1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Təhsildə keyfiyyətin artırılması üçün
20.10.2017 / No40

 

 

 


“Məktəb seminarları” ümumi təhsildə qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynayır

Samirə KƏRİMOVA

2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinə müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) builki “Məktəb seminarları” da məhz ümumi təhsildə keyfiyyətin artırılmasına həsr olunub. Artıq 3-cü ildir ki, idarə tərəfindən uğurla reallaşdırılan və paytaxtın 12 rayonunu əhatə edən bu layihə məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri və valideyn icmasının təmsilçilərini bir araya gətirir.

Oktyabrın ilk günlərindən start götürən “Məktəb seminarları”nın sessiyaları Nəsimi, Qaradağ, Yasamal, Nərimanov, Səbail, Xəzər, Pirallahı, Nizami, Sabunçu rayonlarında ardıcıl olaraq keçirilib. Sessiyalarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri iştirak edirlər. “Məktəb seminarları” 23 sessiya üzrə keçirilir.

“Məktəb seminarları”nın növbəti sessiyaları oktyabrın 18-də Bakı şəhəri 257 nömrəli tam orta məktəbdə təşkil olunub. Sessiyalarda Xətai rayonu üzrə ümumtəhsil müəssisələrinin təhsil işçiləri iştirak ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva direktorlarla təhsilin ən aktual məsələləri ilə bağlı apardığı geniş müzakirələrdən sonra “Azərbaycan müəllimi”nə “Məktəb seminarları”, burada hansı məsələlərin müzakirə olunması haqqında bir qədər geniş məlumat verib.

Məhəbbət Vəliyeva bildirib ki, bu layihə 2015-2016-cı tədris ilindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təhsildə uğurlu nəticələr əldə edən məktəblərin nailiyyətlərinin müzakirəsi və idarəetmə istiqamətində mövcud təcrübənin bölüşdürülməsi, ümumi təhsildə qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə Bakının 12 inzibati rayonunda həyata keçirilir.

Artıq ötən ildən seminarlar iki dəfə - dərs ilinin həm əvvəlində, həm də sonunda təşkil olunur. Dərs ilinin əvvəlindəki seminarlarda il ərzində qarşıya qoyulan məsələlər, dərs ilinin sonundakı seminarlarda isə illik fəaliyyətin təhlili, mövcud problemlərin həlli yolları, əldə olunan nəticələr müzakirə edilir, növbəti dərs ili üçün qarşıda duran vəzifələrdən danışılır.

Məqsəd birdir: təhsilin keyfiyyətinin artırılması

“Məktəb seminarları” layihəsinin 3-cü ilində 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi ilə əlaqədar olaraq sessiyalarda ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili, ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən metodiki işin düzgün qurulmasının əhəmiyyəti, təhsil müəssisələrinin fəaliyyətində səmərəli idarəetmənin rolunun artırılması müzakirə olunur. Eyni zamanda, sağlam yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı şagirdlərlə işin düzgün qurulması, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi və digər məsələlərlə bağlı diskussiyalar aparılır.

Təhsildə keyfiyyətin daha da dayanıqlı olması, “keyfiyyətli təhsilvermə”, “şagird nailiyyəti və digər həyati bacarıqlar keyfiyyətin ən vacib göstəricisi” kimi amillər əsas götürülməklə “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təsdiq edilmiş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrası “Məktəb seminarları”nın əsas məqsədlərindəndir. Eyni zamanda, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək də qarşıya qoyulan hədəflərdir.

M.Vəliyeva sessiyaların əhatə etdiyi mövzularla bağlı sualımıza cavab olaraq qeyd edib ki, Təhsilə Dəstək Mərkəzinin metodist-mentorları tərəfindən müəllimlər üçün keçirilən sessiyalarda fənn müəllimlərinin fəaliyyətinə, tədrislə bağlı məsələlərə xüsusi diqqətlə yanaşılır. Eləcə də tədris prosesinin düzgün və səmərəli qurulmasında müəllimin rolu önə çəkilir, şagird nailiyyətlərinin izlənilməsi və qiymətləndirilməsi, məktəbdə sağlam mühitin formalaşmasında müəllim-şagird-valideyn əməkdaşlığının vacibliyi nəzərə çatdırılır.

Təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə aparılan müzakirələrdə əsas mövzu məktəbdə metodiki işin səmərəli təşkili məsələsidir: “Bilirik ki, təlim-tərbiyə işləri üzrə direktor müavinləri məktəb üzrə metodbirləşmənin sədrləridir. Onlar fənn birləşmələrinin fəaliyyətinə rəhbərlik və nəzarət işini həyata keçirirlər. Bu gün təlim-tərbiyə işləri üzrə direktor müavinləri məktəbdə fənn birləşmələrinin fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı müzakirələrə cəlb olunur, bununla bağlı onlarla fikir mübadiləsi aparılır”.

Məktəb direktorları üçün təşkil olunan sessiyada isə rayon üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimatı, onun və eyni zamanda, keyfiyyətə nəzarət işinin təşkili, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalarla bağlı müzakirələr aparılır. Məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, yeni layihələrin icrası, təmayülləşmənin tətbiqi, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili, məktəbəhazırlıq qruplarının uşaqların inkişafına təsiri, valideynlərlə işin qurulması fəaliyyətin əsas istiqamətlərini təşkil edir.

İdarə müdirinin sözlərinə görə, istər psixoloqların, istər kitabxanaçıların, istərsə də uşaq birliyi rəhbərlərinin də iştirak etdiyi sessiyalarda müzakirə mövzularının istiqamətləri müxtəlif olsa da, sonda məqsəd birdir: təhsilin keyfiyyətinin artırılması. “Düşünurəm ki, “Məktəb seminarları” təhsildə uğurlu təcrübənin bölüşdürülməsi, ümumi təhsildə qarşıya qoyulan hədəflərə çatmaqda mühüm əhəmiyyət kəsb edir. Belə tədbirlərin digər özəlliyi isə hər bir rayonun məktəblərinin fəaliyyəti ilə daha yaxından tanış olmaq, ümumtəhsil müəssisələrinin rəhbərləri, burada çalışan təhsil işçiləri, eyni zamanda valideynlərlə görüşmək, onların istək və arzularını eşitmək, narahat edən məsələləri yerindəcə həll etməkdir”.

Bu seminarların rayonlarda ayrı-ayrılıqda keçirilməsinin və interaktiv müzakirələrin aparılmasının daha çox sayda təhsil prosesinin iştirakçılarını ölkədə gedən islahatlarla bağlı maarifləndirmək baxımından faydası böyükdür. Eyni zamanda bu müzakirələr prosesin hər bir iştirakçısına lazımi dəstək göstərmək və fəaliyyətlərini istiqamətləndirməkdə yardımçı olur: “Təcrübə göstərir ki, seminarlar özünün müsbət nəticəsini verməkdədir. Ötən tədris ili ərzində keçirilən iki seminar nəticəsində biz, ümumiyyətlə, məktəblərdə müsbət dinamikanın şahidi olmuşuq. Belə ki, istər məktəb mühitinin sağlamlaşdırılması və saflaşdırılması, istərsə də ümumi idarəetmənin tənzimlənməsi istiqamətində və digər məsələlərlə bağlı bir sıra uğurlu nəticələr əldə edilib”.

İşgüzar və səmərəli müzakirələr

Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyaların bir neçəsində biz də iştirak edərək aparılan işgüzar və səmərəli müzakirələrin şahidi olduq.

Məktəb direktorları üçün təşkil olunan sessiyada BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin sektor müdirləri Lamiyə Şərəfxanova, İlhamə Abdullayeva, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, I sinfə qəbul, məktəbəhazırlığın təşkili, keyfiyyətə nəzarət işi, məktəb saytlarının təkmilləşdirilməsi , təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəb imicinin formalaşdırılması, tədrisin, məktəbdənkənar tədbirlərin təşkili, təhsil müəssisələrinin təbliği, eləcə də şagird nailiyyətlərinin qiymətləndirilməsi və digər müvafiq mövzularda çıxış etdilər.

Təlim-tərbiyə işləri üzrə direktor müavinləri (buraxılış sinifləri üzrə) üçün keçirilən sessiyada Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bəktaşi təhsil işçiləri ilə rayonlar üzrə məktəblərin keyfiyyət göstəricilərini, keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmaları müzakirə edirdi.

Təlimə Dəstək Mərkəzinin baş metodisti Fəzail Məmmədov rayonun riyaziyyat, həmin mərkəzin ingilis dili fənni üzrə mentoru Lətifə Əzimova bu fənn üzrə dərs deyən qabaqcıl müəllimlərlə müzakirələr aparırdılar.

Qeyd edək ki, “Məktəb seminarları” öz işini müvafiq olaraq oktyabrın 19 və 20-də Binəqədi və Suraxanı rayonları üzrə keçirilən sessiyalarla yekunlaşdıracaq.

yuxarı ⤴