1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Özünüdərk konsepsiyası mənəvi-əxlaqi tərbiyənin əsası kimi
20.10.2017 / No40

 

 

 


Təhsildə ümumbəşəri dəyərlər özünü dərk edən şagirdlərdə formalaşa bilər

Elxan BƏYLƏROV,
ARTİ-nin Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru,

Riza XƏLİLOV,
aparıcı elmi işçi,

Raziyə QULİYEVA,
böyük elmi işçi


Müasir dövrdə dünya ölkələrinin qloballaşma meyilləri özünü göstərsə də, hər bir ölkənin, hər bir xalqın özünəməxsus cəhətləri qorunur, milli və bəşəri dəyərlər vəhdətdə yaşadılır. Məlumdur ki, cəmiyyətin inkişafında təhsilin müstəsna yeri və rolu vardır. Məhz təhsil vasitəsilə vətəndaş-şəxsiyyət və beləliklə, ölkənin mədəni, mənəvi siması formalaşır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan gənclərinin 1-ci forumundakı nitqində demişdir: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”. Bu baxımdan yetişməkdə olan gənc nəslin milli-mənəvi ruhda, milli mədəniyyət əsasında tərbiyəsi təhsilimizin məzmunu və strategiyaları özünüdərk fəlsəfəsinə əsaslanmalıdır.

15 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsəd və vəzifələrində qeyd edildiyi kimi, “gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi” üçün də özünüdərk proqramlarının hazırlanması və tətbiqi böyük əhəmiyyətə malikdir.

Dəyər mədəniyyət hadisəsidir

Qeyd edək ki, təhsildə ümumbəşəri dəyərlər yalnız özünü dərk edən, həyatın mənasını anlayan, özünün bu həyatda yerini və rolunu başa düşən şagirdlərdə formalaşdırıla bilər. Belə dəyərlərlə qidalanan hər bir gənc həyat və yaradıcılıq məqamında haqqı, ədaləti, halallığı yaşadığı cəmiyyət və qoynunda bəslənildiyi Vətən üçün daim şərəfli və əbədiyaşar bir istək bilir. Əks təqdirdə, hansı yaşda olursa-olsun bu fəzil keyfiyyətlərdən məhrum olan hər bir şəxs humanist təfəkkürdən, humanist xarakterdən və humanist davranış təcrübəsindən faydalanmaqda acizlik göstərir və cəmiyyət üçün yararlı insana çevrilə bilmir. Bu səbəbdən də haqlı olaraq müasir təhsil siyasətimiz fənyönümlülükdən şəxsiyyətyönümlülüyə, bilikyönümlülükdən dəyəryönümlülüyə istiqamətlənmişdir. Lakin dəyərlərin formalaşması üçün məzmunun dəyəryönümlü olması ilə yanaşı tərbiyə sistemində də dəyərlər aydın, birmənalı, inandırıcı, şagirdlərin qəbul edə biləcəkləri səviyyə və tərzdə olmalıdır.

Dəyər mədəniyyət hadisəsidir və öz mahiyyətinə görə həm sosial, həm də fərdidir, o maddi və mənəvi dünya obyektlərinin ümumi cəhətdən müəyyənləşdirilməsi, onların insan və cəmiyyət üçün müsbət və mənfi tərəflərinin üzə çıxarılmasıdır. Beləliklə hazırda özünüdərk prosesinin getdikcə dərinləşdiyi bir dövrdə təhsilin qarşısında duran əsas vəzifələrdən biri kimi dəyərlərlə bağlı elmi yeniliklərin nəticələrini müasir həyat hadisələri ilə vəhdətdə götürərək, gənc nəslin həmin irsdən faydalanmaq imkanlarını nəcib və müqəddəs bir iş kimi təkmilləşdirməliyik. Müasir dövrdə şəxsiyyətin formalaşmasında milli dəyərlərin, mədəniyyətin təsirini gücləndirmək işində keçmiş tarixi ənənələrə və milli dəyərlərə qayğı ilə yanaşmaq, eyni zamanda müasir dünyada gedən qloballaşma proseslərinin yaratdığı ümumbəşəri dəyərlərin müsbət tərəflərini əxz etmək çox vacib şərtdir.

Cəmiyyətdə insanlar tərəfindən yaradılan maddi sərvətlər mədəniyyətin mövcudluğunun yalnız xarici formasıdır. Onun əsl məzmunu insanın özünü inkişafındadır. Maddi mədəniyyət insanın praktiki cəhətdən təbiəti mənimsəmək səviyyəsinin göstəricisidir. Mənəvi mədəniyyətə isə elm və onun nailiyyətlərini istehsala və məişətə tətbiq etmə dərəcəsi, təhsilin səviyyəsi və keyfiyyəti, maarifin vəziyyəti, tibbi xidmət, incəsənət, əxlaq normaları, insanların davranışı, onların tələbat və maraqlarının inkişaf səviyyəsi daxildir. Mədəniyyətin sabit tərəfi mədəni ənənələrdir. Mədəni ənənələrin diapazonu nə qədər zəngin və genişdirsə, bütövlükdə bəşəriyyətin mənəvi həyatı da o qədər zəngin olur. Bütün bunlarla yanaşı, bir çox ölkələrin mütərəqqi təhsil təcrübəsinin öyrənilməsi də dünya təhsil sisteminə inteqrasiyanı şərtləndirən mühüm amillərdən biridir.

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da aztəminatlı, çoxuşaqlı ailələrin övladlarının cəmiyyətin malik olduğu imkanlardan tam şəkildə faydalanaraq potensiallarına uyğun inkişaf etməsinə, formalaşmasına bir zərurət vardır. Bu, ciddi ictimai-sosial səciyyəli problemlərdən biridir. Bəzən bu ailələrdə maddi yetərsizlikdən uşaqlar təhsilini yarımçıq qoyaraq müxtəlif işlərlə məşğul olurlar. Qayğıya ehtiyacı olan uşaqlar əksər vaxt sağlamlıqlarında problem yaransa belə, maddi sıxıntılara görə ailələrinin diqqətindən kənarda qalırlar. Bunun nəticəsində cəmiyyətdə həm fiziki, həm də mənəvi cəhətdən tam sağlam olmayan, yəni, harmonik inkişafdan kənarda qalan insanlar toplusu yaranır.

Harmonik inkişafla bağlı dünya təcrübəsi

İnsanların harmonik inkişafı ilə bağlı dünyada mütərəqqi təcrübələr mövcuddur. Bir çox ölkələrdə hərtərəfli inkişaf etmiş insanların yetişdirilməsi üçün xüsusi təhsil müəssisələri yaradılmışdır. Belə təhsil müəssisələrinin təcrübəsini öyrənməyə, onları yerli şəraitə uyğunlaşdıraraq istifadə etməyə böyük ehtiyac vardır. Bu baxımdan, Qazaxıstan Respublikasının mövcud təhsil sistemi, təhsilin struktur və məzmun məsələləri maraq doğurur.

Mənəvi-əxlaqi inkişaf, tərbiyə, mədəniyyət bütün dövrlərdə bəşəriyyəti düşündürən məsələlərdən biri olmuşdur. Bu gün bütün dünya ümumbəşəri dəyərlərin inkişafı kontekstində yeni təhsil proqramlarının axtarışındadır. Bu məsələnin praktik həlli öz ifadəsini müəllifi Qazaxıstan Respublikasının birinci xanımı Sara Alpıs qızı Nazarbayeva olan “Özünüdərk” mənəvi-əxlaqi təhsil layihəsinin reallaşmasında tapmışdır.

“Özünüdərk” mənəvi-əxlaqi təhsil layihəsidir

Milli Elmi-Praktik təhsil və sağlamlıq mərkəzi olan “Bobek” özünüdərk proqramını reallaşdıran ilk təhsil müəssisələrindən biridir.

Qazaxıstan bu məsələyə dövlət səviyyəsində sistemli şəkildə və yaradıcılıqla yanaşan ölkələrdən biridir. Qeyd etmək lazımdır ki, Qazaxıstan təhsili dünyada ən dinamik inkişaf edən təhsil sistemlərindəndir.

Xüsusilə vurğulamaq lazımdır ki, Qazaxıstanın birinci xanımı Sara Nazarbayevanın təşəbbüsü və dəstəyi ilə yaradılan və ilk olaraq “Bobek” (Milli Elmi-Praktik Təhsil və Sağlamlıq Mərkəzi) təşkilatında gerçəkləşdirilən “Özünüdərk” təhsil proqramı hazırda bir çox ölkələrin təhsil işçilərinin ciddi marağına səbəb olmuşdur. Bu proqram təhsilin məzmununa sirayət edərək müəllim-şagird, şagird-şagird, müəllim-müəllim, müəllim-valideyn münasibətlərinə pozitiv fəlsəfi ruh aşılamışdır. Bununla da təhsil mühiti ilə yanaşı həm də cəmiyyətdə münasibətlərin humanistləşdirilməsinə əsaslı zəmin yaranmışdır.

“Özünüdərk hər bir dərkin anasıdır”

Özünüdərk anlayışına dini və fəlsəfi kontekstdə baxsaq, onu, insanın həqiqi kimliyin tapmaq cəhdlərini özündə ehtiva edən idraki proses kimi qiymətləndirə bilərik. Mövcudatı dərk etmək arzusunda olan insanın tərəddüdsüz qəbul etdiyi gerçəklik ondan ibarətdir ki, “öz” dən kənardakı istənilən varlığın gerçək mahiyyətinin dərki birmənalı surətdə “öz”ün özəyini anlamaq fazasından keçir. Bunu Hegelin dili ilə desək: “başqalarına gedən yol özümdən keçir”. Yaxud Xəlil Cibranın təbiri ilə: “Özünüdərk hər bir dərkin anasıdır”.

Özünüdərk arzusu insanın özü qədər qədimdir. Özünüdərk təşəbbüsünün izlərinə qədim monumental abidələrdə rast gəlmək mümkündür. Belə ki, tarixi e.ə IV əsrə qədər uzanan Apollon məbədindəki (Yunanıstan) Delfi aforizmləri kimi tanınan 147 nəsihətamiz aforizmdən biri də “Özünü dərk et” aforizmidir ki, bu da məhz məbədin üzərinə həkk edilmişdir. Bu fakt özlüyündə bariz surətdə ondan xəbər verir ki, özünüdərk ən yüksək inkişaf etmiş primatlar dəstəsi kimi homosapiensin (insan) əsrlər öncə başlamış və hələ də varmağa çalışdığı ən ali mənəvi zirvədir. Özünüdərk cəhdlərinin əsrlər boyu aktuallığını qoruyub saxlama səbəbi odur ki, “İnsanın özü üçün ən böyük sirr elə onun özüdür”.

Qeyd edək ki, özündərk həm də teoloji səciyyə daşıyır. Bütün dinlər insanı özünü və həqiqəti idrak etməyə təşviq edir.

Emosional zəkanın tərkib hissələrindən biri

Özünüdərk müasir anlayış olan emosional zəkanın da ən mühüm tərkib hissələrindən biridir, daha dəqiq desək, birincisidir. Emosional zəkanın digər komponentləri duyğuları idarə etmək, başqalarının duyğularını anlamaq (empatiya), münasibətləri tənzimləməyi bilmək bacarıqlarıdır. Yüksək emosional zəka sahibləri özləri ilə dialoq qurmağı bacarır və özləri ilə sülh şəraitində yaşaya bilirlər. Bu cür insanlar özlərinin zəif və güclü tərəflərini təhlil edir, özünütənqiddən çəkinmir, neqativ duyğu və düşüncələri zərərsizləşdirib özünə inamı gücləndirir. Güclü emosional zəkaya sahib olan insanlar eqoizm hissinə qalib gəlməyi bacarır və başqalarını da inkişafa təşviq edir. Diqqətəlayiq məqam odur ki, emosional zəka konsepsiyasını inkişaf etdirən amerikalı psixoloq Daniel Qoulman (Daniel Goleman) bütün bu keyfiyyətləri özündə cəmləyən emosional zəkanın ilk vacib amili kimi məhz özünüdərki qiymətləndirir.

Özünü hər cür əxlaqi məsuliyyətdən azad edən elm “təmiz elm” müəyyən şəraitdə xeyirdən şərə çevrilə bilər, insan zəkasının faydalı nailiyyəti olmaqdan daha çox insanlara ziyan gətirən qüvvə, onların mövcudluğu üçün təhlükə, müharibələrdə, iqtisadi fəlakətlərdə adamların kütləvi qırğın vasitəsi ola bilər. Bəzi mütəfəkkirlər hesab edirlər ki, elmi cəhətdən əsaslandırılan hər şey əxlaqidir, başqaları isə, əksinə, deyirlər ki, elmi əsaslandırmağın deyil, seçməyin predmeti əxlaqi ola bilər.
Qərbin bir çox alimləri göstərirlər ki, elmin sonrakı inkişafı cəmiyyətin mədəni həyatını dağıtmaq təhlükəsi yaradır. Qazaxıstan Respublikasının lideri N.Nazarbayev “Özünüdərk” proqramının əhəmiyyətini vurğulayan nitqində “Bizim gələcəyimiz birbaşa olaraq uşaqların tərbiyəsində istinad etdiyimiz dəyərlərdən asılı olacaqdır” söyləmiş, nitqinin sonunu isə Şərqin böyük mütəfəkkiri Əbunəsr Fərabinin sözləri ilə bitirmişdir: “Dəyərlərə istinad etməyən biliklər cəmiyyətin məhvinə səbəb olacaqdır”.

Elmin tədrisi əxlaq təhsilini də özündə birləşdirməlidir

Elmin tədrisi yalnız idrak standartlarını ötürməklə məhdudlaşmayaraq əxlaq təhsilini də özündə birləşdirməlidir. Son nəticədə belə yanaşma insani dəyərlərin və təhsil siteminin yeni konseptual, humanist modeli əsasında yenidən qurulmasını qaçılmaz edir. Ona görə də müasir dövrdə belə humanist ideyaların təhsilə gətirilməsinə geniş şərait yaradılmalıdır.

Bu baxımdan Azərbaycan Respublikası Təhsil İnstitutunun “Bobek” mərkəzi ilə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığı təqdirəlayiqdir. Qeyd edək ki, 2015-ci ildə müvafiq müəssisələrin rəhbərləri tərəfindən imzalanmış əməkdaşlıq memorandumunun ruhuna və müddəalarına uyğun olaraq müəssisə əməkdaşları dəfələrlə qarşılıqlı səfərlər etmiş, beynəlxalq və yerli əhəmiyyətli tədbirlərdə tərəfdaş kimi çıxış etmişdir. Qeyd edək ki, Qazaxıstanda “Bobek” mərkəzindən başqa, “Özünüdərk” mənəvi-əxlaqi təhsilin proqramı üzrə 3 regionda 25 təhsil müəssisəsi pilot statusu almışdır ki, onlardan 6-sı məktəbəqədər təhsil müəssisəsi, 13-ü məktəb, 6-sı kollecdir. Hazırda ölkənin bütün regionlarında “Özünüdərk” fənninin, sistemyaradıcı rolunun praktiki olaraq reallaşma imkanlarının öyrənilməsi üzrə böyük işlər görülür.

“Özünüdərk” mənəvi-əxlaqi təhsil proqramı, təhsil prosesini insanın mənəvi təbiətinə uyğunlaşdırmaq, hər bir uşağın daxili xüsusiyyətlərini, onun emosional-heysiyyat və mental təcrübəsini nəzərə almaq üçün yaradılıb. Proqramın mahiyyəti, şagirdin ümumbəşəri dəyərlər, millətin adət-ənənələri və dünya mədəniyyəti əsasında bir şəxsiyyət kimi formalaşmasında hərtərəfli pedaqoji dəstəyindən ibarətdir.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşları “Bobek” mərkəzinin strukturu, fəaliyyəti, bu mərkəzdə tətbiq edilən “Özünüdərk” proqramı ilə tanış olmuşlar. Mərkəzin tərkibinə daxil olan “Özünüdərk” uşaq bağçası, rəsədxana, “Özünüdərk” gimnaziyası, “Özünüdərk” humanitar kolleci, “Özünüdərk” təhsil-sağlamlıq kompleksi, İnsanın Harmonik İnkişafı İnstitutunun rəhbər heyəti və pedaqoji kollektivi ilə müzakirələr apararaq “Özünüdərk” proqramının hazırlanması və tətbiqi məsələləri ilə yaxından tanış olmuşlar.

yuxarı ⤴