1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Məktəb illəri”
Divar qəzetinin baş redaktoru...
20.10.2017 / No40

 

 


Qənirə Paşayeva: “Medalı mənə atam vermədi”

Jalə MÜTƏLLİMOVA

...“Müəllimim vardı, riyaziyyatçı idi. Ədəbiyyatı ağlınıza gəlməyəcək qədər güclü bilirdi. Hərdən zarafata salıb deyirdi ki, sən bilə bilməzsən bu iks, iqreklərin içində nə qədər şeir, qəzəl, sevgi var...”

İnsan da belədir. Bilməzsən içində nə, nələrdən keçir, nələr yaşayır... Onu uzun illərdir, həm də bir neçə tərəfləri ilə tanıyıram. İctimai fəal, jurnalist, həkim, yaxşı vətəndaş, dost yolunda çəkilmədən önə atılacaq qədər ürəkli qadın, yaxşı övlad və sair... Sizlərsə onu jurnalist və millət vəkili kimi tanıyırsınız. “Məktəb illəri”ndə danışa-danışa sizə Qənirə Paşayevanın başqa tərəflərini də göstərməyə çalışacağıq...

- Balaca bir qızı yadımıza salaq. Adı Qənirə idi...

- Gəlin öncə ata-anasından başlayaq. Mən iki müəllimin qızı idim axı. Özü də iki idealist müəllimin. Atam uzun müddət məktəb direktoru işləyib. Həmişə bir sözü vardı. Deyirdi müəllimin öz övladı məktəbdə oxumağı, tərbiyəsi, bacarığı ilə seçilməsə, o müəllimin peşəsində yaxşı olduğuna dair iddiası olmamalıdır. Yəni, o müəllim peşəsini haqq eləmir. Elə müəllim məktəbdə işləməməlidir. Ola bilər məndən bu sözə görə kimsə inciyər, amma səmimi olmağı hər şeydən vacib bilirəm. İndi də atamın dediyi fikri təsdiqləyirəm. Məsələyə münasibətim elə o cürdür. Qaldı siz deyən balaca qıza. O qız daxil ailədəki bütün uşaqlar bu prinsipə görə yaşayıb, böyüyüb. Yəni, bizim çiynimizdə həmişə atamdan eşitdiyimiz o sözün ağır yükü, məsuliyyəti olub. Əslində, o illərdə dərin başa düşmür adam. Amma böyüdükcə anlayırsan ki, dünyanın ən böyük, ağır bildiyin o məsuliyyəti həm də ən fəxr olunası iş imiş.

- Atanızın daha hansı məsuliyyətli tapşırığı var idi?

- Tələbi bu olurdu ki, onu mənəvi haqlarından məhrum etməyək. Yəni, həmişə və bütün işlərdə nümunə olmaqdan başqa yolumuz yox idi. Biz o yükü çiyinlərimizdə həmişə hiss eləmişik və ürəkdən çalışmışıq ki, atamın tələblərinə cavab verək.

- Nə qədər alınıb?

- Məncə, alınıb. Bizim bütün həyatımız oxumaq, öyrənmək, işləməklə keçib. Bu, indi də belədir. Biz o vaxt məktəbə, indi də işə gedib-gəlirik. Bitdi demirik. Məktəbdən və işdən sonra mütləq əlavə işlər görülür. Oxunmalı, öyrənməli hər şeyi oxuyub öyrənirik. Bu yaxşı vərdiş halına gəlib artıq bizdə. O vaxt bacı-qardaşımla məktəbdən evə gələndə elə bilirdik məktəb də bizimlə evə gəlir. Çünki direktor və bir müəllimi gecə-gündüz başımızın üstündə idi.

- Məktəbiniz yadınızdadırmı?

- Əlbəttə. Məktəbimizdən ötrü hərdən darıxıram. Bu hissi ifadə etməyə çətinlik çəkirəm amma.

- Hansı məktəbi bitirmisiniz?

- Tovuzun Düz Qırıqlı kənd orta məktəbini. Bunu xüsusi vurğulayacağam, rayon yox, şəhər yox, kənd məktəbi. Niyəsini soruşmayın, özüm deyim. Mən o kənd məktəbindən danışıram ki, məsələn, onun divar qəzeti vardı, biz o qəzeti çıxarırdıq, mən baş redaktor idim. Məktəbə aid yeniliklər, dərslərini yaxşı oxumayanlar, müəllimlərə təkliflər kimi işlər görür, yazılar yazırdıq.

- Şərəf lövhəniz necə, var idimi?

- Var idi. Orda da birincilər sırasında olmuşam. Amma heç vaxt sinif nümayəndəsi, ya da dəstə rəhbəri olmadım. O işlər xarakterimə görə deyildi. Mənim işim elə məktəb illərindən mətbuata bağlı olub. Ağlım kəsəndən məktəbin divar qəzetinin baş redaktorluğunu etmişəm. İndi mətbuatda bəzi yanaşmaları oxuyanda fikirləşirəm ki, bizim divar qəzetimiz onlardan heç də geri deyildi. Təəssüf, indi məktəblərdə ya belə qəzetlər yoxdur, ya da son dərəcə azdır. Amma adam o görüntü üçün darıxır. İctimai işdir. Bu, məktəbin işində yaradıcı mühitin olub-olmadığının göstəricisidir. Bir də orada yazı yazıb söz demək, fikir söyləmək imkanı formalaşırdı uşaqların. Şəxsiyyət olaraq yetişməyin ilk addımlarından biridir bu. Özünü ifadə etmək bacarığını inkişaf etdirir.

- O divar qəzetində tənqid də olurdumu? Yoxsa qorxurdunuz?

- Qorxmurduq. Yazırdıq. Şagirdlərə də, müəllimlərə də tənqidi fikirlərimizi yazırdıq. Şagirdlərin davranışlarına tənqidi yanaşmalar olurdu. Məsələn, o vaxt xoşagəlməyən vərdişlərə nadir halda rast gəlinirdi. Siqaret çəkən uşaqları açıq tənqid eləyirdik. Adbaad kimliklərini yazırdıq. Bu, çətin idi. Çünki uşaqlar özləri də, valideynləri də yaxşı qarşılamırdı. Bəzən mübahisə də yaranırdı, amma geri çəkilmirdik.
 
- Bəs müəllimlər?

- Onlardan da umacaqlarımız olurdu. Məsələn, dərsdə görmək istədiyimiz, amma görmədiyimizi təkliflər şəklində yazırdıq. Biz, ümumiyyətlə, bütün informasiyaları bölüşməyi vacib və lazım bilirdik o illərdə. Məsələn, bir dəfə yazmışdıq ki, istəyirik bütün dərslərimizi bizə tarix fənnini keçən müəllim kimi keçsinlər. İndi həyatda deyil, amma Ziyad müəllim elə dərs keçirdi, elə bilirdin o tarixi hadisənin içindəsən, həmin anı yaşayırsan.

- Nəyi və necə bölüşürdünüz? Bölüşmək bacarıqdır, yoxsa istedad?

- Həm bacarıqdır, həm istedad. Bizim illərdə məktəbin bir qaydası vardı. Məktəbə gələndə evdən bizə iyirmi qəpik pul verilirdi, cibxərcliyi olaraq. Sinfimizdə elə uşaqlar var idi ki, valideynləri həmin xırda məbləği uşağına verə bilmirdi. Böyük tənəffüs bizim nahar vaxtımız idi. Biz qəpiklərimizi toplayır, məktəb bufetindən nəsə alır, balaca süfrə düzəldərdik. Mütləq o uşaqları da süfrəyə dəvət edirdik, onlarla aldığımızı bölüşürdük. Onlarsız kimsə əlini nəyəsə uzatmazdı. İndi elə bil bir az belə keyfiyyətləri yadırğayıb insanlar. Əslində, bölüşə bilmək adamın ruhuna rahatlıq gətirir.

- Atanızın hansı keyfiyyəti daha çox yadınızda qalıb?

- O, yaxşı mənada çılğın adam idi. Bir də adama heç vaxt irad tutmazdı. Əgər gördüyün iş, yazdığın yazı, danışdığın söz onu qane eləmirdisə, irad bildirmirdi. Dediklərində, yazdıqlarında “axsayan” məqama aid oxumalı hər şeyi əlinə verib, deyirdi ki, sən gərək bunları da oxuyasan. Bu bizə onun nə dediyinin aydın izahı olurdu. Çox obyektiv müəllim və insan idi. Evdə bizim, məktəbdə isə uşaqların nə düşündüklərini diqqətlə dinləyən adam idi.

- Məktəbinizə gedirsinizmi?

- Əlbəttə, gedirəm. Bayaq sizə məktəbin divar qəzeti haqda geniş danışdım. Onun bəzi səs-küylü buraxılışlarını indi də məktəb divarında xatirə kimi çərçivələyib saxlayırlar. Bunu görəndə mənə inanılmaz dərəcədə xoş olur. O çərçivəli divar qəzetlərini görəndə elə bil övladını görən ana kimi olurdum birinci dəfə. Elə bildim bir anlıq o balaca qıza döndüm və məktəbin dəhlizində baş redaktor kimi yenə də qürurla dolaşacağam bu saat. Amma bu, cəmi bir an oldu... Çox təəssüf...

- Müəllim ailəsində böyümüsünüz. Başqaları altı saat dərs keçib, sizin evdə də məktəbiniz olub. Maraqlıdır, uşaq kimi oyununuzun adı da “məktəb-məktəb” idimi?

- Standart uşaqlar kimi deyildik biz. Səmimi deyirəm, bəlkə kimsə bu durumundan narazı olub. Mən çox şükür eləyirəm həmişə. Savad və təhsil mənim üçün təkcə dərsləri yaxşı oxumaqdan ibarət deyildi. Məktəbdənkənar əyləncəmə gəlincə, dram dərnəyinə qatılırdım. Biz o dərnəkdə bir dəfə “Ölülər”i səhnələşdirmişdik. Özü də geyimi, qrimləri, yəni bütün dəm-dəsgahı ilə. Rolumuza uyğun paltarları evdən anamın şkafından götürürdüm. Bu, gözəl əyləncə və maraqlı iş idi. Ədəbiyyat dərslərində də səhnələşdirdiyimiz epizodları oynayırdıq. İstəyirdik uşaqlar da görsün. İndi də məktəblərdən belə tamaşalarla bağlı dəvətlər alanda mütləq bütün işləri təxirə salıb gedirəm. Bu gün belə dərnəklərin olmasına böyük ehtiyac var. Belə dərnəklər, tədbirlər uşaqları pis vərdişlərdən yayındırır. Sonra məktəbin musiqi ansamblında ifa edirdim. Xüsusi bir səsim yox idi, amma xor dərnəyinə də qatılırdım. İndi deyirlər musiqi məktəbinə niyə qoyuruq uşağı? Musiqiçi olmasını istəmirik axı! Anlamırlar ki, şərt təkcə o deyil uşaq musiqiçi olsun. İxtisaslaşmış məktəblər uşaqların mədəniyyət, incəsənət, musiqi zövqünü istiqamətləndirir. Bayağı şeylərdən uzaq olurlar.

- Siyasi fəaliyyətə qədər həm də jurnalist kimi çalışırdınız. İndi ictimailəşən başqa bir tərəfiniz var, şeir yazırsınız, kitablarınız çap olunur. Bu istedadınız nə zamandan var idi?

- Uşaqlıqdan balaca hekayələrim məktəbin divar qəzetində çıxırdı. Şeirlərim də var idi, təkcə atam oxuyurdu. Sonralar israr elədi ki, çap etdirim. Mən deyirdim siyasi jurnalistika ilə məşğulam, şeirlər hobbidir, yaxşı çıxmaz. Atamın vəfatından sonra bəzilərini çap etdirdim. Sonra bir neçə mahnı yarandı sözlərimə. Beləcə, qalanların da çap olunmasına yol açıldı. Amma heç vaxt şairlik iddiam olmayıb, olmayacaq da.

- Məktəbi əla qiymətlərlə bitirmisiniz, amma medalsız, niyə?

- Bəlkə, Azərbaycanda az sayda uşaqlardanam ki, belə bir halla qarşılaşmışam. Medalı mənə atam vermədi. Direktor idi, əvvəlcədən mənə dedi qızım, qızıl medalın olmayacaq. Çox pis oldum. Bilirsiniz ki, bizim illərdə qızıl medal alanlar istədikləri ali məktəbə yalnız bir imtahan verib girirdilər. Mənim haqqım olsa da, bundan istifadə edə bilməyəcəkdim. O üzdən hədsiz pis oldum. Özü də ailəmin, daha çox anamın istəyi ilə Tibb Universitetinə imtahan verməyi düşünürdüm. Dörd imtahan verməli olduğum halda cəmi bir imtahan verəcəkdim. Atam bilirdi ki, dörd imtahan çox ağır məsələdir və onlardan keçmək də o qədər asan iş olmayacaq. Bu riski bilə-bilə məni medaldan məhrum elədi. Dedi “başqa cür davransam, yaxşı olmayacaq. Həm də inanıram ki, özün orda bacaracaqsan. İstəmirəm kimsə danışsın ki, qızına medal verdi. Mən bu sözü qəbullana bilmərəm”. O zaman sənədlərimi qəbul eləyən adamlar da dedilər ki, bu qiymətlərlə niyə qızıl medal almamısan? Cavab verdim ki, atam direktor olduğuna görə vermədi. Çox təəccüblənmişdilər. Əslində, atam elə düz eləmişdi. Mən də indi onun kimi edərdim. Tibb Universitetinə qəbul oldum, amma istiqamətim tamam başqa oldu. Bayaq da dedim ki, Tibb Universitetinə anamın istəyi ilə qəbul olmuşdum. Baxmayaraq ki, arzum BDU-nun jurnalistikası idi. O söz vermişdi ki, tibb sahəsini seçsəm, yazmağıma, ictimai həyatıma da icazə verəcəklər. O üzdən onların istədiyini elədim. Tibb sahəsi üzrə oxudum, həm də yazılar yazıb, ictimai fəaliyyətə başladım. Açığı, sonradan fikir verdim ki, BDU-nun jurnalistika fakültəsindən gələn uşaqların çoxu daha çox ədəbiyyatçıları xatırladır. Yəni peşəkarlıq bacarıqları yüksək deyildi. O üzdən düşündüm yəqin yaxşısı elə bu cür etməkdir. Yəni jurnalistikanı bitirmədən yazmaqdır. Sonradan isə ikinci ixtisas kimi BDU-nun beynəlxalq münasibətlər fakültəsini oxudum.

- Siyasətdə olan qadınlar bəzən sərt olur, bəzən susmağa məcbur qalırlar. Sizin qədər həssas adama bu kateqoriyadan biri olmaq çətin deyil?..

- Bir insanın ən böyük uğuru vicdanının rahat olmasıdır. Ona görə mən bütün məsələlərdə qərarlarımı elə verməyə çalışıram ki, vicdanım məni narahat etməsin. Bəzən qərarlarım kimlərəsə doğru görünməyə bilər. Amma həmişə çalışıram ürəyimi də, ağlımı da dinləyim. Bilirəm ki, məni doğru yönəldəcək ikisi də. Vicdanım da sayələrində ağrımayacaq.

- Həmişə vicdanlı olmaq mümkündürmü?

- İstədiyiniz qədər vicdanlı olmaq mümkündür. Bu, insanın özünə, şəxsi istəyinə bağlı məsələdir. Mən heç zaman insanların taleyini zərbə altına qoyub qərar vermədim və bundan sonra da verməyəcəyəm. Vicdanı və mərhəməti olmayan insanlar cəmiyyətin ən qorxulu varlıqlarıdır.

- Bəzən adama elə gəlir sizdə ifrata varmalar olur. Biri elə bu mərhəmət hissində? Mərhəmətinizin zərbəsinin özünüzə qayıtdığı məqamlar olubmu?

- Bu, ifrat deyil. Sadəcə, beləyəm. Yəni xarakterdir. Qaldı zərbə, o qədər olub ki... Heç zaman peşiman olmamışam, amma... “Kaş eləməsəydim” deməmişəm, “eləməliydim” söyləmişəm yenə də. Ola bilər, bəlkə, həmin zərbələri alanda bəzi şeyləri itirmişəm, amma itirdiklərimin qarşılığında qazandığım mənəvi uğuru heç nəyə dəyişmək olmaz. Yəni itirəcəyim şeylər dünyada qoyub gedəcəyimdən ibarət olub. Qazandığım həmişə məndə qalacaq, yəni mənəvi şeylərdir. Özümə və mənəviyyatıma aid olanların üstündə daha çox əsirəm. Təkrar qazana bilməyəcəyim şeylərdir bunlar. O üzdən itirmək çox qorxuludur...

...Söhbətin əvvəlində demişdim ki, onu sizə bir neçə aspektdən təqdim eləməyə çalışacağam. Alındı, ya alınmadı, bunu deyə bilmərəm. Bir onu bilirəm ki, o, uğradığı ən böyük xəyanətin qarşısında da sevgi ilə dayanıb. Sərt, kobud, kinli olmayıb. Niyəsini soruşanda deyir ki, hərə yaranışdan bir missiyanın icraçısıdır həyatda. Mənim missiyam nə qədər ağrıdan zərbə alsam da, elə yürüdüyüm yolda yürüməkdir. Bu yolda mənə ehtiyac olduğunu duyanda dayanmamaq, gərəkəni eləmək, yenə də yürümək, yürüməkdir...Bəs hara qədər? Lap sona qədər...Bizi hər yerə və yaxşı sonlara insanlığa olan sevgi aparır...

yuxarı ⤴