1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Müəllim hazırlığı: məqsədlərimiz, strateji hədəflərimiz
08.10.2016/№39

 

 


Nəslimiz öz milli-mənəvi dəyərlərini öyrəndikcə öz keçmişindən qürur duyur və onlarda öz soyuna, kökünə, millətinə bağlılıq daha da möhkəmlənir.

Heydər ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Gənclərinin Birinci Forumundakı nitqində demişdir: “Xalqımızın tarixinin əsasını təşkil edən bütün mərhələlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır... Gənclərimiz milli ruhda, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir”. Deməli, yetişməkdə olan gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, təlim və tərbiyə işlərinin milli zəmində qurulması, tariximizin, mədəniyyətimizin, pedaqoji irsimizin öyrənilməsi hər zaman olduğu kimi, bu gün də aktuallığı ilə diqqəti cəlb edir. Müdriklər yaxşı demişlər ki, keçmişi unutma, çünki o gələcəyin müəllimidir.
Bu il ölkəmizin ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaranmasının 95 ili tamam olur. Ümummilli liderimiz Heydər Əliyevin yüksək qiymət verdiyi Azərbaycan müəllimləri müstəqil respublikamızın intellektual potensialının formalaşmasında böyük əmək sərf etmişlər. Ölkəmizdə yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadrların hazırlanmasında ADPU-nun professor-müəllim heyətinin və onun məzunlarının xüsusi payı vardır. Bu illər ərzində Pedaqoji Universitet böyük inkişaf yolu keçməklə bərabər, zəngin ənənələrə malik elm və təhsil müəssisəsi kimi tanınmışdır. Pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası məhz bu ali məktəbdə təşəkkül tapmış, inkişaf edərək indiki yüksək səviyyəsinə çatmışdır. Çoxillik fəaliyyəti dövründə ADPU yalnız respublikamız üçün deyil, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Bolqarıstan və digər ölkələr üçün də yüksəkixtisaslı müəllim və elmi kadr hazırlığı prosesini uğurla həyata keçirmişdir.
ADPU-nun tarixinə və keçdiyi yola nəzər salanda görürük ki, Azərbaycan Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə milli dildə fəaliyyətə başlayan bu ilk ali pedaqoji təhsil ocağı yeni təşkil olunan I və II dərəcəli məktəbləri yüksəkixtisaslı pedaqoji kadrlarla təmin etmək məqsədilə yaradılmışdı. Fəaliyyəti dövründə institut 150 mindən çox müəllim kadrları hazırlamış, bir sıra ixtisaslar üzrə elmi-pedaqoji kadr hazırlığının mərkəzinə çevrilmişdir.
İnstitut tədris və elmi-pedaqoji fəaliyyəti dövründə müxtəlif çətinliklərə də məruz qalmışdır. İki dəfə (1927-1929 və 1941-1943-cü illərdə) fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Lakin zamanın bütün çətinliklərindən şərəflə çıxaraq Azərbaycanda milli mədəniyyətin, elmin və təhsilin inkişafında xüsusi xidmətləri olan müəllim kadrları yetişdirməklə, millətin mənəvi potensialının formalaşmasında önəmli rolunu qoruyub saxlamışdır.
Qeyd etmək lazımdır ki, institutun ali təhsil ocağı kimi formalaşmasında və inkişafında Azərbaycan hökumətinin başçısı N.Nərimanov, xalq maarif komissarı D.Bünyadzadə, dövrün görkəmli ziyalıları - M.Quliyev, Ü.Hacıbəyli, V.Xuluflu, Ə.Übeydulin, B.Çobanzadə və sair ziyalıların xidməti əvəzsizdir. 95 il əvvəl yaranmış institutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur.
Sonralar direktor vəzifəsində çalışan M.Əfəndiyev, H.Mahmudbəyov, Ş.Manafov və C.Məmmədzadə Pedaqoji İnstitutun təşkilati baxımdan möhkəmlənməsi, o cümlədən tədrisin təşkili və elmi fəaliyyətin tənzimlənməsi istiqamətində səmərəli fəaliyyət göstəriblər. Onların həyata keçirdikləri konkret əməli tədbirlər yeni təhsil müəssisəsinin maddi-texniki bazasının qurulub möhkəmləndirilməsinə, fakültə və şöbələrin elmi-pedaqoji kadrlarla təmin edilməsinə, fəhlə və kəndli gənclərin ali təhsil almalarına təkan verdi. Rusiya, Qərbi Avropa, Türkiyə və Şərqin bir sıra tədris və elm mərkəzlərində təhsil alan yüksəkixtisaslı milli kadrlar burada pedaqoji fəaliyyətə cəlb edildilər. Onlara öz bilik və bacarıqlarını tədris prosesinə tətbiq etmələri üçün münasib şərait yaradıldı.
Azərbaycanda pedaqoji kadrların hazırlanması prosesini yaxşılaşdırmaq və ali məktəblərdə vahid rəhbərliyi təmin etmək məqsədilə Azərbaycan XKS 1926-cı il iyun ayının 16-da “Ali pedaqoji institutların yenidən təşkili haqqında” qərar qəbul etdi. Həmin qərara uyğun olaraq Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları BDU-nun Pedaqoji fakültəsinə birləşdirildi. BDU-nun Pedaqoji fakültəsi səmərəli fəaliyyət göstərməsinə baxmayaraq, ali təhsilli pedaqoji kadrlara olan ehtiyacı lazımınca ödəyə bilmədi. Buna görə də Pedaqoji fakültənin bazası əsasında müstəqil ali təhsil müəssisəsinin - Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPİ) yenidən yaradılması planlaşdırıldı. Respublikada ali pedaqoji təhsilin yenidən qurulmasında uğurlu addımlar atıldı. P.Qasımov instituta direktor, professor B.B.Komarovski isə direktor müavini təyin edildilər. BDU müvəqqəti olaraq öz fəaliyyətini dayandırdı. BDU-nun Pedaqoji fakültəsində çalışan tanınmış alimlərin əksəriyyəti ADPİ-yə müəllimliyə cəlb olundular.
1930-cu illərdə və 40-cı illərin əvvəllərində ADPİ-də təşkilati məsələlərin həllində, tədris və elmi-tədqiqat işlərinin düzgün qurulmasında direktor vəzifəsində çalışan P.Qasımovun, M.Bayramovun, B.Bünyadovun, M.Məmmədovun, D.Rəsulzadənin böyük xidmətləri oldu. Onların fəaliyyət göstərdikləri dövr tariximizin çox mürəkkəb, ziddiyyətli və faciələrlə dolu bir mərhələsidir. Sərt və ciddi qanunların tətbiqi ilə səciyyələnən həmin dövrdə Pedaqoji İnstitutda təhsilin tamamilə siyasiləşdirilməsi, sinfi mübarizənin gücləndirilməsi ali pedaqoji təhsilin inkişafında demokratik ənənələrin inkişafını ləngitməklə yeni, arzuolunmaz istiqamətin formalaşmasına zəmin yaratdı. 30-cu illərdə başlanan repressiya dalğası Azərbaycanın bir çox ziyalıları kimi, Pedaqoji İnstitutun da ən yaxşı müəllimlərinin məhv edilməsinə və ya sürgünə göndərilməsinə səbəb oldu. Ölkədə tüğyan edən repressiya dalğası ADPİ-nin kafedralarına rəhbərlik edən milli kadrlarla yanaşı, bəzi görkəmli rus alimlərinin də həyatını puç etdi, onların yerinə ermənilər asanlıqla yerləşdirildi.
Böyük Vətən müharibəsinin ilk illərində ADPİ-nin maliyyə imkanları tükəndi, tələbə və müəllim heyətinin maddi vəziyyəti ağırlaşdı. Bu səbəbdən də Azərbaycan XKS və Azərbaycan K(b)PMK-nın qərarı ilə institut 2-ci dəfə BDU ilə birləşdirildi. Müharibənin gedişində əsaslı dönüş yarandıqdan sonra ADPİ BDU-nun tərkibindən ayrıldı və müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyətə başladı. Bu dövrdə instituta rəhbərlik ardıcıl olaraq A.Abdullayev, M.Ələkbərli və Ə.Seyidova həvalə edildi. ADPİ-nin yenidən qurulması onun maddi-texniki bazasının xeyli möhkəmlənməsinə, tələbə kontingentinin genişlənməsinə imkan verdi. Cəbhədə həlak olan müəllimləri əvəz edə biləcək elmi-pedaqoji kadrlar hazırlamaq üçün məqsədyönlü işə başlandı.
Xronoloji ardıcıllığa əsasən, ötən əsrin 50-70-ci illərində tanınmış elm və maarif xadimləri - C.Hacıyev, M.Mehdizadə, H.Qədirov, C.Ələsgərov, M.Vəkilov, M.Əliyev, Ş.Ağayev ADPİ-nin direktoru (rektoru) vəzifəsində çalışıblar.
50-60-cı illərdə M.Muradxanov, Ə.Zəkuzadə və Ə.Əbdülrəhmanova professor elmi adının verilməsi, professor A.Abbaszadənin RSFSR PEA-nın müxbir üzvü, M.Mehdizadənin SSRİ PEA-nın həqiqi üzvü seçilməsi böyük elmi hadisə kimi gənc elmi kadrların inkişafına təkan verən əsas amilə çevrildi. Fəxrlə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının 10 prezidentinin 3-ü - Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev ADPU-nun məzunları, SSRİ PEA-nın həqiqi və müxbir üzvü seçilən azərbaycanlı alimlər - M.Mehdizadə, A.Abbaszadə, H.Əhmədov, S.İmanov ADPU-nun əməkdaşları olmuşlar.
Pedaqoji Universitet Azərbaycanda elmin və təhsilin inkişafına dəyərli töhfələr verən tanınmış alimlər yetişdirmiş, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb inkişaf etmişdir. Bu ali təhsil müəssisəsində pedaqogika və psixologiya (Ə.Y.Seyidov, M.M.Mehdizadə, Ə.K.Zəkuzadə, M.Ə.Muradxanov, Ş.S.Ağayev, H.M.Əhmədov, Ə.Ə.Əlizadə), riyaziyyat (M.R.Əfəndiyev, M.Ə.Cavadov, İ.İ.İbrahimov, M.H.Cavadov), fızika (A.Q.Abbaszadə, S.Ş.İmanov, M.İ.Murquzov), kimya (H.Şahtaxtinski, Ş.Ə.Məmmədov, A.Ə.Verdizadə), biologiya (Z.M.Şahtaxtinskaya, A.İ.Qarayev), tarix (Z.İ.İbrahimov, Y.B.Yusifov), filologiya (B.V.Çobanzadə, M.Ş.Şirəliyev, Ə.M.Dəmirçizadə, M.H.Rəfili, Ə.R.Sultanlı, H.M.Araslı, F.S.Qasımzadə, A.M.Qurbanov, H.İ.Mirzəyev), fəlsəfə (H.İ.Hüseynov) və başqa sahələr üzrə elmi məktəblər və istiqamətlər yaradılıb inkişaf etdirilmişdir.
Xalqımızın fəxr etdiyi yüzlərlə tanınmış alim, yaradıcı ziyalı, ictimai və dövlət xadimi ADPU-da təhsil almışdır. Universitetin məzunlarından Y.Məmmədəliyev, H.Hüseynov, Z.Xəlilov, H.Abdullayev, M.Rəsulov, Ə.Hüseynov, İ.Hüseynov, S.Rəhimov, Ş.Qurbanov, A.Qarayev, Ə.Sumbatzadə, M.Dadaşzadə, M.Cəfərov, İ.İbrahimov, M.Şirəliyev, İ.Şıxlı, H.Əmirxanov kimi tanınmış elm və mədəniyyət xadimləri çoxdan xalqımızın elm və şöhrət simvollarına çevrilmişlər. Onların hər birinin adı xarici ölkələrdə keçirilən beynəlxalq səviyyəli nüfuzlu elmi məclislərdə böyük iftixarla çəkilir.
Sovet İttifaqı Qəhrəmanları - Mehdi Hüseynzadə, Xıdır Mustafayev, Fariz Səfərov, Səlahəddin Kazımov, Sosialist Əməyi Qəhrəmanları - Səfa İmanov, Zərbəli Səmədov, Rüstəm Səfərəliyev, Azərbaycanın Milli Qəhrəmanları Mirələkbər İbrahimov, Mətləb Quliyev, “Azərbaycan Bayrağı” ordenli Malik Bayramov, Mürşid Məmmədov igidlik, hünər, vətənpərvərlik rəmzi kimi xatırlanırlar. Onlar mərdlik və şücaətləri ilə məzunu olduqları ADPU-nun şərəfini uca tutmaqla on minlərlə insana örnək və tərbiyə nümunəsidir. ADPU-nun məzunları müxtəlif ali məktəblərdə, elmi-tədqiqat institutlarında, dövlət təşkilatlarında uğurla fəaliyyət göstərirlər.
Qeyd edək ki, ADPU-nun 95 illik tarixinin bütöv bir mərhələsində (1969-1987 və 1993-2003-cü illər) qazanılan uğurlar bilavasitə ümummilli liderimiz Heydər Əliyevin unudulmaz adı və çoxşaxəli fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. “Təhsil millətin gələcəyidir!” deyən ümummilli lider Heydər Əliyev daim ADPU-nu yüksək qiymətləndirmiş, 5 dəfə ADPU-da olmuş, professor-müəllim və tələbə kollektivinə çox dəyərli tövsiyə və məsləhətlər vermiş, hər bir əməkdaşın arzu və istəkləri ilə maraqlanmışdır. Müdrik siyasi xadim, görkəmli dövlət rəhbəri Heydər Əliyevin dəyərli tövsiyələri ADPU-da təhsil-tərbiyənin səmərə və keyfiyyətinin yüksəldilməsində, qəbul imtahanları prosesində obyektivlik və ədalətin təmin olunmasında, nöqsanların aradan qaldırılmasında, gənclərin ictimai fəallığının artırılmasında, yüksək səviyyəli elmi-pedaqoji kadr hazırlığında həlledici rol oynamışdır.
Ulu öndərin ADPİ-nin 60 illik yubileyi ilə bağlı təntənəli mərasimdə “Azərbaycan Dövlət Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir” -cümlələri ilə ali məktəbə verdiyi yüksək qiymət institut əməkdaşlarının sonrakı fəaliyyətinə yeni, sağlam nəfəs vermişdir.
Öz idarəçilik və dövlətçilik fəaliyyətində müəllim adına, müəllim əməyinə yüksək qiymət verən ümummilli liderimiz Heydər Əliyevin müəllimlə bağlı belə bir müdrik fikri var: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamımızın rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir. Mən müəllim qarşısında baş əyirəm”.
Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müəllim adına, müəllim əməyinə yüksək qiymət verərək demişdir: “Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər Azərbaycan cəmiyyətinin elitasıdır”.
70-80-ci illərdə institutda tədris və elmi fəaliyyətin səviyyəsinin yüksəldilməsi, yüksəkixtisaslı müəllim kadrlarının hazırlanması, maddi-texniki bazanın genişləndirilməsi, yeni tədris korpusları və tələbə yataqxanalarının tikilməsi istiqamətində konkret tədbirlər həyata keçirildi. ADPU-nun rəhbərliyi dəyişdirildi. Əvvəlcə professor Haşım Ağayev, sonra professor Afad Qurbanov instituta rektor təyin olundular.
80-ci illərin sonları 90-cı illərin əvvəllərində ölkədə mövcud olan ictimai-siyasi şərait, hakimiyyət uğrunda gedən mübarizə, ermənilərin işğalçılıq siyasəti tədris prosesində və elmi-tədqiqat işlərində geriləməyə səbəb oldu. Ölkəmizə erməni-sovet hərbi qruplaşmalarının təcavüzü, eyni zamanda ölkə daxilində hakimiyyət uğrunda mübarizə aparan səriştəsiz müxalifət qruplarının qanunazidd üsullarla hakimiyyətə yiyələnmək təşəbbüsləri nəticəsində respublikada nizam-intizam pozuldu. Bütün bunlar ADPU-da normal tədris fəaliyyətinə mane olurdu. Belə çətin bir şəraitdə xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə gəldi və “Mən öz ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, - deyərək müasir Azərbaycan dövlətini qurmaq missiyasını həyata keçirməyə başladı. Beləliklə, ölkədə alovlanmaqda olan vətəndaş müharibəsinin qarşısı alındı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik son qoyuldu, ictimai-siyasi sabitlik təmin edildi. Ermənilərlə hərbi qarşıdurmada tarazlığa nail olundu, hərbi əməliyyatlar dayandırıldı, münaqişənin dinc yolla aradan qaldırılması üçün ilkin şərait yarandı. Qonşu dövlətlərlə yaranmış gərginlik tədricən aradan qaldırıldı. Ölkədə və cəbhədə yaranmış sabitlik və Heydər Əliyevə inam nəticəsində 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın böyük neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Respublikada irimiqyaslı sosial-iqtisadi problemlərin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Ümummilli lider Heydər Əliyev böyük siyasi məharətlə Azərbaycanı, dövlətçiliyimizi, müstəqilliyimizi təhdid edən bütün bəlaları dəf etdi, iqtisadiyyatımızın, beynəlxalq əlaqələrimizin, milli birliyimizin möhkəm özülünü quraraq bizlərə əmanət etdi. Cəmiyyətin bütün potensialı mənəvi-psixoloji, sosial-iqtisadi mühitin sağlamlaşmasına, millətin tərəqqisinə və inkişafına yönəldi. Bütün tədris və elm müəssisələri kimi, ADPU-nun da səmərəli fəaliyyəti üçün əlverişli zəmin yarandı.
ADPU ölkəmizdə ali pedaqoji məktəblər arasında universitet statusu alan ilk tədris və elm ocağıdır. Belə ki, 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir. Zəngin elm və təhsil ənənələrinə malik olan ADPU respublikamızda ali pedaqoji təhsilin öncülü hesab edilir.
ADPU-ya 1989-1994-cü illərdə professor Səlvər Aslanov, 1994-1996-cı illərdə professor Nizami Xudiyev, 1996-2006-cı illərdə professor Bəhlul Ağayev, 2006-2016-cı illərdə professor Yusif Məmmədov rəhbərlik ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2016-cı il tarixli Sərəncamı ilə ADPU-nun rektoru vəzifəsinə professor Cəfər Cəfərov təyin olundu.
Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi, siyasi, sosial, hüquqi islahatların həyata keçirilməsində, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun genişlənməsində, milli və dünyəvi dəyərlərin bərqərar edilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında, demokratik təsisatların yaradılmasında, bazar iqtisadiyyatına keçid prosesində əldə edilən nailiyyətlərin mühüm bir hissəsi təhsilin payına düşür. Təhsil bilik, bacarıq və qabiliyyətlərin gənc nəslə öyrədilməsi və ötürülməsi prosesidir. Təhsil geniş anlayışdır, onun müxtəlif pillələri, mərhələləri vardır. Təhsil sahəsində qarşıya qoyulan vəzifələr tədris prosesində gerçəkləşdirilir. Ali təhsil bütövlükdə təhsil sisteminin ən mühüm, ən vacib mərhələlərindən biridir. Çünki ali təhsil hər bir ölkənin insan kapitalının formalaşmasında böyük rol oynayır. İnsan kapitalı isə insanın malik olduğu qabiliyyət, qazandığı bilik, bacarıq və motivasiya imkanlarını müəyyən edir. Təhsil cəmiyyətin inkişafının özülünü təşkil etməklə yanaşı, həm də ölkənin təhlükəsizliyinin, sabitliyinin təmin edilməsində mühüm amil kimi çıxış edir. Dövlət başçımızın qeyd etdiyi kimi, “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”.
Ölkəmizdə təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilən və həyata keçirilən proqramlar nəticəsində təhsilin infrastrukturu müasir tələblərə uyğun qurulmuş, təhsilin məzmunu yeniləşdirilmiş, “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli kurikulum)” təsdiq olunmuş, yeni dərslik siyasəti reallaşdırılmış, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlər tətbiq edilmiş, təhsil müəssisələri informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilmiş, təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuş, maddi dəyərlərdən əldə edilən kapital insan kapitalının inkişafına yönəldilmişdir.
Dövlət başçımız İlham Əliyevin sərəncamları ilə təhsil, səhiyyə, elm və mədəniyyət sahəsində inkişafyönümlü proqram və layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” və digər layihələri özünün humanist məqsədləri ilə diqqəti cəlb edir. Milli-mənəvi dəyərlərimizin qorunmasına, bütün dünyada təbliğinə böyük töhfələr verən Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr, humanitar yönümlü proqramlar ölkəmizdən çox-çox uzaqlarda da böyük rəğbətlə qarşılanır. Xarici ölkələrdə (Pakistan, İtaliya, Rusiya, Fransa, Gürcüstan və s.) Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa olunan məktəb binaları, təmir edilən mədəniyyət abidələri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin bariz nümunəsidir.
Ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun zəngin və mənalı həyat yolunu, çoxşaxəli fəaliyyətini dərindən öyrənmək, təbliğ etmək, gələcəyin müəllimlərini dövlətçiliyə sədaqət və azərbaycançılıq ruhunda tərbiyə etmək ADPU-nun professor-müəllim heyətinin ən ümdə vəzifələrindəndir. Heydər Əliyev irsində Vətən sevgisi, Azərbaycan sevgisi, azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi, insanın insana, insanın Vətəninə, xalqına, dövlətinə sədaqət hissi mühüm yer tutur. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması, hər bir gəncdə azərbaycançılıq hissinin formalaşdırılması, gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə olunması ən vacib şərtlərdən biridir. Ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq ADPU-nun foyesində abidəsi qoyulmuş, nadir eksponatları sərgiləyən, professor-müəllimlərin, tələbələrin və universitetin qonaqlarının ziyarət məkanına çevrilən Heydər Əliyev Muzeyi yaradılmışdır. Zəngin irsin gənc nəslə çatdırılması məqsədilə “Heydər Əliyev məktəbinin lektoriyası” təşkil edilmiş, ADPU-nun 2 nömrəli tədris binasında möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılmışdır. Heydər Əliyevin nəzəri irsini dərindən öyrənmək məqsədilə universitetin professor-müəllim heyəti, tələbələri və doktorantları üçün xüsusi kurslar təşkil edilmişdir.
Hazırda ADPU-da 8 fakültə - Filologiya, Tarix və coğrafiya, Riyaziyyat və informatika, Kimya və biologiya, Fizika və texnologiya, Məktəbəqədər təhsil, Psixoloji xidmət və korreksiyaedici təlim, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq, İbtidai təhsil fakültələri, Magistratura və doktorantura şöbəsi, həmçinin SABAH qrupları fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan ən mühüm vəzifələrdən biri də müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması və təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılmasıdır. Dövlət Strategiyasının bu tələblərinə uyğun olaraq, ölkə Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya birləşməsi və onun filiallarının ADPU-nun strukturuna çevrilməsi nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan unikal ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir. Bununla yanaşı, Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb. Qeyd edək ki, dövlət başçımızın 2016-cı il 29 aprel tarixli Sərəncamı ilə ADPU-nun Qazax filialı Bakı Dövlət Universitetinə, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinə verilib. Hazırda ADPU-nun 5 filialı - Ağcabədi, Cəlilabad, Quba, Şəki və Şamaxı filialları fəaliyyət göstərir.
Qeyd etdiklərimizlə bərabər, təhsil naziri Mikayıl Cabbarovun 20 iyul 2016-cı il tarixli əmri ilə Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb 2016-2017-ci tədris ilindən ADPU-nun baza məktəbi kimi müəyyənləşib ki, bu da ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən təhsil islahatlarının, eləcə də yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması prosesinin tərkib hissəsidir və nəticə etibarilə təhsilin keyfiyyətinin yaxşılaşmasına xidmət edir.
Baş verən struktur dəyişiklikləri nəticəsində ADPU-nun fəaliyyət dairəsi genişlənib, professor-müəllim heyətinin və tələbə kollektivinin sayı xeyli artıb. ADPU-da hazırda filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən 20 minə yaxın tələbə təhsil alır. Universitetdə 67 elmlər doktoru, 61 professor, 273 dosent, 354 fəlsəfə doktoru çalışır. ADPU-da ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 18 ixtisas üzrə pedaqoji kadr hazırlanır. Universitetin 1 professoru AMEA-nın müxbir üzvü, 4 professoru isə əməkdar elm xadimidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş ADPU bu gün öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Qarşımızda böyük strateji hədəflərimiz, ali məqsədlərimiz var. Hazırda ADPU-da şəffaf və obyektiv təhsil mühitinin yaradılması, yeniliyin və müasirliyin təmin edilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunması, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması əsas vəzifələrdir. Müasir əmək bazarının tələbləri öyrənilməli və bu tələblərə cavab verə biləcək pedaqoji kadrların hazırlanması istiqamətində səmərəli və məqsədyönlü iş aparılmalıdır. Fəaliyyəti uyğun gələn və yaxud eyniyönümlü kafedralar birləşdirilməli, kafedralar, elmi-tədqiqat laboratoriyaları fəaliyyətlərini yenidən qurmalı və yüksək elmi nəticələrə nail olmalıdırlar.
ADPU-da maddi-texniki bazanın möhkəmləndirilməsi, ali pedaqoji təhsilin məzmun və formasının təkmilləşdirilməsi, professor-müəllim heyəti və tələbə kollektivi arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması istiqamətində əməli tədbirlər həyata keçirilir. Struktur islahatlarının həyata keçirilməsi, idarəetmənin optimallaşdırılması, fəaliyyətinin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik idarəetmə sisteminin formalaşdırılması və universitetin idarə edilməsinin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması istiqamətində ciddi addımlar atılır. Tədrisin məzmununun müasirləşdirilməsi, ADPU-nun inkişafı, fəaliyyətinin yenidən qurulması ilə bağlı fəaliyyət planının hazırlanması, tədris işi ilə bağlı dünya təcrübəsinin, habelə ölkədə toplanmış qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq edilməsi, peşə hazırlığı fənləri ilə yanaşı, xarici dillərin tədrisinin gücləndirilməsi, tədris planlarının təkmilləşdirilməsi, tələbələrin dərslik və dərs vəsaitləri ilə təminatının yaxşılaşdırılması, kitabxana fəaliyyətinin modernləşdirilməsi, elektron kitabxana şəbəkəsinin, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi və beynəlxalq informasiya resurslarına çıxış imkanlarının təmin edilməsi qarşımızda dayanan əsas vəzifələrdir. Elmi-tədqiqat laboratoriyalarının işi yenidən qurulmalı, elmi-tədqiqatların dövlət sifarişi və qrant layihələri əsasında maliyyələşdirilməsi mexanizmi hazırlanmalı, elmi-tədqiqat laboratoriyalarının işinin təşkilində innovativ fəaliyyəti stimullaşdıran qrant sisteminin yaradılması və tətbiqi istiqamətində tədbirlər həyata keçirilməli, təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistem və keyfiyyətin monitorinqi və qiymətləndirmə mexanizmləri yaradılmalıdır. İnformasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastruktur yaradılmalı, universitetin bütün struktur bölmələri kompüter avadanlıqları ilə təchiz olunmalı, professor-müəllim heyətinin və hər bir tələbənin internetə rahat çıxışı təmin edilməli, professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistem yaradılmalı, bu məqsədlə də yeni ixtisasartırma və rəqabətəsaslı təlimlər sisteminin yaradılmasına başlanılmalı, ayrı-ayrı ixtisaslar və fakültələr üzrə reytinq sistemi formalaşdırılmalıdır. ADPU-da, onun filiallarında və ADPK-də tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır.
Qeyd etmək istəyirəm ki, diferensial əməkhaqqı sistemi ali təhsilin modernləşməsində mühüm rol oynayır. Buna görə də sağlam və ədalətli rəqabət şəraitində əməkdaşların maddi motivasiyasının yaxşılaşdırılması məqsədilə səriştə və nəticə əsaslı diferensiallaşdırılmış rəqabətqabiliyyətli əməkhaqqı sisteminin yaradılması vacib vəzifələrdir. Eyni zamanda əməkdaşların icra intizamı, təşəbbüskarlıq, xidməti fəaliyyətinin qiymətləndirilməsi və əmək intizamına nəzarət xidmətinin gücləndirilməsi, ADPU-nun fəaliyyəti ilə bağlı marketinq və ictimaiyyətlə əlaqələr işinin təşkili, universitetin fəaliyyəti ilə bağlı təbliğat və təşviqatın genişləndirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi də olduqca vacibdir. ADPU-da mütəmadi olaraq respublika və beynəlxalq miqyaslı konfranslar, simpoziumlar, seminarlar, treninqlər, olimpiadalar, təhsil karyera sərgiləri keçirilməli, beynəlxalq tələbə mübadiləsi gerçəkləşdirilməli, orta təhsil müəssisələri ilə əlaqələr genişləndirilməlidir. Həmçinin ADPU öz məzunları ilə sıx əlaqə saxlamalı, onları universitetin ümumi inkişaf prosesinə cəlb etməlidir. Universitet elmi kəşflərin və ixtiraların biznes layihələri, qrant layihələri ilə birləşdiyi bir məkana çevrilməlidir. Tələbə-gənclər universitetin idarə edilməsinə yaxından cəlb edilməli, onların yaradıcı təşəbbüsləri nəzərə alınmalıdır. Universitetin saytının rus və ingilis dillərində versiyaları hazırlanmalı, yeni loqosu yaradılmalı, veb-səhifəsi yenilənməli, daxili radio yaradılmalı, təhsilin idarə edilməsində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından maksimum istifadə edilməli, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı genişləndirilməlidir.
2016-2017-ci tədris ilinin elmi-statistik təhlilini də diqqətinizə çatdırmağı məqsədəuyğun hesab edirəm. İlk olaraq qeyd etmək istəyirəm ki, universitetdə yaradılmış Sənəd Qəbulu Komissiyası (SQK) 15-31 avqust tarixlərində bu ali məktəbin Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanında yerləşən 1 nömrəli tədris korpusunda şənbə və bazar günləri istisna olmaqla hər gün saat 09:00-dan 17:00-a kimi fəaliyyət göstərib. Tələbə-gənclərin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılıb. SQK universitetə qəbul olunmuş I kurs tələbələrinin qanun çərçivəsində və çevik şəkildə qeydiyyata alınmalarına və sənədləşmənin düzgün aparılmasına nəzarət edib. ADPU-da fəaliyyət göstərən 8 fakültənin dekanları, dekan müavinləri və əməkdaşları, eləcə də Tələbə Gənclər Təşkilatının üzvləri tələbələrin qeydiyyata alınmasında yaxından iştirak ediblər. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilədə nəzərdə tutulmuş öhdəliklər onlara aydın izah edilib. Bir sözlə, universitetdə qeydiyyat çevik, mütəşəkkil və qanun çərçivəsində həyata keçirilib. Həmçinin filiallarda yaradılmış sənəd qəbulu komissiyaları da öz işlərinin öhdəsindən layiqincə gəliblər.
ADPU və onun filiallarına 2016-2017-ci tədris ilində tələbə qəbulunun nəticələri isə bu ali təhsil müəssisəsinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından maraqlıdır. Belə ki, 2016-2017-ci tədris ilində ADPU-nun Azərbaycan bölməsinə 2090, rus bölməsinə 230 tələbənin qəbul edilməsi nəzərdə tutulmuşdu.
Hazırda qeydiyyatdan keçənlərin sayı 2159 nəfərdir. 1258 tələbə dövlət sifarişi, 896 tələbə isə ödənişli əsaslarla qəbul olub. Digər ali təhsil müəssisələri ilə müqayisədə ADPU-ya dövlət sifarişli yerlərin çoxluğu müəllim peşəsinə qəbul olunanlara dövlət tərəfindən rəğbətləndirmənin tətbiqinin nəticəsidir.
Bu il “Fizika müəllimliyi”, “İnformatika müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “Korreksiyaedici təlim”, “Məktəbəqədər təlim və tərbiyə”, “Təhsildə sosial-psixoloji xidmət”, “Kimya və biologiya müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” (qızlar üçün fiziki tərbiyə) ixtisasları üzrə ilk dəfə rus bölməsinə tələbə qəbulu aparılmışdır.
Qeyd olunmalıdır ki, əvvəlki illərdə rus bölməsinə yalnız “Tarix müəllimliyi”, “Riyaziyyat müəllimliyi”, “İbtidai sinif müəllimliyi” və “Biologiya müəllimliyi” ixtisasları üzrə tələbə qəbulu aparılırdı. Bu il isə rus bölməsinə 14 ixtisas üzrə tələbə qəbulu aparılıb və 140 tələbə qəbul olunub. Bu da əvvəlki illərlə müqayisədə müsbət göstəricidir.
Cari ildə 500 və 500-dən yuxarı bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı 117 nəfərdir.
Universitetə yeni tədris ilində qəbul olunmuş və qeydiyyatdan keçmiş tələbə-gənclərlə aparılan sosioloji sorğunun nəticələri göstərir ki, bu gənclər düşünülmüş şəkildə, ürəklərinin hökmü ilə və böyük həvəslə müqəddəs, şərəfli, eyni zamanda, məsuliyyətli peşə olan müəllimliyi seçiblər. Belə ki, sorğuda iştirak edən tələbələrin 70-80%-i müəllim peşəsini sevdiklərini bildirir və ADPU-da keyfiyyətli ali təhsil alacaqlarına inanırlar. Sorğuda iştirak edən həmin tələbələrin fikirlərinə görə, strateji hesab olunan pedaqoji sahədə fəaliyyət göstərmənin təməli, onların mükəmməl təhsil alacaqları ali təhsil müəssisəsi ilə daha çox bağlıdır. Bu ali təhsil müəssisəsi isə ADPU-dur.
Ayrı-ayrı ixtisaslara 2015-2016-cı tədris ilində qəbulun nəticələrinin müqayisəsində də maraq doğuran məqamlar var. Belə ki, ötən tədris ilində “Fizika müəllimliyi” ixtisasına maksimum qəbul balı 372, bu il isə 509 bal olmuşdur.
Ötən tədris ili ilə müqayisədə bu il “Tarix və coğrafiya müəllimliyi” ixtisasına yüksək balla daxil olanların sayı xeyli artmış, maksimum bal həddi 504-dən 603 bala yüksəlmişdir. Bu ixtisas üzrə keçən il cəmi 3 nəfər 500 bal topladığı halda, bu il onların sayı 13 nəfər olmuşdur.
“Korreksiyaedici təlim” ixtisasına keçən il maksimum keçid balı 499 olduğu halda, cari ildə bu rəqəm 558 bala yüksəlmişdir.
Cari tədris ilində yüksək bal toplayaraq ADPU-ya dövlət sifarişi əsasında qəbul olunmuş tələbələr ümumilikdə universitetə qəbul olunmuş tələbələrin təxminən 80%-ni təşkil edir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, yeni tədris ilində ADPU-ya ali təhsilin bakalavriat pilləsində qəbulolunma faizi 97,18-dir. Magistratura səviyyəsində qəbulolunma faizi isə 92,42-dir. Bu göstəricilərə görə ADPU universitetlər arasında III yeri tutub. Bu il həm ali təhsilin bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində göstəricilər əvvəlki illərlə müqayisədə uğurlu hesab edilməlidir.
ADPU-da əsaslı və cari təmir işləri həyata keçirilir. Bu da öz növbəsində təhsil-tədris və əmək şəraitinin yaxşılaşması, eləcə də universitetin yeni imicinin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. Bütövlükdə fəaliyyətimizdə Təhsil Nazirliyinin xüsusi qayğı və diqqətini hiss edirik.
Bir məqamı da vurğulamaq istəyirəm ki, bu il ADPU-ya qəbul olunmuş I kurs tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılacaqdır. Kollokvium və imtahanların yazılı formada keçirilməsində məqsəd tədrisin keyfiyyətini yaxşılaşdırmaq, şəffaflığı və obyektivliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin elmi dünyagörüşünün, məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə, həmçinin onların yazı mədəniyyətinin və bütövlükdə ümumi mədəni səviyyələrinin yüksəlməsinə kömək etməkdir.
Sonda isə qeyd etmək istərdim ki, həyatımızın sürətlə dəyişməsi, inkişaf etməsi qarşımıza yeni tələblər və çağırışlar qoyur. Biz qarşımızda dayanan bütün vəzifələrin uğurlu həllinə məsuliyyət hissimizi dərindən dərk etməklə bərabər, möhkəm nizam-intizam, o cümlədən yüksək peşəkarlığımız sayəsində nail ola bilərik. Yüksək səviyyəli pedaqoji kadrların hazırlanması, cəmiyyətdə müəllim peşəsinin nüfuzunun yüksəldilməsi, onların bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin yaxşılaşdırılması və bütövlükdə ölkəmizdə insan kapitalının formalaşması üçün əzmlə çalışmalıyıq.Yalnız bu halda strateji hədəflərimizə, ali məqsədlərimizə çata bilərik.
Bir filosofun dediyi kimi, müəllimlik insanları mənəviyyatlı etmək sənətidir. Bu məsuliyyətli, şərəfli və müqəddəs fəaliyyətimizdə kollektivimizə uğurlar arzulayıram.

Cəfər CƏFƏROV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor

 

yuxarı ⤴