1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





İlin sonunadək modul tipli məktəblərin sayı 100-ü ötəcək
13.10.2017 / No39

 

 

 


Sosial infrastrukturla bağlı siyasət uğurla davam etdirilir

Yusif ƏLİYEV

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda bu ilin doqquz ayının əsas göstəricilərini diqqətə çatdıraraq, ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini bildirib.

Sosial infrastrukturla bağlı siyasətin uğurla aparıldığını deyən Prezident bu ilin əvvəlindən 100-ə yaxın məktəbin tikildiyini və təmir edildiyini, bu prosesin davamlı olduğunu diqqətə çatdırıb.

Təhsil naziri Mikayıl Cabbarov iclasda çıxış edərək Prezidentin təşəbbüsü ilə hazırlanmış və 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində cari ilin ötən dövrü ərzində əldə edilmiş nailiyyətlər və gələcək addımlar barədə məlumat verib.

Nazir bildirib ki, Təhsil Nazirliyinin sifarişinə əsasən, qəzalı məktəblərin əvəz edilməsi çərçivəsində 73 modul tipli məktəb quraşdırılıb. Cari ilin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı isə 100-ü ötəcək. Bu işlərin növbəti ildə də davam etdiriləcəyini deyən M.Cabbarov 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan 137 kənd məktəbinin modul tipli məktəblərlə əvəzlənəcəyini diqqətə çatdırıb. “Bununla yanaşı, bu il bir peşə tədris mərkəzi, bir uşaq-gənclər inkişaf mərkəzi, bir tədris-idman bazası, üç universitet üçün kampus və korpuslar tikilib və ya əsaslı təmir olunub”,-deyə nazir bildirib.

Paytaxtın Yasamal rayonunda inşa olunmuş 20 nömrəli məktəbin yeni binasında 4 min şagirdin təhsil alması üçün gözəl şərait yaradıldığını deyən M.Cabbarov bunu dövlət başçısının təhsilə diqqət və qayğısının yeni təzahürü kimi qiymətləndirib. O, yeni dərs ilinin ilk günündə Prezidentin məktəbin açılışında iştirakı və kollektiv qarşısında proqram xarakterli çıxışında şagirdlərin vətənə sədaqət ruhunda tərbiyəsi, milli dəyərlərin qorunması, innovasiyaların, müasir texnologiyaların tətbiqi üzrə qarşıya qoyduğu vəzifələrin təhsil işçilərinin məsuliyyətini daha da artırdığını vurğulayıb.

Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə böyük töhfə

Nazir Cəbrayıl rayonunun bərpa olunmuş Cocuq Mərcanlı kəndində də sentyabrın 15-də yeni məktəbin fəaliyyətə başlamasının əlamətdar hal olduğunu, bütün məktəblərdə ilk dərslərin Cocuq Mərcanlının bərpası, sakinlərin doğma yurduna qayıtması, dövlətimizin bu istiqamətdə apardığı məqsədyönlü siyasətinə həsr edildiyini bildirib. O, bu hadisənin ümumi təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə böyük töhfə verdiyini diqqətə çatdırıb.

Müəllim peşəsinin ictimai statusu yüksəlir

Təhsil naziri çıxışında Strategiyaya uyğun olaraq, müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində aparılan işlərə də toxunub və bu istiqamətdə işlərin 2017-ci ildə də davam etdirildiyini, 26 şəhər və rayonda 50 min müəllimin bilik və bacarıqlarının yoxlanıldığını, beləliklə, ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsinin başa çatdığını söyləyib.

Nazir bildirib ki, müəllim peşəsinin ictimai statusunun artırılması istiqamətində aparılan siyasət daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradıb. Belə ki, cari ildə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün 49 min müəllim elektron ərizə ilə müraciət edib ki, bu da 2013-cü illə müqayisədə üç dəfə çoxdur. Şəffaf və obyektiv təşkil edilən müsabiqə nəticəsində 5 644 müəllim işə qəbul edilib. M.Cabbarov son illər müəllimlik peşəsinə gənclər arasında marağın artdığını da xüsusi vurğulayıb: “Həyata keçirilən məqsədyönlü tədbirlər yüksək nəticə göstərən abituriyentlərdə müəllim peşəsinə marağı əhəmiyyətli şəkildə artırıb. Bu il qəbul imtahanlarında 500-dən çox bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib”.

“Ümumi təhsildə keyfiyyət ili”

Nazir çıxışında 5 yaşlıların məktəbəhazırlığa cəlbi, birinci siniflərə şagird qəbulu məsələlərindən də söz açaraq qeyd edib ki, məktəbəhazırlığın uşaqların gələcək inkişafı və təhsilində müstəsna rolu nəzərə alınaraq, ötən dərs ilində bütün bölgələrdə dövlət büdcəsi vəsaiti hesabına 5 yaşlıların 55 faizi təhsilə cəlb edilib, cari ildə isə 65 faizə çatdırılması nəzərdə tutulub. 2020-ci ilədək bu rəqəmin 90 faizə yüksəlməsi planlaşdırılır ki, bu da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir.
Bakı şəhərində birinci siniflərə şagird qəbulu prosesi tam elektronlaşdırılıb, elektron xidmət vasitəsilə 50 minə yaxın uşaq paytaxt məktəblərinə qəbul edilib. Son illərdə birinci siniflərə qəbul xeyli artıb. Belə ki, 2013-cü ildə bu göstərici 138 min təşkil edirdisə, bu il birinci siniflərə 165 min uşaq qəbul olunub.

Təhsil naziri təhsilin keyfiyyətinin artırılmasının Strategiyada prioritet məsələ olduğu nəzərə alınaraq, “Ümumi təhsildə keyfiyyət ili” elan edilmiş cari dərs ilində görüləcək işlərə də diqqət çəkib: “İlin nəticələrinin təhlili əsasında təhsil müəssisələri üçün keyfiyyət meyarlarının işlənməsi, bu meyarlara uyğun olaraq ümumtəhsil məktəblərinin fəaliyyətinin qiymətləndirilməsi, innovativ müəllimlərin aşkara çıxarılması sahəsində tədbirlər həyata keçiriləcək”.

Nazir vurğulayıb ki, təhsilə göstərilən dövlət qayğısı, yaradılmış əlverişli şərait nəticəsində son illərdə ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəricilərində sabit müsbət dinamika davam etməkdədir. Cari ildə yeni təhsil proqramlarının tətbiq edildiyi IX siniflərdə buraxılış imtahanı yeni qaydada təşkil edilib. İki ildən sonra həmin şagirdlərin ilk buraxılışı olacaq və bununla əlaqədar Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanların təşkili üzrə yeni mexanizmlər müəyyənləşdirilib. Əgər əvvəllər təhsilalanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək. Yeni mexanizmə əsasən, məzunun ali məktəbə qəbul üçün topladığı ümumi bal buraxılış və qəbul imtahanlarındakı nəticələrə əsasən müəyyənləşəcək, məktəb təhsilinin rolu əhəmiyyətli şəkildə artacaq, buraxılış imtahanının nəticəsi ali məktəbə qəbula birbaşa təsir göstərəcək.

Təhsil naziri şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə son illər tam orta təhsil səviyyəsində tətbiq olunan təmayülləşmənin bi il əhatə dairəsinin əhəmiyyətli şəkildə genişləndirildiyini bildirib. Təmayülləşmə 720 məktəbi və 10-cu sinifdə təhsil alan şagirdlərin 35 faizini əhatə edib.

İstedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində ölkədə olimpiada hərəkatının genişləndiyini, bu məqsədlə olimpiada hazırlıq mərkəzlərinin yaradıldığını deyən nazir bu istiqamətdə görülmüş işlərin nəticələrini əks etdirən faktları diqqətə çatdırıb: “Cari ildə respublika fənn olimpiadalarına 30 minədək şagird qatılıb ki, bu da ötən ilə nisbətən 9 faiz çoxdur. 2017-ci ildə Azərbaycan məktəbliləri dünya fənn olimpiadaları və bilik müsabiqələrində 2 qızıl, 6 gümüş və 32 bürünc medal qazanıblar”.

M.Cabbarov bildirib ki, ümumi təhsildə keyfiyyətin artırılması üzrə həyata keçirilən tədbirlər ali məktəblərə qəbulun nəticələrində də özünü göstərib. Cari ildə ali məktəblərə 37624 nəfər qəbul olub. Son dörd ildə 300-dən çox bal toplayanların sayı 16 faiz, 400-dən çox bal toplayanların sayı 19 faiz, 500-dən çox bal toplayanların sayı 28 faiz, 600-dən çox bal toplayanların sayı isə 43 faiz artıb. Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olanların sayı 36 faiz artıb. Hərbi xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədar ötən illə müqayisədə magistraturaya qəbul olan oğlanların sayı 74 faiz yüksəlib.

Müasir yataqxana kompleksinin tikintisi

Çıxışında ali məktəblər üçün yataqxana komplekslərinin tikintisi, elmi laboratoriyaların, elmi-tədqiqat mərkəzinin yaradılması məsələlərinə toxunan təhsil naziri Bakıda yerləşən ali məktəblərdə təhsil alan tələbələrin ehtiyacını nəzərə alaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir yataqxana kompleksinin tikintisinə başlanıldığını qeyd edib. Yataqxana növbəti dərs ilində tələbələrin istifadəsinə veriləcək.

Hazırda ali təhsil müəssisələri üçün vahid elmi laboratoriyanın, elmi-tədqiqat mərkəzinin yaradılması məsələsi nəzərdən keçirilir. Nazirin fikrincə, belə mərkəzin yaradılması maliyyə vəsaitinə qənaət etməklə yanaşı, ali təhsil müəssisələrinin elmi potensialının reallaşdırılmasına, biliklərin kommersiyalaşdırılmasına və müasir tədqiqat avadanlıqlarından daha səmərəli istifadəyə imkan verər.

Peşə təhsilində dəyişikliklər

M.Cabbarov iqtisadiyyatın şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, işəgötürənlərin tələblərinə cavab verən peşəkar kadrların hazırlanması, maddi-texniki bazanın müasirləşdirilməsi, təhsilin məzmununun yenilənməsi və nüfuzunun artırılması istiqamətində də müvafiq işlərin aparılmaqda olduğunu diqqətə çatdırıb. O, Prezidentin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasını bu sahədə mühüm addım kimi dəyərləndirib. Bildirib ki, təhsilin bu pilləsinin müəssisələrinin maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılıb. Belə ki, Bakı, Gəncə və Qəbələdə müasir peşə təhsil mərkəzləri inşa edilib. Mingəçevir və Quba şəhərlərində “ASAN həyat” komplekslərində fəaliyyət göstərəcək “ASAN peşə” təhsil mərkəzlərinin yaradılması işlərinə başlanılıb. Peşə təhsili müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması tədbirləri çərçivəsində 34 müəssisənin bazasında 14 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

Təhsilalanların keyfiyyətli tədris resursları ilə təminatı sahəsində görülən işlərə diqqət çəkən nazir BP şirkəti, UNDP, Avropa İttifaqı və Britaniya Şurasının dəstəyi, yerli və xarici ekspertlərin iştirakı ilə kənd təsərrüfatı və turizm ixtisasları üzrə yeni kurikulum, dərs vəsaitləri hazırlandığını söyləyib. Nazir peşə təhsili müəssisələrinə qəbuldakı yeniliklərdən, yeni açılmış ixtisaslardan də danışıb: “Ötən ildən Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə reallaşdırılan “ASAN peşə” layihəsi 2017-2018-ci tədris ilində ölkəni tam əhatə edib, ilk peşə-ixtisas təhsili müəssisələrinə elektron sənəd qəbulu yolu ilə 11 min 684 nəfər qəbul olunub. Qəbulda iştirak edənlərin keyfiyyət göstəriciləri üzrə cari ildə müsbət dəyişikliklər müşahidə olunub, sənəd verənlərin arasında attestat qiymətləri “4” və “5” olanların sayı ötən illə müqayisədə üç dəfə çox olub”.

Əmək bazarının tələbatının daha dolğun təmin edilməsini, iqtisadiyyatın prioritet inkişaf istiqamətlərini, xüsusilə rayonların ixtisaslaşmasını nəzərə alaraq, cari tədris ilindən mövcud ilk peşə-ixtisas təhsili müəssisələrində 22 yeni ixtisas üzrə kadr hazırlığına başlanıb. Ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi ilə bağlı “Pambıqçı”, “Baramaçı”, “Tütün ustası” kimi ixtisaslarla yanaşı, “Suvarma sistemlərinin operatoru”, “Soyuducu qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator”, “Bitkiçilik mütəxəssisi”, “Aqroservis mütəxəssisi”, “Heyvandarlıq mütəxəssisi” kimi yeni ixtisaslar üzrə kadr hazırlığına start verilib”.

Bununla belə, peşə təhsili sistemində bir sıra problemlərin də mövcudluğunu və bunların Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrasına mane olduğunu bildirən təhsil naziri maddi-texniki bazanın köhnələrək tam sıradan çıxması, peşə-ixtisas təhsili sistemində çalışanların əməkhaqqının əmək bazarında uyğun ixtisaslar üzrə əməkhaqqı səviyyəsindən xeyli aşağı olmasını bu sahədə mövcud olan ən ciddi problemlər adlandırıb.

BDU-nun yubileyi

M.Cabbarov çıxışının sonunda Azərbaycanda ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 2019-cu ildə 100 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə məsələni də diqqətdən keçirməsini dövlət başçısından xahiş edib. Nazir oktyabrın 3-də Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisinin fəxri adlara və dövlət təltiflərinə layiq görülməsi ilə əlaqədar çoxminli təhsil işçiləri adından göstərdiyi diqqət və etimada görə Prezidentə dərin minnətdarlığını bildirib.
 

yuxarı ⤴