1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Bilik əsaslı iqtisadiyyata keçid yolunda
20.10.2017 / No40

 

 

 


İnnovativ ekosistemin formalaşmasında sahibkarlıq universiteti modeli daha da aktuallaşır

Ruhiyyə DAŞSALAHLI

Dünən Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar işə başlayıb. Tədbirin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, rektorlar, millət vəkilləri, təhsil ekspertləri iştirak edib.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, 2013-cü ilin oktyabrında Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindən biri bilik iqtisadiyyatına keçidi təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması, nəticədə rəqabətədavamlı iqtisadiyyatın yaradılmasının təmin edilməsidir. Bu isə Təhsil Nazirliyinin təkbaşına nail ola biləcəyi hədəf deyil. Odur ki, bu istiqamətdə fəaliyyət göstərən digər qurumlarla əməkdaşlıq hədəfə gedən yolda atılan əsas addımlardan olub. Nazir bu yolda Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edən, məqsədə nail olunmasında öz töhfəsini verən qurumlara təşəkkür edib: “İnnovativ iqtisadiyyatın tərkib və əsas hissələrindən biri birmənalı şəkildə informasiya texnologiyaları və iqtisadiyyatın bununla əlaqəli ayrı-ayrı sahələri olduğundan əsas tərəfdaşlarımızdan biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi oldu. Ekosistemin qurulmasından danışırıqsa, burada İqtisadiyyat Nazirliyi, bilik mərkəzləri sayılan Azərbaycan Milli Elmlər Akademiyası, ölkə universitetləri prosesdən kənarda qala bilməz. Bu məqsədə gedən yolda xüsusi olaraq Leyla xanıma təşəkkür edirəm. Onun yaradıcı, bilikli gənclərlə həyata keçirdiyi layihələr hər kəsə məlumdur”.

Nazir Azərbaycanın bilik əsaslı iqtisadiyyata keçiddə ən böyük dəstəkçisinin dünya təcrübəsi olacağını vurğulayıb. O, “Global İnnovation Catalyst” şirkətinin qurucusu Kəmran Elahianla bir neçə ildir ki, müzakirələr aparıldığını deyərək, ona da birgə əməkdaşlığa görə təşəkkür edib. ABŞ-ın Berkli və Stenford universitetləri ilə də birgə əməkdaşlığın Azərbaycanda innovativ iqtisadiyyatın qurulmasına öz töhfəsini verəcəyini qeyd edib.

“Tərəfdaşlığın əsas məqsədi yüksək texnologiyalar əsasında sahibkarlıq ideyalarının inkişaf etdirilməsinə və kommersiyalaşdırılmasına dəstək verəcək innovativ ekosistem üçün kadr hazırlığını təmin etməkdir”, - deyən nazir seminarı bu əməkdaşlığın ilk mərhələsi adlandırıb: “Tədbirin məqsədi fəaliyyət planının hazırlanmasında müvafiq dövlət qurumları arasında fikir mübadiləsinin təmin edilməsidir. Seminarın nəticəsi olaraq bilik əsaslı və innovativ iqtisadiyyatın qurulmasına dair fəaliyyət planının mümkün məzmun çərçivəsinin hazırlanacağı da gözlənilir”.

Nazir deyib ki, insan kapitalının inkişafı və təhsilin rolunun gücləndirilməsi bilik əsaslı cəmiyyətləri fərqləndirir. İnnovativ mühitin yaradılması, innovasiyaların tətbiqində dövlət, sənaye və ali təhsil müəssisələrinin əməkdaşlığının rolunu xüsusi qiymətləndirən M.Cabbarovun fikrincə, hər üç tərəf resursları, gələcəyə baxış strategiyaları və fəaliyyəti ilə innovasiyaların inkişafı və tətbiqinə xidmət edir: “Burada ali təhsil müəssisələrinin platforma rolu oynamalı olduğunu düşünürük. Universitetlərin dövlət təşkilatları və sənaye müəssisələri ilə əməkdaşlığı nəticəsində elmin və yüksək texnologiyaların inkişafına, innovasiya və yeniliklərin formalaşmasına, ən önəmlisi, sosial-iqtisadi rifaha nail olmaq mümkündür. Danılmaz faktdır ki, innovativ ekosistemin formalaşmasında sahibkarlıq universiteti modeli daha da aktuallaşıb”.

Nazir “sahibkarlıq universiteti”nin bir sıra önəmli xüsusiyyətlərini də açıqlayıb: “Bu, öz fəaliyyəti ilə tələbə və müəllim heyəti arasında sahibkarlıq ruhunu inkişaf etdirən və dəstəkləyən ali təhsil müəssisəsidir. Sənaye müəssisələri ilə yaxından əməkdaşlıq edərək elmin kommersiyalaşdırılmasına əhəmiyyət verir, universitetdə aparılan elmi tədqiqat və kadr hazırlığı işini sənayenin, iqtisadiyyatın tələblərinə uyğun qurur, innovativ ideyaların inkişafına şərait yaradır, müvafiq mühiti təmin edən və xüsusilə də əqli mülkiyyətin qorunmasına dəstək verən ideyaları sahibkarlıq subyektinə çevirir. Beləliklə də biliklərin kommersiyalaşdırılmasına nail olur. İnkişaf etmiş iqtisadiyyatlara nəzər salsaq görərik ki, universitetlər elm və bilik məbədi olmaqdan əlavə, innovativ iqtisadi artım mərkəzləri rolunu da öz üzərinə götürüb”.

Sadəcə iki universitetin - Stenford və Berkli universitetlərinin Amerika iqtisadiyyatına verdiyi töhfəni əks etdirən rəqəmlərin təəccüb doğurduğunu deyən nazir bu baxımdan Bakı Mühəndislik Universitetinin belə bir təşəbbüs göstərməsini xüsusi qiymətləndirib. Nazir gələcəkdə bu şəbəkənin genişlənəcəyinə ümid etdiyini də deyib: “Bu gün bir çox universitetdə startap layihələri həyata keçirilir, biznes inkubatorlar təşkil edilir. Düşünürəm ki, gələcəkdə verəcəyimiz qərar bu amilin daha da inkişafına səbəb olacaq”.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə informasiya-kommunikasiya texnologiyalarının dünyada ən dinamik inkişaf edən sahələrdən olduğunu vurğulayaraq deyib ki, bu sahənin inkişafı ölkəmizdə də prioritetdir. Strateji Yol Xəritəsində startapların, kiçik sahibkarların, biznes bacarıqlarının artırılması və biznesin təşkilinə dəstəyə xüsusi yer verilir. İqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi, o cümlədən yüksək texnologiyaların dinamik inkişafı məqsədi ilə dövlət tərəfindən yaradılan qurumlara diqqət çəkən nazir rəhbərlik etdiyi nazirliyin tərkibində yaradılan belə qurumların fəaliyyətindən də danışıb. Həmin qurumlardan biri - İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu İKT sektorunda innovativ ideyaların dəstəklənməsi məqsədi ilə 3 istiqamətdə fəaliyyət göstərir. Startap layihələrə qrantlar ayırır, layihələrə güzəştli kreditlər verir, ən uğurlu layihələrdə investor kimi çıxış edir: “Fondun indiyədək keçirilən 5 qrant müsabiqəsinə 750-dən artıq layihə təqdim olunub. Onlardan 112-si qalib elan olunaraq qrant verilib. İcrası yekunlaşdırılan layihələrdən 20-si biznes layihəsinə çevrilib və artıq vergi ödəyicisidir”.

Nazirlikdə yeni innovasiya mərkəzinin yaradıldığını deyən nazir bunun mövcud ekosistemin inkişafına böyük töhfə verəcəyini də vurğulayıb.

Bundan başqa, startap hərəkatını genişləndirmək məqsədilə bütün ölkə ərazisini əhatə edən tədbirlərdən danışan R.Quluzadə bu istiqamətdə başqa ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa da diqqət çəkib. Onun sözlərinə görə, bütün layihələrin strateji məqsədi kimi İKT sahəsində “Made in Azerbaijan” brendi altında dünya bazarına məhsul və xidmətlərin çıxarılması nəzərdə tutulub.

Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bir sıra ali təhsil müəssisələrində biznes inkubatorlar yaradılıb. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu təhsil sahəsində yaranan biznes ideyalarının həyata keçirilməsində birbaşa iştirak edir. Fond ilə SABAH qrupları əməkdaşlıq memorandumu imzalayıb. Nazir onu da deyib ki, universitetlərdə yaradılan mərkəzlərə çoxsaylı layihələr daxil olur. Həmin startap layihələrdən 20-si qrant müsabiqəsində qalib olub və uğurla icra olunur. Universitetlərdə İKT ilə bağlı layihələrə dəstəyi əsirgəmədiklərini deyən nazir ADA ilə əməkdaşlığı da xüsusi qeyd edib.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxışında qeyd edib ki, innovativ ekosistemin formalaşması çoxşaxəli və çoxsəviyyəli prosesdir. Bu proses təhsil, elm, yaradıcılıq, təşəbbüskarlıq, eləcə də dövlət dəstəyinin vəhdətini təşkil etməlidir. Beynəlxalq təcrübədə müxtəlif sahələrdə, o cümlədən kiçik və orta sahibkarlıqda innovativ təşəbbüslərin təşviqinin geniş vüsət aldığını vurğulayan nazir müavini Azərbaycanda innovativ iqtisadiyyata təkan vermək məqsədi ilə görülən tədbirlərdən danışıb.

S.Həsənova Azərbaycanda innovasiyaları təşviq etmək məqsədi ilə BMT ilə birgə İqtisadiyyat Nazirliyinin keçirəcəyi innovasiya müsabiqəsi barədə də məlumat verib. O, innovativ ideyalara sahib təşəbbüskar şəxsləri dekabr ayında yekunlaşacaq müsabiqəyə dəvət edib.

Sonra “Global İnnovation Catalyst” şirkətinin qurucusu Kəmran Elahian “Qazıntı iqtisadiyyatı”ndan “İnnovativ iqtisadiyyat”a mövzusunda təqdimat edib. O, öz təcrübəsindən nümunələr gətirərək bu işdə uğur əldə etməyin yollarından danışıb. Azərbaycanda 30-dan çox məktəbdə müvafiq şərait yaradaraq innovativ iqtisadiyyatın hansı formada ola biləcəyi ilə bağlı tədqiqat və müzakirələr apardığını deyən Elahian “pozitiv sosial təsirə malik sahibkarları cəlb etməyin bu istiqamətdə nəzərdə tutulan 3 illik planın yerinə yetirilməsinə” kömək edəcəyini vurğulayıb. Onun sözlərinə görə, sözügedən plan 3 aya hazır olacaq.

Berkli Kaliforniya Universitetinin professoru Qreqori LaBlank “Startap ekosistemi: Silikon Vadisinin əsasları və hökumətin rolu” mövzusunda təqdimatında Silikon Vadisinin təcrübəsinə xüsusi yer ayırıb. Dünyada 10 innovativ universitetin 9-nun Amerikada olduğuna diqqət çəkən mütəxəssis startaplarda riskin yüksək, uğursuzluğun gözlənilən olduğunu da vurğulayıb. Uğursuz layihədən vəsaiti geri götürüb başqa bir layihəyə yatırtmaq üçün isə məhkəmə-hüquq sisteminin işinin əhəmiyyətli olduğunu deyib. Bu baxımdan ölkələrdə məhkəmə sisteminin işləməsini önəmli hesab edib. ABŞ və Hindistan hüquq sistemindən nümunə çəkərək deyib ki, Amerikada bir neçə həftə ərzində həll edilən məsələ Hindistanda illərlə vaxt apara bilər.
Seminarda İqtisadiyyat və Təhsil nazirlikləri arasında əməkdaşlıq memorandumu da imzalanıb.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva seminar iştirakçıları ilə görüşüb.

Qeyd edək ki, seminar bu gün və sabah Bakı Mühəndislik Universitetində davam edəcək.

yuxarı ⤴