1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
5 illik fəaliyyətin hesabatı
13.10.2017 / No39

 

 

 


Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının növbəti hesabat-seçki konfransı keçirilib

Samirə KƏRİMOVA

Oktyabrın 9-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) XVII hesabat-seçki konfransı keçirilib.

Konfransdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar. Tədbir iştirakçıları daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini anıb, məzarları üzərinə, həmçinin buradakı “Əbədi məşəl” abidəsi önünə də tər çiçəklər düzüblər.

Nizami Kino Mərkəzində təşkil olunan hesabat-seçki konfransında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, təhsil nazirinin müavini Mətin Eynullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, səkkiz ölkənin həmkarlar təşkilatları və beynəlxalq həmkarlar ittifaqları birliklərinin nümayəndələri, respublikanın bütün bölgələrinin, eləcə də paytaxt rayonlarının TİAHİ komitələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbə həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Ölkəmizdə təhsil sahəsində görülən işlərdən, əldə olunan uğurlardan, elm və təhsil işçilərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edən film nümayiş olunub.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVII hesabat-seçki konfransının gündəliyi və iş qaydası təsdiq olunandan sonra Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Susan Floken, Türkiyə Təhsil İşçiləri Həmkarlar İttifaqının və Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyasının sədri İsmayıl Koncuk, Rusiya Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Qalina Merkulova çıxış ediblər. Azərbaycan həmkarlar ittifaqlarının dünyadakı həmkarlar təşkilatları arasında nüfuz qazandığını deyən natiqlər bu sahədə işləri daha da yaxşılaşdırmaq üçün bütün səylərin birləşdirilməli olduğunu söyləyiblər. Qeyd olunub ki, insan kapitalının inkişafı hər bir ölkənin təhsil sisteminin ümdə vəzifəsidir və bu amil iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyasında ən vacib şərtlərdən biridir.

Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi qurumun 2012-2017-ci illər ərzində gördüyü işlərlə bağlı hesabatı dinlənilib. Bildirilib ki, ATİAHİ Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan ən böyük sahə həmkarlar ittifaqı təşkilatıdır. Bu təşkilat öz sıralarında 380 mindən artıq ittifaq üzvünü birləşdirir. Uzun illərin sınağından keçmiş ATİAHİ ötən müddət ərzində təhsilimizin inkişafı, təhsil sahəsində çalışanların hüquq və mənafelərinin təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirir. Belə ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunu yüksək dinamizmlə davam etdirən ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkə həyatının digər sahələrində olduğu kimi bu sahədə də hər il əhəmiyyətli tədbirlər reallaşdırılır, uğurlu nəticələr əldə edilir.

Hesabat dövründə ATİAHİ Respublika Komitəsi Məclisinin 6, Rəyasət Heyətinin 39 iclası keçirilib. Respublika Komitəsinin Məclisində və Rəyasət Heyətində müzakirəyə çıxarılmış məsələlər əsasən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, təhlükəsiz iş şəraiti, istirahəti və müalicəsi ilə bağlı olub.

Məruzədə bildirilib ki, XVI konfransdan sonrakı dövr ərzində həmkarlar ittifaqı üzvlərinin sayında da əhəmiyyətli artım olub. Belə ki, 2013-cü ildə ittifaq üzvlərinin sayı 378 min 653 nəfər olduğu halda, 2017-ci ildə bu rəqəm 381 min 347 nəfərə yüksəlib. Eyni zamanda, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarının sayı da 5864-dən 5901-ə çatıb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarında hesabat-seçkilərin yüksək səviyyədə keçirilməsi məqsədilə 2016-2017-ci illərdə geniş maarifləndirmə işi aparılıb. Belə ki, Komitə tərəfindən ayrı-ayrı bölgələrdə, o cümlədən Bakı, Gəncə, Şəki şəhərlərində, Bərdə, Masallı, Göyçay, Quba, İmişli, İsmayıllı rayonlarında ilk təşkilatların, rayon komitələrinin sədrləri və fəalları, eləcə də Respublika Komitəsinin rəhbər və məsul işçilərinin iştirakı ilə geniş seminar - müşavirələr keçirilib.

Hesabat dövründə ittifaq üzvləri tərəfindən edilmiş müraciətlər diqqətlə araşdırılıb, onlara lazımi köməklik göstərilib. Komitəyə və onun xidmətində olan şəhər, rayon və rayon hüquqlu təşkilatlara ittifaq üzvlərindən 338 min 203 müraciət daxil olub. Bu müraciətlərdən 13 min 623-ü əmək hüquqlarının müdafiəsi, 237 min 670-i maddi yardımların verilməsi, 13 min 413-ü isə həmkarlar ittifaqı orqanlarının işi ilə bağlı olub. Daxil olan müraciətlərin 312 min 223-ü müsbət həll olunub.

Son illərdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 1 nəfər əməkdaşı “Şöhrət” ordeninə, 1 nəfər “Vətənə xidmətə görə” ordeninə, 1 nəfər Azərbaycan Respublikasının Prezidentinin Fəxri diplomuna, 24 nəfər “Tərəqqi” medalına, 11 nəfər “Əməkdar müəllim”, 8 nəfər “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, 31 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüblər. Eyni zamanda, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən sahə həmkarlar ittifaqının 8 əməkdaşı “Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubileyi” medalı, 36 nəfər “Həmkarlar ittifaqlarında xidmətə görə” medalı, 40 nəfər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, 352 nəfər isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Fəxri fərmanı ilə təltif edilib.

ATİAHİ Respublika Komitəsinin ölkəmizdə həyata keçirilən gənclər siyasətinin fəal iştirakçılarından biri olduğunu söyləyən Səttar Möhbalıyev tələbələrlə aparılan işlərdən danışıb. Bu cür tədbirlər çərçivəsində tələbələrə adlı təqaüdün verilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu haqda bir qədər ətraflı məlumat verən millət vəkili qeyd edib ki, tələbələrin təhsilə, elmə marağının artırılması məqsədilə 1995-ci ildə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis edilib. Həmin təqaüd hər il qış və yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və tələbə həmkarlar ittifaqında çalışan fəallara verilir. Hesabat dövründə 19 ali məktəbin tələbələri bu təqaüdə layiq görülüb. Ümumiyyətlə, təqaüdün təsis edildiyi vaxtdan bu günə kimi 2146 nəfər adıçəkilən təqaüdü alıb.

Səttar Möhbalıyev daha sonra rəhbərlik etdiyi qurumla Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında qurulmuş işgüzar əməkdaşlıqdan, birgə həyata keçirilən layihələrdən geniş söz açıb.

Hesabat dövrü ərzində ATİAHİ Respublika Komitəsi beynəlxalq əlaqələrini daha da genişləndirərək Macarıstan, İsrail, Sloveniya, Bosniya və Herseqovina, Makedoniya, Belarus və digər ölkələrin Təhsil İşçiləri Həmkarlar İttifaqları ilə ikitərəfli əməkdaşlıq müqavilələri imzalayıb.

Sonra ATİAHİ Respublika Komitəsinin təftiş komissiyasının hesabatı dinlənilib. Respublikanın bir sıra bölgələrinin, eləcə də paytaxt rayonlarının TİAHİ komitələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbə həmkarlar ittifaqı təşkilatlarının sədrləri həmkarlar ittifaqı komitələrinin fəaliyyətindən, eləcə də Respublika Komitəsi ilə əməkdaşlıqlarından söz açıblar. Çıxış edənlər ATİAHİ Respublika Komitəsinin işini qənaətbəxş hesab ediblər.

ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə konfransa ünvanlanmış təbrik məktublarını iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra komitənin rəhbər orqanlarına seçkilər keçirilib. Səttar Möhbalıyev yekdilliklə növbəti dövr üçün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib. Konfransda həmçinin gündəlikdə duran digər məsələlərə də baxılıb. ATİAHİ Respublika Komitəsinin Məclis üzvləri, təftiş komissiyası və sədr müavinləri seçilib.

Sonda konfrans nümayəndələrinin ölkə başçısı İlham Əliyevə müraciəti qəbul olunub.

yuxarı ⤴