1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Dahi AZƏRBAYCANlı
20.10.2017 / No40

 

 

 


Dünya şöhrətli alimin dünyaya sığmayan bənzərsiz ömrü

Şahnaz ŞAHBAZOVA,
texnika elmləri doktoru, professor, Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti

Lütfi Ə.Zadə əsl insan, bənzərsiz alim ömrü yaşadı. Lütfi Zadəni bütün dünyada tanıdan qeyri-səlis məntiq nəzəriyyəsi elmdə də, insanın həyata fəlsəfi baxışında da çox böyük inqilab oldu. O, Azərbaycanı çox sevən, azərbaycanlı, bakılı olması ilə fəxr edən böyük insan idi. Şöhrətin zirvəsində dayanan Lütfi Zadə uzun illər uzaqlarda yaşasa da, vətənini unutmur, mütəmadi olaraq Azərbaycanla maraqlanırdı.

Dünya şöhrətli azərbaycanlı alim Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci ildə Bakıda jurnalist-psixoloq ailəsində dünyaya göz açdı. Bakıdakı 16 nömrəli məktəbə getdi və ömrünün dörd ili bu məktəblə bağlı oldu. 1931-ci ildə ailəsi İrana köçmək məcburiyyətində qaldı. Orada ingilis təmayüllü məktəbdə oxudu, sonra Tehran Universitetinin mühəndis-elektrik fakültəsinə daxil oldu. Lütfi Zadə 1942-ci ildə həmin universitetdə təhsilini uğurla başa vurdu. 1944-cü ildə Amerika Birləşmiş Ştatlarına yollandı. 1946-cı ildə Massaçusets Texnologiya İnstitutunu bitirdi, 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetində doktorluq elmi dərəcəsini aldı. 1957-ci ildə Kaliforniya Elmi Mərkəzinin sədri olan Norbert Viner Lütfi Zadəyə məktub yazaraq onu Kaliforniyadakı Berkli Universitetinə işləməyə dəvət etdi. 1959-cu ildə Lütfi Zadə ailəsi ilə birlikdə Berkli şəhərinə köçdü və həmin universitetdə çalışdı.

Dünya elminin inkişafına mühüm töhfə

Lütfi Zadə Berkli Universitetində elektrik mühəndisliyi üzrə fakültədə işə başladı. 1963-cü ildən həmin fakültəyə başçılıq etdi və bundan sonra onun adını dəyişdirərək “Elektrik mühəndisliyi və kompüter elmləri” fakültəsi adlandırdı. Berkli Universiteti, “Elektrik mühəndisliyi və kompüter elmləri” fakültəsi onun bir alim kimi yetişib formalaşmasında və inkişafında böyük rol oynadı.

Professor Lütfi Zadənin “Zamana görə dəyişən şəbəkələrin tezlik sahəsinin inkişafı” (1949), Ç.R.Raqassini ilə birlikdə yazdığı “Vinerin proqnozlaşdırma nəzəriyyəsinin inkişaf etdirilməsi” (1950), “Z-çevirmə üsulunun yaradılması” (1952), “Qeyri-xətti süzgəclər nəzəriyyəsinin yaradılması” (1953), “Sistemlərin identifikasiya problemlərinin formalaşdırılması” (1956), Ç.A.Desoir ilə birlikdə yazdığı “Xətti sistemlərin təhlili üçün vəziyyət fəzası” (1963), R.E.Belman ilə birlikdə ərsəyə gətirdiyi “Qeyri-səlislik şəraitində qərar qəbul etmək” (1970), “Linqvistik dəyişən və qeyri-səlis “əgər-onda” qaydalarının konsepsiyası” (1973), “Təbii dilin işlənilməsi üçün mümkünlük nəzəriyyəsi” (1978), “Təxmini mühakimə nəzəriyyəsi” (1979), “Sağlam düşüncəyə əsaslanan mühakimə nəzəriyyəsi” (1985), “Dispozisiya məntiqi” (1988), “Qeyri-səlis qaydalar, qeyri-səlis qraf və qeyri-səlis ehtimal hesabı, soft computing nəzəriyyəsi” (1991), “Sözlə işləyən kompüterlər nəzəriyyəsi” (1996), “Qeyri-səlis informasiya qranulyasiya nəzəriyyəsi” (1997), “Təəssürat nəzəriyyəsi” (1998) dünya elminin inkişafında mühüm töhfədir.

“Google Scholar”a baxan hər kəs, 21 may 2017-ci il tarixə qədər Lütfi Zadənin məqalələrinə inanılmaz dərəcədə böyük - 160644 istinad olduğunu görə bilər. Onun təkcə 1965-ci ildə yazdığı məşhur “Qeyri-səlis çoxluqlar” məqaləsinə 60250, 13-dən artıq məqaləsinə isə 1500-dən çox istinad olunub.

25 ölkənin nüfuzlu universitetlərinin fəxri doktoru

1965-ci ildən başlayaraq dünyanın bütün aparıcı firmalarında alimin nəzəriyyələri tətbiq olunur. Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görüldü. Həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, Koreya Elm və Texnoloji Akademiyasının, Bolqarıstan Elmlər Akademiyasının, Polşa Elmlər Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri xarici akademiki seçildi.

O, 200-dən çox elmi məqalənin tək müəllifi, 70-dən artıq elmi jurnalın redaksiya heyətinin üzvü oldu. Elmi tədqiqat işi bir neçə nüfuzlu şirkət və Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənib.

34 illik ayrılıqdan sonra ilk dəfə Vətəndə

Lütfi Zadənin illər sonra doğma Bakıya ilk səfəri 1965-ci ildə Qara dənizdə Odessa-Batumi istiqamətində üzən “Admiral Naximov” teploxodunda avtomatik idarəetmə problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransdan sonra oldu. 43 ildən sonra Lütfi Zadə “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak etmək üçün 2008-ci il noyabrın 9-11-də Bakıya ikinci dəfə səfər etdi. Səfər zamanı o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də qəbul edildi. Səfər çərçivəsində həmçinin öz doğma məktəbi - Bakıda yerləşən 16 nömrəli məktəbdə də oldu.

Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2011-ci il tarixli sərəncamına əsasən “Elm və texnologiyaların inkişafına verdiyi töhfələr və mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə” Lütfi Zadə “Dostluq” ordeni ilə təltif edildi. Həmin ildən başlayaraq Lütfi Zadə elminə həsr olunmuş konfranslar həyata keçirildi.

23-26 may 2011-ci ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində azərbaycanlı alim Lütfi Zadənin 90 illik yubileyinə həsr olunmuş I Soft Computing üzrə Ümumdünya konfransı keçirildi. Ənənəvi olaraq Soft Computing üzrə Ümumdünya konfransı Bakıda, Texasın San-Antonio şəhərində, Kaliforniya ştatının Berkli Universitetində (2 dəfə), Vaşinqton ştatının Redmond şəhərində təşkil olundu. Növbəti - VII Soft Computing üzrə Ümumdünya konfransı isə Azərbaycanda, Bakıda 28-31 may 2018-ci ildə keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyası alimi anadan olmasının 95 illiyi münasibəti ilə Nizami Gəncəvi qızıl medalı ilə təltif etdi. Təqdimetmə mərasimi 2016-cı il 7 sentyabrda Berklidə Azərbaycan Respublikası baş konsulluğu ilə birgə təşkil olundu.

Lütfi Zadə “Soft Computing”in inkişafı üçün Trust Fondunun medalı, Konstruktor və Texnoloji Elmlər Cəmiyyətinin “Sürətlə inkişaf edən elm və texnologiyada ruhlandırıcı görünüş” üçün transdissiplinar təltifi və medalına layiq görüldü, AI Şöhrət Zalına (Hall of Fame), 2011-ci ilin avqust ayından İEEE “İntellektual Sistemlər” jurnalının AI/Intellektual Sistemlər üçün Şöhrət Zalı (AI/Intelligent Systems Hall of Fame) siyahısına daxil edildi. 2010-cu ildə yaradılmış bu Şöhrət Zalı süni intellekt və intellektual sistemlər sahəsində mühüm töhfələr vermiş ən erkən tədqiqatçılara minnətdarlıq, hörmət əlaməti olaraq yaradılıb. Lütfi Zadə 2006-cı ildə Silikon Vadisi Mühəndislik Şöhrət Zalına və Almaniyada Nixdorf kompüterlər muzeyi siyahısına da daxil edilib.

“Bütün bu iki ayı mən onun yanında oldum”

Sentyabrın 6-da, Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə 97 yaşında dünyasını dəyişdi. Bütün bu iki ayı mən onun yanında oldum, bir övlad kimi ona qayğı göstərdim. Alim sentyabrın 5-dək özünü yaxşı hiss edirdi, hətta birgə layihəmizin üzərində mənə məsləhətlər verirdi, bəzi vacib e-mail-ləri cavablandırmaq üçün mənə diktə edirdi. Ancaq sentyabrın 5-də Zadə danışmadı və səhəri gün rahat və ağrısız dünyasını dəyişdi.

Alimin istəyi Azərbaycanda dəfn olunması idi, bu istiqamətdə sənəd işləri görüldu və onun nəşi Vətənə gətirilərək 1-ci Fəxri xiyabanda dəfn edildi.

Mən sentyabrın 6-da Berkli Universitetinin rəsmiləri ilə görüşüb, onları məlumatlandırdım. Universitet sentyabrın 8-də Lütfi Zadənin xatirəsinə həsr edilmiş tədbir keçirdi. Tədbirdə fakültənin dekanı professor S.Shankar Sastry, kafedra müdirləri, professorlar James Demmel və Stuart Russell, mən və Zadənin oğlu Norman Zadə və eləcə də universitetlərdən olan əməkdaşlar çıxış edərək şöhrətli alim haqqında xatirələrini söylədilər.

Onu da qeyd etmək istəyirəm ki, dünya şöhrətli azərbaycanlı alimin BİSC laboratoriyasının bu ilin sonunda - 31 dekabradək fəaliyyət müddəti bitməli idi. Laboratoriyada mən və mənimlə birlikdə elmi-tədqiqat işi aparan daha 3 alimin elmi-tədqiqat müddəti sözügedən tarixə qədər idi. Bu barədə Lütfi Zadə məlumatlı idi. Zadənin tələbəsi olmuş, hazırda fakültənin dekanı, professor S.Shankar Sastry və kafedra müdiri James Demmel ilə görüşdüm, BİSC laboratoriyanın, burada görülən işlərin elmi əhəmiyyətini faktlarla onların diqqətinə çatdırdım. Laboratoriyanı və onun yerləşdiyi otağın saxlanılmasını təklif və xahiş etdim. Professor S.Shankar Sastry bu məsələni müsbət dəyərləndirdi, həqiqətən də laboratoriyanın 1000-dən çox üzvü olduğunu, universitet və həmçinin elm aləmi üçün onun böyük əhəmiyyət kəsb etdiyini qiymətləndirərək Zadənin direktoru olduğu BİSC laboratoriyasının daim fəaliyyət göstərəcəyinə əmin etdi və onun rəhbərliyi mənə etibar olundu.

Kaliforniyada yerləşən Azərbaycan icması sentyabrın 9-da Lütfi Zadənin xatirəsinə həsr edilmiş tədbir keçirdi. Tədbirdə Azərbaycan icmasının prezidenti Vüsal Əzizəliyev, mən və digər icma üzvləri çıxış etdik. Onun ruhuna dualar edildi və Azərbaycan icması tərəfindən ehsan verildi.

Ölümündən sonra ABŞ hökumətinin qızıl medalı ilə təltif edildi

Lütfi Zadə dünya elmində o qədər böyük işlərə başladı ki, onları sona çatdırmağa, şübhəsiz, bir insan ömrü yetməzdi. O, böyük məktəb yaratdı, geniş bir yol açdı. Özü də əmin idi ki, davamçıları onun arzularını həyata keçirmək üçün əllərindən gələni əsirgəməyəcəklər. Elə bu ümidlə də məndən bir sıra xahişi oldu. Son nəfəsində xahiş etdi ki, onun elmi fəaliyyətinə həsr olunmuş Soft Computing üzrə Ümumdünya konfransını iki ildən bir olmaqla davamlı təşkil edim. Sonra dedi ki, birgə layihəmizi başa çatdır və onu məqalə olaraq dərc etdir. Bundan başqa, elmi nəticələrinin Azərbaycanda tətbiq olunması ilə bağlı işlər görməyimi tapşırdı. O, mənə ən böyük arzularından birinin Azərbaycanda “Biliklərə Əsaslanan Sistemlər Beynəlxalq Elmi-Tədqiqat Mərkəzi”nin yaradılması olduğunu bildirdi. Xahişlərindən biri də bu oldu: “Vəfatımdan sonra dünya alimlərinin heç birinə məqalələrində mənim adımın həmmüəllif kimi yazılmasına icazə vermə və buna ciddi nəzarət et”. Ona söz verdim ki, arzularının həyata keçirilməsinə var gücümlə çalışacağam.

Sonda bildirim ki, ölümündən sonra professor Lütfi Ə.Zadənin qeyri-səlis məntiq məqaləsi ABŞ hökumətinin “Golden Goose” mükafatına layiq görüldü. Bu mükafat Amerika dövləti tərəfindən maliyyələşdirilmiş, insan və iqtisadi sahələr üzrə böyük səmərə gətirən və ictimaiyyətə böyük təsir göstərmiş seçilmiş elmi-tədqiqat işlərinə verilir. Alimin namizədliyi bu mükafata çox əvvəldən təklif olunmuşdur, lakin bu mükafat ona ölümündən sonra verildi.

Lütfi Zadə ömrü onun elmi istiqaməti, nəzəriyyələri, tətbiq sahələri ilə işləyən və işləyəcək alimlərin fəaliyyətində davam edəcək. Onun nəzəriyyələri dünya alimləri tərəfindən hələ də araşdırılır, tədqiq edilir və elmi istiqamətlərdə tətbiq edilərək uğurlu nəticələr alınır ki, bu da istehsalatda böyük iqtisadi səmərə əldə etməyə imkan verir.

yuxarı ⤴