“Maarifçi” Tələbə Kredit Fondu növbəti elan sessiyasına start
verib
08.10.2016/№39
|
“Maarifçi” Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən
tələbələr üçün növbəti elan sessiyasına start verib. Bu elan 2016-2017-ci
tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin
təhsil haqqı borcu üçün nəzərdə tutulub.
Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab
verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan,
müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam
etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə
bilərlər.
Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət
forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında (www.maarifci.az)
qeyd olunub.
Bundan əlavə, portalda elektron (onlayn) müraciət pəncərəsi yaradılıb ki, bu
da kreditlər üçün müraciət prosesində şəffaflıq və operativliyin təmin
olunması məqsədlərinə xidmət edir. Müraciət prosesi, uyğunluq meyarları və
tələb olunan sənədlərin siyahısı haqqında məlumatları da portalın müvafiq
səhifələrindən rahatlıqla tapmaq mümkündür.
Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı
ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi
vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
Qeyd edək ki, birinci elan sessiyasında fondun seçim meyarları çərçivəsində
55 elektron müraciətə baxılıb, meyarlara cavab verən 22 tələbə ilə kredit
müqaviləsi imzalanıb.
Müraciətlər oktyabrın 31-dək qəbul ediləcək.
|