1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Kənd məktəblərində biz gənc müəllimlərə daha çox ehtiyac var”
13.10.2017 / No39

 

 

 


Aydan Mirzəyeva: “Dövlət tərəfindən tətbiq olunan imtiyazlar bizə stimul verir”

- Əvvəlcə sizi tanıyaq...

- 1993-cü ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşam. Orta təhsilimi Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbdə almışam. 2010-cu ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinə qəbul olub, 2015-ci ildə həmin fakültəni informatika müəllimliyi ixtisası üzrə bitirmişəm.

- Niyə məhz müəllimlik? İnformatika müəllimi olmağı öncədən planlaşdırmışdınız, yoxsa bu seçimi təsadüfən etdiniz?

- Müəllim olmaq əslində mənim uşaqlıq arzum idi, amma XI sinfə qədər hansı peşəni seçəcəyimdə çətinlik çəkirdim. Daha doğrusu, dəqiqləşdirə bilmirdim. XI sinifdə artıq uşaqlıq arzumu reallaşdırmaq qərarına gəldim və ixtisas seçimində birinci informatika müəllimliyi ixtisasını yazdım.

Bilirsiniz, insanların xarici görünüşü fərqli olduğu kimi onların daxili aləmi də, bacarıqları da fərqlidir. Hər hansı bir işlə bütün insanlar eyni keyfiyyətlə məşğul ola bilməzlər. Hər bir insanın daxilindəki bacarıq və qabiliyyətlər, qeyd etdiyim kimi, fərqlidir. Sadəcə, biz həmin bacarığı aşkar etməliyik. Belə olduğu təqdirdə, hesab edirəm ki, insanın həyatda özünə layiqli mövqe tutması ehtimalı artır. Yəni, hansı sahədə özünü görürsənsə, sənin bu sahədə mövcud olan nərdivanın pillələri ilə irəliləmək ehtimalın çox olur. Mən də özümü müəllim kimi gördüm və düşünürəm ki, məhz bu sahədə özümün bilik və bacarığımı daha yaxşı göstərə bilərəm.

- Gənc yaşda müəllimlik fəaliyyətinə kənddəki ümumi təhsil müəssisəsində başlamısınız. Maraqlıdır, bu seçiminizin səbəbi nədir?

- Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə iştirak edərək 50 bal topladım. Bu balla şəhər məktəblərində işləyə bilərdim. Belə ki, bu il həm yaşadığım yerə yaxın olan ümumi təhsil müəssisələrində, həm də şəhər məktəblərində ixtisasım üzrə vakant yerlər var idi, amma mən ilk yerə hazırda informatika müəllimi kimi işlədiyim Zaqatala rayonu Yuxarı Çardaqlar kənd tam orta məktəbini yazdım və qəbul oldum. Bu seçimi etməyimə səbəb isə kəndlərdə biz gənc müəllimlərə daha çox ehtiyacın olmasıdır. Burada işləmək istəyimin digər bir səbəbi isə ucqar kənd məktəblərində fəaliyyət göstərən müəllimlərə həvəsləndirmə tədbirlərinin tətbiqidir. Belə ki, dövlət tərəfindən tətbiq olunan imtiyazlar biz gənc müəllimlərə stimul verməklə yanaşı, müəyyən qayğılardan azad olunmağımıza da imkan yaradır. Artıq müəllim kimi fəaliyyətə başladığımız andan bilirik ki, hər cür diqqət və qayğı ilə əhatə olunuruq.

- Pedaqoji təcrübənizi şəhər məktəblərində keçmisiniz. Şəhər məktəbi ilə kənd məktəbi arasında hansı fərqliliklər var?

- Bəli, pedaqoji təcrübəni Bakı şəhərində yerləşən məktəblərdə keçmişəm. Hazırda ölkəmizdə təhsil müəssisələrinin inşası və yenidən qurulması prosesi sürətlə davam edir. Xüsusilə son illər ən ucqar kənd yerlərində müasir tələblərə cavab verən, hər cür şəraiti olan məktəblərin tikintisi, avadanlıqlarla təchizatı nəticəsində şəhər məktəbi ilə kənd məktəbi arasında olan fərqlər, demək olar ki, aradan qalxıb. Yəni, kənd məktəbində də şəhər məktəbindən heç də fərqlənməyən şərait yaradılıb. Şagirdlərin keyfiyyətli təhsil alması, müəllimlərin öz fəaliyyətlərini normal təşkil etməsi üçün hər bir şəraitin olduğu bir vəziyyətdə demək olar ki, fərqlər o qədər də nəzərə çarpmır.

- İndi isə şagirdlərin tədrisə münasibətindən danışaq. Çox vaxt deyirlər ki, kənddə oxuyan uşaqların dünyagörüşü bir qədər az olur, dərslərə həvəslə yanaşmırlar. Sizcə, bu iddialar nə qədər doğrudur?

- Kənddə oxuyan şagirdlərin dünyagörüşünün aşağı olması və dərslərə həvəssiz yanaşmaları fikri ilə razılaşmıram. Doğrusu, müəllimlik fəaliyyətimə başlayana qədər mən də bu fikirdə idim. Amma dərslərin başlanmasından keçən qısa bir zamanda fikrimdə yanıldığımı gördüm. Dünyagörüşlərində, həyata baxışlarında müəyyən fərqlərin olması fikri ilə razılaşmaq olar. Amma “kənddə oxuyan uşaqların dünyagörüşü zəifdir” fikri ilə qətiyyən razılaşmıram. O ki qaldı dərsə həvəssiz yanaşmağa, bir faktı demək istəyirəm. Çox vaxt 5 dəqiqəlik tənəffüsü edə bilmirəm. Çünki şagirdlərin oxumağa, öyrənməyə olan marağı, verdikləri düşündürücü suallar, mənim fikrimcə, onların daha çox öyrənmək, bilmək istəyindən xəbər verir. Dərs dediyim şagirdlərimin bilik səviyyəsindən, eləcə də mənə olan münasibətindən çox razıyam.

- Müəllim olmaq istəyənlərə nə demək istərdiniz?

-Mənim sözüm həm müəllim olmaq istəyən, həm də müəllim olacaq şəxslərədir. Müəllimlik müqəddəs və eyni zamanda məsuliyyətli bir peşədir. Belə ki, əgər kimdəsə müəllim olmaq istəyi yoxdursa, bu peşəni seçməsin. Çünki müəllim əgər işini sevməsə, bu həm şagird, həm də onun özü üçün çətin olacaq. Hər gün işə gedəndə məqsədimiz bu gün uşaqlara nə öyrədəcəyik və nə öyrənəcəyik haqqında düşünmək olmalıdır. Müəllim şagirdlərinin də özü kimi təhsilli olması üçün çalışıb, onlara nümunə olmalıdır.


Vüsalə BƏDƏLOVA,
Zaqatala Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴