1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Reytinq naminə
13.10.2017 / No39

 

 


Və yaxud universitetlərimiz beynəlxalq rəqabətə davam gətirmək üçün nə edirlər?

Ruhiyyə DAŞSALAHLI

Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin beynəlxalq standartlara uyğun təhsil ocağına çevrilməsi şərtdir. Bunu müasir çağırışlar, təhsil ictimaiyyətinin günü-gündən artan tələbi, dünyada gedən kəskin rəqabət tələb edir.
“Azərbaycan müəllimi” rəqabətə tab gətirə bilmək, dünyanın sayılıb-seçilən universitetlərindən olmaq üçün tələb olunan şərtləri araşdırmağa çalışıb. Həmin parametrlərə uyğun gəlmək üçün ölkə universitetlərinin gördüyü işlərlə maraqlanıb.

Universitetlər beynəlmiləlləşməlidir

Təhsil ocaqlarının əhatə dairəsini genişləndirməsi, beynəlxalq səviyyədə tanınması üçün tələb olunan, bütün dünyada sınaqdan çıxarılmış və qəbul edilmiş şərtlər var. Təhsil üzrə beynəlxalq ekspertlər hesab edir ki, hər şeydən öncə ali təhsilin məzmununda beynəlxalq komponentlər çoxalmalıdır. Ali təhsil xidmətlərinin keyfiyyətinə birbaşa təsir edən bu amil qlobal əmək bazarına daxil olan universitet məzunlarının rəqabət qabiliyyətini də yüksəldir. Tutaq ki, xaricdə təhsil proqramlarının reallaşdırılması hər universitet üçün məqsədəuyğundur. Bu, təhsilalanların başqa mədəniyyətlərlə tanışlığına imkan verir.

Sahibkarlıq və idarəetmə spektrlərini önə çəkməklə beynəlmiləlləşməni rəqabətədavamlı universitet biznes modelinin həlledici amili hesab edənlərin sayı da ildən-ilə artır. Ali təhsildə beynəlmiləlləşmə tərəfdaşlığın inkişafına əsaslanmaqla risklərin azaldılmasını, rəqabət qabiliyyətinin artırılmasını və ən əsası, təhsil, elm və istehsalatın vəhdətinə xidmət edən biliklərin genişləndirilməsini hədəfləyir.

Hər təhsil müəssisəsi beynəlxalq hədəflərə çatması üçün həyata keçirilməsi nəzərdə tutulan müvafiq tədbirlər planına sahib olmalıdır. “Beynəlmiləlləşmə strategiyası” adlanan həmin tədbirlər planı qlobal trendlərə və regional çağırışlara uyğun fəaliyyəti təmin, universitetlərə qloballaşmış və daha da liberallaşmış beynəlxalq ali təhsil bazarı tərəfindən təqdim olunan imkanlardan faydalanmaq üçün dəqiq mexanizm təklif edir.

Beynəlmiləlləşmə strategiyası bir sıra istiqamətlər üzrə - kurikulumun beynəlxalq məzmununun artırılması və beynəlxalq tələblərə uyğunlaşdırılması; müxtəlif mədəni perspektivlərin nəzərə alınması və beynəlxalq müəllim heyətinin cəlb edilməsi ilə tədris və təlim prosesinin beynəlmiləlləşdirilməsi; əcnəbi tələbələrin mədəni və praktiki ehtiyaclarına cavab verən tələbə xidmətlərinin təqdim olunması; tədris proqramının tərkib hissəsi olaraq tələbələrin xarici universitetlərə qısamüddətli (iki aya qədər) və uzunmüddətli (bir və ya iki semestr) təhsil səfərinə getmələrinin stimullaşdırılması; müəllimlərin xarici universitetlərdəki tərəfdaşlarla ortaq tədqiqat işlərinə cəlb olunmasının təşviq edilməsi; xarici ali təhsil müəssisələri ilə birgə tədris modulları və ortaq diplom proqramlarının həyata keçirilməsi; başqa ölkələrdə ali təhsil xidmətləri göstərməyə imkan verən filialların yaradılması və s. tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Beynəlmiləlləşmə Azərbaycan təhsilinin də prioritetidir

Təhsildə beynəlxalq komponentlərin artması, ölkə təhsil müəssisələrinin brendləşərək dünya miqyasında tanınması, ümumiyyətlə, Azərbaycanı regionun təhsil mərkəzinə çevirmək təhsil siyasətinin əsas prioritetlərindən biridir. Təhsil naziri Mikayıl Cabbarov çıxışlarında mütəmadi olaraq vurğulayır ki, ölkəmizdə tanınan ali təhsil müəssisələri artıq öz ölkələrinin coğrafi hüdudlarından kənara çıxmalı, digər ölkələrdə və bazarlarda fəaliyyətini genişləndirməlidir. Bu məqsədlə distant təhsil proqramlarını, universitetlərin filiallarının açılmasını, birgə universitetlərin yaradılmasını, birgə proqramların sayının artırılmasını vacib hesab edən nazir bunun üçün təhsil müəssisələrinə lazımi dəstəyin veriləcəyini də deyir.

Əcnəbi tələbə sayına görə dünya universitetləri arasında yoxuq

Təsadüfi deyil ki, universitetlərin reytinqi müəyyənləşdirilərkən əsas göstəricilərdən biri orada təhsil alan əcnəbi tələbələrin sayıdır. Əcnəbi tələbələr əlavə maliyyə mənbəyi olmaqla yanaşı, universitetlərdə mədəniyyətlərin rəngarəngliyi ilə fərqlənən intellektual mühitin yaranmasına yardım göstərir. Bu isə bütün dünyada inkişafın, yaradıcı və yenilikçi fəaliyyətin əsasını təşkil edir. Eyni zamanda bu prosesdə ölkələr arasında əlaqələr, o cümlədən təhsil əlaqələri formalaşır. Təhlillər göstərir ki, dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlində ön yerləri tutan ali təhsil müəssisələrində tələbələrin böyük əksəriyyətini məhz əcnəbi tələbələr təşkil edir.

Əcnəbi tələbələrin ən çox təhsil aldığı dünya universitetləri arasında Azərbaycan universitetlərindən heç birinin adı yoxdur. Çünki ölkəmizdəki təhsil müəssisələrində təhsil alan əcnəbilərin coğrafiyası xeyli geniş olsa da, sayı çox deyil. Məsələn, Azərbaycan Tibb Universitetində 1500-ə yaxın əcnəbi tələbə oxuyur. Təhsildə beynəlxalq komponentlərin artırılmasına böyük əhəmiyyət verən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) isə bütün səviyyələr üzrə cəmi 174 tələbə təhsil alır.
Azərbaycan universitetlərində Türkiyə, İran, ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Nigeriya, Türkmənistan, Özbəkistan, Gürcüstan, İsrail, Norveç, Yəmən və b. ölkələrdən olan tələbələr üstünlük təşkil edir.

Xaricdə filiallar

Ali təhsil müəssisələrinin ölkədən kənarda filiallarının yaradılması təhsildə beynəlmiləlləşmənin əsas tələblərindən biridir.

Hələlik ölkəmizdəki təhsil ocaqları sırasında yalnız UNEC bu parametr üzrə tələblərə tam cavab verir. Belə ki, UNEC xarici ölkədə - Rusiyada filialı olan, İSO beynəlxalq keyfiyyət standartına sahib yeganə dövlət universitetidir.

Çoxşaxəli əməkdaşlıqlar

Tələbələrin təhsil üçün xaricə göndərilməsi və universitetlər arasında çoxşaxəli əməkdaşlıq formalarının reallaşdırılması üzrə ali təhsil müəssisələrinin əksəriyyətinin böyük təcrübəsi var. Məsələn, Azərbaycan Tibb Universiteti 24 ölkədən 60-a yaxın universitet, klinika və tibbi şirkətlərlə əməkdaşlıq edir. Azərbaycan Dövlət İqtisad Universiteti Almaniyanın Ziqen, Böyük Britaniyanın Uorvik, İtaliyanın Boloniya, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar, İspaniyanın Malaqa, Türkiyənin Qazi, Hacəttəpə və Sakarya universitetləri ilə aktiv əməkdaşlıq şəraitindədir. Ən son əməkdaşlıq münasibətləri isə 2015-ci ilin ikinci yarım ilində Türkiyənin Orta Doğu Texnik, Hacəttəpə, Qazi, Bilkənt, TOBB ETÜ universitetləri ilə, 2016-cı ildə Səlcuk, Cenevrə Biznes Məktəbi, Qorqud Ata Dövlət Qızılorda və Çinin Lanzhou universitetləri ilə qurulub. Universitet qoşulduğu “Erasmus+” və “Horizon-2020” proqramlarının yaratdığı imkanlardan tələbə və müəllimlərinin maksimum faydalanmasına çalışır.

Bakı Dövlət Universiteti Avropa İttifaqı ölkələri ilə “Erasmus+” və Türkiyənin “Mövlana” Mübadilə Proqramı çərçivəsində əməkdaşlığını davam etdirir. Həmin proqramların reallaşdırılmasının nəticəsidir ki, universitetin müəllim və tələbələri İspaniya, Çexiya, Portuqaliya, Türkiyədə təhsil alır və təcrübə mübadiləsi aparır. Almaniya ilə yeni layihəyə başlanılıb. Həmin layihə çərçivəsində birgə doktorantura proqramı hazırlanır.

Azərbaycan Dillər Universiteti (ADU) tələbə və professor-müəllim heyətinin mübadiləsi üzrə proqramların fəal iştirakçısıdır. Beynəlxalq akademik və təhsil təşkilatlarına üzv olan təhsil ocağında xarici ölkələrdən dəvət edilən professor və mütəxəssislər dərs deyir, müxtəlif ölkələrdən olan əcnəbi tələbələrin təhsil alması üçün müvafiq proqramlar təşkil edilir. Azərbaycan dili və mədəniyyətinin tədris edildiyi yay kurslarının təşkilini, birgə elmi-tədqiqat layihələrinin işlənməsini və birgə dərsliklərin hazırlanmasını, universitetlərin müasir idarəçiliyi sahəsində tərəfdaş universitetlərlə layihələrin həyata keçirilməsini uğurla davam etdirir. Avropa Birliyinin layihələrində (ErasmusMundus, Erasmus+, TEMPUS və s.), ABŞ və digər ölkələrin elan etdikləri qrant müsabiqələrində iştirak edir. Tələbələr ixtisasları üzrə xarici ölkələrdə təşkil edilmiş təlim və kurslara cəlb edilir, təhsillərini tərəfdaş universitetlərdə davam etdirmək şansı qazanırlar. Belə proqramlar tələbələrlə məhdudlaşmır. Professor-müəllim heyəti də xarici ölkələrdə təlimlərə və təcrübəkeçmə proqramlarına göndərilir.

ADU-da beynəlmiləlləşmə universitetlərlə olan ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq müqavilələri, beynəlxalq layihələrdə iştirak (Avropa Birliyi, ABŞ Dövlət Departamenti və s. tərəfindən maliyyələşən layihələr də daxil olmaqla) və müxtəlif mobillik proqramları vasitəsi ilə həyata keçirilir. Son on il ərzində 500-dən çox tələbə bu proqramlar çərçivəsində dünya universitetlərinə göndərilib.

Azərbaycan Dillər Universiteti Erasmus+ KA1 mobillik proqramı çərçivəsində Avropa Birliyi universitetləri ilə ikitərəfli münasibətləri inkişaf etdirib. Həmin siyahıda Fransanın ITIRI Strasburq, Bordo, İspaniyanın Mursiya, İtaliyanın Fondazione Milano SCM, Türkiyənin Həsən Kalyoncu və Hacəttəpə universitetləri var.

Hər il Azərbaycan Dillər Universitetində ABŞ, Almaniya, Fransa, Norveç, Koreya, Avstriya, Türkiyə, İspaniya, İtaliya və digər ölkələrdən xarici professor, müəllim və mütəxəssis tədrisə cəlb edilir. Onların arasında ingilis, alman, fransız, macar, polyak, italyan, ispan, yapon, Koreya, Çin və başqa dillərin tədrisi üzrə mütəxəssislər çoxluq təşkil edir.

İkili diplom...

...Hazırda birgə təhsil proqramlarının həyata keçirilməsinin ən geniş yayılmış formasıdır. İkili diplom proqramlarına ölkəmizdəki ali təhsil müəssisələrinin çoxu qoşulub. Məsələn, UNEC ilə Montpellier Universiteti arasında belə bir razılaşma əldə edilib və proqram çərçivəsində beş tələbə artıq Montpellier Universitetində təhsil alır. London Universiteti/London İqtisadiyyat Məktəbi ilə ötən il imzalanan ikili diplom proqramı çərçivəsində 8 tələbənin təhsili davam edir. MBA proqramı üzrə İsveçrə Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) ilə proqramda isə 19 nəfər təhsil alıb. Eyni zamanda, UNEC tələbələri İstanbul Universiteti ilə də ikili diplom proqramından faydalanırlar.

Magistratura pilləsində də ikili diplom proqramını əhatə edən razılaşmalar var. UNEC rektorunun köməkçisi Ramil Cabbarov “Azərbaycan müəllimi”nə açıqlamasında deyib ki, ali təhsil müəssisəsinin dünyanın qabaqcıl universitetləri ilə həyata keçirilən ikili diplom proqramları çərçivəsində hazırda Fransada 6, Yunanıstanın Qərbi Makedoniya Universitetində 4 magistr təhsilini davam etdirir. Eyni zamanda, dünyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Birləşmiş Krallığın Koventri Universiteti ilə də MBA təhsili üzrə ikili diplom proqramı üçün razılıq əldə olunub.

2011-ci ilin mart ayında Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İstanbul Texniki Universiteti arasında inşaat mühəndisliyi ixtisası üzrə bakalavr pilləsi, 2013-cü ilin mart ayında isə AzMİU ilə İngiltərənin Northampton Universiteti arasında “Urbanizm” və “Tullantıların menecmenti” ixtisasları üzrə ikili magistr diplom proqramının icrası üçün əməkdaşlıq müqavilələri imzalanıb. Portuqaliyanın Lissabon Texniki Universitetinin koordinatorluğu ilə həyata keçirilən “RETHINK - Beynəlxalq məlumat mübadiləsi vasitəsilə təhsil islahatı” TEMPUS layihəsinin nəticəsi olaraq 2016-cı ildən etibarən Lissabon Texniki Universiteti ilə memarlıq, İspaniyanın Koruna Universiteti ilə ekologiya mühəndisliyi, Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə inşaat mühəndisliyi ixtisasları üzrə magistratura pilləsində ikili diplom proqramları həyata keçirilib.

Bakıda ötən tədris ilindən məzunları ikili diplom alacaq universitet də fəaliyyətə başlayıb. UFAZ-Fransa-Azərbaycan Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində yaradılıb.

Universitetlərin QS reytinqi

Akademik nüfuza, universitetlərin müəllim-tələbə sayının nisbətinə, məqaləyə istinadlara, xarici müəllim və tələbələrin, elmi dərəcəli kadrların, professor-müəllim heyətinin məqalələrinin sayına, işəgötürənlərin nüfuzuna, həmçinin internet resurslarının effektivliyinə görə müəyyənləşdirilən bu reytinq sıralamasında bir neçə Azərbaycan universiteti yer tuta bilib. Məsələn, dünyanın tanınan, qəbul edilən ali təhsil müəssisələri siyahısında Bakı Dövlət Universiteti 606-cı yerdədir.

Təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda iqtisadyönümlü ən böyük universitet sayılan Dövlət İqtisad Universiteti (UNEC) QS Reytinq Agentliyinin İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində sırf iqtisadyönümlü 4-cü universitet olub. Regionun ən yaxşı 200 universiteti arasında qərar tutan Azərbaycan Dövlət İqtisad Universiteti artıq bir çox kriteriya üzrə ölkə universitetlərini arxada qoyub. UNEC “Webometrics” Beynəlxalq Reytinq Agentliyinin sıralamasında artıq 2 il yer alan yeganə Azərbaycan universitetidir.

Xatırladaq ki, Azərbaycanın ali təhsil müəssisələrinin dünya reytinq cədvəllərində yer ala bilməsi onların gördüyü işi necə təqdim etmələrindən asılıdır. Bu işin öhdəsindən ən yaxşı gələnlərdən biri Azərbaycan Dövlət İqtisad Universitetidir. Prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı sərəncamda “Made in Azerbaijan” brendinin dünya bazarında tanınması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsinə dair tapşırığına ilk cavab verənlərdən olan universitet özünün UNEC (University of Economy) brendini yaradıb.

Yataqxana problemi də çözülür

Təhsildə beynəlxalq komponentlərin çoxalması Azərbaycan universitetlərinin beynəlxalq miqyasda tanınması, seçim üstünlüyü qazanması deməkdir. Ancaq bu, hələ beynəlxalq standartlara tam uyğun olmaq anlamına gəlmir. Məsələ burasındadır ki, Azərbaycanda təhsil almaq istəyənlər burada qalacağı yerlə - yataqxana xidməti ilə maraqlanır və...

Təhsil üzrə ekspert Əjdər Ağayevin fikrincə, hər cür şəraiti olan yataqxanasının olması beynəlxalq standartda universitet üçün əsas şərtlərdən biridir: “Dünya standartlarına uyğunluğuna görə, universitetləri sıralayarkən şəraiti tam təmin olunmuş yataqxanasının olması mütləq nəzərə alınır. Üstəlik, həmin yataqxana da universitetə gəlir gətirəcək. Yəni yataqxanaların olması sadəcə sosial təsisat deyil, həm də müəllimlərin əməkhaqqının artması, kitabxanasının zənginləşməsi və s. deməkdir. Tutaq ki, BDU elmi nailiyyətlərinə görə dünyada yaxşı yer tutur. Ancaq yataqxanası olmadığından beynəlxalq standartlara cavab vermir. Bu, universitetin sabit maliyyə resursu formalaşdırmasına da mane olur. Başqa sözlə, sadəcə bu səbəbdən Bakı Dövlət Universiteti 5000 yox, 2000 əcnəbi tələbə qəbul edə bilir”.

Azərbaycan təhsil müəssisələrinin beynəlxalq standartlara uyğun universitetə çevrilməsinə mane olan yataqxana problemi artıq çözülür. Belə ki, nəinki Bakı Dövlət Universitetinin, ehtiyac hiss edən bütün universitetlərin tələbə yerləşdirə biləcəyi 1000 nəfərlik yataqxananın tikintisi davam edir. Yeni tikiləcək yataqxanada VİP otaqlar olacaq, yerli və xarici tələbələrin birgə yaşaması təmin ediləcək.

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında hesabat çıxışında bu məsələyə toxunaraq bildirib ki, tələbə yataqxanasının tikintisi 2018-ci ildə başa çatacaq. Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü, Təhsil Nazirliyinin iştirakı ilə şəhərin mərkəzi hissəsində 1000 nəfərlik tələbə yataqxanasının tikintisi hazırda davam edir. Yataqxana Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin balansında olan ərazidə tikilsə də, burada başqa universitetlərə də yer veriləcək.

Universitetlərimizi gözləyən təhlükə

Beləliklə, dünyanın nüfuzlu universitetləri ilə yanaşı dayanmaq iddiasında olan Azərbaycan universitetlərinin sayı hələlik elə də çox deyil. Son bir neçə ildə reytinq siyahısına adını yazdırmağa nail olan bir neçə universitet bu istiqamətdə cığır açsa da, görülən işi yetərli saymaq olmaz. Lakin unutmaq olmaz ki, yeniliklər tətbiq edilmədən, müasir dövrün tələbi nəzərə alınmadan həyata keçirilən fəaliyyət strategiyası hələ uzun müddət Azərbaycan universitetlərinin dünyanın ən müasir təhsil ocaqları ilə yan-yana dayanmasına imkan verməyəcək. Təhsil naziri Mikayıl Cabbarovun ifadəsi ilə desək: “Məqsədimiz milli təhsilimizin rəqabət qabiliyyətliliyinin artırılmasıdır. Millət kimi bunu etməsək, 20-30 il sonra universitetlərimiz bugünkü kollec kimi fəaliyyət göstərmək təhlükəsi ilə üzləşəcəklər”.

yuxarı ⤴