1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Mən uşaqlıqdan məktəb vurğunu olmuşam”
06.10.2017 / No37

 

 

 


İlk dəfə peşə bayramını müəllim kimi qeyd edən Günel Hüseyn məktəbə olan sevgisindən danışır...

- Özünüz haqqında məlumat verməyinizi istərdik.
- Mən 1993-cü ildə Göygöl rayonunun Üçtəpə kəndində anadan olmuşam. Tovuz rayonu A.S.Puşkin adına tam orta məktəbdə təhsil almışam. 2011-ci ildə Bakı Qızlar Universitetinin filologiya-tarix fakültəsinə daxil olub, 2015-ci ildə həmin ali təhsil müəssisəsini bitirmişəm.

- Bu il məktəbdə ilk dəfə müəllim kimi fəaliyyətə başlamısınız. Müəllim olmaq çətindirmi?

- Əlbəttə ki, müəllimlik çətin və məsuliyyətli bir peşədir. Mən uşaqlıqdan məktəb vurğunu olmuşam. Orta məktəb illərində mənə dərs deyən müəllimlərimin peşəkarlığı, biz şagirdlərə doğma münasibətləri, öz fənlərini sevə-sevə tədris etmələri gələcəkdə məhz müəllim olmaq istəyimi qətiləşdirdi. Universitetə daxil olduğum vaxt ixtisas seçimində müəllimliyi seçdim. Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə iştirak edərək 50.22 bal topladım. Hazırda Göygöl rayon Göyçəkənd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi öz şagirdlərimə bu fənni sevə-sevə tədris edirəm. Artıq xəyallarım gerçəkləşib və yaxşı ki, müəllim oldum, deyə bilirəm. Onu da qeyd edim ki, 2017-2018-ci tədris ilindən Göyçəkənd kənd tam orta məktəbində məndən başqa daha 4 gənc müəllim kimi fəaliyyət göstərir. Məktəbə gəldiyimiz ilk gündən təhsil müəssisəsinin rəhbərliyinin və pedaqoji kollektivin biz gənc müəllimlərə qarşı xüsusi diqqət və qayğısını gördük. Məktəbimizin müəllimlərindən bu qısa müddətdə çox şey öyrənmişəm. Düşünürəm ki, yaşlı müəllimlərin uzunillik təcrübələri biz gənclər üçün əsl məktəbdir. İllər boyu əldə etdikləri təcrübədən bəhrələnmək mənim müəllimlik fəaliyyətim üçün çox vacib amillərdən biridir.

- İlk dərs gününüz necə keçdi?

- Həmin gün mən həyatımın bəlkə də ən xoş anlarından birini yaşadım. İllərlə arzuladığım və səbirsizliklə gözlədiyim bir gün gəlmişdi. Və mən artıq ali təhsilli müəllim kimi sinfə daxil olurdum. Bundan qürur duyuram. Şagirdlərim mənə müəllim deyə müraciət edir, mən də onlara keçdiyim mövzuları həvəslə başa salıram. Dərs dediyim şagirdlər oxumağa, öyrənməyə çox həvəslidirlər. Şagirdlərimin saf və mənalı baxışları, oxumaq istəyi mənə işimə məsuliyyət və peşəkarlıqla yanaşmaqla yanaşı, onları mükəmməl şəkildə öyrətmək, eyni zamanda sanki öz övladım olaraq münasibət bəsləmək kimi vəzifə borclarımı bir daha xatırlatdı.

- Hər gün kifayət qədər uzaq bir məsafəni getmək sizə problem yaradırmı?

- Xeyr, heç bir problem yoxdur. Rayon mərkəzindən 22 km uzaqlıqda yerləşən kənd məktəbində işləyirəm. Kənd məktəbində çalışmağın da üstünlükləri var. Onlardan biri ucqar kəndlərdə fəaliyyət göstərən müəllimlərə həvəsləndirmə tədbirlərinin tətbiqidir. Bu isə o deməkdir ki, dövlət biz gənclərin yaxşı işləməsi, fəaliyyət göstərməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün hər cür imkanlar yaradır. Çalışdığım kənddə əzəmətli dağların təmiz havası ilə buradakı sakinlərin saflığı əvəzsiz bir harmoniya yaradır. Kənd əhalisi olduqca qonaqpərvər, mehribandır.

Özümü kənardan gəlmiş kimi deyil, artıq bu kəndin bir sakini kimi hiss edirəm.

- Müəllim olaraq qarşınıza qoyduğunuz əsas hədəflər...

- Tanınan, peşəkar və yaradıcı müəllim olmaq istəyirəm. Bunun üçün isə bilirəm ki, üzərimdə çox işləməli, dərslərimdə müasir təlim texnologiyalarından səmərəli istifadə etməyi bacarmalı, bütövlükdə təhsilimizdə baş verən proseslərdən xəbərdar olmalı, tətbiq edilən yenilikləri daim izləməliyəm. Şagirdlərimin sevimlisinə çevrilmək, sözün həqiqi mənasında, yaxşı müəllim olmaq, öz işimlə fərqlənmək arzusundayam.

- Bu il ilk dəfə olaraq siz də bir müəllim kimi peşə bayramınızı- Beynəlxalq Müəllimlər Gününü qeyd edirsiniz. Müəllimlərə arzunuz?

- Hər dəfə təhsil işçilərinin peşə bayramı qeyd olunanda və müəllimlərimizi təbrik edərkən bir anlıq özümü onların yerində təsəvvür edirdim. O bayram sevincini mən də yaşamaq istəyirdim. Artıq bu arzum reallaşıb. Uşaqlıqdan arzusunda olduğum bir peşənin-müəllimliyin ilk bayram ab-havasını yaşayır və ən xoş arzularımı təhsil işçiləri ilə bölüşürəm. Bir gənc müəllim kimi təhsil işçilərini peşə bayramı münasibəti ilə təbrik edir, onlara, eyni zamanda özümə də uğurlarımızın çox olmasını arzulayıram.
 

Raminə MƏMMƏDOVA,
Göygöl Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴