1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Hədəf qrupumuz ibtidai sinif və ingilis dili müəllimləri olub”
13.10.2017 / No39

 

 

 


Vəfa Yaqublu: “Müəllim öyrədərkən sinfi müşahidə etməyi, uşaqların gözünə baxmağı bacarmalıdır”

Ruhiyyə DAŞSALAHLI

Dünyada təhsilin ilk mərhələdə əlçatanlığının, ikinci mərhələdə isə keyfiyyətinin artırılmasına çalışılır. Bizdə vəziyyət necədir?. “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu təhsildə keyfiyyətə nail olmaq üçün həyata keçirilən tədbirlərdən danışıb.

- İki il əvvəl Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) restrukturizasiya və funksiyanın dəyişdirilməsi həyata keçirilib. O gündən nə dəyişib?

- Əvvəla, institutun adı dəyişib. 2 il əvvələ qədər Bakı Pedaqoji Kadrların İxtisasartırması və Yenidən Hazırlanması İnstitutu adlanırdı. Amma dəyişən sadəcə ad deyil. İnstitutun funksiyası da dəyişib. İnstitut hazırda bütün ölkə üzrə təhsil işçilərinin ixtisasartırma məsələlərinin kurasiyasını öz üzərinə götürüb. Bu günün tələblərinə uyğun struktur və funksionallıq qurulub. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu hazırda təhsil sistemində olan müəllimlərin peşəkarlığına cavabdeh qurumdur. İnstitut müəllimlərin təlim ehtiyaclarını öyrənir, müvafiq ixtisasartırma təlimlərinin məzmun standartlarını müəyyən edir, onların əsasında ali və əlavə təhsil müəssisələri tərəfindən hazırlanan proqramlara rəy verir, keçirilən proqramların keyfiyyətinə nəzarət edir, təlimlərin sonunda yekun qiymətləndirməni həyata keçirir. İnstitut özü də müxtəlif proqramlar hazırlayıb müəllim qrupları ilə sınağını keçirir. Ölkə üçün yeni olan proqramların həyata keçirilməsi də birbaşa instituta həvalə olunur. Belə ki, ötən ildən “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlər TİPİİ tərəfindən hazırlanıb və həyata keçirilib. Bu, institutun fəaliyyətinin ana xəttidir. Bununla yanaşı, bizdə mütəmadi olaraq müxtəlif problemlərə həsr olunan seminarlar, “dəyirmi masa”lar, ustad dərslər təşkil edilir.

- Təlim verənlə qiymətləndirən təşkilatlar fərqlənir?

- Bəli. Hesab edirik ki, bu, şəffaflığı və obyektivliyi artırır, kənar monitorinqi təmin edir. Bu modelin verilən təhsilin keyfiyyətinə təsiri böyükdür. Digər tərəfdən, ali təhsil müəssisələrinin imkanlarını genişləndirir. Nəzərdə tutulub ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər müəllim hazırlayan universitetlər öz nəzdində yaratdıqları əlavə təhsil şöbələri vasitəsilə hazırda sistemdə olan müəllimlərin ixtisasının artırılmasına cəlb olunsunlar. Bu, onların hazırda işləyən müəllimlərlə birbaşa təmas qurmasına şərait yaradacaq. Nəticədə müəllim hazırlayan müəssisələr problemləri vaxtında görəcək, bunu müəllim hazırlığı proqramlarında nəzərə alacaq, ehtiyaclara uyğun proqramlar hazırlayacaq, mövcud proqramları çevikliklə yeniləşdirəcək və tələbata uyğunlaşdıracaq.

- Hədəfinizdə hansı müəllimlərdir?

- Son il yarımda hədəf qrupumuz ibtidai sinif və ingilis dili müəllimləri, o cümlədən məktəb direktorları olub. Məhz onlar üçün “Yay məktəbləri”, “Peşəyə giriş seminarları”, ustad dərslər və s. təşkil edirik. Lakin öz üzərində işləmək istəyən bütün müəllimlər üçün rəsmi internet və “Facebook” səhifələrimiz açıqdır. Virtual olaraq ətrafımızda artıq 5400-dən çox müəllim birləşib. Son vaxtlar müəllimlərə hədəflənən qısa ismarıclarla çıxış edirik. “Böyük dəyişikliklər yaradan kiçik nüanslar” adlanan rubrika ilə mütəmadi olaraq onlara faydalı tövsiyələr veririk. Məsələn, fikir dağınıqlığı olan uşaqlarla ünsiyyət qaydaları, çətin idarə olunan şagirdlərlə iş üsulları və s. kimi faydalı qısa məsləhətləri səhifəmizdə paylaşırıq. Müxtəlif didaktik oyunların təsvirini və təhlilini təklif edirik. Reallıq budur ki, müəllimə praktik məsləhətlər verən elə bir yazılı nəşr yoxdur. Araşdırma nəticəsi olan bu tövsiyələr isə ingilis və ya rusdilli resurslardadır. Biz onları tərcümə edib rəsmi səhifəmizə, ya da “Facebook”a yerləşdiririk. “Edutopiya” adlı məşhur beynəlxalq təhsil saytını mütəmadi izləyirik. Müəllimlərimiz üçün yararlı ola biləcək məqalələri tərcümə edib yayırıq. UNESCO-nun və Avropa Şurasının beynəlxalq mütəxəssislər tərəfindən hazırlanan dərs modellərini və dərs icmallarını da tərcümə edib saytımızda yerləşdirmişik. Müəllimlər arasında təbliğat aparırıq ki, həmin dərs icmallarından istifadə etsinlər.

- Yəni, bir nümunə kimi istifadə etsinlər?

- Bunlar hazır dərs planlarıdır, onu addım-addım izləyib tətbiq edə bilərlər. Həmin dərslər sırf həyati materiallar əsasında hazırlanıb. Bu cür dərslər uşaqlarda həqiqətən dəyər formalaşdırır. Rəsmi səhifəmizə Avropa Şurasının məşhur “Kompasito” dərs vəsaitindən “Həyat bilgisi” dərslərində müəllimlərimizin istifadə edə biləcəyi interaktiv dərs modelləri də yüklənib.

- Sırada nə var? Bu tədris ilinin planı nədən ibarətdir?

- İnstitutda 6 yeni ixtisasartırma təliminin sınaqlarına başlamışıq. Proqramlar hazırlanıb və oktyabr-noyabr ayları ərzində onları sınaqdan keçirib təlim paketlərinin müəllimlər üçün nə dərəcədə faydalı olduğunu müəyyənləşdirəcəyik. Təlimlərin monitorinqi, müəllimlərlə müsahibələr, proqramın müəllimlər tərəfindən qiymətləndirilməsi vərəqlərindəki informasiya, habelə yekun qiymətləndirmənin nəticələri bizə imkan verəcək ki, proqramı təkmilləşdirək və ümumi istifadəyə verək. Kifayət qədər spesifik və müəllimlərin ehtiyaclarına yönələn həmin proqramlardan biri - “İbtidai siniflərdə qiymətləndirmə vasitələrinin hazırlanması” müəllimlərimizə testologiyanın əsaslarını öyrədir. Uşağa öyrətdiyimizi ölçmək də məharət tələb edir. Test hazırlamaq göründüyü qədər asan deyil. Onun öz texnologiyası, tələbləri, prinsipləri var. Hər hansı mətni (bədii və ya informativ) uşaqların necə mənimsədiyini müəyyənləşdirməyi müəllimlərə öyrətməliyik. Bu, hazırda müəllimləri narahat edən məsələlərdəndir.

Başqa bir təlimimiz “İbtidai siniflərdə oyunlardan istifadə metodikası” adlanır. İbtidai sinfə gələn uşaqlar hələ praktikdirlər, oynayaraq öyrənmək istəyirlər. Müəllimlərimiz isə uşaqların bu istəyini məhdudlaşdırır, onları akademik biliklərə yönəltməyə çalışır. Yaxşı şagird barədə belə bir stereotip fikir var ki, o, əlində qələm sakitcə oturub müəllimə qulaq asmalıdır. Reallıq isə budur ki, uşaq bütün vücudu ilə hərəkətdə olaraq öyrənir, dünyanı tədqiq edir. Oynayaraq öyrənməkdən nəzəri biliklərə köklənməyə keçid tədricən və uşaq üçün rahat rejimdə olmalıdır. Məsələn, alimlər təsdiq edir ki, domino uşaqda riyazi təfəkkürü yaxşı inkişaf etdirir. Amma gəlin görək neçə müəllim dərsdə uşaqları domino oynamağa dəvət edir? Halbuki bu oyun zamanı uşağın beynində ciddi proseslər gedir. Uşaq strategiya qurur, öz əlindəkini, açılan daşları hesablayır, rəqibinin əlini müəyyənləşdirməyə çalışır. Hesablamağı quruca hesablamaq xətrinə deyil, qurduğu planı həyata keçirmək naminə edir. Başqa bir tərəfdən, oyun prosesində uşaq emosiyalar yaşayır - həyəcan keçirir, qələbənin və məğlubiyyətin nə olduğunu anlayır, öz emosiyalarını cilovlamağı, başqalarının hisslərinə hörmət etməyi öyrənir. Öyrənmə məhz belə olmalıdır. Əsas ismarıclarımızdan biri budur ki, öyrənmək yalnız yazmaq, oxumaq, şeir söyləməkdən ibarət deyil. Bunlar öyrənməyin, sadəcə, bir neçə yoludur.

“Sinfin idarə edilməsi” adlı növbəti təlimimiz müəllimlərə uşaqlarla işləməyi öyrədir. Axı onlar əşyalarla deyil, insanlarla işləyir. Uşaqları idarə etməyin öz yolları var. Biz onlara sinifdə qaydaları necə qoymağın sadə sirlərini öyrədirik. Bu proqram çərçivəsində həm də öyrənmənin idarə edilməsini öyrədirik. Müəllim öyrədərkən sinfi müşahidə etməyi, uşaqların gözünə baxmağı bacarmalıdır. Göz kontaktı, yerində verilmiş sual, adekvat tapşırıq uşağın nəyi başa düşüb, nəyi başa düşmədiyini aşkarlamağa kömək edir. Bu təlimə emosional intellektin inkişafı məsələlərini də salmışıq. Çünki emosional intellekti inkişaf etdirmədən, hissləri idarə etməyi öyrətmədən şagirdləri birləşdirib sinif kollektivinə çevirmək çox çətin olur.

“Uşaqlarda oxu bacarıqlarının inkişafı”nı nəzərdə tutan dördüncü təlim ibtidai sinif müəllimlərində ən çox müşahidə olunan başqa bir problemin həllinə yönəlib. Təəssüflə qeyd etməliyik ki, ibtidai sinif müəllimləri uşaqlara mexaniki oxu öyrədirlər, sonda uşağın oxu sürətini ölçürlər. Oxuduğu mətni nə dərəcədə başa düşüb-düşmədiyini müəyyənləşdirmirlər. Hərdən müəllim şikayət edir ki, uşaqlar riyazi misalları asanlıqla həll edir, ancaq məsələləri həll etməkdə çətinlik çəkir. Problem ondadır ki, uşaq oxuduğunu anlamadığı üçün məsələ həll edə bilmir. Oxuyub-anlasa, onu misal şəklinə salıb həll edə bilər. “Funksional savadsızlıq” adlanan bu problem sadəcə bizdə müşahidə olunmur. Almaniya kimi inkişaf etmiş ölkədə müəyyənləşdiriblər ki, yaşlıların 60 faizi funksional savadsızdır. Bu problemin kökündə həll edilməsi savadlı nəsillərin yetişdirilməsi üçün açardır.

- Əslində, bu problem müəllimlərin özündə də müşahidə olunur...

- Elə ona görə də əvvəlcə müəllimlərlə işləyirik. Elə hallar olur ki, müəllim hər hansı bir təlimatı oxuyur və sonra təlimatda aydın yazılmış müddəalar barədə suallar verir. Verilən sualların semantikası göstərir ki, şəxs oxuduğunu anlamayıb.

“Məktəbəhazırlıq qruplarında inkişafetdirici mühitin yaradılması” adlanan növbəti təlim əldə olan çox sadə vasitələrlə sinif otağında müvafiq inkişafetdirici mühitin qurulmasının mümkün olduğunu öyrədir. Kibrit çöplərindən tutmuş tullantı materiallarına qədər hər şeydən öyrətmə prosesində istifadə edilə bilər. İnstitutda xüsusi otağımız var: “Təməl təlim-resurs mərkəzi” adlanan həmin otaqda ibtidai sinif müəllimləri üçün seminarlar, ustad dərslər keçiririk. Orada rəngbərəng düymələr, şam qozaları, çəyirdəklər, rənglənmiş lobya toxumları, balıqqulaqları və s. təlim resursu rolunu oynayır. İbtidai sinif şagirdini lövhəyə çağırıb onun üçün abstrakt şeylər olan 4+5 ifadəsini yazdırmaq əvəzinə 4 şam və 5 küknar qozası ilə əməliyyatlar etməyi tapşırmaq daha faydalıdır.

İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinin kataloqunu hazırlayıb bitirdikdən sonra diqqəti təbiət fənlərini tədris edən müəllimlər üçün yeni proqramların hazırlanmasına yönəldəcəyik. Bu sahədə böyük boşluq var.

İlin əvvəlində “Təbiət fənlərinin inteqrativ tədrisi” mövzusunda 120 saatlıq proqram hazırlanıb. Lakin ilk olduğundan təkmil sayılmır və üzərində iş davam edəcək.

Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün “Yazılı nitqin inkişafı” proqramı üzərində iş gedir.

Şəmkir rayonunun məktəb psixoloqları üçün mart ayında vebinar keçirmişdik. Bu, bizim üçün çox yaxşı təcrübə oldu. Həmin təcrübəni davam etdirmək, digər rayonlarla da vebinar keçirməyi düşünürük. Düzdür, bu, fraqmentar işdir. 2 saat ərzində kiməsə çox şey öyrədəcəyimizi deyə bilmərik. Ancaq şəbəkələşmək üçün bir əsasdır. Peşəkar mövzular ətrafında müəllimləri müzakirəyə cəlb etməyin bir yoludur.

- Bu il müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbul imtahanlarında ən böyük vakansiyalardan biri ibtidai sinif müəllimliyində idi. Prioritetləri müəyyənləşdirərkən tələbatı müəyyənləşdirdiniz, yoxsa təhsilin təməlinin ibtidai sinifdən qoyulduğunu nəzərə alıb bu ixtisasdan olan müəllimlərin keyfiyyətini artırmağa çalışırsınız?

- Məktəblərdəki vəziyyət bizə göstərir ki, ibtidai sinif müəllimləri ən zəif halqadır. İbtidai siniflərdə əşyəvi-manipulyativ fəaliyyəti düzgün istiqamətləndirsək, riyazi və məntiqi təfəkkürü, dinləyib-anlama və oxuyub-anlama bacarıqlarını inkişaf etdirsək, orta məktəbdə şagirdlər ayrı-ayrı fənləri rahatlıqla öyrənə biləcəklər.

- “Dəyirmi masa”larla keçirilən tədbirlər nə dərəcədə effektli olur? Bu, formal xarakterli tədbirə çevrilmirmi?

- Çalışırıq ki, “dəyirmi masa”mız formal görüşə çevrilməsin. Hər tədbirimizə qatılmağa çalışan, hər dəfə nəsə yeni bir şey öyrənən, növbəti tədbirə həmkarını da gətirən müəllimlər var ətrafımızda. Onları formal görüşlərə dəvət etməklə özümüzdən uzaqlaşdıra bilərik. İş prinsipimiz belədir ki, həm özümüzün, həm də dəvət etdiklərimizin vaxtına hörmətlə yanaşırıq. Deyəcək yeni bir sözümüz yoxdursa, “dəyirmi masa” ətrafına toplanmırıq.

- Söhbətimizdən belə anladım ki, daha çox Bakıdakı təhsil işçiləri ilə işləyə bilirsiniz...

- Üzbəüz görüşlərdə əsasən Bakı, Sumqayıt və Abşeron müəllimləri ilə işləyə bilirik. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramını isə YUNİSEF-in maliyyə dəstəyi ilə bütün ölkə üzrə keçirdik. Ötən il 3707 nəfər, bu il bölgələrdə 3244, Bakıda 870 nəfər ibtidai sinif müəlliminin təlimi həyata keçirildi.

- Yeri gəlmişkən, diaqnostik qiymətləndirmədə zəif nəticə göstərən müəllimlər üçün təlimlərin keçirilməsi məsələsi gündəmdədir. Bu missiyanı öz üzərinizə götürə biləcəksinizmi?

- 2015-2017-ci illər ərzində Bakı şəhərində və ölkənin 9 regionunda diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərmiş müəllimlərin cəlb edildiyi ixtisasartırma təlimlərinin (müvafiq fənnin məzmunu üzrə 120 saatlıq proqram) nəticələri institutumuzda təhlil edildi. Müəllimlərin diaqnostik qiymətləndirmədə topladıqları balla təlimdən sonrakı yekun qiymətləndirmə balları müqayisə edildi və ümumilikdə müsbət dinamika aşkar edildi. 2552 nəfər müəllimdə 20 faizdən çox irəliləyiş nümayiş etdirildi. Bu barədə arayış hazırladıq və məktəblərdə dərs saatları bölüşdürülərkən bu nəticələrin nəzərə alınması barədə Təhsil Nazirliyinə müraciət etdik.

- Belə çıxır ki, müəllimlər rayonundan, məktəbindən, işindən ayrılmadan öz peşəkar inkişafını təmin edə bilər?

- Əsas məqsəd də odur ki, müəllimlər işdən ayrılıb paytaxta gəlməsinlər. İxtisasartırma təlimlərinin keçirilməsi tenderini udan təşkilatlar təlimləri rayonlarda təşkil edir. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Qiymətləndirmə şöbəsinin əməkdaşları həmin rayonlara ezam olunaraq müdavimləri qiymətləndirirlər. Bu, daha az vəsait və vaxt tələb edən variantdır. Günümüzün tələbi isə distant ixtisasartırma proqramlarının hazırlanmasıdır. Hazırda bunun üzərində işləyirik. Az da olsa elektron resurslar hazırlayıb saytımızda yerləşdiririk.
 

yuxarı ⤴