1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Bir SABAH qrupunda
20.10.2017 / No40

 

 

 


Bakı Mühəndislik Universiteti tələbələrini cəmiyyətin sabahı kimi görür

Ruhiyyə DAŞSALAHLI

2017-2018-ci tədris ilindən informasiya texnologiyaları və sistemləri ixtisası üzrə 15 nəfərdən ibarət yeni SABAH qrupu təşkil olunub. Bakı Mühəndislik Universitetində yaradılan həmin qrupla SABAH-ın təşkil olunduğu universitetlərin sayı 12-yə çatıb.
Xatırladaq ki, SABAH qrupları 2014-2015-ci tədris ilindən etibarən təşkil olunur. 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılan SABAH qruplarının artıq məzunları da var.

8 nəfərdən biri

Bakı Mühəndislik Universitetində (BMU) informasiya texnologiyaları və sistemləri ixtisası üzrə II kursda təhsil alan 30-a qədər tələbənin böyük əksəriyyəti SABAH qruplarının seçim mərhələsinə qatılıb. Onların arasından 15 nəfər seçilərək qrup təşkil olunub. Seçim mərhələsini uğurla başa vuraraq SABAH-ın tələbəsi adını qazanan həmin tələbələr üçün əsl mübarizə isə hələ indi başlayıb. Belə ki, onlar daha keyfiyyətli təhsil alanlar sırasına qatılmağa nail olsalar da, adlarının 8 təqaüdçüdən biri olaraq səslənməsini istəyirlər. SABAH qrupunda yüksək nəticələrlə təhsil alan sadəcə 8 tələbə əlavə təqaüd alacaq. Tədris ili boyunca 15 tələbə 8 yer uğrunda rəqabət aparacaq. Belə görünür ki, hər semestrin sonunda 8 nəfərdən biri seçilmək elə də asan olmayacaq.

Kompüter laboratoriyasında

BMU-da SABAH qrupu üçün ayrılan otağın qarşısındayıq. Ancaq burada heç kim yoxdur. Öyrənirik ki, laboratoriyalardan birindədirlər.

Bu da onlar. Kompüter laboratoriyasında dərsdədirlər. Diqqətlə müəllimi dinləyirlər. Kompüter və informasiya texnologiyaları kafedrasının müəllimi Əli Həsənovun dərsidir. Universitetdə müasir proqramlaşdırma dilləri, verilənlərin strukturu və alqoritmlər, proqramlaşdırmanın əsaslarından dərs deyən Əli müəllim SABAH qruplarında Verilənlərin Strukturu (Data Structure) fənnini tədris edir. Əli müəllim də SABAH qrupuna böyük ümidlərlə baxır. Ona görə yox ki, seçilənlər digərlərindən ciddi fərqlənir. Ona görə ki, fərqlənmələri üçün onlara hər bir şərait yaradılıb. Əli müəllimin sözlərinə görə, bu qrupda dərs onun öz məsuliyyətini də artırır: “Dərsə xüsusi hazırlaşıram. Çalışıram ki, bacardıqca onlara daha çox bilik ötürüm, onların suallarının qarşısında aciz qalmayım”.

Ən yaxşı olmaq SABAH tələbələrinin öz əlindədir

Əli müəllim nəinki dərs prosesində, elə dərsdənsonrakı saatlarda da tələbələri ilə əlaqəsini kəsmədiyini deyir: “Universitetdə bütün dərslərin müasir təhsil standartlarına uyğun keçilməsinə çalışırıq. SABAH qrupunda keçdiyimiz bu dərsdə də ümumi ekranda mövzunu izah edirəm, tələbələr onlara verilən tapşırığı lokal kompüterlərdə yerinə yetirirlər. Mövzu ilə bağlı hər hansı problem olarsa, aradan qaldırırıq. Ev tapşırıqlarına da vaxt ayırmağa çalışırıq. Tələbələrimizlə onlayn sistemlərin köməyi ilə dərslərdən sonrakı saatlarda da məşğul ola bilirik”.

SABAH qrupunda təhsil alan 15 tələbədən hər birinin fəal olduğunu xatırladan Əli müəllim hesab edir ki, indiyədək tənbəl kimi tanıdığı tələbələrdən də ciddi dəyişikliklər gözləyir: “Ötən dərs ilində də bu uşaqlara dərs keçmişəm. Bu baxımdan, onlardan bəzilərini fərqləndirə bilirəm. Ancaq bu ildən vəziyyətin dəyişəcəyini düşünürəm. Əminəm ki, tənbəllik müşahidə etdiyim tələbələrin SABAH qrupunda təhsil alması onları da fəallaşdıracaq. Çünki onların arasında çox güclü rəqabət var. Məsələn, ötənilki təcrübəm əsasında deyə bilərəm ki, İbrahim, İdris, Azər, Nərgiz, Ələsgər bu qrupda yetişən ən yaxşı kadrlardan olacaqlar. Ancaq rəqabət mühitində digərlərinin onları üstələyəcəyinə də şübhə etmirəm. Hesab edirəm ki, SABAH qrupunda təhsil almaq tələbələrimin şansıdır. Onlar da bunu dəyərləndirirlər. Çalışırlar ki, keçdiyimiz mövzular üzrə onlara heç nə qaranlıq qalmasın. Fikrimcə, bu gün burada yetişən gənclər gələcəyin ən nümunəvi kadrlarıdır. Bu şəraitdən istifadə edib daha yaxşı kadr olmaq SABAH tələbələrinin öz əlindədir”.

Böyük gözlənti

SABAH qruplarında təhsil almaq fərq yaradır. Onlar bu fərqi hər zaman kənardan müşahidə ediblər. Başqa universitetlərdə təhsil alan SABAH-çıları heyranlıqla izləyiblər. Artıq SABAH tələbəsi statusundadırlar. Doğrudanmı, daha yaxşı kadr olmaq SABAH tələbələrinin öz əlindədir?

Bakı Mühəndislik Universitetinin informasiya texnologiyaları və sistemləri bölümünün ingilis qrupunun 2-ci kurs tələbəsi Ələsgər Ələkbərov deyir ki, SABAH qruplarının onun da təhsil aldığı universitetdə təşkil olunacağı xəbərindən çox sevinib: “SABAH qrupları barədə əvvəlcədən məlumatım vardı. UNEC, Bakı Dövlət Universitetindəki fəaliyyətini yaxından izləmək imkanım olmuşdu. Çox böyük həvəslə gözləyirdim ki, bizim universitetdə də yaradılsın. Sentyabrın əvvəllərində eşidəndə ki, bizim universitetdə də təşkil edilir, sevindim və tərəddüdsüz sınaqlara qatıldım”.

Ələsgərin fikrincə, qrupda təhsilin keyfiyyətinə nə qədər əhəmiyyət verildiyi təşkil edilən imtahanlarda özünü büruzə verib: “3 mərhələdə keçirilən imtahanlara qatıldım. İngilis dili, riyaziyyat və dünyagörüşü ilə bağlı imtahanlardan uğurla keçdim. SABAH qruplarında təhsil almaq məsuliyyət tələb edir. Əvvəllər 2-3 saat dərs oxuyurdumsa, artıq 4 saat məşğul oluram. Çünki başqalarından fərqlənməliyik. SABAH qruplarında təhsil almağın böyük üstünlükləri var. Xüsusilə əlavə təqaüdün verilməsi tələbələrə böyük dəstəkdir. Universitet təqaüdündən əlavə, 50 manat zərbəçilər, 70 manat əlaçılar təqaüd alacaq. Bu da stimuldur. Bizim üçün əsas odur ki, universiteti bitirəndə, sözün əsl mənasında, yaxşı İT mütəxəssisi olacağıq”.

Müəllimlərin tələbi daha yüksək, məsuliyyətimiz daha çoxdur

Bahar Qədirova üçün də təhsil aldığı universitetdə SABAH qrupunun təşkil olunması xəbəri sevindirici olub və müsabiqəyə çox böyük həvəslə qatılıb. Həm daha keyfiyyətli təhsil sarıdan, həm də əlavə təqaüdün verilməsi bu qrupda təhsil almaq həvəsini artırıb: “Xüsusi seçilmiş müəllimlərin dərs deməsi SABAH-ın ən böyük üstünlüklərindən biridir. Başqa bir üstünlüyü müəssisələrlə çoxsaylı əməkdaşlıq müqavilələrinin olmasıdır. Bundan başqa, klub və dərnəklərin fəaliyyətinin dünyagörüşümüzü inkişaf etdirmək üçün daha böyük imkanlar yaratmasıdır. Tələbə yataqxanası ilə təminat isə ən böyük üstünlüklərdəndir. Müəllimlərin tələbi daha yüksək, məsuliyyətimiz daha çoxdur”.

Cəmiyyətin sabahı olacaq şəxslər seçilir

Ələsgər Əliyev SABAH qruplarına qəbul olunmaq üçün verdiyi ikimərhələli imtahan prosesindən ağızdolusu danışıb. Riyaziyyat və ingilis dili biliklərinin yoxlanıldığı birinci mərhələnin adi tələbə qəbulu imtahanlarından çox fərqləndiyini söyləyib: “Riyazi biliklərimiz sırf məntiqi suallarla yoxlanırdı. Hər sual tələbədən yaradıcı düşüncə tələb edirdi. Növbəti mərhələdə müsahibə oldu. Bu dəfə dünyagörüşü, həyat tərzi barədə suallar verdilər. İdmanla maraqlanıb-maraqlanmadığımızı, müxtəlif məsələlərlə bağlı fikirlərimizi soruşdular. Suallardan anladım ki, SABAH qruplarına əzbərlənmiş biliklərə sahib olanlar deyil, dünyagörüşü olan, fəal, funksional, sözün əsl mənasında, cəmiyyətin gələcəyi olacaq şəxslər seçilir”.

Ə.Əliyev SABAH qrupunda təhsil aldığı üçün özünü şanslı hesab edir: “İmtahanlar, onların təşkili, sualların qoyuluşu, müsabiqə şəraiti və s. bağlı müşahidələrim göstərdi ki, bu müsabiqəyə qatılmağa dəyərdi. Qatıldığıma qətiyyən peşman deyiləm. Dərslərin keyfiyyəti də ötən ildən fərqlənir. Başqa bir tərəfdən, tələbə-müəllim münasibətləri də çox yaxşıdır. Müəllimlər həm öz ciddiliyini qoruyur, həm də bizimlə dost münasibəti qururlar. Səmimi ünsiyyət dərsə olan marağımızı daha da artırır. SABAH qruplarına qəbul olunandan sonra öz üzərimdə daha çox çalışıram və artıq nə qədər dəyişdiyimi, inkişaf etdiyimi hiss edirəm. Xüsusi qeyd etməyi lazım bilirəm ki, burada mühit çox önəmlidir. Bizim birlikdə çalışmaq vərdişimiz formalaşdırılıb. Əvvəllər daha çox tələbədən təşkil olunan qrupumuzda dərs indiki qədər maraqlı, əhatəli olmurdu. 15 nəfərlə daha çox öyrənmək olur. İnsanı formalaşdıran mühitdir, bu da bizim qrupda çox yüksək səviyyədədir”.

BMU-nun İT sahəsində yüksək ixtisaslı kadrları var

Beləliklə, daha bir universitetdə daha bir SABAH qrupu təşkil olundu. Maraqlıdır, ildən-ilə tələbələrin, ixtisasların sayı artan SABAH qruplarında əvvəlki keyfiyyəti saxlamaq mümkün olacaqmı? SABAH-a qoşulanların sayı çoxaldıqca, keyfiyyət təhlükə altına düşməyəcək ki?

BMU-nun kompüter və informasiya texnologiyaları kafedrasının müdiri Babək Abbasovun sözlərinə görə, SABAH qrupunun təşkili - texniki təchizatı və tədrisin yüksək ixtisaslı kadrlara həvalə olunmasında heç bir problem yoxdur. Qrupun dərsləri, əsasən də ixtisas fənləri xüsusi proqramlarla təmin edilən kompüter laboratoriyasında keçirilir. Amma BMU-da onlara aid ayrıca mühazirə otağı da nəzərdə tutulub. Həmin otaq qeyri-ixtisas fənlərinin tədrisi üçün istifadə olunur. Kafedra müdirinin sözlərinə görə, BMU-nun İT sahəsində yüksək ixtisaslı kadrları var. Həmin müəllimlər bütün SABAH qruplarında dərs keçirlər: “Bilirsiniz ki, SABAH qruplarında dərs aparan müəllimləri Təhsil Nazirliyi xüsusi müsabiqə yolu ilə seçib. Onların arasında BMU-nun müəllimləri üstünlük təşkil edir”.

Onlar təhsilin keyfiyyətinə zəmanət verir

Beləliklə, bir təhsil müəssisəsi olaraq özü də yeni sayılan Bakı Mühəndislik Universitetində özünə güvənən böyük bir kollektiv fəaliyyət göstərir. Elə bunun nəticəsidir ki, ölkədə keyfiyyətli təhsilin etalonuna çevrilməkdə olan SABAH-ın bir qrupunu universitetdə təşkil etməkdən çəkinməyiblər. Əksinə, kollektiv şəkildə bu şərəfli məsuliyyəti öz üzərinə götürməyə hazırdırlar.

yuxarı ⤴