1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Frazeoloji birləşmələr” mövzusunun tədrisi təcrübəsindən
06.10.2017 / No37

 

 

 


Dərsi şagirdlərin müstəqil işi üzərində qururam

Elmira ALLAHVERDİYEVA,
Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Cəmiyyət inkişaf etdikcə ictimai-siyası və mədəni həyatda gedən dəyişikliklərə, qlobal dünyanın tələblərinə uyğun olaraq təhsil sistemi də yenidən qurulur. Dünən məqbul sayılan formalar bu gün nəzərdən keçirilməni, islahatları zəruri edir. Əsas məqsəd isə xalq və dövlət qarşısında öz məsuliyyətini dərk edən savadlı, vətənpərvər, milli adət-ənənələrimizə, insan azadlığına və hüquqlarına hörmətlə yanaşan gənc nəsil yetişdirməkdir. Fənnindən və tədris etdiyi mövzudan asılı olmayaraq, müəllimin əsas vəzifəsi həyatla üz-üzə durmağı bacaran müstəqil fikirli, bacarıqlı şəxslər formalaşdırmaqdır.

Artıq neçə illərdir ki, yeni texnologiyalardan istifadə yolu ilə kurikulum proqramlarına uyğun olaraq dərsləri şagirdlərin müstəqil işi üzərində qururuq. Bu baxımdan mən V sinifdə Azərbaycan dili fənnindən “Frazeoloji birləşmələr” mövzusunun tədrisi təcrübəsini həmkarlarımla bölüşmək istərdim.

Qeyd etmək lazımdır ki, yeni düşüncəli şəxsiyyət formalaşdırmağın yolu vətənə dəyərli övlad olmaqdan keçir. Bu baxımdan keçilən mövzuların vətənpərvərlik ruhuna köklənməsi vacibdir. Vətənə məhəbbət, eyni zamanda ana dilinə məhəbbətdən qaynaqlanır. Ana dilinin zənginliyinə bələd olmaq, bu əvəzsiz xəzinənin incilərini heyranlıqla çözələmək, hər sözün yerini və mənasını dərindən bilmək nəticədə ana dilini sevməyə gətirib çıxarır. Tədrisi təcrübəsini sizinlə bölüşmək istədiyim frazeoloji birləşmələr də dilimizin zənginliyini, adi fikrin bədii çalar almasını, fikrin daha dəqiq və aydın ifadəsini əsaslandıran leksik vahidlərdir. Dilimizdə sıx-sıx işlənən “qulaq asmaq”, “fikrə getmək”, “başa düşmək”, “ yola düşmək” və s. frazeoloji birləşmələrlə yanaşı, yeniyetmə və gənclərin mənasına bələd olmadığı ifadələr də çoxdur. Məsələn, başına hava gəlmək (dəli olmaq, havalanmaq), öz arşınıyla ölçmək (başa düşdüyü kimi qiymətləndirmək), Araz aşığındandır, Kür topuğundan (dünya vecinə deyil, öz kefindədir), yetənə yetir, yetməyənə daş atır (hamıya sataşır), öz çulunu sudan çıxartmaq (işin öhdəsindən bir təhər gəlmək), ağzı açıla qalmaq (heyrətlənmək) və s.

Şagirdlər tərəfindən mövzunun müstəqil mənimsənilməsinin və tədqiqatın uğurlu aparılmasının açarı, demək olar ki, tapşırıqlar sisteminin yaradılmasındadır. Bunu əsas tutaraq mən şagirdlərə frazeoloji birləşmələrin məcazi mənalı birləşmə və əsasən fel tərkibli olduğunu izah edib, hər birinə (ev tapşırığı kimi) bir neçə bu cür birləşmə yazmalarını tapşırdım. Ev tapşırıqlarının nəticələrini təkrara yol vermədən bir sistem halına saldıq:
1. Xəbər onun canına yağ kimi yayıldı (sevindi).
2. Çox döşünə döymə (öyünmə), nəticəni sabah görəcəyik.
3. Dadaş dabanına tüpürüb həyətdən çıxdı (tez getmək).
4. Vallah, lap başımı itirmişəm (çaşmışam).
5. Dostunu incitmisən, get könlünü al (barış).

Bu nümunələr şagirdlərin bədii əsərlərdən tapdığı nümunələr idi. “Bəs adi danışıq dilində hansı frazeoloji birləşmələrdən istifadə edirik?” sualına cavab olaraq şagirdlər “qulaq asmaq,” “başa düşmək”, “yola düşmək”, “cin vurdu təpəmə”, “boynuna göturmək”, “gözə gətirmək” , “gözü düşmək”, “gözdən düşmək” və s. nümunələri qeyd etdilər.

Dərsin sonrakı mərhələsində qrup işi şəklində şagirdlərə verilmiş nümunələr əsasında rabitəli (nəqli) mətn hazırlamaq tapşırığı verildi:

I qrup
qulaq asmaq
dabanına tüpürmək
başa düşmək
yola düşmək
baş cəkmək

II qrup
əl tutmaq
göz yummaq
baş vermək
dil-ağız eləmək
dəridən-qabıqdan cıxmaq

III qrup
boynuna götürmək
gözləri kəlləsinə çıxmaq
göz qoymaq
dilə tutmaq
əldən buraxmaq

IV qrup
gözü ayağının altını görməmək
əldən düşmək
siçan deşiyi axtarmaq
işə düşmək
ağzına su almaq

Şagirdlər bu tapşırıq üzərində işləməklə həm frazeoloji birləşmələrin mənasına bələd olur, həm onların hansı məqamda işləndiyini dərk edir, həm də onları əlaqələndirib bir mətn daxilində işlətməyi öyrənirlər.

Qrup işləri təqdim olunub müzakirə edildi.

Mətnlərin məzmunu belə idi:

I qrup
Anası Elçinə tapşırdı ki , qonşu kənddə yaşayan nənəsinə baş çəksin. Elçin anasının sözünə qulaq asıb, dərsdən sonra kəndə getmək qərarına gəldi. O, dabanına tüpürüb yola düşdü. Yol gedə-gedə bir şeyi başa düşdü ki, böyüklərə qayğı lazımdır.

II qrup
Həyətimizdə qoca bir kişi yaşayırdı. Onun nə arvadı, nə də uşaqları var idi. Qonşular ona əl tutur, uşaqlar onun işlərini görürdülər, evini silib-süpürür, zibillərini atır, qonşular isə xörək bişirir, paltarlarını yuyub-ütüləyirdilər. Hər dəfə biz dəridən-qabıqdan cıxırdıq ki, qoca baba bizdən razı qalsın. O da bizə dil-ağız edir, bizim yaxşı uşaqlar olduğumuzu deyirdi. Valideynlərimiz də bizi tərifləyir və deyirdilər ki, hər hansı bir adamın pis gününə göz yummaq olmaz.

III qrup
Sabir və Əhliman eyni məktəbdə, eyni sinifdə oxuyurlar. Onlar bu gün dərsdən çıxıb evə gedəndə gördülər ki, bir oğlan küçədən keçən qoca bir qadını itələyib özü avtobusa birinci minmək istədi. Sabir tez onun qolundan tutub qadının yolundan kənara çəkdi. Əhliman da onlara yaxınlaşdı. 2 dostu görən oğlanın qorxudan gözləri kəlləsinə çıxdı. Əhliman dedi:
- Heç utanmırsan? Özün də məktəblisən. Qoca qadına kömək etməkdənsə, onu itələyirsən.
Oğlan etdiyi hərəkəti boynuna götürmək istəmədi:
- Mən heç nə etmədim. Siz səhv edirsiniz.
Sabir dedi:
- Biz sənə göz qoyurduq. Sən qaça-qaça gəlib dayanacağa çatdın və avtobus dayanacağında qoca qadını itələdin. Biz səni əldən buraxmarıq. Səni oxuduğun məktəbə aparıb, hərəkətlərini yoldaşlarına, müəllimlərinə danışacağıq. Görək onda nə deyəcəksən?
Oğlan onları dilə tutmaq istədi:
- Məni bağışlayın. Bir də belə etmərəm. Sizə söz verirəm.
Dostlar ona inandılar, çünki o, səhvini anlamışdı.

IV qrup
Baba nəvələrini yanına çağırıb onlara tapşırdı ki, mən bazara gedib - gələnəcən bostan yerini belləyib torpağı boşaldın. Gələrəm, birlikdə tərəvəz ləkləri düzəldib, əkin əkərik. Payızda məhsulumuz bol olar, siz də doyunca yeyərsiniz.
Baba bazara getdi. Əli deyindi:
- İşə düşdük də. Futbol oynamaq istəyirdim. İndi gəl yer bellə.
Nazim dedi:
- Baba dedi, deməli əldən düşsək də, işləməliyik. Yoxsa gərək siçan deşiyi axtaraq gizlənmək üçün.
Sərdar dinməz-söyləməz beli götürüb yeri belləməyə başladı. Əli hirsləndi:
- Nə ağzına su almısan? Forsundan gözün ayağının altını görmür. Nə olub? Belə işgüzar olmusan? Biz də işləməyi bacarırıq.

Bu sözlərdən sonra hər üçü həvəslə işləyib baba gələnə qədər bostan yerini belləyib qurtardılar.

Qrup təqdimatlarını dinləyəndən sonra tapşırıq verdim ki, hər qrup öz yazdığı mətni səhnələşdirsin. Səhnə 2 variantda göstərilsin:

1) Frazeoloji birləşmə bugünkü anlamda.
2) Frazeoloji birləşmədəki sözlər həqiqi mənada.

Dərsin bu hissəsi uşaqların daha çox marağına səbəb oldu. 2-ci variantın ifadəsi həm yaradıcılıq, həm də aktyorluq məharəti tələb edirdi. Demək olar ki, bütün sinif gülürdü.

Mən sual verdim:
- Sizi gülməyə vadar edən nədir?

Cavab:
- Frazeoloji birləşmələri həqiqi mənada başa düşmək olmaz. Onda gülünc vəziyyət yaranar. Sənə gülərlər.
- Onda bu birləşmələr haqqında qənaətinizi qeyd edin.

Qənaətlər belə oldu:

1) Frazeoloji birləşmələr 2 və daha çox sözdən ibarət olur.
qulaq asmaq (2)
cin başına vurmaq (3)
gözü ayağının altını görməmək (4).

2) Frazeoloji birləşmələr məcazi mənada olur, onun tərkibindəki sözləri həqiqi mənada anlamaq olmaz (gülməli olur).

3) Frazeoloji birləşmələrin mənasını bir sözlə ifadə etmək olur.
qulaq asmaq - dinləmək
cin başına vurmaq - hirslənmək
gözü ayağının altını görməmək - forslanmaq, başqasını bəyənməmək.

4) Frazeoloji birləşmənin bir tərəfindən o biri tərəfinə sual vermək olmaz.
Qulaq asmaq - nəyi asmaq? və ya qulağı nə etmək? - olmaz.
Məncə şagirdlərin özlərinin əldə etdiyi qənaət (bilik, nəticə) yaddaşlarında daha dərin iz buraxacaq və onların qazancı olacaq. Beləliklə, onlar ana dilimizin zəngin xəzinəsinin bir incisini də beləcə dəyərləndirəcək, öz nitqlərini zənginləşdirəcəklər.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi II yazı müsabiqəsinə təqdim olunub.

yuxarı ⤴