1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Doktorantura təhsilinə diqqət artır
13.10.2017 / No39

 
 

 

 


Yeni dövlət proqramının qəbulu ölkə universitetlərinin gələcəyini təmin edə bilər

Oruc MUSTAFAYEV

Ali təhsil sisteminin inkişafını müəyyən edən müasir trendlər doktorantura təhsilinə yeni yanaşmaların gündəmə gəlməsi ilə müşayiət olunur. Məlumdur ki, doktorantura təhsili elm və təhsilin daha sıx şəkildə inteqrasiyasını, nəzəriyyə və praktikanın daha çevik həmahəngliyini, üzvi bağlılığını təmin edir. Doktorantlara dərin nəzəri hazırlıq, geniş erudisiya, pedaqoji və elmi-tədqiqat işlərinə yaradıcı yanaşma xasdır. Doktoranturanın əsas məqsədi yüksək ixtisaslı mütəxəssislərin, elmi və pedaqoji kadrların hazırlanmasından ibarətdir. İnkişaf etmiş ölkələrin nüfuzlu universitetlərinin inkişaf dinamikasına baxsaq, doktorantura təhsilinin ali məktəbin uğur effektində çox mühüm faktora çevrildiyinin şahidi oluruq. Elmi tədqiqatların və onların nəticələrinin impakt faktorlu jurnallarda yer alması doktorantura təhsilinin mühüm aspektləri olduğundan universitetlərin akademik nüfuzu da bununla bağlıdır. Bu kontekstdə ali təhsil sistemi qarşısında duran əsas vəzifələrdən biri, heç şübhəsiz , yüksək keyfiyyətli, peşəkar doktorantların hazırlanması məsələsidir.

Ölkəmizdə də doktorantura təhsilinə maraq artmaqdadır. Təsadüfi deyil ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın həyata keçirildiyi ilk illərdə əsasən xarici ölkələrdə bakalavr və magistr hazırlığına üstünlük verildisə, sonrakı illərdə əsasən magistr və doktorantura təhsilinə üstünlük verilməsinə başlanıldı. Beləliklə də xaricdə təhsil sahəsində kadr hazırlığında doktoranturanın çəkisinin artması zərurəti yarandı. Elə bu günlərdə ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin doktorantura təhsilinin inkişafı ilə bağlı fikirləri diqqəti yenidən bu önəmli sahəyə yönəltdi: “Təklifimiz budur ki, sırf doktorantura pilləsi üzrə xaricdə təhsillə bağlı yeni dövlət proqramı təsis edilsin. Bu, dünyanın ən aparıcı universitetlərində ölkə üçün alim və müəllimləri yetişdirməyə kömək edər, həm bizim, həm də digər universitetlərin gələcəyini təmin edə bilər”.

Doğrudan da xaricdə təhsilin bu istiqaməti, dünyanın nüfuzlu ali məktəblərində doktorantura təhsili alan tələbələrimizə belə bir imkanın yaradılması elmi-tədqiqatları və innovasiyaları universitetlərimizə gətirə bilər ki, bu da bütöv ali təhsil sistemimizin modernləşməsində çox güclü və qiymətli rol oynaya bilər.

Təhsil naziri Mikayıl Cabbarov oktyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən müşavirədəki çıxışında ali təhsil sisteminin modernləşməsindən danışarkən qeyd edib: “...ali təhsil müəssisələri üçün vahid elmi laboratoriyanın, elmi-tədqiqat mərkəzinin yaradılması məsələsini nəzərdən keçiririk.

Belə mərkəzin yaradılması maliyyə vəsaitinə qənaət etməklə yanaşı, ali təhsil müəssisələrinin elmi potensialının reallaşdırılmasına, biliklərin kommersiyalaşdırılmasına və müasir tədqiqat avadanlıqlarından daha səmərəli istifadəyə imkan verər”. Bu il “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbulundan 10 il keçdiyini deyən nazir “Yerli ali təhsil müəssisələrinin akademik potensialının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın layihəsinin məhz yuxarıdakı prinsiplər əsasında hazırlandığını qeyd edib. “Əvvəlki “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”ndan fərqli olaraq, yeni proqramda əcnəbi professor-müəllim heyətinin Azərbaycanın aparıcı universitetlərində tədrisə cəlb olunması, onların iştirakı ilə birgə elmi tədqiqatların aparılması kimi yeni məqsədlər əlavə olunub”.

Beləliklə də doktorantura təhsili üçün ikinci dövlət proqramının qəbul olunması barədə təşəbbüs ali təhsil sistemimizin modernləşməsi, doktorantlarımızın elm tutumlu tədqiqatlarda iştirakını genişləndirəcək və nəticə etibarı ilə Azərbaycan elmi və təhsilinin qloballaşan dünyada uğurlu inkişafının konturlarını müəyyən edəcək. Təhsil və elmi sahədə doktorantlar üçün geniş imkanların yaradılması ölkəmizdə elm və təhsilin əlaqəli inkişafını təmin edəcək, ali məktəblərimizin dünya reytinqlərində mövqeyini gücləndirəcək.
 

yuxarı ⤴