1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Unudulmaz məzun
13.10.2017 / No39

 
 

 

 


Görkəmli alim Aida İmanquliyevanın xatirəsi Təhsil Kompleksində yad edilib

Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida xanım İmanquliyevanın anadan olmasının 78-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Əvvəlcə qonaqlar Təhsil Kompleksinin tarix muzeyində Aida xanım İmanquliyevaya həsr olunmuş guşəyə baxıb, burada toplanmış fotoşəkillər və sənədlərlə tanış olublar.

132-134 nömrəli Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova məktəbin məzunu Aida xanım İmanquliyevanın şərəfli ömür yolundan, cəmiyyətə, elmə, təhsilə, mədəniyyətə verdiyi əvəzsiz töhfələrdən danışıb. Qeyd edilib ki, məktəbdə 5 ildir ki, həyata keçirilən “Unudulmaz məzunlar” layihəsi çərçivəsində ilk tədbir də məhz bu gün doğum gününü qeyd etdiyimiz Aida xanım İmanquliyevaya həsr olunub.

Kompleksin zalında Səbail rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, Milli Məclisin üzvləri, qonaqlar, müəllim və şagirdlərin iştirakı ilə keçirilən tədbirin əvvəlində Təhsil Kompleksinin şagirdləri, gənc və tanınmış aktyorlar tərəfindən Aida xanım İmanquliyevanın məktəb və gənclik illərinə həsr olunmuş şəhnəciklər göstərilib, şagirdlərin ifasında ərəb və digər xarici dillərdə şeirlər və həmin illərin mahnıları səslənib, alimin məktəb, tələbəlik, gənclik illərini, elmi-pedaqoji fəaliyyətini əks etdirən video-slaydlar, həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Bildirilib ki, 1957-ci ildə 132 nömrəli orta məktəbi qızıl medalla, 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) fərqlənmə diplomu ilə bitirən Aida İmanquliyeva universitetin aspirantı olub, təhsilini keçmiş SSRİ Elmlər Akademiyasında davam etdirib, namizədlik və doktorluq dissertasiyaları müdafiə edib.

Azərbaycanda ilk şərqşünas qadın elmlər doktoru Aida İmamquliyeva həm də bacarıqlı elm təşkilatçısı olub, ərəb dilindən rus və Azərbaycan dillərinə tərcümələr edib, çoxsaylı elmi məqalələrin müəllifi olub. Aida xanım Azərbaycan şərqşünaslar məktəbinin nümayəndəsi kimi Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konfranslarda, simpoziumlarda, sessiyalarda məruzələrlə çıxış edib.

Akademik Vasim Məmmədəliyev, alimin tələbəsi olmuş Gülnarə Məmmədova Aida İmanquliyeva barədə xatirələrini danışıblar.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov professor Aida xanım İmanquliyevanın Azərbaycanın elm və təhsil tarixindəki müstəsna rolundan danışıb, onun elmi irsinin, əsərlərinin əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, Şərq-Qərb mədəni əlaqələrinin inkişafında professor Aida İmanquliyevanın tədqiqatları xüsusilə böyük aktuallıq kəsb edib.

Azərbaycan qadınına xas ən gözəl, ən nəcib xüsusiyyətləri özündə cəmləşdirən Aida İmanquliyevanın vətənə yüksək intellektual səviyyəli, dərin mənəvi keyfiyyətləri ilə nümunə olan övladlar bəxş etdiyini bildirən Eldar Əzizov alimin əziz xatirəsinin könüllərdə daim yaşayacağını söyləyib.

Tədbirdə qonaqlara Təhsil Kompleksi tərəfindən çap olunmuş Aida xanım İmanquliyevanın məktəb illəri, geniş və səmərəli elmi, pedaqoji fəaliyyəti, nəsillərə nümunə olan gözəl ailə mühiti və s. barədə məlumatlar, xatirələr toplanmış “Unudulmaz məzun - Aida İmanquliyeva” kitabı təqdim olunub.
 

yuxarı ⤴