1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



“Məktəbimizin 700 bal toplayan tək məzunuyam”
15.10.2016/№40

 

 

 


Azərbaycan Tibb Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Səbinə İsmayılova ilə söhbət

Səbinə İsmayılova 1999-cu ildə Qazax rayonunun Canallı kəndində anadan olub və həmin kənddəki tam orta məktəbi bitirib. 2015-ci ildə Bakıda keçirilən 47-ci beynəlxalq kimya olimpiadasının qalibi olub. Bu il ali məktəblərə keçirilən qəbul imtahanında ən yüksək nəticə göstərərək 700 bal toplayıb. Hazırda Azərbaycan Tibb Universitetinin tələbəsidir. Bu günlərdə onunla görüşüb bizimlə hömsöhbət olmasını xahiş etdik. O da öz növbəsində təklifimizdən məmnun qalaraq suallarımızı cavablandırmağa razılıq verdi. Səbinəyə ilk sualımız belə oldu:

- X, XI siniflərdə oxuyarkən düşünürdünmü ki, qəbul imtahanında 700 bal toplaya bilərsən?
- Yüksək bal toplayacağıma inanırdım, amma düşünürdüm ki, cavab kartında səhv edə bilərəm. Test suallarının hamısını cavablandırsam da o rekordu vuracağıma tam əmin ola bilməzdim. İki il müntəzəm olaraq hazırlaşmışam, gecəmi gündüzə qatmışam. Sonda da, gördüyünüz kimi, zəhmətim hədər getmədi və tələbə adını qazandım. Mənim ən ümdə bir arzum idi həkim olmaq.
- Bu şad xəbər səndə hansı hissləri oyatdı?
- İmtahanın nəticələri çıxanda 700 bal topladığımı eşidəndə sevincimin hədd-hüdudu yox idi. Xoş xəbər quş qanadlı olur, deyiblər. Bir göz qırpımında müəllimlərim, babam, nənəm, qohumlar bizə toplaşdılar. Hamısının gözləri dolmuşdu sevincdən...
- Məktəbinizdə səndən başqa 700 bal toplayan olubmu?
- 600-dən yüksək bal toplayan məzunlar olub, amma məktəbimizin 700 bal toplayan tək məzunuyam. Məhz buna görə də direktorumuz İlduzə Yusifova valideynlərim qədər sevindi. Onun da sevincdən gözləri yaşardı və qürurla dedi ki, Səbinə məktəbin sayılıb-seçilən şagirdlərindən olub, ictimai işlərində fəallıq göstərib. Onun uğuru bütün rayonun uğurudur. Məktəbimiz onunla fəxr edir. İnanıram ki, Azərbaycan Tibb Universitetini də əla qiymətlərlə başa vuraraq üzümüzü ağ edəcək.
- Səbinə, eşitdiyimə görə müəllim ailəsində böyümüsən. Valideynlərinin sənə köməyi olubmu?
- Evimizdə mənim üçün hər cür şərait yaradılmışdı. Dərsdən sonra bütün günü məşğul olurdum. Bəzən riyazi düsturları başa düşməyəndə bilmədiklərimi valideynlərimdən soruşurdum. Çalışırdım öyrəndiklərimi yaxşıca mənimsəyim. Babam fizika, nənəm riyaziyyat müəllimi olub, hazırda təqaüdçüdürlər, anam isə məzunu olduğum məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir. Onların mənə böyük köməkləri olub.
- ATU-nun tələbəsi bu peşəni öz arzusu ilə seçib, yoxsa?..
- Mən yaxşı həkim olmaq arzusu ilə yaşayıram. Bu arzunun ilk pilləsi reallaşdı. İndi gərək ali məktəbi də yaxşı qiymətlərlə oxuyam ki, tanınmış həkim olum. Mənim üçün bundan gözəl, bundan ülvi peşə yoxdur. Bu peşə həm də çox müqəddəsdir.
- Həkimlik peşəsindən başqa daha hansı peşəyə yiyələnmək istərdin?
- Bu gün insanların savadlı psixoloqlara çox ehtiyacı var. Əslində mənim gələcək peşəmin bir hissəsi də elə bu sahəyə aiddir. Həkim psixoloq olmasa xəstədə sağalacağına inam yarada bilməz.
- İkinci dəfə şans verilsəydi, yenə də bu peşəni seçərdinmi?
- Şübhəsiz, yenə həkimlik peşəsini seçərdim və öz peşəmin şərəfini qoruyardım.
- Yaxşı həkim olmaq üçün daha hansı keyfiyyətlərə yiyələnmək vacibdir?
- Həkimlik fədakarlıq tələb edir, gərək daim öz üzərində çalışasan, öyrənəsən, araşdırasan, təkmilləşəsən, tibbi ədəbiyyatları, jurnal və qəzetləri mütəmadi olaraq oxuyasan.
- Ağ xalatda Səbinə özünü necə hiss edir?
- Ağ xalatda özümü gələcəyin savadlı, elmli, peşəsinin öhdəsindən ləyaqətlə gələ biləcək həkim kimi görürəm. Bu arzumu da hökmən reallaşdıracağam.
- Yeri gəlmişkən, bu peşə həm də çox məsuliyyətlidir?
- Əlbəttə, məsuliyyətlidir. Həkim insan taleyi ilə oynaya bilməz. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi şərəfli və məsuliyyətli peşəyə gərək hörmət qazandırasan. Çalışacağam hər sözüm xəstə üçün məlhəm olsun.
- Ucqar bir kənddən gələn qız üçün şəhər, tələbə həyatı çətinlik törətmir ki?
- Əsla. Hər şey yaxşıdır. Kitabxanalarda oluram. Seminarlarda fəallıq göstərirəm. Dərslərimə başım elə qarışır ki, günün nə vaxt keçdiyini heç hiss etmirəm. Professorların mühazirələrini diqqətlə dinləyirəm və qarşıdan gələn payız imtahanlarına ciddi hazırlaşıram.
Əminəm ki, ali məktəbdə ilk payız imtahanları sınağından da qalib çıxacaqsan. Bir vaxt təhsil aldığın orta məktəbə qazandırdığın şərəfi bu ali məktəbə də qazandıracaqsan.
Orta məktəbdən yenicə ayrılan, bu gün ali məktəbin birinci kursunda təhsil alan bir gənclə həmsöhbət olarkən tam yetkin düşüncə sahibi olan Səbinənin ağlına, həyata baxışına, fəlsəfi düşüncələrinə valeh oldum.

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”

yuxarı ⤴