1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Dünyanın məşhur boksçuları internat məktəbində
06.10.2017 / No37

 

 

 


Şagirdlər ifaları, idman hərəkətləri və əl işləri ilə əcnəbi qonaqları heyrətləndiriblər

Sifai SƏFƏROVA

Xəbər verildiyi kimi, Bakıda Ümumdünya Boks Şurasının 55-ci Konvensiyası keçirilib. Oktyabrın 1-dən başlayan konvensiya ayın 6-dək davam edib. Bu möhtəşəm tədbirə 164 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Nümayəndə heyətini oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. Görüşdə dövlət başçısı dünya ölkələrinin məşhur idmançılarını bir araya gətirən növbəti konvensiyanın Azərbaycanın paytaxtında keçirilməsindən məmnun qaldığını bildirib. Bu əlamətdar hadisənin uşaq və yeniyetmələrimizin, eləcə də gənclərimizin idmanın bu növünə olan maraqlarını bir daha artıracağına inam ifadə olunub.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Ümumdünya Boks Şurasının rəhbəri Maurisio Süleymanın başçılığı altında Avropa Boks İttifaqının, Şimali Amerika Boks Federasiyasının, Britaniya Boks Nəzarəti Şurasının prezidentləri, WBC versiyası üzrə keçmiş dünya çempionları Evander Holifild, Kostya Dzyu, Yuri Arbaçkov, Vitali Kliçko, Nino Benvenuti, Karlos Zarate, Azumah Nelson, Bernard Hopkins və WBC versiyası üzrə hazırkı dünya çempionu Jelena Mrdjenoviç daxil idilər. Sevindirici haldır ki, nümayəndə heyətinin bir qrup üzvü elə həmin gün paytaxtdakı valideyn himayəsindən məhrum olan uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin şagirdləri ilə də görüşə yollanıb. Boks üzrə məşhur dünya çempionlarının internat məktəbi şagirdlərinin görüşünə gəlməsi yeniyetmələrin hədsiz sevincinə səbəb olub. Çünki onlar adlarını qəzet və jurnal səhifələrindən oxuduqları, televiziya kanallarından eşitdikləri bu tanınmış idmançılarla canlı ünsiyyətdə olmaq imkanı qazanıblar.

Tədbir başlanmazdan öncə qonaqlar məktəblə ümumi olaraq tanış olublar. Onlar sinif otaqlarını gəzərək uşaqlarla ünsiyyət yaradıblar. Siniflərin birində şagirdlər Səməd Vurğunun “Azərbaycan” şeirini gözəl intonasiya ilə xorla söyləyiblər və bu, qonaqlarda olduqca xoş ovqat yaradıb. Daha sonra onlar məktəbin idman zalına daxil olublar. Yeniyetmə idmançılar da öz növbələrində əcnəbi qonaqların qarşısında müxtəlif idman növlərini nümayiş etdiriblər. Qonaqlar balaca atletlərin çevik idman hərəkətlərindən məmnun qaldıqlarını söyləyib və onlara müxtəlif qalibiyyət nişanları hədiyyə ediblər. Uşaqların əl işlərindən ibarət sərgi də əcnəbi qonaqların könlünü oxşayıb. “Qabiliyyətli əllər”, “Təsviri incəsənət”, “Musiqi mozaikası” dərnəklərində isə onlar təəccüblərini gizlədə bilməyib heyran qaldıqlarını etiraf ediblər. Qonaqlar uşaqların hər gün qıdalandığı yeməkxanaya da baş çəkiblər. Orada onlar daha bir xoş sürprizlə qarşılanıblar. Öncə istedadlı şagirdlərdən ibarət məktəbin nəfəs alətləri özfəaliyyət orkestrinin ifasında Dövlət himnimiz səslənib. Məktəbin direktoru Dilarə Məşədiyeva qonaqları bir daha salamlayaraq internat məktəbləri arasında aparılan bilik və idman yarışlarında yetirmələrinin qazandıqları uğurlardan bəhs edib. Bildirib ki, onlar badminton, həndbol və basketbol üzrə keçirilən respublika yarışlarında birincilik qazanaraq fəxri fərman və diplomlarla mükafatlandırılıblar. Belarus və Ukraynada keçirilən beynəlxalq futbol yarışlarına qatılaraq III yeri tutublar.
Sonra meydan istedadlı şagirdlərə verilib. Onlar hazırladıqları milli və dünya rəqslərindən nümunələri təqdim edib, şeir və mahnılar səsləndiriblər.

Məktəblilər üçün tarixi olan bu görüşün sonunda məşhur idmançılar şagirdlərə müxtəlif hədiyyələr təqdim edib və onlarla xatirə şəkli çəkdiriblər.
 

yuxarı ⤴