1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Artıq tamaşaçı qarşısında həyəcan keçirmirəm”
13.10.2017 / No39

 

 

 


Nərminə İsmayılova: “Dünyanın böyük musiqi salonlarında Azərbaycanımıza alqışlar qazandıracağam”

Sifai SƏFƏROVA

Nərminə İsmayılova 2000-ci ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olub. Anası Nərgiz Kərimova Musiqili Komediya Teatrında solist-vokalist kimi çalışır. Nərmin hələ 3 yaşında olarkən tez-tez anası ilə onun iş yerinə gedərək fortepianoda necə ifa etməsinə saatlarla qulaq asarmış. 5 yaşı olarkən valideynləri onu məktəbəhazırlıq kursuna yazdırıb. Artıq o, fortepianoda sərbəst çala bilir. Müəllimi İrina Əliyeva deyir ki, musiqi duyumu və məntiqi çox güclüdür. Qavrama qabiliyyəti də normaldır. 2007-ci ildə o, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin I sinfinə daxil olub. Hazırda XI sinifdədir, Kəmalə Neymanovanın sinfində fortepiano dərsi alır. Onunla həmsöhbət olmaq olduqca maraqlı idi. Sanki gələcəyin məşhur fortepiano ustası ilə həmsöhbət idim. Sevdiyi, seçdiyi musiqi sənəti haqqında lap professional sənətkarlar kimi danışırdı. Orta məktəbdə necə oxuduğu və musiqi sənəti sahəsində qazandığı uğurları barədə ətraflı söhbət açdı. Onu dinlədikcə ruhumuza xoş bir ahəng qatılırdı.

Mənə diplom veriləndə çox həyəcanlı idim

- Bütün fənlərdən 4 və 5 qiymətlər alıram. Doqquz yaşım olarkən ilk dəfə N.Əliverdibəyov adına gənc pianoçuların respublika müsabiqəsinə qatıldım və laureat adını qazandım. Mənə diplom təqdim olunanda çox həyəcanlı idim, onu əlimdə bərk-bərk tutmuşdum. Sonra anama vermək istəyəndə o, yox, özündə saxla, bu, sənin ilk uğurundur, qızım, söylədi. Bugünkü imtahandan da beş qiymət aldın. Ana-bala sevincli anlar yaşadıq. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların respublika müsabiqəsində də uğurla çıxış etdim və I yerə layiq görüldüm. Həmin il Dövlət Gənclər Simfonik Orkestrinə solist kimi dəvət olundum və bu günə kimi də orkestrin konsertlərində solist kimi çıxış edirəm. Uğurlarım getdikcə çoxalır. Artıq tamaşaçı qarşısında həyəcan keçirmirəm. 2015-ci ildə görkəmli pianoçu V.Matsuevin təşkilatçılığı ilə Qazaxıstanda keçirilən klassik musiqi beynəlxalq festivalı və gənc pianoçuların “Astana Piano Passion” adlı beynəlxalq müsabiqəsinin diplom və mükafatını qazandım.

II yerə layiq görüldüm və laureat adını qazandım

- 2016-cı ildə Estoniyanın Narva şəhərində keçirilən gənc pianoçuların F.Şopen adına beynəlxalq müsabiqəsində iştirak etdim. Konsertdə dünya bəstəkarlarından İ.S.Baxın, L.V.Bethovenin, V.A.Motsartın, V.Y.Haydnın, A.Dvorjakın, F.Şopenin və K.Debüssinin əsərlərindən parçalar ifa etdim. Gözəl ifa nümayiş etdirdiyimə görə II yerə layiq görüldüm və laureat adını qazandım. Qeyd edim ki, müsabiqələr fərqli idi. 14-16 yaş qrupları arasında yarışırdıq. Narvada çıxış edərkən dünya bəstəkarlarının əsərlərini ifa etdim və münsiflər heyəti ifamı bəyəndi. Məni 2018-ci ildə keçiriləcək F.Şopenin XII beynəlxalq müsabiqəsinə də dəvət etdilər. Narvada laureat adını qazanan uşaqlar Tallində konsert verdilər. Konsertdə müxtəlif ölkələrdən olan gənclər iştirak edirdilər. Çoxlu dostlar qazanmışdım orada. Müsabiqədə məktəbimizdən Nigar Heydərli də iştirak edirdi. Altı gün orada qaldıq. Günümüz çox şən və maraqlı keçdi. Estoniya çox gözəl ölkədir. Gəzməkdən doymurduq. Amma doğma Bakımız üçün də çox darıxırdıq.

Dostlarım üçün Azərbaycan çayı dəmlədim

- 2016-cı il Polşanın Şafarnia şəhərində keçirilən pianoçuların Frederik Şopen adına beynəlxalq müsabiqəsinə qatıldım. Varşavaya, sonra isə Torun şəhərinə getdik. Müsabiqə Torunda dünya bəstəkarı F.Şopenin yaşadığı binada keçirildi. Bina o qədər gözəl və yaraşıqlı idi ki, baxmaqla göz doymurdu. Onun yaxınlığında göl də vardı. Həmin ərazidə dincəlirdik. Anam və müəllimim Kəmalə Neymanova da bizimlə idilər. Müsabiqə çox maraqlı keçdi və diplomant adını qazandım. Orada da çoxlu dostların əhatəsində idim. Özüm bişirdiyim pirojnaları onlara təqdim etdim və çay süfrəsi hazırladıq, Azərbaycan çayı dəmlədim. Onlarla oturub şirniyyatlarla çay içdik. Sonra uşaqlıq xatirələrimizi bölüşdük. Mən Narva şəhərində qazandığım uğurlarımdan, məktəbimizin istedadlı uşaqlarından söz açdım. Onlar da beynəlxalq müsabiqələrdə qazandıqları nailiyyətlərdən danışdılar. Səhərin açılmasına lap az qalırdı. Əşyalarımızı toplayarkən dostlarımızın kövrəldiyini gördük, onlara elə öyrəşmişdik ki...
Paytaxta döndükdən sonra televiziya kanallarına dəvət olunduq. İfalarımızı çox bəyəndilər. Qeyd edim ki, bir çox tədbirlərdə solist və vokalçıların konsertmeysteri kimi çıxış edirəm.

Bu etimadı doğrultmaq üçün səylə çalışmalıyam

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 dekabr 2016-cı ildə imzaladığı “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” sərəncamı ilə adımın Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazıldığını və xüsusi aylıq təqaüdə layiq görüldüyümü eşidəndə sevincimin hədd-hüdudu yox idi. Əlbəttə, bu, böyük etimaddır. Ancaq eyni zamanda düşünürəm ki, bu etimadı doğrultmaq üçün daha səylə çalışmalıyam. Hər gün səkkiz saat fortepiano arxasında otururam. Asudə vaxt tapan kimi musiqiyə dair ədəbiyyatlar da oxuyuram. Yeri gəlmişkən söyləyim ki, müsabiqələrə yollanarkən aldığım təqaüd mənə çox kömək olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. İstedadlı uşaqlara ölkə rəhbəri tərəfindən aylıq təqaüdün verilməsi mənə və mənimlə bərabər musiqi sənətində fərqlənən bütün yaşıdlarımıza bir stimul verir. Biz dövlətimizə və onun lider rəhbərinə çox güvənirik. Əminliklə deyirəm ki, gecəmi gündüzümə qatıb mənə göstərilən etimadı yüksək səviyyədə doğruldacaq, dünyanın böyük musiqi salonlarında Azərbaycanımıza alqışlar qazandıracağam.

yuxarı ⤴