında anadan olub. 1971-ci ildə Ostindəki Texas Universitetinin bakalavr, 1975-ci ildə isə doktorluq elmi dərəcələrini alıb. 1975-1977-ci illər ərzində Stenford Universitetinin postdoktorantı olub. O, burada molekulyar genetika məsələləri ilə məşğul olub. 1978-ci ildən Nyu-Yorkdakı Rokfeller Universitetində çalışır. Sirkad ritmləri sahəsində tədqiqatları ilə tanınır. Alim həyatının son 30 ilini drozofil hüceyrələrində yuxunun və gündüz fəaliyyətin genetik olaraq nəzarət oluna bilən qanunauyğunluqlarının tədqiqatına həsr edib.
 


Fizika üzrə



Kip Stiven Torn (Kip Stephen Thorne) 1940-cı il iyunun 1-də ABŞ-ın Yuta ştatında, Loran şəhərində anadan olub. O, ümumi nisbilik nəzəriyyəsi sahəsində dünyada tanınmış nüfuzlu ekspertdir. 1965-ci ildə Prinston Universitetində fəlsəfə doktoru elmi dərəcəsi alıb. Kaliforniya Texnologiya İnstitutu və Almaniyanın Leyden Universitetinin professorudur. Qravitasiya nəzəriyyəsi və yüksək enerjilərin astronomiyası üzrə kitabların müəllifi və redaktorudur. 2009-cu ildə Eynşteyn medalı ilə təltif olunub. 2016-cı ildə astronomiya üzrə Şao mükafatına layiq görülüb.
 




Rayner Vays (Rainer Weiss) 29 sentyabr 1932-ci il tarixində Almaniyanın) Berlin şəhərində anadan olub. Lazerlər sahəsində ixtisaslaşıb. Nyu-Yorkda dövlət orta məktəbində oxuyub. Sonra Massaçusets Texnologiya İnstitutuna daxil olub. Mühəndislik fakültəsində ixtisaslaşsa da sonradan fizika bölməsinə keçib. Bir müddət sonra təhsilini yarımçıq qoyub. Daha sonra texnik kimi Massaçusets Texnologiya İnstitutuna qayıdıb və yenidən tələbə həyatına başlayıb. 1962 -ci ildə Massaçusets Texnologiya İnstitutunun fəlsəfə doktoru elmi dərəcəsini alıb. Qravitasiya dalğalarının qeydiyyatı ilə məşğul olan LIGO-un əsas banilərindən biridir. Hazırda Massaçusets Texnologiya İnstitutunda professorluq edir.
 




Barri Klark Beriş (Barry Clark Barish) 27 yanvar 1936-cı ildə ABŞ-ın Nebraska ştatında, Omaha şəhərində anadan olub. 1957-ci ildə Berkli Kaliforniya Universitetində fizika üzrə bakalavr, 1962-ci ildə isə yüksək enerjilərin fizikası sahəsində doktorluq elmi dərəcəsi alıb. 1963-cü ildən Kaliforniya Texnologiya İnstitutunda işləyir. 1994-cü ildən LIGO-un aparıcı tədqiqatçısı, 1997-ci ildən isə direktorudur. 2017-ci ildə Henri Dreyper medalına, elmi və texniki tədqiqatlarında əldə etdiyi nailiyyətlərə görə Avstriya şahzadəsi mükafatına layiq görülüb.


Kimya üzrə



Jak Dübeşi (Jacques Dubochet) 1941-ci ilin oktyabrında anadan olub. İsveçrə vətəndaşıdır. 1962-ci ildə orta məktəbi bitirərək Cenevrə Universitetinə daxil olub. 1969-cu ildə molekulyar bioloq, 1973-cü ildə isə Bazel Universitetində biofizik ixtisasına yiyələnib. 1978-ci ildə Heydelberqdə işləyib. 1988-ci ildən Lozanna Universitetinin professorudur. Öz karyerası dövründə o, krioelektron mikroskopiya, krioelektron tomoqrafiya və şüşəyəoxşar krioelektron mikroskopiyanın hazırlanma texnologiyalarını hazırlayıb.




Riçard Handerson (Richard Henderson) 1945-ci il iyulun 19-da Edinburqda (Şotlandiya) anadan olub. Edinburq Universitetində bakalavr, Kembric Universitetində doktorant təhsili alıb. 72 yaşlı britaniyalı alim struktur və molekulyar biologiya sahəsində tədqiqatlar aparıb. Riçard Xenderson isə 1990-cı ildə ilk dəfə zülalın üçölçülü təsvirinin alınması üçün elektron mikroskopdan istifadə edib. 1980-ci ildə Ernst Rusk, 1990-cı ildə Rozenstil mükafatlarına, 2016-cı ildə Kopli medalına layiq görülüb. London Kral Cəmiyyətinin üzvü, ABŞ Milli Elmlər Akademiyasının əcnəbi üzvüdür.
 




Yoaxim Frank (Joachim Frank) 1940-cı il sentyabrın 12-də anadan olub. 77 yaşlı alman biofiziki elektron mikroskopiyanın banisi hesab edilir. 1963-cü ildə Frayburq Universitetini bitirib. Postdoktorant kimi Kaliforniya Berkli və Kornell universitetlərində işləyib. 1972-ci ildən Kembric Universitetinin əməkdaşı, 1973-cü ildən isə tədqiqat qrupunun rəhbəridir. Eyni zamanda Heydelberq Universitetinin (Almaniya) professorudur. 2003-cü ildən Kolumbiya Universitetində müəllimlik fəaliyyəti ilə məşğul olur. 2008-ci ildən adıçəkilən universitetin biokimya, molekulyar biofizika və bioloji elmlər kafedrasının müdiri işləyib.


Ədəbiyyat üzrə



Kazuo İsiquro (Kazuo Ishiguro) 8 noyabr 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində anadan olub. 5 yaşı tamam olanda ailəsi ilə birlikdə Böyük Britaniyanın Qilford şəhərinə köçüb. 1974-cü ildə Böyük Britaniyanın Kent Universitetində fəlsəfə və ingilis dili üzrə bakalavr təhsilini başa vurub. Daha sonra ali təhsilini East Anglia Universitetində davam etdirib. 1980-ci ildə universiteti incəsənət ixtisası üzrə magistr elmi dərəcəsi ilə bitirib. Onun hər bir əsəri dünya ədəbiyyatında hadisə hesab olunur. Romanları dünyanın qırxdan çox dilinə tərcümə olunub. Təkcə “Günün qalığı” və “Buraxma məni” kitabları milyondan çox nüsxə təşkil edib.

yuxarı ⤴