1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Kreativ düşüncənin inkişafına yardım edəcək məkan
13.10.2017 / No39

 

 

 


Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verilib

Samirə KƏRİMOVA

Bu gün məktəblilərin asudə vaxtlarının düzgün qurulmasında, xüsusi istedada malik uşaq və yeniyetmələrin yaradıcılıq potensialının inkişafında öz sözünü deyən məktəbdənkənar müəssisələrimiz var ki, onlar da uğurları ilə daim diqqət mərkəzindədir. Belə müəssisələrdən biri də Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzidir. 1974-cü ildən fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzində 29 dərnəkdə 1800 uşaq məşğul olur, 54 nəfər pedaqoji işçi çalışır. Mərkəz 43 illik fəaliyyəti ərzində respublika və beynəlxalq səviyyəli tədbirlərdə və layihələrdə uğurla iştirak edib, dəfələrlə beynəlxalq festival və müsabiqələrin qalibi olub. Buranın yetirmələri Gürcüstan və İtaliyada keçirilmiş festivallarda “Qran-pri” mükafatına, həmçinin Türkiyə, Amerika, Çexiya, Polşa, Rumıniya, Bolqarıstan, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Yaponiya, İngiltərə, Yunanıstan, Misir, İordaniya, Norveç, Hindistan, Niderland, Avstriya, İtaliya və digər ölkələrdə keçirilən müsabiqə, sərgi-festivallarda I, II, III yerlərə, diplom, fəxri fərman və sertifikatlara layiq görülüb. Valideynlərin öz övladlarının meyil və bacarığına uyğun dərnəklərdə məşğul olmaları üçün böyük həvəslə seçim etdiyi bu mərkəzdə aparılan işlər, sözün həqiqi mənasında, uşaqların istedadının, yaradıcılıq potensiallarının üzə çıxarılması və inkişaf etdirilməsinə yönəlib.

Oktyabrın 12-də bu mərkəzin yeni bazasının (MULTI CENTER) açılması isə uşaq və yeniyetmələrin İKT ilə bağlı biliklərinin daha da artırılmasına, ən yeni innovasiyaların tətbiqi və eyni zamanda onlara öyrədilməsinə geniş imkanlar yaradacaq.
Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, nazir müavini Firudin Qurbanov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Milli Məclisin deputatları, bir sıra ali məktəblərin rektorları, yazıçı və şairlər, mədəniyyət xadimləri iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov uşaqlarla birlikdə “MULTI CENTER”in rəmzi açılışını bildirən lenti kəsdikdən sonra bina ilə tanışlıq olub. Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası haqqında qonaqlara məlumat verilərək bildirilib ki, burada uşaq və yeniyetmələrin yaradıcı təxəyyülünün inkişafı üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 2.000 kv.metr olan mərkəzin 1-ci mərtəbəsində gözləmə zalı, mətbəx, 2-ci mərtəbədə ümumilikdə 16 otaq, akt zalı, qrim otağı, foye var. Burada hərəsi 1 olmaqla rəsm, musiqi, elm, bacarıqlı əllər, hərəsi 2 olmaqla robototexnika, məktəbəhazırlıq, hərəsi 3 olmaqla inzibati və köməkçi otaqlar fəaliyyət göstərir. 3-cü mərtəbədə isə 18 otaq - 2 rəqs zalı, teatr studiyası, 2 rəsm və məşğələ, 4 soyunub-geyinmə otağı, kostyum otağı, konfrans zalı, 4 inzibati və 2 köməkçi otaq mövcuddur.

Mərkəz fəaliyyətini 4-16 yaşlı uşaq və yeniyetmələr üçün həm ənənəvi dərnəklər, həm də müasir metodiki vəsaitlər və texnoloji avadanlıqlarla təchiz edilmiş beynəlxalq məktəbdənkənar təhsil proqramı vasitəsilə təşkil edir. Proqram 6 inteqrativ modul əsasında 4 kurs olmaqla həyata keçiriləcək. Burada Multielm, Multirəsm, Məktəbəhazırlıq, Robototexnika kursları üzrə xüsusi tədris və kompüter proqramları lokallaşdırılıb. Mərkəzin fəaliyyətinə cəlb olunmuş pedaqoji heyət isə beynəlxalq mütəxəssislər tərəfindən bütün istiqamətlər üzrə təlimləndirilib.

Qonaqlara mərkəzdə fəaliyyət göstərən kursların modullar üzrə tədrisi və “Multiart”, “Multimusic”, “Robotics”, “K-First”, “Multielm”, “Multitexnologiya” modullarının hər biri üzrə ayrı-ayrılıqda məlumat verilib. Qeyd edilib ki, yeni informasiya texnologiyalarına əsaslanan robototexnika laboratoriyası interaktiv təlim əsasında uşaqlarda kreativ düşüncənin, təxəyyülün inkişafına yardım edəcək. “MULTI CENTER” layihəsinin bir hissəsi olan “Multielm” modulu uşaq və yeniyetmələrə alternativ enerjidən istifadə, elmi eksperimentlərin aparılması imkanı verəcək.

Təhsil naziri və tanınmış ictimai xadimlər uşaqların məşğul olduqları otaqlara baş çəkib, həmçinin mərkəzin ikinci mərtəbəsində böyük məkanda yerləşən uşaqların məktəbdənkənar kurikulum əsasında bacarıqlarını inkişaf etdirən kursların fəaliyyəti ilə yaxından tanış olublar. Bildirilib ki, bu kurslarda uşaqlar cəlbedici tədris proqramlarının köməyi ilə təsviri sənət aləmi ilə yaxından tanış ola, musiqi bacarıqlarını inkişaf etdirə bilərlər.

Mərasim mərkəzin üzvləri olan respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatlarının ifaları ilə davam etdirilib.

Mərkəzin direktoru Lalə Qəti ölkəmizdə təhsilə olan dövlət qayğısından söz açaraq onlar üçün belə gözəl şəraitin yaradılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib. Hər zaman nailiyyətləri ilə birinci olduqlarını, istedadlı yetirmələri ilə tanındıqlarını söyləyən direktor uğurlarının bundan sonra da çox olacağına ümid etdiyini bildirib.

Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək son illərdə təhsil sahəsində aparılan uğurlu islahatlardan, eləcə də məktəbdənkənar təhsil üzrə qazanılan nailiyyətlərdən danışıb. Məktəbdənkənar təhsilin uşaq və gənclərin fərdi inkişafında, maraq dairələrinin genişləndirilməsində mühüm rolunu diqqətə çatdıran təhsil naziri burada yaradılan şəraitin onlara bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün də əlverişli imkanlar açdığını vurğulayıb. Nazir ölkəmizdə təhsilin bütün sahələrinin, o cümlədən məktəbdənkənar müəssisələrin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edərək, bu istiqamətdə görülən işləri, həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Çıxışının sonunda mərkəzin kollektivini yeni bazanın fəaliyyətə başlaması münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıb.

Açılış günü ən çox sevinən isə, təbii ki, mərkəzin sakinləri-uşaq və yeniyetmələr idi. Çünki onların yaradıcılıq təxəyyülləri, kreativ düşunmə bacarıqlarının formalaşması, gözəl musiqiçi, rəssam və ya rəqqas kimi yetişmələri bundan sonra məhz bu mərkəzdə olacaq.
 

yuxarı ⤴